beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Men Insanam....

Mən insanam
İnsanam. İnsanlıqdan və insanlardan uzaq bir insan... Çox paradoksal bir cümlə oldu. Anlamadın?! Anlamamalı nə var ki? Öz həyatına bax. Paradoksallıqdan çox uzaqdı həyatın? Nədi bu paradoksluq? Özünü dindar kimi aparıb metro vaqonlarının səhər sıxlığında qızların ora-buralarına əl atmaqdı paradoksluq. Bazlığa gedən şey boyda balaca küçüyün özünü kişi saymasıdı. Öz poxunun rəngini bilməyib başqa poxların rənginə gülməkdi. Hörmət edirəm dediyin qadınları masturbasiya xəyallarında mazaxist ehtirası ilə soyundurmaqdı. Bir insan desin ki, rolumdan razı qaldım. Bax bil bu paradoksluqdu. Heç kim roldundan razı qalmır çünki. Tərbiyəni “qəhbə” sözünə “fahişə” deməklə, söyüşləri nöqtələməklə ölçməkdi. Dildə mental düşüncələri bayraq eliyib, ona əks getməkdi. Və söyüşlərimə görə indi məni qınamaqdı paradoksluq. Guya sən söyüş bilmirsən hə? Gözünü yum! Yada çıx tez, oxuma bu yazını! Tərbiyən pozular. Özünə aynada baxıb aynadakını tanımamaqdı paradoksluq! Gördüyün hər şeydi. Görməkdən qorxan axmaq olduğunu bilirsən?! Boş otaq! Məni-məndən alan musiqi. Stolun üstündə yarımçıq qalmış “Parfümer”. Üstümə gələn divarlar... Ülgüc... Biləklərimi kəsib divara böyük həriflərlə “mən insanam” yazmaq keçir içimdən. Ağlıyıram. Səbəbsiz... Mütləq bir səbəb olmalıdı? Hönkür-hönkür ağlıyıram. Hər tamaşa sonu boş zalda oturub ağlıyan təlxək kimi. Zibil kimi, sadist kimi, sevgi kimi, dəli kimi, Bakı kimi, uşaq kimi... insan kimi... Axtarmısan heç özünü? Həyat tamaşasında başqa rollarda çıxış edib , başqa pəncərələrdən baxmısan dünyaya? Bəlkə də qorxmusan. Hə?! Bizi biz olmağa qoymayan fobiyalar... Ən pisi bilirsən nədi? İnsanın qorxularından belə qorxması. Və hər artan qorxu səni səndən bir az da uzaqlaşdırır. Hə. Sual vermişdim. Axtarmısan özünü? Mən axtarmışam. Başqa pəncərələrin açıldığı mənzərələri düşündükcə unutdum qorxuları maraqdan. Axtarmağa başladım özümü. Uşaq oldum. Bu dəfə başqa cür oldu hər şey. Balaca pəncərədən boz şəhər çox gözəl görsənirdi. Hər eybəcərlikdə bir gözəllik vardı. Hər mənasız Məlikməmməd nağıllarında bir məna... Vitrinlərdəki sahib ola bilmədiyin oyuncaqlara nə vaxtsa sahib olmaq ümidi... Hər yalanda bir həqiqət vardı. Hər ölümdə bir doğuluş... Və bir gün Elçinin bir şilləsi və zərbə ardından işlətdiyi “Böyümək vaxtıdı!” cümləsi ilə dəyişdi hər şey. Hər şeyi fərqli görən “uşaq eynəy”i qırıldı. Dəyişdim rolumu. Qrimlənib boş səhnələrə atdım özümü. Təlxək oldum. Üzümə saxta gülüşü çəkib güldürməyə başladım insanları. Qəhqəhələr arasından bir şəhzadənin çıxaraq üzümün qrimini silib “gəl gedək!” deməsini gözlədim. Və pıçıltı eşitdim süni gülüşlər arasından: “təlxəklər sevə bilməz... təlxəklər ağlaya bilməz...”. Boş səhnədə doyunca ağlıyıb sonra qaçdım. Qoydum ordaca “təlxək sima”mı. Və sevgiyə çevrildim. Yarımçıq bir həyat romanının əsas hissəsi oldum. Bəzən ağlatdım. Bəzən güldürdüm. Bəzən əzab çəkdirdim. Bəzənsə əzab çəkdim. Anladım ki, sevgi tək xoşbəxtlik gətirmir. Sevgi həm də əlindəki xoşbəxtliyini alır. Bezdim yarımçıq romandakı rolumdan. Dəli olub şəhərin boz küçələrinə verdim özümü. Özüm oldum. Qulaq asmadım insanlara, qulaq asdım istəklərə. Və doyunca güldüm mənə baxıb gülən dəlilələrə... İnsanlığı çərçivələrdə gördükcə qırdım çərçivələrimi. Dost oldum dənizlə, binalarla, küçələrlə, itlərlə və tənha Bakıyla. Ağladım onunla Xəzərin sahilində tənhalıqdan bezib. Göz yaşlarımız qarışdı iyrənc dəniz sularına. Dərd otağına çevrildim Bakının. Amma anlamadım onu. Susdum. Bir gecə yatağındaca onu ondan aldım. Bir səhər Bakı kimi açdım gözümü dünyaya. Onda anladım tənhalığı, onda anladım Bakını. Və başa düşdüm ki, “anlamaq” üçün sözlər kifayət etmir, nə rəngli fırçalar, nə də musiqi... Anlamaq üçün bəzən yaşamalısan yad hissləri. Və asan deyil yaşayaraq başqa biri olmaq. İnsanların hər gün bir az da məhv etdiyi şah əsərdi “Bakı”... Mən onun bədənində... Atdım bədəni. Qorxdum yükünü qaldırmaqdan. Zibil oldum. Zibil kimi yaşadım. Bir zibil qutusunda həyatı dərk etdim. İnsanların gizlətdikləri zibilləri bədənimə qarışdıqca böyüdüm. Və iyrəndim böyüdükcə özümdən. İyrəndim insanların öz zibillərini bədənimdə gizlətməsindən. Reallıqlardan qaçdım. Virtual aləmin bir köşəsinə sığınıb şahlığımı qurdum. Böyütdüm yerimi. Milyonlarla insan həyatının admini seçdi məni. Admin oldum. Qarışdım başqa həyatlara. Tanrı oldum öz köşəmdə. Tanrısı olan bir tanrı... İnsanlar bu qədər kiçik görsənməmişdi kölgəmdə. Tanıdıqca utandım insanlıqdan, utandım insanlardan. Milyonlardan birini seçib ona çevrildim. Bir yazar oldum. Sadist düşüncəmlə yazdım yazmaq istədiklərimi. Unutdum sərhədləri, unutdum unudulması lazım olanları... Azadlığımı tapdım ağ vərəqlərdəki dünyada. Deyibdə deyə bilmədiklərimi düzdüm mürəkkəblə kağıza. Və sonra yazı oldum. Öz əsərimə çevrildim. Məni oxuyanları söydüm yerimdən. Güzgüsü oldum oxucumun. Özlərinə deməyə çəkindiklərini dedim üzlərinə. Utanmadım belə, abırsızca dedim... Və oxuyucusu oldum sonra əsərimin. Özümü cümlələrdə tapdım. İllərlə axtarışında olduğum şeyləri Beləcə gəzdim səyyah kimi... Fərqli obrazlar, fərqli həyat mənzərələri, fərqli insanlar, fərqli hisslər... Və sonda tapdım özümü. Anladım ki, mən insanam. Bilirəm sən də insansan. Səndə fərqliliyim isə mənim insanlığımı dərk etməyimdi. p.s. Yazı Şahin Xəlilin "13" adlı kitabından mənim müəllifi olduğum yazıdır. Bir az abstrakt görünə bilər yazı. Kitabı oxuyandan sonra tam anlayacaqsız


Tarix: 19.11.2013 / 04:08 Müəllif: Akhundoff Baxılıb: 332 Bölmə: Sevgi varmı?