beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Dunyanin Fani Cazibedarligi Bizi Aldaymasin

Dünyanın fani cazibədarlığı bizi aldatmasın

İnsan ömrünün orta hesabla 60-70 il olduğunu fərz edək. İndi öz yaşımızı düşünək: orta hesabla ömür yaşının neçə ilini yaşamışıq?
Yəqin ki, ömrümüzün ən azı 20 ilini geridə qoymuşuq. Deməli, bundan sonra 40-50 illik ömrümüz qalıb, 3-5 il ya bundan az, ya da bundan çox yaşamaq imkanımız var. Deməli, istənilən halda ömür fanidir və bir gün bitəcək. Gəldiyimiz kimi gedəcəyik. “Hansı ailədə dünyaya gəlmək istəyirsən? Oğlan, yoxsa qız olmaq istəyirsən? Dünyanın harasında doğulmaq istərdin?” sualları verilmədi hər hal da bizə. Vaxtımız çatanda da “Ölmək istəyirsənmi? Nə vaxt ölmək istəyirsən?” kimi suallar verilməyəcək bizə. Kimimiz avtomobil qəzasında, kimimiz gecə yatarkən, kimimiz infarktdan, kimimiz də başqa səbəbdən dünyamızı dəyişəcəyik. Dünyaya gəldiyimiz gün bilinmədiyi kimi, dünyadan köçəcəyimiz gün də bilinmir. Bu iki “bilinməzlik” arasındakı vaxt bizim həyatımız və ömrümüzdür. Onu necə yaşamaq bizim əlimizdədir.
Bir gün gəlmişik, bir gün gedəcəyik
Dünyaya savaşmaq üçün göndərildik: nəfsimizə qarşı mübarizə aparmalıyıq; pis işlərə, haqsızlıqlara qarşı savaşmalıyıq. İradəmizin gücü ilə nəfsimizi divara qısmalıyıq. İnsanıq, ağlımız var, düşünə bilirik. Bu dünyanın dolub-boşalan bir mehmanxana olduğunu görürük, görməliyik də. Dünyanın və dünyada bizim yaradılış qayəmizi anlamağa çalışırıq. Özümüzə “Kiməm mən? Haradan gəlib, hara gedirəm?” suallarını verib, cavab axtarırıq.
Bu sualların cavabını doğru tapmayanlar həyatını yanlış istiqamətləndirirlər, “dünya beşgünlükdür, ona görə də keflə yaşamaq lazımdır”, - deyib həyatlarını mənasız eyş-işrətlərə, haram şeylərə sərf edirlər.
Dünyada hər cür iş başımıza gəlir, “mənim heç bir dərdim, problemim yoxdur” deyən bir nəfərlə belə rastlaşmırıq. Deməli, dünyanın hikməti budur, hamımızın dərdi-səri olmalıdır. Başımıza gələn hər müsibət bizim üçün bir imtahandır. Madam ki, bu dünyada müsibətlərdən qaçmaq mümkün deyil, onda həyatın reallığının bu olduğunu qəbul etməliyik.
Düşünmədən yaşayan insan üçün həyat yeyib-içmək, əylənmək yeridir. Belə insanlar üçün ölüm bir kabusdur və onlar ölümdən çox qorxurlar. Çünki belələri ölümü yoxluq kimi qəbul etdikləri üçün öyrəşdikləri eyş-işrətli, əyləncəli həyatın əllərindən çıxacağından qorxurlar. Belə insanların yanlarında ölümdən bəhs edildikdə, bu barədə eşitmək belə istəmirlər, dərhal mövzunu dəyişirlər. Oradan-buradan eşitdikləri “insan öldükdən sonra bu dünyadakı davranışlarının hesabını verəcək” sözlərini isə, ümumiyyətlə, qəbul etmək istəmirlər. Çünki onlar bilirlər ki, əgər bu iddia doğru olsa (doğru olduğunu bütün səmavi dinlər təsdiqləyir), onları heç də gözəl aqibət gözləmir.
Ölüm yas çadırlarından ibarət deyil
Ölüm onu qəbul etməyənlər üçün yalnız yas mərasimlərində qurulan çadırdır: gəlir başsağlığı verir və gedir. Bir gün öləcəyini, onun üçün də belə bir çadır qurulacağını düşünmək belə istəmir. Çox insanlar var ki, yas çadırından çıxıb barlara, əyləncə yerlərinə üz tuturlar.
Var-dövlət əldə etmək üçün halal-haram demədən, hər yola baş vuran insanlarla rastlaşırıq. Belələri bütün fikir və düşüncələrini yalnız dünya üçün sərf etdiklərindən axirəti düşünməyə vaxt tapa bilmirlər. Bütün həyatlarını ev tikməyə, mülk sahibi olmağa, varlanmağa və əylənməyə sərf edənlər sanki bir gün öləcəklərini, topladıqlarından heç nəyi özləri ilə apara bilməyəcəklərini unudurlar. Varlı olmaq günahdırmı? Əsla, xeyr. Əksinə, gözəldir. Ancaq varlanmağın yolları halal olmalıdır. Halal yolla var-dövlətə sahib olmaq özü bir ibadətdir. Lakin heç bir var-dövlət bizə ölümü unutdurmamalıdır. Çünki ölüm haqdır.


Tarix: 19.11.2013 / 04:08 Müəllif: Akhundoff Baxılıb: 104 Bölmə: Sevgi varmı?