beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qarabağ bəylərbəyliyi Sərhədləri

Qarabağın sərhədləri haqqında "Qarabağnamə" müəlliflərindən Mirzə Camal Cavanşir Qarabaği yazır: "Qarabağ vilayətinin sərhəddi belədir: cənub tərəfdən Xudafərin körpüsündən Sınıq körpüyə qədər – Araz çayıdır. İndi (Sınıq körpü) Qazax, Şəmsəddin və Dəmirçi-Həsənli camaatı arasındadır və Rusiya dövləti məmurları onu rus istilahilə "Krasnıy most", yəni Qırmızı körpü adlandırırlar. Şərq tərəfdən Kür çayıdır ki, Cavad kəndindən Araz çayına qovuşaraq gedib Xəzər dənizinə tökülür. Şimal tərəfdən Qarabağın Yelizavetpolla sərhəddi Kür çayına qədər Goran çayıdır və Kür çayı çox yerdən (keçib) Araz çayına çatır. Qərb tərəfdən Küşbək, Salvartı və Ərikli adlanan uca Qarabağ dağlarıdı" .

Mir Mehdi Xəzani yazırdı: "Şimdi Qarabağda sərhədd budur: Cənubiyyən rudi-Arazdır, Xudafərin körpüsünün ta Cavad, Əlvənd və Zərdab kəndlərinin müqabilinə (kimi). Şərqiyyən Kür suyudur. Qərbiyyən Qarabağ dağlarıdır. Şimaliki, Gəncə ilə Qarabağın sərhəddidir, Göran çayıdır" .

XIX yüzilliyin 30-cu illərinin əvvəllərində hazırlanmış "Обозрение российских владений за Кавказом" kitabında Qarabağ əyalətinin sərhədləri də öz əksini tapmışdır: "Qarabağ əyalətinin sərhəddi belədir: şimalda Yelizavetpol dairəsi, Şəki və Şirvan əyaləti; şərqdə-Muğan düzü, cənubda Naxçıvan əyaləti və Rusiyanın mülklərini İrandan ayıran Araz çayı; qərbdə – Naxçıvan və İrəvan əyaləti, Yelizavetpol dairəsinin sərhəddi ilə axan Kürəkçay və Qaraçay çayları" .

Qarabağ Rusiya təbəəliyinə keçərkən Kotlyarevskinin keçirdiyi sorğuya əsasən 1805-ci ildə Qarabağda 10 000 ailə yaşamışdır .

Polkovnik Aseyevin 1808-ci ildə general-feldmarşal Qudoviçə göndərdiyi cədvəldə Qarabağ xanlığı ərazisində 7474 ailənin yaşadığı qeyd edilmişdir .

General Yermolovun imperator I Aleksandra ünvanladığı 4 mart 1817-ci il tarixli 32 №-li raportda deyilir: "Qarabağ 1805-ci ildə Rusiya tabeliyinə qəbul ediləndə 10 000 ailədən ibarət idi. 1812-ci il sayına görə, Qarabağda "qarət edilmiş, əmlakından məhrum olmuş 3080 ailə vardır" . Həmin raportda verilən məlumata əsasən, Qarabağın qalan əhalisi düşmən tərəfindən xaricə aparılmış və ya özləri qaçmışlar. General Yermolov imperatora raportunda göstərir ki, mənim keçirdiyim yeni sayıma görə, indi Qarabağda 7872 ailə qeydə alınmışdır .

Mogilyevski və polkovnik Yermolovun general Yermolova göndərdikləri 2 may 1823-cü il tarixli 22 №-li raportda həmin il Qarabağ əyalətində 9073 vergi verən, 9490 vergi verməyən (cəmi-18563) ailənin yaşadığı göstərilmişdir .

"Обозрение Российских владений за Кавказом" kitabında qeyd olunur ki, 1832-ci ildə keçirilmiş kameral təsvir nəticəsində Qarabağ əyalətində 20546 həyətin (54841 kişi cinsi) olması müəyyən edilmişdir .

1823-cü il kameral təsvir materiallarını araşdırarkən çar məmurlarının hesablamalarda yol verdikləri bəzi səhvləri üzə çıxararaq Qarabağ əyalətində 1823-cü ildə 9251 vergi verən, 7847 vergi verməyən ailənin yaşadığını müəyyən etmişik . Yekun cədvəli və faktiki materiallar arasındakı fərqləri tərtib etdiyimiz cədvəl daha əyani şəkildə nümayiş etdirir.


Tarix: 08.01.2015 / 13:56 Müəllif: Feriska Baxılıb: 40 Bölmə: Qarabağ bəylərbəyliyi