beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Yalnızlıq Haqqında Düşüncələrim...

Dibsiz boşluqlar görürəm
hər gün bu gerçək yuxumda.
Daha nə bəndə nəfəsi,
nə də ALLAH var yaxında…
deyə düşündüyün, zamanın döyməyə qapı tapmadğın bir məqamıdı, göndərməyə ünvan bilmədiyin,
bəlkə heç oxunmaqçün deyil, yandırmaqçün yazdığın məktublardı, yuxusuz gecələrin, yuxulu gündüzlərin sonunu gözlədiyin cavabsız suallardı,
milyonların arasında yalquzaqtək ulamaq istəyidi, səni deyib gələcək biriləri olacaq deyə ölümü belə arzulamaqdı yalnızlıq…
Təkcə duman bilir
Ah çəkməyi
Dağlardan öyrəndiyimi…
Təkcə qürub vaxtı bilir
Necə qəribsədiyimi,
Təkcə dəniz bilir
Adımı sahil qumlarından başqa
Heç kəsin qəlbinə yaza bilmədiyimi…
Bu da yalnız günlərin birində öz-özümə pıçıldadığım misralardandı. Sabahsız gecələr, əl-ayaq çəkilmiş yorğun küçələr,
uşaq evlərnin günahsız gözlər kimi açılmış pəncərələri, zindanların çırpılmış qapıları nə pıçıldayır görəsən yalnızlıqdan? Nazin Hikmət deyirdi ki,
Qocalığa alışıram
Dünyanın ən çətin işinə
Qapıları döyməyə son kərə,
Ara vermədən ayrılığa,
Saatlar, axarsınız, axarsınız,
Axarsınız…
Anlamağa çalışaram
Inamı itirməyin bahasına
Bir söz söyləyəcəkdim sənə
Söyləyə bilmədim,
Dünyada səhərin acqarına çəkilmiş
Siqarının dadı
Ölüm özündən qabaq mənə yalnızlığını yolladı…
Demək ki, həm də ölümün elçısidi, qönçə vaxtıdı, ərəfədi yalnızlıq…Gizlin qalanlara salam verəcəyimiz,
yetəcəyimiz, bəlkə daha doğru olana çatmaq, qovuşmaq ərəfəsidi yalnızlıq…Dünyanın vücudumuzu dar qəfəs kimi sıxmağı da,
içimizin içimizə sığa bilmədiyi də bəlkə elə bundandı…
Bu dünyanın Yazı adına layiq olan bütün yazıları elə yaınızlıqdan yazılanlardı. Amma yalnızlığı zərgər dəqiqliyilə ifadə eləyən soz,
kəlmə hansıdı? Yalnızlığın düsturu necə, varmı görən?..
Yanmış körpülərin, sönmüş ocaqların başında, ot basmış yolların kənarında bir də heç vaxt dönməyəcəkləri göz qırpmadan,
nəfəs çəkmədən gözləməkdi yalnızlıq...Və bir də deyəsən hər an göz önündə olub gözümüzü yoranlara ruhumuzun səssiz üsyanı...


Tarix: 19.11.2013 / 04:08 Müəllif: Akhundoff Baxılıb: 64 Bölmə: Sevgi varmı?