beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qız qalası (Bakı) Tədqiqi

Qız qalasının arxeoloji tədqiqinə keçən əsrin 20-ci illərinin əvvəllərində başlanılmışdır. Professor Zummerin rəhbərliyi altında bir qrup tələbə Qız qalasında arxeoloji qazıntılar aparmışdır

Tarixi və funksiyası məsələlərində bu qədər çaşğınlığın yaranmasının başlıca səbəbi Qız qalasının yazılı qaynaqlarda birbaşa anılmamasıdır. Orta əsr müəllifləri içərisində Bakı abidələrinin təsvirinə mühüm diqqət ayırmış Arif Ərdəbilinin "Bakı qəbristanlığında elə bir günbəd var ki, onu hər kim görsə heyrətdən əl çalar" kimi dəqiq ünvanı olmayan, yayğın məlumatlar isə bu məsələlərə heç bir işıq salmır.

Qız qalasının bayır səthində yerdən 14 m ucalıqda olan kiçik bir kitabə də araşdırmaçılar arasındak mübahisəni kəsə bilməmişdir. Birincisi ona görə ki, kitabə Dairəvi Mərdəkan qalası və Nardaran qalasında olduğu sayaq üzlük hörgüyə üzvi daxil edilməmişdir və bu səbəbdən də mütəxəssislərin əksəriyyəti onun sonradan divara quraşdırıldığını qəbul edirlər. İkincisi analogiyası olmadığından kitabənin mətni – "Məsud Davud oğlunun qübbəsi" (başqa bir oxunuşa görə qülləsi) çətin izah olunur. Belə ki, Abşeron qalalarının sahibləri – sifarişçiləri çox varlı, nüfuzlu, başlıca olaraq yüksək vəzifəli dövlət adamları olduğundan kitabələrdə özlərinin dəbdəbəli titullarını sayıb "tikdirmişdir", "tikməyi əmr etmişdir" ifadələri ilə tikintidəki rollarını konkret göstərirlər. Belə kitabələr arabir, məsələn Dairəvi Mərdəkan qalasında olduğu kimi "sahib" sözüylə başlıyır. Qalaların müəlliflərinə gəldikdə çox yığcam kitabələrdə onların adları önündə "əməlidir", "ustad", "memar" sözləri yazılırdı. Qız qalasının kitabəsinin Abşeronun monumental xəttatlıq ənənələrində bənzəri tapılmadığından Məsud Davud oğlunu araşdırmaçıların bir qismi XII yüzildə yaşamış Səlcuq bəyi ilə eyniləşdirir, bəziləri isə bakılı memar hesab edirlər.

Kitabənin xətti üslubca XII yüzilə aid edilsə də, Qız qalasının həmin çağda tikilməsi fikrini bir çox mütəxəssislər qəbul etmirlər. Çünki başqa Abşeron qalalarında tikinti zamanı hakimiyyətdə olan Şirvanşah böyük təntənə və dəbdəbə ilə kitabələrdə göstərildiyi halda, Abşeronun ən möhtəşəm abidəsində belə kitabə göstəricisi yoxdur. Bu səbəbdən Qız qalasının Şirvanşahlar çağında ucaldılması fikri birmənaı olaraq rədd edilmişdir[20]. Şirvanşahlar olsa-olsa XII yüzildə bu qədim abidədə bərpa və yenidənqurma işləri aparmışlar. Qız qalasının ilkin olaraq hansı məqsədlərlə inşa edilməsi məsələsi müəyyən edilməsə də, abidənin XII yüzildən Bakının müdafiə sisteminə daxil olduğu və Şirvanşahların ən möhkəm qalalarından olan Bakı qalasının baş qülləsi rolunu oynadığı mütəxəssislər tərəfindən qəbul edilmişdir.

İçərişəhərin şimal-şərq küncündə yerləşən qalanın miflər və əfsanələrlə əhatə olunmuş tarixi müxtəlif sivilizasiyalar və xalqlarla əlaqələndirilir. Lakin bununla belə ərazidə ilk insan məskunlaşmasının Paleolit dövrünə təsadüf etməsi sübut edilmişdir.

Bakının tarixi və memarlıq abidələri haqqında geniş tədqiqatların müəllifi olan prof. Sara xanım Aşurbəyli qalanın özülünün qayanın 15 m dərinliyinə qədər getdiyini qeyd etməklə yanaşı, onun IV – VI əsrlərdə inşa edilməsi ehtimalını da irəli sürmüşdür. Tanınmış alim akademik Bretanski də qalanın V – VI əsrlərdə inşa edilməsi ehtimalını qeyd etmişdir


Tarix: 08.01.2015 / 14:48 Müəllif: Feriska Baxılıb: 67 Bölmə: Qız qalası (Bakı)