beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Vefasiz

Sevgilim bu gün düz üç ildir. Üç ildir ki, səadət yağışının nemətlərindən gələcəyin ümid dolu xəyallarından istifadə edərək yaşayıram. Bütün xatirələr yaşadığımız anlarda olduğu kimi təzədir. Kimsəsizliyin həzin və acı musiqi sədaları arasında səni düşünürəm. Bəzən isə səssiz sədasız qəlbimin narahat çırpıntıları arasında hüdudsuz və dərin xəyallara qapılıb özümü səninlə sənin yanında hiss edirəm. Və o günlər bir də gələcəkmiş kimi savadsız və təhsilsiz ruhanilər kimi "Amin" deyirəm. Bilirsənmi özüm-özümə gülürəm. Acizliyimə, səni unuda bilmədiyimə görə nifrət edirəm həyatıma. Batan günəşin səssizliyi ilə birlikdə sənsizliyin acı və iztirabları bütün çılpaqlığı ilə mən istəmədən qoynuma girir məni bir dəqiqə belə rahat buraxmır. Özümü qurumuş palıd ağacından sallanan bir yarpaq kimi hiss edirəm. Tutunacaq kimsəm, kiçicik arxam belə yoxdur. Ayrılıq adı ilə əsən zəif külək qarşısında aciz qalmış vücudumun titrəməsi sıxır məni. Sənin üçün ikimiz üçün nələr ümid etməmişdim?! Əlçatmaz arzulara belə səninlə olduğum anlarda ümidlə bağlanırdım. Əllərinin istisi, gözlərinin yorğunluğu mənə o qədər doğma idi ki, səndən ayrıldığım zamanda özümü kimsəsiz, yetim uşaq kimi hiss edirdim. Sənsiz bu dünya mənim üçün sanki məzardır. Bir günün yalnızlığından sıxılar, bezərdim. Sabahı tez açmaq üçün özümü aldadar vaxtın tez keçməsi üçün saatımı bir dala, bir qabağa çəkərdim. Misralarını belə bilmədiyim mahnılar mızıldanardım. Əbədilik yetim qoydun məni. Hər yerdə səni axtarıram. Sənin əvəzinə boş ümidlər qoluma girib şəhəri mənimlə birlikdə fırlanır. Gəzdiyimiz yerlərdən keçirəm. Sənli sənsiz xatirələr vardır hər yerdə. Qar altından baş qaldıran bənövşə kimi vaxtsız vidasız çıxırlar qarşıma. Budur hər zaman əyləşdiyimiz boş skameyka. Yadındadırmı adını adımın yanına yazmışdım o gün. Yoxdur. Silinibdir mənim adım. Sevinirəm. Balaca bir taxtadan adımı silməyə gücün çatıb. Bəs ürəyimdən? Ürəyimdən kim siləcək sənin adını. Baxışınla, gülüşünlə, küsüşün ilə, öpüşünlə ürəyimin ən dərin qatlarına cızmadan, sadəlik və mehribanlıq libasında yazmış olduğun adını kim siləcək? Sən bilib sənə bənzər çox insanların əlindən tutmuşam. Çoxunun dalınca qaçıb adını çağırmağıma peşman olmuşam. Gözüm uzanan yollarda qalıb. Nə üçün belə oldu? Günahım nə idi?
Özümü müttəhimlər kürsünə oturduram.
Günahım - Sevmək
Şahidim - Sevgim, iztirablarım
Hakim - Sən
Cəzam - Yenə də səni sevmək. Ölənə kimi. Səni sevəcəyəm sən sevməsən də. Nəfəsim adını hecalayacaq həmişə.


Bir sevgi nağılı bitdi beləcə
Yaşamaqmı gözəl ölməkmi səncə
Gözlərəm yolunu geri dönəndə
Gizlin döy qapımı "ey vəfasızım"

Nə etmək qismətim beləymiş gülüm
Fərq etməz mən artıq yaşayım ölüm
Təki sən xoşbəxt ol o gün
Mən ağlasam da olar "ey vəfasızım"

Canına can dedim canımı verdim
Canını canımdan daha çox sevdim
Bu yazıq canıma bax nələr etdin
Bumu əhdin sənin "ey vəfasızım"

Cavanlıq səhvimi desək biz buna
Lənət o fələyə saldı toruna
İndi sən yoluna mən öz yoluma
Görüşərik bir gün "ey vəfasızım"


Məni unuda bilməyəcəksən. Yanında, baş ucunda olacağam həmişə. Kim bilir həzin musiqilərin sətirlərində, gözünü zilləyib xəyallara daldığın kiçicik bir nöqtədə, bəlkə də "sevirəm" deyərək özünü aldatdığın insanın göz bəbəklərində tapacaqsan məni...


Tarix: 19.11.2013 / 04:08 Müəllif: Akhundoff Baxılıb: 340 Bölmə: Sevgi varmı?