beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Köhne Mehebbetler Limani

Qəzəb oyuncağı... sevgi savaşı...
Səssiz qələbənin bic gülüşləri.
Bir qız gözlərinin son yalvarışı,
Bir qız dodağının ilk öpüşləri.

Bir "körpə xanımın" gəlinciyindən
Qırılan düymələr yolların üstə.
Ən uzaq illərin yelləncəyindən
Yıxılıb düşərsən qollarım üstə.

Köhnə məhəbbətlər, köhnə nağıllar
Sıyrılar illərin dumanlarından
Batmış gəmilərtək üzə çıxarlar
Qəlbimin ən uzaq limanlarında.

Uzaq limanların işığı sönsə,
Ən uzaq limandan qayıdan mənəm.
Dünyanın ən gözəl gəmisi sənsən,
Dünyada ən igid kapitan mənəm.

Gəmilər əl edər bayraqlarıyla,
Dalğalı suları hamarlayarlar.
İşıqlar yuxulu barmaqlarıyla
Dənizin saçını tumarlayarlar.

Gecənin sonuncu duracağında,
Bu dəcəl görüşün son anında biz,
Yenə ayrılarıq səhər çağında
Köhnə məhəbbətlər limanında biz.

Üfüqlər bulanar günəş balına,
Dəniz də yalayar dodaqlarını.
Yeyər aclığından həsrət-balina
Xırdaca xatirə balıqlarını.

İtər məhəbbətlər limanı sonra,
Tilsimlər qırılar, ovsunlar düşər.
İndi dalğalara atılan tora
Yosunlar ilişər, yosunlar düşər.

Son ümid yellənər sınıq əliylə,
Təzədən görüşmək gümanı ağlar.
Qağayı diliylə, balıq diliylə
Köhnə məhəbbətlər limanı ağlar.


Tarix: 19.11.2013 / 04:03 Müəllif: Akhundoff Baxılıb: 94 Bölmə: Sevgi şerləri