beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

COXDAN IDI GOZLEYIRDIM BU GUNU.....

Çoxdan idi gözləyirdim bu günü,
Mən bilirdim bunu - belə olacaq...
Bu sahilsiz məhəbbətin, sevginin,
Bilirdim ki, sonu belə olacaq...

Mən bilirdim qorxuludur böyük eşq,
Bunu sənə dönə-dönə demişdim...
O tərsinə dönə bilər tez, ya gec,
Dönə bilər bəzən kinə demişdim...

Çoxdur onun tərəddüdü, gümanı,
Qısqanclıqdır bərabəri, ekizi...
Bəzən olur qara rəngə boyanır,
Tutulanda qəzəbindən gün özü...

Mən görmüşdüm, mən bilirdim, bilirdim,
Bədbəxt olur insan qəlbən sevəndə...
Sən bu acı həqiqətə gülürdün,
Mənmi düzəm, sənmi düzsən, de indi...

Göstər mənə sevib xoşbəxt olanı,
Sevib bədbəxt olanlarsa nə qədər...
Çox Məcnunlar oldu eşqin qurbanı,
Külə döndü gör nə qədər Leylilər...

Məhəbbətin bir sifəti inamdır,
O birsi həsrət, əzab, dərd, kədər...
Bir gün oldu azıb qaldıq dumanda,
Nagah kəsdi yolumuzu şübhələr...

Olduq dedi-qoduların gülüncü,
Aramıza girdi iblis ayrılıq...
Məhəbbətin kin ovxarlı qılıncı,
Bir də gördük öz qınından sıyrılıb...

Bir də gördük uçurumdur irəli,
Ümid, inam gördük bizdən əl üzüb...
Heç nə görmür məhəbbətin gözləri,
Görünəndə yaman üzü, sərt üzü...

Çoxdan idi gözləyirdim bu günü,
Mən bilirdim - bunu belə olacaq...
Bu sahilsiz, məhəbbətin, sevginin,
Bilirdim ki, sonu belə olacaq...


Tarix: 19.11.2013 / 04:02 Müəllif: Akhundoff Baxılıb: 75 Bölmə: Sevgi şerləri