beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qarabağ bəylərbəyliyi və Ziyadoğlu-Qacarlar

Ziyadoğlu-Qacarlardan qabaq Qarabağı kimlər idarə edirdilər? Tarixi qaynaqların əksəriyyətində bu barədə müfəssəl informasiyaya rast gəlmək mümkün olmasa da, 1675-1676-cı illərdə (hicri 1086-cı il) naməlum azərbaycanlı müəllif tərəfindən qələmə alınmış "Tarix-i aləmara-yi Şah İsmayıl" ("Şah İsmayılın dünyanı bəzəyən tarixi") adlı əsərdəki məlumatlar bu məsələyə aydınlıq gətirməyə kömək edir. Farsca yazılmış bu qiymətli tarixi mənbədə Azərbaycan Səfəvilər dövlətinin banisi I Şah İsmayılın (1501-1524) hərbi-siyasi fəaliyyəti ətraflı surətdə təsvir edilmişdir.

Anonim müəllif, İraqi-ərəbin qızılbaş ordusu tərəfindən fəthi və I Şah İsmayılın qızılbaş sərkərdəsi Xadim bəy Xüləfanı Bağdad hakimi təyin etməsi ilə əlaqədar olan 1508-ci ilin hadisələrindən bəhs etdikdən sonra əlavə edir ki, Xadim bəy Səfəvilər dövlətinin qurulması uğrunda gedən mübarizənin fəallarından olmuşdur. Şah İsmayıl bu mübarizədə fədakarlıq göstərmiş qızılbaş əmirlərini yüksək qiymətləndirmiş və onların övladlarını müxtəlif böyük vəzifələrə təyin etmişdi. Buna misallar sırasında anonim müəllif qeyd edir ki, Şah İsmayıl "Qarabağın və o sərhədin bəylərbəyiliyini Qara Pirinin oğlu Rüstəm bəyə inayət etmişdi".

Səfəvilər dövləti dönəmində, Qarabağın ilk bəylərbəyi Sərdar bəy Bəydili-Şamlı olmuşdu. Ağzivər sultanın qardaşı olan Sərdar bəy 1514-cü ildə Çaldıran döyüşündə iştirak etmişdi.

I Şah İsmayıl dövründə yaradılmış olan Qarabağ bəylərbəyliyi ilk vaxtlar Qara Piri bəy Qacarın oğlu Rüstəm bəy Qacar tərəfindən idarə edilmişdi. Osmanlı müəllifi Heydər Çələbi öz "Rüznamə"sində Çaldıran döyüşündə öldürülən qızılbaş əmirləri arasında Gəncə və Bərdə valisi olan Sərdar bəy Qacarın adını çəkir. I Şah Təhmasib Səfəviinin (1524-1576) dövründən Qarabağ bəylərbəyiliyinə Qacar elinin Ziyadoğlu oymağının nümayəndələri başçılıq edirdilər. Bəylərbəyiliklər rəsmən mərkəzi dövlətə tabe hesab edilsələr də, əslində yarım müstəqil vəziyyətdə olub, bir növ dövlət daxilində dövlət idilər.

Qacarlar Qarabağın köklü sakinləri idilər. Tanınmış Azərbaycan tarixçisi İskəndər bəy Türkman Münşi (1560-1634) özünün məşhur "Tarixi aləm-arayi-abbasi" adlı əsərində yazırdı:

"Qarabağ qışlaqları və yaylaqları, təmiz havası və sıx ormanları olan ən gözəl bir diyardır. Qarabağın ən qədim əhalisi qacarlar və onlara qohum olan tayfalar burda gözəl bağlar salmışlar".
Qarabağ bəylərbəyilərindən biri də Kəmaləddin Şahverdi sultan Ümmət bəy oğlu Ziyadoğlu-Qacardır. I Şah Təhmasib Səfəvi (1524--1578) 1551-ci ildə Şahverdi sultanı Qarabağa hakim təyin etdi. Şahverdi sultan Qarabağ qoşununun başında Qızılbaşlar məmləkəti tərəfindən bir çox savaşlara qatılmışdı.

1537-ci ildə Şahverdi xan öz qüvvələri ilə Qəndəhar yürüşünə qatılmış və bundan sonrakı mühüm hərbi səfərlərdə də yaxından iştirak etmişdi. Görünür, bu dövrdə Şahverdi Sultan Qarabağ bəylərbəyi olmuşdu. Çünki, 1552-ci ildə Ərzurumda Osmanlı hakimi İsgəndər paşaya qarşı döyüşdə o, Qarabağ bəylərbəyi kimi xatırlanmışdı .

O, 1558-ci ildə qiyamçı Kartli valisi Lauraspı (1534—1558) öldürdü. Lauraspdan sonra təyin edilən vali Simon (1558—1560) tez-tez asilik etdiyindən, ayağını cızıqdan kənara qoyan kimi şahın əmri ilə Şahverdi sultan tərəfindən cəzalandırılır, qulaqburması alırdı. Tiflis hakimi Georgi Dadiani (1548—1582) Qarabağ bəylərbəyinin nəzarəti altında idi. Azğınlıq eşqinə düşən kimi Şahverdi sultan qoşunla Tiflisə gəlirdi.

1547-ci ilin əvvəllərində Gürcüstan səfərindən dönən Şah Təhmasib Yevlaxda dayanmışdı. O. Əfəndiyev "Xülasət ət- təvarixin" verdiyi məlumata əsaslanaraq yazır ki, Gürcüstan yürüşündən qayıdan zaman Şah Təhmasib Şahverdi sultan Ziyadoğlu-Qacarın evinə düşmüşdü. Buradan o, Şirvanda üsyan qaldırmış olan Əlqas mirzəyə qarşı Şahverdi Sultan Ziyadoğlunu digər əmirlərlə birlikdə göndərmişdi .

Kəmaləddin Şahverdi sultan 1568-ci ildə vəfat etdi. Şahverdi sultanın oğlu Ibrahim sultan atasının yerinə xan ünvanı ilə bəylərbəyi təyin olundu. O, şahzadə Sultanəli mirzənin lələsi idi.

Ibrahim sultandan sonra Qarabağın bəylərbəyi Yusif xəlifə oldu. Yusif xəlifə gözünü açmağa macal tapmamış əmisioğlu Peykər sultan tərəfindən öldürüldü. II Şah Ismayıl Səfəvi 1577-ci ildə Peykər sultanı vəzifəsindən çıxarıb qorçusu Imamqulu bəy Yıva-Qacarı Qarabağa bəylərbəyi təyin etdi. Sultan ünvanı ilə bəylərbəyiliyə başlayan İmamqulu bəy tez bir zamanda şahdan xanlıq fərmanı aldı. Hətta şahdan xahiş etdi ki, Ziyadoğlu oymağının nümayəndəsi Peykər sultanı Şirvana bəylərbəyi təyin etsin. Şah Imamqulu xanın xahişini yerinə yetirdi. İmamqulu xan Qızılbaşlar məmləkətinin ən ünlü sərkərdələrinin birinə çevrildi. Bir çox savaşlarda ad qazandı.

İmamqulu xan Qacar 1587-ci ildə vəfat etdi.

1587-ci ildə Qarabağın bəylərbəyi Hüseyn xan Ziyadoğlu-Qacar idi. 1588-ci ildə Məhəmməd xan Xəlil sultan oğlu Ziyadoğlu-Qacar Qarabağın bəylərbəyi təyin olundu. Məhəmməd xan 1616-cı ilə kimi, həlak olduğu çağa qədər Qarabağın bəylərbəyi olmuşdu. Mürşüdqulu xan atasının ölümündən sonra, 1616-cı ildə Qarabağın bəylərbəyi oldu. Onun hakimliyi çox çəkmədi. Qardaşı Məhəmmədqulu xan onu əvəz etdi. Məhəmmədqulu xan bir müddət bəylərbəyi olduqdan sonra I Şah Abbasın qəzəbinə tuş gəldi. Şah 1625-ci ildə onu çıxarıb Tiflis hakimi Davud xan Allahverdi xan oğlunu bəylərbəyi təyin etdi. Davud xan qulam olduğuna baxmayaraq, özündən çox razı idi. Məclisdə ədəb-ərkan tanımadığından, Şah Səfinin (1629—1642) acığına səbəb oldu. Şah onu saraydan qovdu. O da Qarabağı yağmalayıb, Osmanlı dövlətinə pənahlandı. Şah yenidən Məhəmmədqulu xanı bəylərbəyi təyin etdi.

Murtuzaqulu xan atasının vəfatından sonra Qarabağ əyalətinə bəylərbəyi təyin edildi. Gəncə-Qarabağ onun ağalığı illərində özünün çiçəklənmə dönəmini yaşadı. II Şah Abbas 1651-ci ildə imzaladığı bir fərmanda Murtuzaqulu xanın adını çəkir. Fərmanda deyilir: "…Habelə hökmranlıq və qüdrətin pənahı, dəbdəbəli və cəlallı dəstgaha malik, yüksək vəzifəli, cəlallı və iqballı idarəçi Qarabağ bəylərbəyi Murtuzaqulu xan Qacar həmin mahalın əzəmətli mustofilər tərəfindən təsdiq olunmuş məlikliyi müəyyən vahid təyin etdiyi təqdirdə və (həmin vahid) qeyd olunan ali və yüksək rütbəli (şəxsə) ödənməli halda, göstəriş versinlər ki, məzkur mahalın məliklik rüsumunu həmin vilayətdəki qayda üzrə qeyd edilən ali və yüksək rütbəliyə aid etsinlər." (Bax: Azərb. Tarixi üzrə qaynaqlar… Bakı, 1989, səh 210) Murtuzaqulu xan 1664-cü ildə varis qoymadan vəfat etdi. Məhəmmədqulu xanın ikinci oğlu Uğurlu xan bir müddət Qum şəhərinin darğası olmuşdu. Qardaşının vəfatından sonra Qarabağa bəylərbəyi təyin edildi. Uğurlu xan 1666-cı ildə vəfat etdi.

Abbasqulu xan II Şah Səfinin (I Süleymanın) (1666-1694) yaxın adamlarından sayılırdı. Bir müddət Bərdənin hakimi olmuşdu. Qaynaqlarda göstərilir ki, Gürcüstan valisi Georgiyə mehmandarlıq etmişdi. Atasının vəfatından sonra Qarabağın və Kaxetiyanın hakimi oldu. Abbasqulu xan Şah Sultan Hüseynin hakimiyyəti dönəmində bütün Qızılbaşlar ordusunun başında durmuşdu.

Uğurlu xanın ikinci oğlu Kəlbəli xan II Şah Abbas Səfəvinin (1642—1666) yaxın adamları cərgəsində idi. Istanbula, Osmanlı sarayına elçi getmişdi. Kəlbəli xanın Uğurlu xan, Həsənəli xan, Hüseynqulu xan, Rzaqulu xan, Məhəmmədqulu xan, Məhəmmədrəhim xan və Şahverdi xan adlı oğulları vardı. XVIII yüzildə Gəncə-Qarabağ əyalətini növbə ilə Kəlbəli xanın oğulları idarə etmişdilər.

Həsənəli xan Bərdədə hakim idi. Nadir şah Qırxlı-Avşarın qardaşı Məhəmmədibrahim xan Zahirəddövlənin xidmətidə idi. Onunla bərabər Dağıstana yürüşdə iştirak etmişdi. II Uğurlu xan 1738-ci ildə qiyamçı dağıstanlılara qarşı döyüşdə həlak oldu. Uğurlu xandan sonra Gəncə-Qarabağı bir müddət kürd kökənli Hacı xan Çəmişgəzəki idarə etmişdi. Nadir şahın ölümündən sonra qarabağlılar onu qovub Məhəmmədrəhim xan Ziyadoğlu-Qacarı taxta çıxardılar. Lakin qardaşı Şahverdi xan ona aman verməyərək yıxıb yerinə keçdi. Şahverdi xanın hakimiyyəti dönəmində Qarabağda xanlıq yarandı. Gəncə-Qarabağ əyaləti iki xanlığa parçalandı.

XVIII yüzilin ortalarından Azərbaycanın feodal dövlətlərə-xanlıqlara parçalanması zamanı Qarabağ bəylərbəyliyi ərazisində Qarabağ və Gəncə xanlıqları yarandı. Yeri gəlmişkən qeyd edək ki, bir sıra tayfaların (Otuziki, Cavanşir, Kəbirli ellərinin) Əfqanıstana köçürülməsi Nadir şah Qırxlı-Avşarın yürüşləri ilə bağlıdır.


Qarabağ Ziyadoğlu-Qacarların irsi bəylərbəyliyi kimi Qarabağ xanlığının yaranmasına kimi, kiçik fasilə ilə 300 ilə qədər onların nəzarətində qalmışdı. Qarabağ bəylərbəyləri olan Ziyadoğlu Qacarlar haqqında ən mühüm məlumat II Şah Abbas dövründə Qarabağ bəylərbəyi Murtuzaqulu xan Qacarın vəziri olmuş Məhəmməd Məsumun "Xülasət əs-siyar" əsərində verilmişdir. M. Məsum Ziyadoğlu Qacar nəslinin XVI yüzyilliyin 40-cı illərindən- XVII yüzilliyin 60-cı illərinə qədər, təxminən yüzillik tarixini öz əsərində işıqlandırmışdır.


Tarix: 08.01.2015 / 13:54 Müəllif: Feriska Baxılıb: 163 Bölmə: Qarabağ bəylərbəyliyi