beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Onun Metrodan çıxdığını Görən Isə Olmadı

Həyəcanlıydı… Yata bilmirdi… Bütün gecəni yerində uzanıb gözlərini tavana zilləmişdi. Verdiyi qərarı düşünürdü. Anası onun Fəridə qoşulub qaçdığını biləndə nə edəcəkdi?.. Yəqin ki, ağlayacaqdı. Başqa əlindən nə gəlirdi ki… Qardaşı əsəbləşəcək, evdə hər şeyi bir-birinə qatacaq, siqareti siqaretə calayıb anasının üstünə cumacaq, «Sən qudurtdun qızını, sənə neçə dəfə dedim ki, ona nəzarət elə… Mən səhər gedib axşam gəlirəm, xəbərim olmur, bəs sən hara baxırdın? Papağımızı soxdu yerə! Öl ay Tərlan öl, bacın qoşulub qaçdı...» deyəcək. Anası da heç nə demədən elə hey susaraq ağlayacaq… Arada da «Allah məni öldürsün, bu nə gün idi mən düşdüm, ay Allah, mənim günahım nə idi ki, bu qız belə tərbiyəsiz oldu» — deyib ağlayacaq…

O, bu səhnələri kino lenti kimi gözünün önündən keçirtdi. Özü də hiss etmədən gözlərindən axan yaş damlaları balışını islatdı. Sabah o sevdiyi insana qovuşacaq. Onlar artıq öz gələcəklərini, toylarını, hər bazar bir yerdə gəzməyə gedəcəklərini, hətta övladlarının adını belə dəqiqləşdirmişdilər — oğlan olsa adını Ramal, qız olsa Nuray qoyacaqlar. Hər şey onun istədiyi kimi olacaq. Bəs niyə o belə narahat idi? Əvvəl-axır onsuz da anası onu bağışlayacaq… Yox, elə Aytənin ilk zəngində anası onu bağışlayacaq. Bir neçə ay sonra da yəqin ki, qardaşı Tərlan onu Fəridlə birgə evinə dəvət edəcək, hədiyyə verib, xoşbəxt olun deyəcək. Hər halda o belə düşünürdü...

Atasını 6 il öncə avtomobil qəzasında itirmişdi. Həmin gün həyatında ilk dəfə əsl itkinin nə olduğunu duymuşdu. Çünki onu bu həyatda həqiqətən sevən yeganə insan atası idi… Hər şey alt-üst olmuşdu sanki… 16 yaşlı Aytənin universitetə hazırlaşdığı vaxtda belə itki onu dərslərdən də uzaqlaşdırmışdı. Ancaq dostlarının və müəllimlərinin köməyi ilə atasının ən böyük arzusunu yerinə yetirmək üçün yenidən bütün gücünü dərslərə yönəltdi və sonda öz istəyinə nail oldu: Pedoqoji universitetə qəbul olmuşdu. Elə atasının da ən böyük arzusu qızını müəllimə kimi görmək idi. Görmək nəsib olmasa da Aytən o istəyi yerinə yetirmişdi. Nəticələr məlum olduğu gün Aytənin müəllim və rəfiqələrindən başqa heç kəs sevinmədi. Çünki qardaşı fikirləşirdi ki «qız nədi, oxumaq nədi… Ağıllı qız evdə oturmalı, anasına ev işlərində kömək etməli, vaxtı çatanda ərə getməlidi» Anası da həmişə olduğu kimi oğlunun fikirləri ilə razı idi. Ancaq Aytənin atası Rasim kişi qızı üçün təhsilin çox önəmli olduğunu düşünmüşdü. Buna görə də qızı üçün hər şərait yaratmışdı, hazırlıqlara qoymuşdu. Tərlan atasına qarşı çıxmaq istəsə də buna nail ola bilməmişdi. Rasim: " Bu evdə kişi mənəm! Mənim sözüm keçir. Nə vaxt mən ölərəm, onda sən əmr edərsən!" — demişdi...

Elə Rasimin dediyi kimi də oldu. O öləndən sonra Tərlan evdə hər nəzarəti əlinə aldı. Lazımlı lazımsız yerə Aytəni danlayır, hətta bir neçə dəfə evə həmişə olduğundan 15 dəqiqə gec gəldiyinə görə onu döymüşdü də...

6 il belə əzabla ötmüşdü. 1 il əvvəl universiteti əla qiymətlərlə bitirmişdi Aytən. Qrup yoldaşlarından biri ona atasının müdir olduğu məktəbdə işləməyi təklif etsə də, təbii ki, Tərlan buna razı olmamışdı. Aytən isə yenə susurdu. Tək təsəllisi isə Fərid idi — onu həyata bağlayan yeganə bağ...

19 yaş… 2ci kurs… Yanvar ayı… Universitetdə imtahanı var idi. Gecikirdi. Gecə qardaşı televizora yüksək səs verib futbola baxmışdı. Aytən də səs — küyə görə gec yatmışdı. Səhər anasının — «qızım,imtahana gecikmirsən?» — qışqırması ilə oyandı. Saat 08:30 idi artıq. 08:50 də isə imtahan idi. Çatması qeyri — mümkün idi. Ancaq yenə də tez — tələsik paltarlarını geyinib evdən çıxdı. Marşrutdan düşəndə artıq saat 08:55 idi. Özünü itirmiş şəkildə yolu keçirdi. Elə bu vaxt telefonuna zəng gəldi.Yəqin qrup yoldaşlarından idi. İmtaha gecikdiyinə görə zəng vururdular. Bir anlıq elə bil başı fırlandı, yıxıldı. Gözlərini açanda isə xəstəxanada idi. Başının üstündə bir oğlan dayanıb həyəcanla ona baxırdı. Aytən hec nəyi başa düşmürdü. Bir neçə saniyə sonra da elə ilk sualı bu oldu: — " Mən hardayam? "

Fərid onun gözlərini açdığını görəndə elə bil sakitləşdi:

— Xəstəxanadasız. Daha doğrusu hər ikimiz xəstəxanadayıq.

— Sən kimsən ki? Niyə burdayam?

Bu vaxt hər şey yadına düşdü :

— Mən imtahana gecikirəm. Saat neçədi? Saat?

Ayağa qalxmaq istədi, ancaq bədənində ağrılar hiss etdi, dura bilmədi.

Fərid :

— Ay xanım, sakit olun, imtahan vaxtıdı? Saat 11i yarısıdı eee… Yolu keçirdiz. Mən də maşınla gəlirdim. Mənə zəng gəldi, telefona baxdım. Fikirləşdim ki, artıq yolu keçmisiniz, ona görə gözümü yoldan çəkdim. Bir də gördüm ki, yolun ortasında yıxıldınız. Gücnən tormozu basdım saxladım. Gətirdim sizi bura… Bu arada mənim adım Fəriddi. Sizin adınızı bilmək nəsib olacaq mənə?

— Off imtahanım necə olacaq bəs? Kəsrim oldu. Allah məni öldürsün, necə dura bimədimee səhər..

— Hə, tanış olmağımıza şadam ...

— Nə?

— Heeeeç, deyirəm qəşəng gözləriniz var...

Aytənin xoşuna gəldi bu iltifat. Çünki ilk dəfə idi ki, kimsə ona bu sözü deyirdi.

— Çox sağol...

Oğlanın üzünü hələ indi tam gördü. Fəridin qəşəngliyi sanki onu rəsmiyyətdən ayırmışdı: çox sağolun əvəzinə — çox sağol demişdi...

Fəridin Aytəndən çox xoşu gəlmişdi. İlk dəfə heç xasiyyətinə uyğun olmayan bir şeyə əl atmışdı — hələ Aytən oyanmamış, onun telefonundan öz nömrəsinə zəng etmişdi… Bir aya yaxın Aytən xəstəxanada qaldı. Qolunun biri sınmışdı, ayağı da möhkəm əzilmişdi. Bu müddətdə anası, bacısı ona xörək gətirirdi. Onlar olmayanda isə Fərid ona baş çəkirdi. Get gedə bir-birilərinə daha çox öyrəşmişdilər. Aytən ilk dəfə belə hisslər yaşayırdı. Xəstəxanadan çıxdıqdan sonra da əlaqələri davam etdi. 3 ay sonra Fərid ona ürəyini açdı və təbii ki, cavab müsbət idi. Bir-birilərini dəli kimi sevirdilər. Tez-tez küsüb barışsalar da hər şey yaxşı gedirdi. Onların əlaqəsini bir tək Aytənin bacısı bilirdi.

Nuranə o ailədə böyük övlad idi. Təhsilə o qədər də önəm verməmişdi, 19 yaşında ailə qurmuşdu. Artıq iki oğlu da var idi. Dediyinə görə xoşbəxt idi. Aytənin Fəridlə əlaqəsini də dəstəkləyirdi… Ancaq ailədə bu əlaqəni dəstəkləyən də tək elə Nuranə idi. Çünki ilk dəfə Fəridin ailəsi elçi gəlmək istəyəndə Aytən anasına üz tutdu. Anası da Tərlana demişdi. Tərlan bu dəfə də Aytənin yeganə ümidini puç etmişdi :

— Nəəə? Sevmək nədi? Qələt eliyir o, özüm kimə istəsəm ona verəcəm. O Fəridi də tutsam öldürəcəm...

Həmin gün elə Aytənin telefonunu əlindən aldı. Bundan sonra bir neçə dəfə də anası Tərlanla danışmağa cəhd etsə də heç bir nəticə əldə edə bilməmişdi. Get-gedə günlər ağırlaşırdı sanki… Fərid olmadan hər şey ona çətin gəlirdi. Əl telefonu da artıq yox idi deyə ancaq həftədə bir, ya iki dəfə ev telefonu ilə danışa bilirdilər.Axırıncı dəfə danışanda isə Fərid ona qaçmağı təklif etdi. Aytən isə düşünmədən razılıq verdi. Ayın tarixini də dəqiqləşdirdilər...27 Noyabr...Saat 14:00-da Elmlər Metrosunda görüşüb gedəcəkdilər...

Fəridin öz şəxsi evi var idi. Özü qazanıb almışdı. Neft şirkətində inspektor işləyirdi. Aytəni xoşbəxt etmək üçün hər cür imkanı var idi. Dediyinə görə sevgisi də...

Səhər saat 6-a yaxın Aytən yuxuya getdi. Saat 11də isə anasının səsi oyatdı onu :

— Aytən, mən gedirəm Zəminə xalangilə. İndi zəng vurmuşdu ki, azarlamışam, gəl bankala məni. Yemək qazın üstündədi. Tez-tez bax, qarışdır ki, dibi yanmasın. Eşidirsəəən? Sənnənəmeeee ay qız, dur

— Həəə, yaxşı, dururam

— Dur qapını bağla. Qardaşın saat 3də yeməyə gələcək.

12:00… hələ qərarının düzgün olub olmadığını dəqiqləşdirməmişdi. Əmin idi ki, Fərid onu sevir...Əmin idi ki, Fərid onu xoşbəxt edəcək. Ancaq nəsə ürəyində narahatlıq var idi. Bilmirdi zamanı necə ötürsün. Axırda əlinə bir vərəq, qələm götürüb anası üçün məktub yazdı:

«Ana, bilirəm, məni bağışlamayacaqsınız. Amma mən xoşbəxt olmaq istəyirəm. Bilirəm ki? hər şey yaxşı olacaq. Fəridlə gedirəm. Evlənəcəyik. Əgər biz evlənməsək, Fəridin ailəsi onu zorla başqası ilə evləndirəcək. Tərlan da razı olmadı evlənməyimizə. İndiyə qədər o mənim çox arzumu ürəyimdə qoyub. Ancaq bu dəfə imkan verməyəcəm! Mən xoşbəx olacam! Siz istəsəz də, istəməsəniz də!.. Səni cox istəyirəm mama. Sağolun»

13:15… Geyinib evdən çıxdı. Məktubu stolun üzərinə qoymuşdu. Qapını bağlayanda sanki ürəyində bir rahatlıq hiss etdi. Çünki bu gün sevdiyi insana qovuşacaq. Artıq Tərlanın danlağından xilas olacaq. ƏN NƏHAYƏT XOŞBƏXT OLACAQ...

Pilləkanları tez-tələsik düşüb evdən uzaqlaşdı. Artıq hər şey geridə qalmışdı...

13:55… Elmlər Metrosunun qarşısında… Üzündə gülüş… Ürəkdə həyəcan...

14:10… Həyəcan… Artıq gözləyə bilmirdi. Bir qıza yaxınlaşıb telefonunu xahiş etdi. Fəridə zəng vurdu...4 zəng...cavabsız...Telefonu verib təşəkkür etdi...Yəqin yenə telefonu səssizdədi...gecikib… Tıxacdadı yüz faiz… İndi yəqin o da həyəcanlıdı...

14:35… Nəsə oldu Fəridə… Yüz faiz...Yoxsa niyə gəlməsin...Bəlkə avarya eliyib?.. Həmişə deyirəm ki, sürətlə sürmə… Ay Allah, qurban olum, Fəridə heçnə olmasın. Nə olur, mənə olsun. Ona heçnə etmə yalvarıram...

14:55… Bir oğlana yaxınlaşıb gözü dolmuş şəkildə telefonunu istədi, zəng vurdu… Artıq bağlı idi telefon...Deməli, bayaqkı zəngləri görüb, narahat etməyim deyə telefonu söndürüb...

15:55...Gəlmədi...Məhv oldum mən...İndi yəqin Tərlan oxuyub məktubu, anam ağlayır, qardaşım evi dağıdır...Niyə belə etdi ki Fərid?.. Niyə gəlmədi?.. Bəlkə görüşəcəyimizi unudub? Bəs indi mən neynəyim?!

16:20… Artıq dayanmağın mənası yoxdu… Məhv oldum mən...

Geri qayıdıb metronun qapılarına tərəf addımlamağa başladı. Birdən bir əl ona toxundu:

— Aytən?

— Orxan? Nə olub? Fəridə nəsə olub hə?

— Şeey, bilmirəm eee necə deyim...

— Avariya?.. Gözü doldu...

— Deyə bilmirəm. Bu məktubu oxu!

— Bu nədi axı? Fərid hanı? Niyə gəlmədi?

— Fəridə hecnə olmayıb. Məktubu mənə verdi ki, sənə gətirim. Bayaqdan durub kənardan baxıram. Fərid demişdi ki, gözlə, gedənə yaxın verərsən məktubu.

— Deməli, aldadıb məni...

— Aytən, üzülmə, hər şey düzələr.

— 3 saat məni gözlətdi və axırda da məktub yazıb...(oğlan uzaqlaşdı)… Bilirəm yazıb ki, məni bağışla, gələ bilməyəcəm. Bağışla ki, belə oldu, sən məndən də yaxşısına layiqsən, falan, filan...

Məktubu açmaq istəmirdi. Hər şey məlum idi...Hər şey...Aldanmışdı...Düz 3 il...Eskalatordan düşüb platformaya yaxınlaşdı. Heçnə düşünə bilmirdi. Evdəki vəziyyət, Fəridlə keçirdiyi xoşbəxt günlər...Hər şey məhv olmuşdu. İndi qardaşı heç vaxt Aytəni qəbul etməzdi. Fəridin dostunun verdiyi məktub bir dama kağıza yazılıb qatlanmışdı. Aytən məktuba baxa bilmirdi.Əlində bərk-bərk tutmuşdu. Gözünün yumanda qardaşının dəhşətli, hirsli üzü gözünün qarşısına gəlirdi. Yəqin qardaşım artıq oxuyub məktubu..Paltarlarımı da yəqin çölə atıb artıq...Gözünü açanda isə Fəridin üzü dayanırdi gözünün qarşısında...Hər iki halda sanki məhv olurdu...Qarşıda vaqonun işığı yandı. Xilas olmağın başqa yolu yox idi. Gözlərini yumdu...Addım atdı...

Tikə-tikə olmuşdu bədəni...Məktub isə vaqon keçərkən yaranan küləyin təsirindən bir neçə metr qarşıya uçmuşdu. Metro işçilərindən biri hadisədən bir neçə gün sonra məktubu tapdı. Məktubda yazılmışdı "əzizim, sənə möhtəşəm sürprizim var. Bilirəm məni gözlədin. Özüm dostuma dedim ki, məktubu geri qayıdanda versin sənə. Çünki geri qayıdanda mənim gəlməyəcəyimi düşünüb peşman olacaqsan. Ancaq peşman olmağa dəyməz sevgilim. Sən məni gözləyəndə mən səni izləyirdim kənardan.Məktubu oxuyan kim çön arxaya. Arxanda dayanmışam. Mənimlə evlənərsən?"

Deyirlər, bədbəxtlik zəncir halqaları kimidir. Biri gəldikcə o birisini dartıb gətirər...

Hadisə günü:

— Alo, hə Tərlan?

— Mama, mən günorta yeməyə gələ bilməyəcəm, işim çox uzanacaq. Gecə gələcəm.

-Ay Tərlan, mən Zəminə xalangildəyəm. Yaman xəstələnib. Yanında qalmasam olmaz. Bu gecə qalım burda, səhər tezdən gələcəm.Bacın evdədi, axşam yemək hazırlayar sənə

-Yaxşı, oldu, sağ ol!

Aytənin yazdığı məktubu da ölümündən 2 gün sonra stolun altından tapdılar. Evdən çıxarkən qapını örtəndə küləyin təsirindən məktub stolun altına düşmüşdü....

O gündən sonra metro işçiləri hər gün yaraşıqlı bir oğlanın saatlarla platformada dayandığını, sonra yenidən metrodan çıxdığını müşahidə edirdilər.Onlar Fəridə yaxınlaşıb niyə saatlarla dayanıb qatara minmədiyinin səbəbini soruşsalar da heç bir cavab almamışdılar. Bir gün isə Fərid yenə metroya daxil oldu, eskalatorla platformaya düşdü. Onun metrodan çıxdığını görən isə olmadı…


Tarix: 19.11.2013 / 04:09 Müəllif: Akhundoff Baxılıb: 255 Bölmə: Sevgi varmı?