beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Mən öləcəm Gülüm ..

Ürəyinin harasına rast düşsə, ora qoy məni gülüm. Ora apar hara gedirsə ... Ey gül, ey güllər gözəli gül ...

Tikanlı olsa da sevda yolları ... Qanasa da ürəyin, göz yaşı olub axsa da gözlərində damla-damla həsrət ... tənhada qalsan izdihamların ortasında, üşüsədə səsin, ürəyinin ən isti yanına qoy məni gülüm ...
Həsrət düyümlənsə gözlərinə, burax cücərsin sevda sinəsində ... Burax gül qoxusuyla yuyulsun gül üzün ...

Sevgidən başqa silahım yoxdur mənim. Silahsızam quşları vurulmuş bir səmada mən öləcəm gülüm kimsə bilməsin, köhnə və dərin bir xatirəyə dəfn et məni kimsə görməsin

Üşüməsin gözərimdə ümidi küçədə qalmış kimsəsiz uşaqlar, susuz qalmış ay işığı tumurcuqları ...

Yaralıyam .. qaraqışdayam, otağım soyuq, aşım yox, suyum yoxdur. Yaralarımı saracaq kimsəm yoxdur səndən başqa ...
Mən öləcəm gülüm kimsə görməsin, bir çinar ağacının kölgəsinə dəfn et məni bağça bilməsin...

Gecələrimə yağışlar damladı islandı duyğularım, üşüdüm, yağış oldum özümə, qar oldum uzaq dağlara
düşdüm. Hansı bahara tutundumsa alıb apardı ümidlərimi qış. Ardından gozlərimidə götürüb getdi firtınalar kor qaldım...

Ürəyinin yanğınında incəcik yağmurlara al apar məni gülüm ... Sevdalara, buludlara, küləklərə apar
Mən öləcəm gülüm kimsə görməsin, bir gül bağçasının ən gizli yanına dəfn et məni, bağban bilməsin ...

Bil ki, nə ağlamaq üçün yağışı gözləyirəm artıq nə də yaşamaq üçün baharı. Sevinmək, gülmək unutduğum köhnə bir mahnı indi, hər gecə dodaqlarımda sızlayıb üşüyən ...
Mən öləcəm gülüm kimsə bilməsin, ürəyinin gül yanına qoy məni, kimsə görməsin ...

Bir zamanlar göymavisi bir çiçəkdə üzün üzümdə, kimsəsiz dağbaşlarında bir küləyin səsini duyardım, bir də sənin ... Nəyə toxunsam üzündü, hara tutunsam əllərin ... Hara sığınsam üreyindi ...
Hər səhər yağışın yağmadığı ölkələrə sevda küləkləriylə göz yaşlarından inci dənələri gətirirdin yanan ürəyimə damla-damla ...



İndi aynalarda gizli bir kölgə kimi, içimizdə gizli qaldı o sevdanın dərin izləri ...

Hara baxsaq gözlərimiz bir az mavi, bir az hərcayi, hara getdiyimizi nə etdiyimizi bilmədən dolaşıriq köhnə xatirələrin keçdiyi yerləri.

Mən öləcəm gülüm kimsə bilməsin, ürəyinin gül yanına qoy məni kimsə görməsin ...

Acılar sovurur indi xatirələrimizi, bilmədiyimiz səfərlərə çıxırıq hər gecə ... Küləklərə buraxıb xəyallarımızı, şeirlər sovururuq qaranlığa. Ümidsizcə bir uçurum kənarından özümüzü boşluğa buraxaraq ... Öldürürük içimizdə qalan nə varsa eşqdən, sevgidən, sabahdan yana ...

Tutaqki,heç yaşamadıq biz nəğmələr söyləmədik küləklərə ... Burax ağ dənlər düşsün saçlarımıza əzab rəngində, kimsə bilməsin ...

Deyiləcək son bir neçə sözdür bəlkə dilimizdə düyünlənən və duyğuların həll edildiyi yerdən telləri qırıq bir skripkanın köksündən inləyib sızaraq və sızlayaraq içimizə basdırılan zülmət gecələrdə ..
Mavilər üstünü qara xəyallar örtdüyü tənhalığımızı, içimizdə gizli səsləri vurarkən yorgunluğumuzu ...

Hər skripka səsi bir az kədərlidir gülüm inləyən tellərindən ... Bəlkə bezmişdir bizim kimi köhnəlmiş, yorğun kədərli səsindən ....

Payızın nəfəs yanaqlarına
mahnılarını üflərkən külək
qırıq bir skripka telində
burax sızlayıb dayansın ömrümüz

Mən öləcəm gülüm kimsə bilməsin, bir payız yarpağının xışıltısına qoy məni, oğlunu itirmiş bir atanın gözlərindəki dərin hüznə, üzümdəki küskün kədərə, bir skripkanın kədərli iniltisinə qoy məni, külək olmasın ...

Mən öləcəm gülüm kimsə bilməsin, bir Dağbaşı Yalnızlığının səssizliyinə dəfn et məni sular bilməsin ...

Bir Şeir'in isti ürəyinə burax sevgimi, Mən öləcəm gülüm kimsə görməsin ...


Tarix: 19.11.2013 / 04:08 Müəllif: Akhundoff Baxılıb: 125 Bölmə: Sevgi varmı?