beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

BƏZİ SURƏLƏRİN ƏVVƏLİNDƏ GƏLƏN TƏK HƏRFLƏR –“MÜQƏTTƏƏ HƏRFLƏRİ”, NƏYİ BİLDİRİR?

“MÜQƏTTƏƏ HƏRFLƏRİ” sözünün ərəb dilindən tərcüməsi “kəsik, tək-tək hərflər” deməkdir. Bəzən “təhəcci” (heca) hərfləri də adlandırılır. Qurani-kərimin 29 surəsinin əvvəlində işlədilən, hər hansı mənanı ifadə etməyən ayrı-ayrı hərflərə deyilir.



Müqəttəə hərflər ərəb əlifbasının 14 hərfini əhatə edir: əlif, he, ha, ta, ye, kaf, lam, mim, nun, sin, ayn, qaf, sad və ra. Bu hərflər bəzən tək, bəzən cüt halda, bəzən də üç, dörd və beş hərfin kombinasiyası şəklində işlədilib. Məsələn: qaf, ya-sin, əlif-lam-mim, əlif-lam-mim-sad, ha-mim-ayn-sin-qaf.



Müqəttə hərflərin hansı mənanı ifadə etdiyi barədə irəli sürülmüş nəzəriyyələr həddən artıq rəngarəngdir. Məsələn, nəzəriyyələrin birinə görə, Allah surələrin əvvəlinə adi ərəb hərflərini əlavə etməklə insanlara başa salmaq istəyir ki, Quran onların danışdıqları adi hərflərdən təşkil olunub. Amma onlar bu hərflərin vasitəsilə Quranın mislini yaratmağa qadir deyillər. Bəziləri müqəttəə hərfləri gizli və dərkolunmaz sirr saymış, bunun üçün Imam Əli ibn Əbu Talibin (ə) aşağıdakı hədisini əsas gətirmişlər: “Hər kitabın seçilmiş hissələri var. Bu kitabın (Quranın) da seçilmiş hissəsi təhəcci hərfləridir”. Abdullah ibn Məsud isə belə demişdir: “Bu hərflər gizli elm və pərdəli sirdir, Allah bu hərfləri bəyənib”. Keçmişdə bəzi tədqiqatçılar müqəttəə hərfləri əbcəd qaydası ilə hesablayıb, bu yolla aldıqları ədədlərin mənasını yozmağa çalışırdılar. Məsələn, yəhudilər “əlif-lam-mim” sözlərini əbcədlə hesablayıb bu qərara gəlmişdilər ki, Islam dininin ömrü cəmi 71 il olacaq. Bu fikir onları çox sevindirmişdi. Amma digər müqəttəə hərflərlə tanış olduqdan sonra onlar səhv etdiklərini anladılar. Bəzi təfsirçilər müqəttəə hərfləri surələrin adı kimi, bəziləri isə surələri bir-birindən ayıran əlamət kimi dəyərləndiriblər. Bu hərfləri ismi-əzəmin rəmzi sayanlar, Allahın adlarının əlamətləri kimi qəbul edənlər də olub. Son zamanlar Qurani-kərimin riyazi möcüzələrinin açılması istiqamətində aparılmış tədqiqatlar nəticəsində belə bir fərziyyə də irəli sürüldü: Müqəttəə hərflər onu göstərir ki, həmin surədə ən çox işlənən hərflər məhz bunlardır. Məsələn, Bəqərə surəsində (əlif-lam-mimlə başlayır) ən çox əlif hərfi, ondan sonra lam, daha sonra isə mim hərfi işlənib. Müqəttəə hərfləri Allahın adlarından ibarət cümlələrin baş hərfi kimi mənalandırmaq cəhdləri də olub. Məsələn, “əlif-lam-mim” hərflərini “Əna Allahü ələm” (Mən ən elmli Allaham) ifadəsinin rəmzi kimi izah edirlər. Bu zaman “əna” sözünün ilk hərfi, “Allah” sözünün orta hərfi, “ələm” sözünün isə son hərfi götürülür.



Tədqiqatçıların bir hissəsi isə bu fikirdədir ki, Allah-təala insanların diqqətini özünə sarı cəlb etmək üçün surələrin əvvəlində müqəttəə hərfləri işlədib. Insanın adətidir ki, diqqəti özünə çəkmək üçün söhbətinin əvvəlində bəzi kəlmələrdən istifadə edir (məsələn, “bax”, “hə” və s.). Ərəblər söhbətdən əvvəl “ha”, “əla” və “ima” kəlmələrini işlədirlər. Müqəttəə hərflər də Quranı dinləyən şəxslərin diqqətini cəmləşdirməyə xidmət edir.


Tarix: 21.11.2012 / 16:08 Müəllif: [Ram] Baxılıb: 575 Bölmə: Quran Haqqında