beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

4-cü hissə:
4-cü hissə:

Mən çarpayıdan durdum, Özgə haqqında fikirləşməyi özümə qadağan elədim, təzədən pəncərəni açdım, günəşi otağa buraxdım. Onun şüası dağların qarlı zirvələrini, xəzəllə örtülü torpağı, çayı – mən onu görmürdüm, lakin şırıltısını eşidirdim - işıqlandırırdı. Günəş mənim sinəmdə əks oldu, mənim çılpaq bədənimi işıqlandırdı və mənə soyuq deyildi, çünki bütün bədənim hərarətdən yanırdı - alova, alovdan tonqala, tonqaldan yanğına çevrilən cüzi qığılcımın hərarətindən. Yanğını isə heç nə ilə söndürmək, keçirmək mümkün deyil. Mən bilirdim. Və istəyirdim. Mən bilirdim ki, bu dəqiqədən etibarən cənnəti və cəhənnəmi, nəşəni və kədəri, arzuların həyata keçməsini və çarəsiz ümidsizliyi tanıyacam, bilirdim ki, qəlbimin gizlinlərindən qalxan küləkləri cilovlamağa gücüm çatmayacaq. Bilirdim ki, bu səhərdən etibarən bələdçim və müşayətçim sevgi olacaq, baxmayaraq ki, o mənim qəlbimdə uşaqlıqdan, onu birinci dəfə gördüyüm vatxdan məskən salıb. Zira mən onu heç vaxt unutmamışam - onun uğrunda mübarizə aparmağı ləyaqətsizlik hesab eləsəm də. Bu çətin sevgi idi və mənim pozmaq istəmədiyim sərhədlərlə əhatə olunmuşdu. Yaddaşımda Soriyadakı meydan və ondan itirdiyim medalyonu axtamağı xahiş elədiyim dəqiqə canlandı. Mən bilirdim – bəli, onun mənə nə demək istədiyini mən bilirdim, ancaq eşitmək istəmirdim, çünki o, günlərin bir günü pul qazanmaq məqsədilə, macəra dalınca, arzularını həyata keçirmək üçün ata yurdunu tərk edən cavanlardan idi. Mənə isə real və mümkün olan sevgi gərək idi, mənim bakirə bədənim və qəlbim gözəl şahzadəni gözləyir və istəyirdi. O zamanlar mən sevgi barədə çoz az şey bilirdim. Onu mühazirədə görəndə, təklifini qəbul edəndə, elə fikirləşirdim ki, yetkin qadının, öz şahzadəsi ilə görüşə tələsən qızcığazın ürəyini cilovlamağa gücü yetəcək. Sonra o xatırlatdı ki, hər böyüyün ürəyində mütləq körpə yaşayır - və onda mən vaxtilə olduğum qızcığazın, sevgisini itirmək qorxusu ucbatından sevməkdən qorxan o balaca şahzadə qızın səsini yenidən eşitdim. Dörd gün ərzində mən ürəyimin səsini batırmağa çalışdım, ancaq o, daha bərk səslənirdi və Özgə daha çox çarəsizləşirdi. Hardasa, ürəyimin ən məhrəm guşəsində əvvəlki qızcığaz hələ mövcud idi, hələ inanırdı ki, arzular çin olur. Özgə ağzını da açmağa macal tapmadı – mən onun maşınına oturdum, onunla Bilbaoya getməyə razılıq verdim, risk eləmək qərarına gəldim. Və elə bu səbəbdən - mənim əvvəlki «mən»imin cüzi hissəsi hələ yaşayırdı – sevgi məni yenə tapdı, dünyanın müxtəlif qütblərində uzun axtarışlardan sonra tapdı. Sevgi, Saraqosun səssiz küçəsində Özgənin dərsliklərdən, sarsılmaz prinsiplərdən və qərəzli fikirlərdən quraşdırdığı əngəlləri aşaraq yenidən mənimlə görüşdü. Mən pəncərəni və ürəyimi açdım. Gün işığı otağı doldurdu, sevgi – mənim qəlbimi. Bir neçə saat dalbadal biz gah qarda, gah yolda gəzdik, adını heç vaxt bilməyəcəyim balaca şəhərcikdə qəhvə içdik. Orada, meydanda qəribə varlığın-yarıilan, yarıgöyərçin - heykəli ilə bəzədilmiş fəvvarə vardı. O, bu abidəni görəndə gülümsədi: - Əlamətdir. Kişi və qadın başlanğıcı birləşdirilib. - Mən əvvəllər heç vaxt sənin dünən dediklərin barədə fikirləşməmişdim, - mən etiraf elədim. – Baxmayaraq ki, bu tamamilə məntiqəuyğundur. - «Və Allah insanı özü kimi yaratdı, İlahi obraza uyğun yaratdı: kişi və qadını yaratdı», - o, Müqəddəs Kitabdan bir ayəni səsləndirdi. – Çünki bu onun özü kimi və özünəbənzər idi - kişi və qadın. Mən görürdüm ki, onun gözləri bu gün başqa cür parıldayır. O, xoşbəxt idi və hər xırda şeyə görə qəhqəhə çəkirdi. Arabir yolda rastımıza çıxan yolçularla - əyinlərində kül rəngli paltar, çölə işləməyə gedən əkinçilərlə, növbəti zirvənin fəthinə hazırlaşan rəngbərəng kostyumlu alpinistlərlə söhbətə girişirdi. Mən fransızca çox pis danışmağımdan utanaraq dinmirdim, lakin mənim qəlbim onun sevincinə sevinirdi.

O, elə xoşbəxt idi ki, onunla danışan hər kəs özündən asılı olmadan gülümsəyirdi. Yəqin, ürəyi ona nə isə pıçıldamışdı və indi o bilirdi: mən onu sevirəm. Bununla belə o, yenə də özünü mənimlə uşaqlıq dostu kimi aparırdı. - Görürəm, sən xoşbəxtsən,- mən dedim. - Hə, çünki həmişə bu dağlarda səninlə gəzməyi, günəşin qızıl suyuna çəkdiyi meyvələrdən yığmağı arzulamışam. «Günəşin qızıl suyuna çəkdiyi meyvələr». Bu şer misrasını kimsə lap çoxdan yazmışdı, o isə təkrar etdi - lap vaxtında və lap yerində. - Yəqin sənin xoşbəxt olmağının səbəbi təkcə bu deyil, - meydanında bu cür əcaib fəvvarəsi olan şəhərciyi gəzərkən mən soruşdum. - Hə? O nə səbəbdir elə? - Sən bilirsən ki, mənə yaxşıdır. Axı, sən, mənim bu gün burda olduğum, dəftər-kitab dağına yox, əsl dağlara dırmaşdığım üçün məsuliyyət daşıyırsan. Sən məni xoşbəxt elədin. Biz xoşbəxtliyi başqaları ilə bölüşəndə xoşbəxtlik artır. - Sən Özgəni qovmusan? - Hardan bildin? - Bildim, çünki sən özün də tamamilə dəyişmisən. Bir də – ona görə ki, hər birimizin həyatında elə bir vaxt gəlib çatır ki, bu qovulma mütləq baş verməlidir. Lakin Özgə bütün səhəri məni daban-dabana izləyirdi. Yaxınlaşmağa çalışırdı. Amma hər keçən dəqiqə onun səsi daha da zəifləməyə başlayırdı, onun obrazı isə sanki əriyirmiş kimi öz dəqiq cizgilərini itirirdi. Mənim yadıma vampirlər haqqındakı filmlərin finalında qəddar qaniçənin necə külə çevrildiyi düşdü. Biz növbəti xaçlı dirəyin yanından keçirik - burda da onun üzərinə İsanın yox, Məryəmin təsviri həkk olunub. - Nə barədə fikirləşirsən? – o soruşdu. - Vampirlər barədə. Zülmət gecənin yaratdığı və özlərini möhkəmcə öz içlərinə həbs etmiş varlıqlar barədə. Onlar var-güclərilə özlərinə yoldaş axtarırlar. Lakin sevməyə qadir deyillər. Məhz, buna görə də belə bir inam mövcuddur ki, vampiri yalnız nizəni düz ürəyinə batırmaqla öldürmək olar. Əgər bu zərbəni vurmaq mümkün olsa, onda oyanmış ürək şəri məhv edən sevgi enerjisini azadlığa buraxır. - Bu heç vaxt mənim ağlıma gəlməyib. Amma, məncə, sən haqlısan. Mən nizəni düz ürəyə batıra bildim. Və o, cadudan azad olaraq bütün mövcudiyyətə açıldı. Onda, Özgə üçün yer qalmadı. Mən min dəfə onun əlini sıxmaq istədim və min dəfə özümü saxladım. Mən təşviş içində idim onu sevdiyimi demək istəyirdim, lakin bilmirdim ki, necə başlayım. Biz dağlardan danışırdıq, çaylardan danışırdıq. Biz düz bir saatlıq meşədə azdıq, ancaq sonunda lazımlı cığırı tapdıq. Biz ehtiyat üçün götürdüyümüz buterbrodları yedik və susuzluğumuzu ərimiş qarla yatırdıq. Günəş qüruba tərəf meyllənməyə başlayanda Sent-Savenə qayıtmaq qərarına gəldik. Bizim addımlarımız daş tağların altında aydın əks-səda verirdi. Mən qeyri-ixtiyari əlimi müqəddəs su olan kasaya saldım və xaç çəkdim. Onun sözləri yadıma düşdü: su - İlahənin simvoludur. - Ora gedək, - o dedi. Biz qaranlıq, boş kilsənin içiylə irəliləyərək altında birinci minilliyin əvvəllərində yaşamış zahid, müqəddəs Savenin sərdabəsi olan əsas mehraba yaxınlaşdıq. Onun yıxılmış divarları artıq bir neçə dəfə təzədən yüksəldilib. Bəli, elə yerlər var ki - müharibə, təqib, laqeydlik onların üzərindən keçir və onları məhv edir, lakin onlar müqəddəs olaraq qalır. Bir vaxt kimsə bura gələcək, baxacaq, nəyinsə çatışmadığını görəcək və bərpa edəcək.

Mən çarmıxa çəkilmiş İsanın obrazına baxdım və məndə qəribə, lakin çox aydın bir hiss yarandı, sanki Onun başı mənim arxamca çevrildi. - Bura. Biz Müqəddəs Ananın mehrabı qarşısında dayanmışdıq. - Obraza bax. Mariya qucağındakı körpəsi ilə birlikdə. İsa göyləri göstərir. Mən gördüyüm barədə dedim. - Diqqətlə bax, - o təkidlə dedi. Mən rənglənmiş və qızıl suyuna çəkilmiş taxta heykəlin bütün xırda detallarına diqqət yetirirəm və ustanın Məryəmin paltarlarının qırışlarını necə kamilcəsinə yonduğuna valeh oluram. Yalnız indi körpə İsanın səmaya dikəlmiş barmağını görürəm və dostumun nədən bəhs etdiyini başa düşürəm. Baxmayaraq ki, İsa Məryəmin əllərində oturub, əslində İsa Onu saxlayır. Və adama elə gəlir ki, sanki Körpənin səmaya qaldırdığı əli Onu göylərə qaldırır. Onu Nişanlısının olduğu yerə qaytarır. - 600 il əvvəl bu heykəli yaratmış sənətkar nə istədiyini bilirdi. Taxta döşəmədə kiminsə ayaq səsləri eşidildi. Kilsəyə daxil olmuş qadın əsas mehraba yanaşdı və onun qarşısında şam yandırdı. Biz onun səssiz duasına mane olmaqdan çəkindiyimiz üçün sakit və hərəkətsiz dayanmışdıq. «Sevgi ehtiyatlılığı sevmir», - onun özünü unutmuş halda necə Məryəmin obrazını seyr etdiyinə baxaraq düşündüm. Hələ bir az əvvəl kainat onun varlığı olmadan da anlamla dolu idi. İndi isə onun yanımda dayanması mənə hava-su kimi lazımdır - əks halda bütün əşyaların gerçək parıltısı məndən gizlənir. Qadın gedəndən sonra o, yenə danışdı: - Rəssam Müqəddəs Ananı, İlahəni, Allahın mərhəmətli simasını tanıyırdı. Sən mənə sual vermişdin, amma sənə konkret bir cavab verə bilməmişəm. Sən bütün bunları hardan bildiyimi soruşmuşdun, düzdür? «Yox, elə deyil, mən soruşdum, sən də cavab verdin», - mən demək istədim, amma susdum. - Mən bu rəssam kimi öyrənmişəm, - o davam etdi. - Mən səmanın yüksəkliklərindən enmiş sevgini qəbul elədim. Məni yönləndirəndə mən müqavimət göstərmədim. Sən yəqin ki, monastıra getmək istəyim barədə yazdığım məktubu xatırlayırsan. Mən hələ də sənə bu haqda danışmamışam, lakin mənim arzum həyata keçdi. Və həmin dəqiqə mühazirədən əvvəlki söhbəti yadıma saldım. Ürəyim təşvişə düşdü və mən diqqətlə Məryəmin üzünə baxmağa başladım. O gülümsəyirdi. «Bu ola bilməz, - mən fikirləşdim. – Hətta əgər o, monastıra gedibsə də, sonra oranı tərk edib. Xahiş edirəm, de ki, seminariyadan çıxmısan». - Mənim gəncliyim coşqun və dolğun kecib, - Bu arada o, mənim nə barədə fikirləşdiyimi tapmağa cəhd etməyərək sözünə davam edirdi. – Mən başqa xalqları tanıdım, fərqli mənzərələr gördüm. Mən Allahı işıqlı dünyanın hər yerində axtardım. Mən başqa qadınları sevdim. Mən çoxlu peşələr öyrəndim. Qısqanclıq yenidən məni sancdı. «Özgənin qayıtmasına imkan vermək olmaz», - mən gözlərimi gülümsəyən Məryəmdən çəkməyərək özlüyümdə dedim. - Yaşamın misteriyası məni ovsunlamışdı və mən onun mənasını daha dərindən dərk eləmək istədim. Adamlar mənim sorğu-suallarımın cavabında deyirdilər ki, bunu filankəs bilir, o birini peşmənkəs. Mən Hindistanda və Misirdə oldum. Magiya və meditasiyanın biliciləri, əlkimyaçı və din xadimləri ilə tanış oldum. Və nəhayət, tapmalı olduğumu tapdım: İnam hardadırsa, həqiqət də daim ordadır. İnam hardadırsa, həqiqət də daim ordadır. Mən kilsəyə təzədən və başqa gözlə baxdım – zamanın cilaladığı, dəfələrlə külə çevrilmiş və dəfələrlə bərpa edilmiş daş plitələr. İnsanları belə nəhəng əmək sərfinə, inanılmaz inadkarlığa nə sövq etmişdi? Onları ucqarlarda, dağların başında bu kiçik məbədi təzədən tikmək üçün var–qüvvələri ilə çalışmağa nə məcbur etmişdi?

Nə? - İnam. - Buddistlərin öz həqiqətləri olub, krişnaitlərin öz həqiqətləri, indusların, müsəlmanların, yəhudilərin öz. Əgər insan səmimi inam sahibidirsə, o, Tanrıyla vəhdətdə olmağı bacaracaq və möcüzə yaratmağa qadir olacaq. Ancaq bunu bilmək kifayət deyildi - seçim etmək üçün qətiyyət də lazım idi. Mən katolikliyi seçdim, çünki bu etiqadda tərbiyə almışdım, uşaqlıq illərimə onun möcüzələri hopdurulub. Əgər mən yəhudi doğulmuş olsaydım, iudaizmi seçərdim. Allah təkdir baxmayaraq ki, onun minlərlə adı var, lakin onu hansı adla çağırmaq seçimi, məhz, sənə aiddir. Yenidən addım səsləri eşidildi. Naməlum bir adam yaxınlaşdı, bizi nəzərdən keçirdi, sonra baş mehrabın yanına getdi və iki şamdan götürdü. Yəqin, o kilsə gözətçisi, ya da keşiş idi. Mən bizi sovməəyə buraxmaq istəməyən qocanı xatırladım. Amma bu şəxs heç bir söz demədi. O çıxandan sonra dostum mənə dedi: - Mənim bu axşam görüşüm var. - Xahiş edirəm, söhbəti dəyişmə. Gerisini danış. - Mən bu yaxınlıqdakı seminariyaya daxil oldum. Dörd il mümkün olan hər şeyi öyrəndim. Həmin vaxt mən İllüminatlarla, xarizmatiklərlə, çoxdan qapadılmış qapını açmağa çalışan cərəyanların davamçıları ilə tanış odum. Mən anladım ki, Allah – uşaqlıqda varlığıyla bizi qorxutduqları cəllad deyil. Xristianlığın ilkin, həç nə ilə ləkələnməmiş, qüsursuz mahiyyətinə qayıtmaq cəhdi yarandı. - Onların İsa və Kilsənin eyni şey olmadığını başa düşmələrinin üzərindən cəmi iki min il keçəndən sonra? - mən təmkinli ironiya ilə soruşdum. - İstədiyin qədər zarafat edə bilərsən, amma söhbət, məhz, bundan gedir. Mən bizim monastıra rəhbərlik eldən rahiblərdən birinin yanında öyrənməyə başladım. Və o, mənə təlqin elədi ki, vəyh alovunu, Müqəddəs Ruhu mütləq qəbul eləmək lazımdır. Onun sözlərindən mənim ürəyim sıxıldı. Məryəm isə bayaqkı kimi gülümsəyir, körpə İsa şən şən mənə baxırdı. Nə vaxtsa mən də bütün bunlara inanırdım, lakin zaman keçdi və yaşadığım illər ərzində meydana çıxan, sağlam və məntiqli düşüncə sahibi olduğuma, torpağın üstündə möhkəm dayandığıma inam hissi məni dindən uzaqlaşdırdı. Əgər neçə illər məni müşayət etmiş, əvvəlki uşaq inamı - mələklər və möcüzələrə inam - yenidən dirilsəydi, nə yaxşı olardı! Lakin təkcə istəklə onu qaytarmaq qeyri - mümkündür. - Ustadım mənə dedi: «Əgər bildiyinə inansan, əvvəl - axır biləcəksən», o davam etdi. - Mən hücrəmin tənhalığında öz - özümlə danışmağa başladım. Mən Müqəddəs Ruhun mənə əyan olması və bilməli olduğum hər şeyi öyrətməsi üçün dua edirdim. Və tezliklə başa düşdüm ki, mənim səsimlə birgə sözləri mənim əvəzimə deyən, başqa bir, müdrik səs də eşidilir. - Mən də belə vəziyyətdə olmuşam, - mən onun sözünü kəsdim. O susaraq gözlədi, amma mən başqa heç nə deyə bilmədim. - Danış, mən qulaq asıram. Ancaq sözlər gəlmirdi. O, elə gözəl şeylər haqqında danışırdı ki, mən o qədər ifadəli sözlər tapa bilməzdim. - Özgə hər an qayıtmağa çalışır, - o, sanki mənim düşüncələrimi oxuyaraq dedi. - Özgə istəmədən axmaq bir söz deməkdən qorxur. - Hə, - mən var gücümlə qorxuya yenilməməyə çalışaraq cavab verdim. - hərdən elə olur ki, mən kiminləsə qızğın şəkildə danışıram və birdən, hansısa bir anda əvvəllər heç vaxt ağlıma gəlməyən şeylər haqqında danışmağa başlayıram. Mənə elə gəlir ki, sanki mən sadəcə həmişə məndən çox-çox ağıllı, həyatdan yaxşı başı çıxan birinin sözlərini çatdırıram. Ancaq bu nadir hallarda baş verir. Adətən, mən susmağa və dinləməyə üstünlük verirəm. Və təzə nə isə öyrənəcəyimə inanıram, baxmayaraq ki, axırda hər şeyi unuduram. - İnsan üçün onun özü qədər dərkolunmaz heç nə yoxdur. Əgər bizim buğda dəni boyda inamımız olsa, bu dağı yerindən tərpədə bilərik. Bax, mən bunu yaxşı yadımda saxlamışam. Və bu gün mən öz sözlərimi hörmətlə dinləyə-dinləyə təəccüblənirəm. Apostollar savadsız, cahil balıqçılar idilər. Lakin onlar göylərdən enən Alovu qəbul edirdilər. Onlar öz cahilliklərindən utanmırdılar–Onların Müqəddəs Ruha İnamı vardı. Bu vergi yalnız onu qəbul etmək istəyənlərə məxsusdur. Yetər ki, inanasan, qəbul edəsən, səhv buraxmaqdan qorxmayasan. Məryəm təbəssümlə qarşımda dayanmışdı. Dünyada hamıdan çox onun ağlamaq üçün səbəbləri vardı - amma o gülümsəyirdi. - Davam elə, - mən dedim. - Mən artıq hər şeyi dedim. Vergini qəbul etmək lazımdır. Və onda o özünü göstərəcək, öz ifadəsini tapacaq. - Bu şey belə işləmir. - Bəyəm, sən məni başa düşmürsən? - Düşürəm. Ancaq mən bütün insanlar kimiyəm – mən qorxuram. Haqqında danışdığından sən, sənin qonşun istifadə edə bilər, mən yox. - Sən anlayanda ki, biz hamımız qarşımızdakı, bizə baxan bu körpəyə bənzəyirik, hər şey dəyişəcək. - Amma o vaxta qədər biz işığa çox yaxınlaşdığımızı anlayacağıq və öz alovumuzu yandıra bilməyəcəyik. O cavab vermədi. - Sən seminariya barədəki fikrini tamamlamadın, - bir azdan mən onun yadına saldım. - Mən seminariyadan çıxmayacağam. Və mən nə isə deməyə macal tapmamış ayağa qalxdı və mehraba tərəf yönəldi. Mən tərpənmədim. Başım fırlanırdı, nə baş verdiyini başa düşmürdüm. «Seminariyadan çıxmayacağam»! Ən yaxşısı fikirləşməməkdir. Bənd parçalanıb, sevgi qəlbi batırıb və axının qarşısını almaq mənim iradəmdə deyil. Bir çıxış yolu da var - Özgəni köməyə çağırmaq, ruhi zəifliyin sərt, cəsarətsizliyin – soyuq qadına çevirdiyi məni. Lakin mən daha bunu istəmirdim. Mən daha həyata onun gözləri ilə baxa bilmirdim. Fikir selini qəfil səslənən səs qırdı - şiddətli və uzun, sanki yanımda kimsə nəhəng fleytada not götürdü. Mənim ürəyim əsdi. Birinci səsin ardınca ikincisi eşidildi. Sonra daha biri. Mən geri baxdım: taxta pilləkən kilsənin soyuq gözəlliyi və harmoniyası ilə kəskin kontrast yaradan başdansovdu tikilmiş meydançaya qalxırdı. Meydançada mən qədimi orqan gördüm. Və – onu. Yarıqaranlıqda mən onun sifətini seçə bilmirdim, ancaq bilirdim - o ordadır. Mən yerimdən qalxdım, amma o dəqiqə onun həyəcanlı səsi eşidildi: - Pilar! Yerindən tərpənmə! Və mən itaət elədim. - Qoy, Müqəddəs Ana məni ilhamlandırsın, - o davam elədi. - Qoy, musiqi bu gün mənim duam olsun. Və «Ave Mariya»nı çalmağa başladı. Saat altıya yaxın olardı, «Anqelus»un vaxtı, işıq və qaranlığın qarışdığı vaxt yaxınlaşırdı. Orqanın səsi sanki divarların qədim daşlarına hoparaq, müqəddəslərin statuyalarını bürümüş əfsanələrin ruhu və duaların qızğınlığı ilə qarışaraq boş kilsəyə yayılırdı. Musiqi qəlbimin lap dərinliklərinə keçsin deyə, ordakı bütün qorxuları, günah hissini silsin deyə, məni düşündüyümdən daha yaxşı, daha güclü olduğuma inandırsın deyə, gözlərimi yumdum. Mən dəhşətli dərəcədə dua eləmək istədim, din yolundan döndüyüm vaxtdan bu yana mənimlə ilk dəfə idi ki, belə bir şey baş verirdi. Mən əvvəlki kimi skamyada oturmuşdum, lakin ruhum Müqəddəs Ananın qarşısında diz çökmüşdü, «Hə» deyən qadının ayaqlarına düşmüşdü. Hərçənd, o «yox» da deyə bilərdi və onda mələk başqasını axtarıb tapardı və onun rədd cavabı Allahın gözündə günah olmazdı, Allah Öz övladlarının nəyə qadir olduqlarını yaxşı bilir. Ancaq o dedi «sənin İradənə tabeyəm» Hərçənd dərk edirdi ki, seçdiyi taledə mələyin sözləri ilə birlikdə əzab – əziyyətdə qazanır; hərçənd qəlbinin gözü ilə sevgili oğlunun ata evini necə tərk elədiyini, insanların onun ardınca necə getdiyini və sonra onu dandığını artıq görə bilirdi, ancaq o dedi «sənin İradənə tabeyəm» hərçənd hər bir qadının həyatındakı ən ali, ən müqəddəs anı o, pəyədə yaşamalı və malların əhatəsində doğmalı oldu, zira Müqəddəs Kitabda belə yazılmışdı, «sənin İradənə tabeyəm» hərçənd o, təlaş içində oğlunu küçədə axtarırkən onu məbəddə tapdı. Və oğlu, ondan mane olmamasını istədi, çünki o, başqa öhdəlikləri yerinə yetirməli, başqa vəzifəni həyata keçirməli idi, «sənin İradənə tabeyəm» hərçənd bilirdi ki, ömrünün sonuna qədər oğlunu axtaracaq, əzab sancısı həmişəlik onun ürəyində qalacaq və hər dəqiqə onun həyatı üçün əsəcək, zira o həyattəhlükə altındadır, oğlusa qovulur və təqib edilir, «sənin İradənə tabeyəm» hərçənd camaatın içində oğlu ilə rastlaşanda ona yaxınlaşa bilməyəcək, «sənin İradənə tabeyəm» hərçənd o, kiminləsə oğluna xəbər göndərəndə ki - burdadır, oğlu əli ilə öz şagirdlərinə göstərərək, ona çatdırılmasını əmr etdi: «budur mənim anam və mənim qardaşlarım», «sənin İradənə tabeyəm» hərçənd hər şey sona çatanda və hamı yaxasını kənara çəkəndə, çarmıxın altında, düşmənlərin rişxəndinə və dostların qorxaqlığına dözərək təkcə o, daha bir qadın və bir şagird qaldı, «sənin İradənə tabeyəm» İlahi, sənin İradənə tabeyəm. Zira övladlarının ruhən nə qədər zəif olduğu yalnız sənə əyandır və hər birinin üzərinə onun daşımağa gücü çatacaq ağırlığı qoyursan. Zira Sən mənim sevgimi anlayırsan, çünki bu - yeganə şeydir ki, həqiqətən mənə məxsusdur, yeganə şeydir ki, mən özümlə başqa dünyaya götürə bilərəm. İlahi, elə elə ki, o, öz cəsarətini və təmizliyini qorusun, dünyanın ona qurduğu bütün tələləri və qurğuları keçə, yaşaya bilsin, dünyanın uçurumuna və dibsizliyinə düşməsin. Orqanın səsi kəsildi və günəş də dağların arxasında gizləndi - bu eyni anda baş verdi, sanki Eyni bir Əlin hərəkətinə boyun əydi. Musiqi, doğrudan da, onun duasına çevrildi və onun duası eşidildi. Mən gözlərimi açdım - kilsə qaranlığa qərq olmuşdu və Məryəmin obrazı önündə bircə dənə şam yanırdı. Və budur, mən onun yaxınlaşan addımlarını eşitdim. Tənha şamın işığı mənim göz yaşlarımı və mənim təbəssümümü işıqlandırdı – o, Məryəmin təbəssümü qədər gözəl olmasa da, qəlbimin yaşadığını sübut edirdi. O mənə baxdı, mən ona. Mənim əlim axtarmağa başladı və onun əlini tapdı. Mən onun ürəyinin indi daha bərk döyündüyünü hiss etdim, az qala zərbələrin səsini eşidirdim, axı biz sakit və səssizcə dayanmışdıq. Ancaq mənim ruhum rahat, ürəyimsə sakit idi. Mən onun əlini sıxdım, o məni qucaqladı. Deyə bilmərəm, heykəlin yanında nə qədər qaldıq, bunun nə qədər çəkdiyini bilmirəm – zaman donmuşdu. Məryəm bizə baxırdı. Öz taleyinə «hə» demiş gənc kəndli qız. Bətnində Allahın oğlunu, qəlbində İlahəyə sevgini daşımağa razılıq vermiş Qadın. O, bizi anlamağa qadirdir. Mən ondan heç bir şey haqqında soruşmaq istəmirdim. Kilsədə keçirdiyimiz anlar tamamilə kifayət etdi ki, bizim səyahətimiz anlam qazansın. Onunla keçirdiyimiz dörd gün tamamilə kifayət etdi ki, diqqətəlayiq heç nəyi ilə yadda qalmayan bu il əhəmiyyətli və vacib olsun. Və buna görə də mən ondan heç bir şey haqqında soruşmadım. Biz ələ - ələ tutaraq kilsədən çıxdıq və otağımıza qayıtdıq. Başımda hər şey bir - birinə qarışmışdı - seminariya, Müqəddəs Ana, onun kiminləsə axşama nəzərdə tutulmuş görüşü. Və onda mən dərk elədim: o da, mən də ruhlarımızı eyni taleyə tapşırmaq istəyirik, ancaq Fransada seminariya, Saraqosda isə universitet var. Mənim ürəyim sıxıldı. Mən orta əsrdən qalma evciklərə, dünən gecə yanında oturduğumuz quyuya nəzər saldım. Yadıma Özgə qadının bu yaxınlara qədər mən olanın - kədəri düşdü. «İlahi, Sən özün görürsən - mən əvvəlki inamımı diriltməyə çalışıram. Bir haldaki mənim başıma belə iş gəlib, məni tərk eləmə, tək qoyma», - mən qorxunu qovaraq yalvardım. O çox yatmadı, mən də pəncərədəki qara uçuruma baxaraq oyandım. Sonra biz yenə də yuxuya getdik, oyandıq, bizim azdanışan ev sahiblərimizlə şam elədik və o, onlardan evin açarını istədi. - Bu gün biz gec qayıdacağıq, - o, sahibəyə dedi.

- Gənclərə əylənmək lazımdır, - qadın razılıqla başını tərpətdi. – Və bayramı mümkün qədər yaxşı keçirmək. - Mən bir şey barədə soruşmalıyam, - biz maşına oturanda mən dedim. – İstəmirdim, amma özümlə bacarmıram. - Seminariya barədə? - Hə, mən başa düşmürəm, - cavab verdim, özümsə fikirləşdim: «Hərçənd artıq bunun heç bir əhəmiyyəti yoxdur». - Mən həmişə səni sevmişəm, - o danışmağa başladı. – Mənim başqa qadınlarım olub, ancaq təkcə səni sevmişəm. Mən medalyonu həmişə özümlə gəzdirmişəm, nə vaxtsa onu sənə qaytaracağım, cəsarətimi toplayaraq «Mən səni sevirəm» deyəcəyim ümidilə. Dünyada hansı yolla gedirəm-gedim, o, məni mütləq sənin yanına gətirirdi. Mən sənə yazırdım və üzərində sənin imzan olan hər zərfi qorxa-qorxa açırdım - axı, cavab məktublarından istəniləni mənə sənin başqası ilə görüşdüyün xəbərini gətirə bilərdi. Məhz, onda mən mənəvi çağırışı eşitdim. Daha doğrusu, mən bu çağrıya cavab verdim, çünki o məndə - elə sən də - uşaqlıqdan mövcud idi. Mən anladım ki, Tanrı mənim yaşamımda həddindən artıq vacib yer tutur və əgər arzumun ardınca yollanmasam, heç vaxt xoşbəxt ola bilməyəcəyəm. Mən İsanın simasını dünyada qarşıma çıxan hər kasıbın üzündə görürdüm və mən Onu görməzdən gələ bilməzdim. O susdu, mənsə onu tələsdirməmək qərarına gəldim. İyirmi dəqiqədən sonra o, maşını saxladı və biz düşdük. - Biz Lurddayıq, - o dedi. – Buraları yayda görəsən. İndi isə mən adamsız küçələr, bağlı mağazalar, mehmanxanaların girişində polad şəbəkələr görürdüm. - Yayda burda altı milyon turist olur, - o şövqlə davam etdi. - Bilmirəm yayda necədi, amma hal-hazırda o xəyalət-şəhəri xatırladır. Biz körpünü keçdik. Əzəmətli dəmir darvazanın bir tayı – kənarlarında mələk fiqurları olan açıq idi. Və biz içəri girdik. - Sonra nə baş verdiyini danış, - mən xahiş elədim, baxmayaraq ki, bir az əvvəl təkid etməməyə qərar vermişdim. – İsanın simasının adamların üzündə necə tanınmasından danış. Elə o dəqiqədə başa düşdüm – o söhbətini davam etdirmək istəmir. Ola bilsin ki, indi vaxtı deyil və bura da yeri deyil. Ancaq bir halda ki başlayıb, sona çatdırmalıdır. Biz hər iki tərəfində qarlı düzənliklər sərilmiş geniş prospektlə irəlilədik. Uzaqda məbədin silueti görünürdü. - Danış, - mən təkrar elədim. - Sən artıq hər şeyi bilirsən. Mən seminariyaya daxil oldum. Hələ birinci il Allahdan sənə olan sevgimi bəşəri sevgiyə çevirmək üçün kömək etməsini istədim. İkinci kursda başa düşdüm ki, mənim dualarım eşidilib. Üçüncü il - nə qədər qəribsəsəm də, qəti əminlik yarandı ki, sevgim yavaş-yavaş mərhəmətə, duaya, ehtiyac duyanlar üçün yardıma çevrilir. - Bəs niyə sən yenidən məni axtardın? Niyə məndə bu odu yenidən alovlandırdın? Niyə Özgənin qovulması haqqında danışdın, yaşamımın nə qədər miskin və mənasız olduğuna gözlərimi açdın? Mənim səsim titrəyirdi, sözlər dolaşırdı. Keçən hər dəqiqə o, seminariyaya daha yaxın və məndən daha uzaq olurdu. - Niyə qayıtdın? Niyə bu əhvalatı mənə yalnız bu gün danışdın - axı, sən görürdün ki, mən səni sevməyə başlayıram?! - İndi deyəcəyim sənə axmaqlıq kimi görünəcək, - o, azca yubanaraq cavab verdi. - Görünməyəcək! Mən daha gülməli olmaqdan qorxmuram. Və bunu mənə sən öyrətdin. - İki ay əvvəl mənim ruhi müəllimim onunla birlikdə bir qadının yanına getməmi xahiş elədi o, ölürdü və bütün əmlakını bizim seminariyaya vəsiyyət eləməyə hazırlaşırdı. Qadın SentSavendə yaşayırdı. Məbəd artıq lap yaxında idi. Mən təhtəlşüurda hiss etdim: Ona çatan kimi söhbət kəsiləcək.

- Dayanma, - mən xahiş etdim. – Mənim izahata haqqım var. - Onun evinə girdiyim dəqiqə mənim yadımdadır. Pəncərələr Pireneylərə açılırdı və qarın parıltısından daha da gözqamaşdırıcı görünən günəş hər tərəfi doldurmuşdu. Mən əşyaları siyahıya almağa başladım, amma tezliklə dayanmağa məcbur oldum. İş ondaydı ki, mərhumənin zövqü tamamilə mənim zövqümə uyğun idi – o, mənim aldığım diskləri alırdı, pəncərənin arxasındakı bu mənzərəni seyr edə-edə mənim də qulaq asacağım musiqiyə qulaq asırdı. Rəflərdə xeyli kitab vardı – onlardan bəzilərini mən oxumuşdum, digərlərini isə məmnuniyyətlə oxuyardım. Mebel də, şəkillər də, otaqlara səpələnmiş cürbəcür xırda əşyalar da - hər şey elə idi ki, sanki onları mən özüm seçmişdim. Və həmin gündən mən o evi unuda bilmirəm. Hər dəfə dua eləmək üçün sovməəyə girəndə yadıma düşürdü ki, mənim dünyadan imtinam bütöv deyil. Mən belə bir evdə səninlə necə yaşadığımı, həmin musiqini dinlədiyimi, dağların qarlı zirvələrinə, buxarıdakı alova baxdığımı təsəvvür edirdim. Mən bizim uşaqların otaqlarda necə o yan - bu yana qaçdıqlarını, Sent-Saveni dövrəyə almış çöllərdə necə oynadıqlarını təssəvvür edirdim. Mənsə, baxmayaraq ki, heç vaxt o evdə olmamışdım, onun necə göründüyünü dəqiq bilirdim. Və mən istərdim ki, o, daha heç bir söz deməsin, onda mən xəyal qura bilərdim. Ancaq o davam edirdi: - İki həftə əvvəl mən ruhi yorğunluğumun öhdəsindən gələ bilmədim. Öz müəllimimi tapdım, ona baş verən hər şeyi danışdım. Səni sevdiyimi və evi siyahıya alarkən hansı hissləri keçirdiyimi etiraf elədim. Pəncərənin arxasında xırda yağış yağmağa başladı. Mən başımı aşağı saldım, bərk-bərk jaketə büründüm. Mən sonra nələr baş verdiyini öyrənməyə qorxurdum. - O isə mənə dedi: «Allaha xidmət eləməyin yolları müxtəlif və rəngarəngdir. Əgər sən düşünürsən ki, bu sənin taleyindir, get, axtar onu. Yalnız xoşbəxt olan kəs xoşbəxtlik yaymağa qadirdir». «Bunun mənim taleyim olub-olmadığını bilmirəm, - mən ona dedim. – Bu monastıra qapanmaq qərarını verəndə mən ruhi rahatlıq tapdım». «Onda dünyaya get, bütün şübhələrindən azad ol,- o cavab verdi. – dünyada qal, ya da seminariyaya qayıt. Ancaq özün üçün seçəcəyin həmin yerdə sən özünlə tam vəhdətdə olmalısan. Bölünmüş çarlıq kiçik təzyiqdən dağılacaq. Bölünmüş insan həyatın üzünə ləyaqət və cəsarətlə baxa bilməz». O cibində nə isə çıxartdı və mənə uzatdı. Bu açar idi. - Mənim müəllimim o qadının evinin açarını mənə verdi və dedi ki, əşyaları satmaqda tələsməyim. Mən bilirəm – o, mənim ora səninlə qayıtmamı istəyirdi. Madriddəki mühazirəni o, mənim üçün təşkil eləmişdi, bizim yenidən görüşməmiz üçün. Mən onun əlindəki açara baxdım və səssizcə gülümsədim. Ancaq sinəmdə sanki zənglər çalınırdı, başımın üstündə göylər açılmışdı. O, Allaha xidmət edəcək, lakin özünəməxsus şəkildə - mənim yanımda. Çünki mən bunun uğrunda mübarizə aparacam. - Götür, - o dedi. Mən əlimi uzatdım, açarı barmaqlarımın arasında sıxdım, cibimdə gizlətdim. Məbədin baziliki artıq qarşımızda idi. Mən söz deməyə macal tapmamış kimsə onu gördü və ona tərəf qaçdı. Narın çisək yağmaqda davam edirdi və mən burda nə qədər qalacağımızı bilmədiyimdən bir dəqiqə belə unutmurdum - mənə islanmaq olmaz, dəyişək yoxdur. Mən ancaq bu barədə fikirləşməyə çalışdım və yer və göy arasında asılı olan və taleyin əlinin nə zaman ona toxunacağını gözləyən ev haqqındakı fikirləri qovdum. O, məni səslədi və mən yaxınlaşanda bir neçə nəfərə təqdim elədi. Kimsə haradan gəldiyimizlə maraqlandı və o Sent-Savenin adını çəkəndə dedi ki, orada müqəddəs zahid dəfn olunub. Rəvayətə görə, məhz, o, birinci dəfə meydanın ortasında quyu tapıb və başlanğıcda şəhərcik əvvəlki kimi yaşamaq istəməyən, dağlarda Allah axtaran möminlər üçün sığınacaq qismində nəzərdə tutulub. - Onlar indi də ordadırlar,- mən daha kiminsə səsini eşitdim.


Tarix: 09.06.2015 / 12:21 Müəllif: Aziza Baxılıb: 302 Bölmə: Paulo Koelyo - "Rio-Pyedranın sahilində oturdum və ağladım"