beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

AĞCAQANAD MİSALI VƏ YA ALLAH AĞCAQANADI NİYƏ YARADIB? Bir ayənin təfsiri

“Əlbəttə, Allah (Quranda) ağcaqanadı və ya ondan daha böyüyünü misal gətirməkdən çəkinməz. İman gətirənlər bunun öz Rəbbi tərəfindən bir həqiqət olduğunu bilirlər, kafirlər isə: “Allah bu məsəllə nə demək istəyir?” - deyirlər.



Allah bununla (bu məsəllə) bir çoxlarını zəlalətə salır, bir çoxlarını isə doğru yola yönəldir. Allah yalnız fasiqləri zəlalətə düçar edir” (Bəqərə, 26).



Bu ayənin izahını düzgün anlamaq üçün özündən əvvəlki ayələri də nəzərdən keçirmək lazımdır. Bəqərə surəsinin 17-20-ci ayələrində münafiqlər qaranlıqla ocaq qalayan, amma od söndükdən sonra zülmətdə qalan insanlara, ya da göydə çaxan ildırımı görüb qorxan şəxslərə bənzədilir. Daha sonrakı ayələrdə (23-24) isə Qurana istehza edən müşriklərə təklif edilir ki, əgər bacarırlarsa, Müqəddəs Kitabın bircə surəsinin bənzərini yaratsınlar. Allah onların belə bir işi görməkdən aciz olduqlarını və inadkarlıqları üzündən cəhənnəmə düşəcəklərini bildirir.

Ağcaqanadla bağlı ayənin məhz bundan sonra gəlməsi təsadüfi deyil. Bu ayənin nazil olma səbəbini açıqlayan təfsirçilərin bir qismi Ibn Abbasa və Ibn Məsuda istinadən yazırlar ki, 17-20-ci ayələrdəki bənzətmələri (misalları) eşidən münafiqlər: “Allah bu cür misal çəkməz, ona görə də bu sözlər vəhy ola bilməz” dedilər. Ardınca Allah ağcaqanadı misal çəkməklə bənzətmələrin Quran məntiqinə zidd olmadığını bir daha təsdiq etdi.

Həsən Bəsri və Qətadə də daxil olmaqla bəzi ravilər isə ayələrin nazil olması üçün başqa bir səbəb qeyd etmişlər. Bundan qabaqkı vəhylərdə milçək (Həcc, 72) və hörümçəklə (Ənkəbut, 41) bağlı ayələr nazil olmuşdu. Müşriklər bu ayələrə məsxərə edib gülürdülər: “Bu necə tanrıdır ki, həşəratlardan danışır?”. Allah Bəqərə surəsinin 26-cı ayəsini göndərməklə göstərdi ki, Quranda heyvanların və həşəratların adının çəkilməsi vəhyə nəinki nöqsan gətirmir; əksinə, Allah bu misallarla mühüm məsələləri sadə dildə izah edir.



NIYƏ ALLAH MƏHZ AĞCAQANADI MISAL ÇƏKIR?



Əvvəla, ağcaqanad ağla gələn ən xırda həşəratlardan biridir. Xüsusilə, mikroskopun olmadığı o zamanlarda ağcaqanaddan daha kiçik canlıların mövcud olduğunu təsəvvür etmək çətin idi. Hətta ərəb dilində ağcaqanad anlamını verən “bəuzə” kəlməsinin leksik mənası bir şeyin xırda hissəsi, cüzü deməkdir ki, bu da həmin canlının xırdalığına işarədir (“bəzi” sözü də eyni kökdəndir). Bu cür xırda bir canlını bütöv orqanizm kimi yaratmaq, onun həyat funksiyalarını təmin etmək, ona uçmaq, qidalanmaq, çoxalmaq imkanını vermək Yaradıcıdan misilsiz qüdrət tələb edir. O zamankı insanların düşüncəsinə görə, Allahın belə bir canlını yaratdığını sübuta yetirmək Onun qüdrətinin isbatı üçün kifayət edərdi.

Ikincisi, ağcaqanad həqiqətən unikal quruluşa malik bir canlıdır. Imam Cəfər Sadiq (ə) onu quruda yaşayan ən böyük canlı ilə – fillə müqayisə edir və quruluşunun kamilliyinə görə ağcaqanada üstünlük verirdi. Ölçülərindəki böyük fərqə baxmayaraq, fildə olan bədən üzvləri artıqlaması ilə ağcaqanadda vardır (Məcməül-bəyan, I, 130). Məşhur müsəlman zooloqu Dəmiri yazırdı ki, filin dörd ayağı, xortumu və quyruğu var. Ağcaqanad bunlardan əlavə daha iki ayağa və dörd qanada malikdir. Filin xortumundan fərqli olaraq çox zərif və elastik olan xortumu ilə ağcaqanad həm dərini deşib kapilyarlara yol açır, həm də qanı sorur. Xortum ağcaqanadın həm qida borusu, həm də hülqumudur (bax: Biharül-ənvar, LXIV, 310; Səfinətül-Bihar, I, 89).

Həzrət Əli ibn Əbu Talib (ə) ağcaqanadın ən zəif və xırda bir varlıq olduğunu əsas tutaraq buyururdu ki, əgər dünyanın bütün canlıları bir yerə toplaşıb, bircə ağcaqanad yaratmağa cəhd etsələr, yenə buna ağılları və qüdrətləri çatmaz (Nəhcül-bəlağə, 230-cu xütbə).

Ayədə münafiq və müşriklər üçün ağcaqanadın misal çəkilməsinin səbəbini bəzi təfsirçilər bu cür izah edirlər: Ağcaqanad qanla doyandan sonra dərisi partlayır və ölür. Başqa sözlə desək, nə qədər ki, ağcaqanad acdır – diridir. Yeyəndə həddi bilmədiyi üçün həlak olur; ya çox yeməkdən partlayır, ya da ağırlaşıb uça bilmir və başqalarının ovuna çevrilir. Kafirlər də beləcə, rifah və bolluq içində olduqları vaxt Allahın qəzəbi ilə məhv olurlar: “(Kafirlərə) edilmiş xəbərdarlığı unutduqları zaman hər şeyin (bütün nemətlərin) qapılarını onların üzünə açdıq. Özlərinə verilən nemətlərə sevindikləri vaxt onları qəflətən yaxaladıq və onlar (hər şeydən) məhrum oldular” (Ənam, 44).



HÖKMDARIN QATİLİ OLAN AĞCAQANAD



Allahın qudrətinin bariz bir nümunəsi kimi ağcaqanad bir çox dini rəvayətlərin “qəhrəmanı” kimi çıxış edir. Həzrət Ibrahim Peyğəmbərin (ə) müasiri olan və tanrılıq iddiası edən Nəmrud bir gün o həzrətə elan etdi ki, mən sənin Allahınla savaşıb Onu öldürəcəyəm. Təyin edilmiş vaxtda Nəmrud nəhəng bir ordu ilə gəldi, Həzrət Ibrahim (ə) isə təkbaşına qarşı tərəfdə qərar tutdu. Bu zaman Allahın əmri ilə səmanı ağcaqanad dəstəsi bürüdü. Həşəratlar Nəmrudun əsgərlərinin üzərinə yönəldilər. Qoşun pərakəndə halda qaçıb dağıldı. Amma Nəmrud bundan sonra da iman gətirmədi. Onda xırda bir ağcaqanad Nəmrudun burun dəliyindən girib beyninə tərəf irəlilədi. Hökmdar 40 gün dəhşətli başağrısından əziyyət çəkdi. Ağcaqanad onun beynini dişləyirdi. Nəmrud ağcaqanadı sakitləşdirmək üçün əvvəlcə başını yerə və divara çırpırdı. Sonra yanındakılara tapşırdı ki, ağrı başlayanda dəyənəklə onun başına vursunlar. Zərbədən sonra ağcaqanad qısa müddət sakit olur, sonra yenə hərəkətə keçirdi. Kimin zərbəsi ağcaqanadı daha uzun müddətə sakitləşdirirdisə, Nəmrud o adama mükafat verirdi. Əyanlar mükafat xatirinə zərbələrin şiddətini artırırdılar. Axırda bir nəfər Nəmrudun başına elə qüvvətli dəyənək vurdu ki, kəlləsi dağılıb öldü (bax: Əllamə Məclisi. Həyatül-qülub, I, 123).

Allah bu yolla sübut etdi ki, tanrılıq iddiasında olan hökmdarı zəif bir həşəratın əli ilə həlak etməyə qadirdr. Bu hadisədən sonra ağcaqanad Allahın qüdrətinin əlaməti kimi məşhur oldu. Məşhur arif Xacə Abdullah Ənsarinin təfsirində yazılıb ki, bir övliyadan soruşdular: “Ağcaqanadın və hörümçəyin yaradılmasının məqsədi nədir?”. Həmin Allah dostu cavab verdi: “Əgər ağcaqanadın yaradılmasının tək səbəbi Nəmrudu həlak etmək, hörümçəyin xilqətinin tək səbəbi isə Hira mağarasının ağzında tor qurub Peyğəmbəri xilas etmək olsaydı belə, bu, kifayət edərdi”.

Bir gün Abbasi xəlifəsi Məmun xütbə söyləyirdi. Bir ağcaqanad onun üzünə qondu. Məmun əli ilə həşəratı qovsa da, faydası olmadı; ağcaqanad yenə uçub xəlifənin sifətində oturdu. Bu hadisə dəfələrlə təkrar oldu. Axırda Məmun ağcaqanadı qovmaqdan yoruldu, qəzəblənib xütbəni yarımçıq kəsdi. Sonra məşhur ədib Əbu Hüzeyli çağırtdırıb soruşdu: “Mənə de görüm, ağcaqanadın yaradılmasının səbəbi nədir? Bu həşəratın bir xeyri varmı?”. Əbu Hüzeyl cəsarətlə cavab verdi: “Allah ağcaqanadı ona görə yaradıb ki, onunla zalımları xar etsin və zalımlar öz güclərinə məğrur olmasınlar”. (Eyni ifadəni xəlifə Mənsurun sualına cavab olaraq Imam Cəfər Sadiqə (ə) də aid edirlər).


Tarix: 21.11.2012 / 16:09 Müəllif: [Ram] Baxılıb: 934 Bölmə: Quran Haqqında