beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qibləsiz Ev.

Bu evin yanan işıqlarında
Kor olmuş həyat,
Qaranlıq dünyalar,
Yaşamağa inad…

Bu evin otaqlarında
Dustaq edilən talelər,
Qəzəbdən kinlə gülən səbirlər,
Yalançı əməlisalehlər…

Bu evin döşəmələrində
Tapdanmış ümidlər,
Gələcəyi olmayan vədlər,
Ayaqlanmış öyüdlər…

Bu evin tavanında
Allaha qalxan fəryad,
Bəlkələrin ağırlığına dözməyib
Qırılmış qanad…

Bu evin divarlarında
Sınmış ömrün cizgiləri,
Çiliklənmiş arzulara
Qəm sitəmin vergiləri…

Bu evin pəncərələrində
Bədbəxtliyin çılğın rəqsi,
Yaşamayan yaşamımın
Acı çəkən fəryad səsi…

Bu evin qapılarında
Aciz-aciz boynu bükük
Tərk edilən sevinclər…

Qop ey tufan,
Çax ey şimşək
Parçalansın qüdrətinlə
Bu evdəki dərd yuvası.
Qoy dəyişsin
Otaqların qəm havası
Azad olsun yaşamımın
Zəncirlənmiş təbəssümü…

Bəsdi daha bu acıdan
Qəm daradım, kədər hördüm
Qop ey tufan…
Çax ey şimşək…
Bəlkə məndə bir gün gördüm.


Tarix: 19.11.2013 / 04:03 Müəllif: Akhundoff Baxılıb: 83 Bölmə: Sevgi şerləri