beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Mən Elə Bilirdim ölərəm Sənsiz...

Mən elə bilirdim ölərəm sənsiz, mən sənsiz ölmədim bağışla ...
O gün ... Ölüm xəbərini aldığım gün ... Həmin günün mənim üçün son olduğunu düşünmüşdüm. Amma...hələ də yaşayıram. Əslində yaşayan bir tək cismimdi, ruhumu sənin yanında o qara torpağa basdırdım. O gündən etibarən sevinməyi, gülməyi unutdum. Bəzən üzümdə təbəssüm yarandı, amma utandım, səndən, sənin xatirəndən... Ürəyin sənin həsrətinlə doludur çünki. Mənə ağla dedilər həmin gün, doyunca ağla. Qəribədir, bir damla göz yaşı belə axmadı gözümdən. Ağlamadım həmin gün, ağlaya bilmədim. Ən çətini səni o qara torpağa verdiyimiz an idi. Bütün qadağalara baxmayaraq o an orda olmalıydım. Uzaqdan da olsa, səssiz-səmirsiz... Bunu görməliydim inanmaq üçün. O anda dərk etdim, o an acı həqiqət bir şillə kimi dəydi üzümə. Anladım ... bir daha səni görə bilməyəcəyimi, o nəvazişinə, qayğına bir ömür boyu həsrət qalacağımı...Yoxluğunu bilə-bilə yaşayıram. Yoxluğunun verdiyi acını yaşayaraq hər səhər oyanıram, hər gecə isə yuxumda səni görmək ümidi ilə yatıram. Barı yuxularıma gəl... Nə olar... bu həsrət heç olmasa yuxularımda bitsin. Səni bir daha görə bilməmək düşüncəsi dəli edir məni. Amma əslində hər yerdə varsan... Hara dönsəm səni görürəm, keçdiyin yollarda, olduğun yerdə, dostlarında ... O qədər çətindir ki, səninlə keçdiyimiz yollardan sənsiz keçmək, dostlarının arasında səni görməmək... Bir həzin musiqidə, bəzən isə bir şer parçasında olursan... Hər zaman mənimləsən... Hər dəqiqə, hər an... Yoxluğunu o qədər içdən hiss edirəm ki... Sən getdikdən sonra hər şeyə nifrət etdim...Günəşə...bir gün belə yasını saxlamadı...Səhəri gün heçnə olmamış kimi yenidən doğdu. Aya... o da unutdu səni... gecələr onun işığı altında birlikdə gəzdiyimizi... Sən getdikdən sonra da işıq saçdı. Yağış damcılarına, əsən küləyə, hər şeyə, həyata nifrət etdim. Onu səninlə sevmişdim mən... Nifrət etdim mən o qara torpağa...səni əlimdən aldı deyə, heç kimə və heç nəyə qısqanmadığım qədər ona qısqandım səni. Amma bəzən yastığım, döşəyim oldu. Məzarının yanında saatlarla uzandım bəzən... Qəribədir, qəbirstanlıqla bağlı bütün qorxularım puç oldu, səninlə birgə öldü. Sən vardın orda çünki... Sən varsan deyə qorxmadım ki heç nədən...Mənə ağla dedilər sən öldüyün gün, doyunca ağla... zamanla keçəcək dedilər. Amma keçmədi, keçmir. Əksinə gündən-gündən daha da böyüyür bu içimdəki acı, tükədir məni. Bu acını yaşamadan necə yaşadım səni? Unutmaq istəmirəm axı ... Bir ömür boyu xatırlamaq istəyirəm səni, bizi... Unutmaqdan o qədər çox qorxuram ki əslində. Getdikcə xatırlaya bilmirəm üzünü, səsini... Unuduram artıq...
Nə olar, barı yuxularıma gəl...


Tarix: 19.11.2013 / 04:05 Müəllif: Akhundoff Baxılıb: 104 Bölmə: Sevgi mesajları