beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

3-cü hissə:
3-cü hissə:

Vəssalam. Bu həqiqət mənə əyan olanda, qərara gəldim ki, hər zaman olmaq istədiyim kimi olum. Özgə orda, mənim evimdə qaldı, o mənə baxırdı, amma mən onu bir daha özümə yaxın buraxmadım, baxmayaraq ki, o məni qorxutmağa, gələcəyim haqqında fikirləşməmək, qara gün üçün tədarük görməməklə böyük risk etdiyimi beynimə yeritməyə çalışırdı. Və Özgəni həyatımdan qovduğum həmin andan etibarən, İlahi enerji öz möcüzələrini göstərməyə başladı. «O, bu əhvalatı uydurdu. Bu uydurmadır, hərçənd ola bilsin ki, ağıllı dır», - gecələmək üçün yer axtardığımız müddət ərzində mən fikirləşdim. Lakin bütün Sent - Savendə cəmi – cümlətanı 30 ev güclə olardı, odur ki, tezliklə o, mənim haqlı olduğumu qəbul etməli oldu və qabağa - bundan daha böyük bir şəhərə getmək fikri ilə razılaşdı. O, nə qədər böyük ruh yüksəkliyi hiss edir - etsin, Özgəni özündən nə qədər çoxdan və uzağa qovur - qovsun, Sent - Savenin camaatının ağlına belə gəlmirdi ki, bu şəhərdə gecələmək onun arzusudur və heç bir vəchlə bizə yardım etmək istəmirdilər. Bir də mənə elə gəlirdi ki, o, həmin əhvalatı danışanda mən özümü görürdüm - öz qorxularımı, qətiyyətsizliyimi, möcüzə vəd edən hər şeydən qaçmaq arzumu, onlara görməmək - çünki sabah hər şey bitə bilər və biz əzab çəkməli olarıq - istəyimi tanıyırdım. Allahlar aşıq - aşıq oynayırlar və heç soruşmurlar ki, biz onların oyununda iştirak etmək istəyirik, ya yox. Onların vecinə də deyil, sən arxada nə qoymusan - sevgili, ev, iş, karyera, arzu. Allahları maraqlandırmır ki, sənin həyatında hər şey öz yerindədir və sən istənilən arzunu iradə və zəhmətin sayəsində reallaşdırmağa qadirsən. Allahlar bizim ümidlərimizlə, planlarımızla hesablaşmırlar; Kainatın hansısa küncündə onlar aşıq - aşıq oynayırlar - və budur, təsadüfən seçim sənin üstünə düşür. Və o andan etibarən qələbə və ya məğlubiyyət – təsadüfün əlindədir. Allahlar oyuna başlayanda Sevgini qəfəsindən buraxırlar. Bu qüvvə yaratmağa və ya dağıtmağa - onun azadlığa çıxdığı an küləyin hansı istiqamətdə əsməsindən asılı olaraq - qadirdir. Hələ ki, külək onun tərəfə əsirdi. Lakin küləklər allahlar qədər dəyişkən və şıltaqdırlar – indicə varlığımın ən dərin qatlarında mən də mehəbənzər nə isə hiss etdim. Sanki Özgənin əhvalatının tamamilə gerçək olduğunu və Kainatın hər zaman xəyalpərvərlərin tərəfini tutduğunu mənə sübut etmək üçün tezliklə biz kirayə otaq - iki çarpayılı - tapa bildik. İlk öncə mən vanna qəbul etdim, paltarımı yudum və təzə maykamı çiynimə saldım. Özümü tamamilə fərqli hiss etdim və bu mənə inam verdi. «Nə bilmək olar, Bəlkə Özgənin bu maykadan xoşu gəlmir», - mən öz - özümə güldüm. Ev sahibləri ilə şam etdikdən sonra – payızda və qışda bu şəhərcikdə restoranlar da bağlanır - o, səhər alıb qaytaracağına söz verərək bir şüşə şərab istədi. Biz geyindik, iki stəkan götürdük və evdən çıxdıq. - Gəl, quyunun yanında oturaq, - mən təklif etdim. Elə belə də etdik - oturduq və isinə - isinə, sakitləşə - sakitləşə şərab içməyə başladıq. - Deyəsən, Özgə qayıdıb və sənin bədəninə keçib,- mən zarafat etdim.-Kefin çox pisdir. O güldü: - Mən dedim ki, biz otaq tapacağıq və tapdıq. Kainat həmişə bizə arzularımızı həyata keçirməkdə kömək edir - onlar nə qədər axmaq olursa - olsun. Zira onlar bizim arzularımızdır və dəyəri yalnız bizə məlumdur. Meydan bir addım o yanı görməyə imkan verməyən və fənərin işığında sarımtıl rəngə çalan dumana bürünmüşdü. Mən dərindən nəfəs aldım. Daha təxirə salmaq mümkün deyildi. - Gəl, sevgidən danışaq, - mən dedim. - Daha bundan qaçmayaq. Axı, sən son günləri necə keçirdiyimi bilirsən. Əlimdə olsaydı, belə mövzu, ümumiyyətlə yaranmazdı. Amma əgər artıq yaranıbsa, mən onun haqqında fikirləşməyə bilmirəm. - Məhəbbət təhlükəlidir.

- Bilirəm. Mən sevmişəm. Sevgi - narkotikdır. Əvvəlcə eyforiya, yüngüllük, tam vəhdət hissi yaranır. Növbəti gün sən yenə istəyirsən. Sən hələ içinə çəkməyə macal tapmamısan baxmayaraq ki, hiss etdiklərin xoşuna gəlir - ancaq əminsən ki, istənilən an onsuz keçinə bilərsən. Sən sevimli varlıq haqqında iki dəqiqə fikirləşirsən və üç saat yadına da düşmür. Lakin tədricən ona öyrəşirsən və tamamilə ondan asıla hala düşürsən. Onun haqqında üç saat fikirləşirsən və iki dəqiqəliyə unudursan. Əgər o, yanında yoxdursa, sən növbəti dozadan məhrum olunmuş narkomanların yaşadıqlarını hiss edirsən. Belə dəqiqələrdə dozaya görə qarətə, qətlə, istənilən alçaqlığa hazır olan narkomanlar kimi sən də sevginin xatirinə hər şeyə hazırsan. - Qorxulu bənzətmədir, - o dedi. Doğrudan da, mənim misalım şərabla, quyu ilə, meydanı üzük kimi əhatəyə almış orta əsrlərə aid evlərlə yaxşı tutuşmurdu. Ancaq bununla belə hər şey, məhz, mənim dediyim kimi idi. Əgər o, bu qədər səyi sevgi əldə etmək üçün çəkibsə, onu hansı təhlükələrin gözlədiyini bilməlidir. - Ona görə də yalnız yanında saxlaya biləcəyin adamı sevmək lazımdır, - mən fikrimi bitirdim. O, dumana baxa - baxa xeyli müddət cavab vermədi. Deyəsən, bir daha o, mənə sevgi barədə söhbətlərin təhlükəli dalğalarında üzməyi təklif etməyəcək. Bəli, mən çox sərt danışdım, amma başqa nə edə bilərdim? «Məsələ bağlandı», - deyə fikirləşdim. Birlikdə keçirdiyimiz üç gün - üstəgəl mən eyni paltarda gəzirdim - öz məqsədindən imtina etmək üçün ona yetdi. Mənim qadınlıq qürurum sındırılmışdı, lakin eyni zamanda mən həm də yüngüllük hiss edirdim. «Yəni ürəyimin dərinliklərində mən elə bunu istəyirdim?» Yəqin ki… Çünki sevgi küləyinin necə bir fırtınaya çevriləcəyini artıq hiss edirdim. Çünki artıq bəndin divarında əmələ gələn çatı görə bilirdim. Biz hələ bir xeyli içdik və boş – boş şeylərdən danışdıq - bizə otaq vermiş ev sahiblərini müzakirə etdik, nə vaxtsa bu şəhərciyin əsasını qoymuş müqəddəsi xatırladıq. O, mənə dumanda itmiş kiçik meydanla üzbəüz yerləşən kilsə ilə bağlı bir neçə əfsanə danışdı. - Sən mənə qulaq asmırsan, - birdən o dedi. Doğrudan da - fikrim hardasa uçurdu. Mən yanımda elə bir insanın olmasını istərdim ki, onu görəndə ürəyim rahat və ahənglə döyünsün, elə bir insan ki, onun yanında sakit olum, çünki sabah onu itirmək qorxusu yoxdur. Onda vaxt da yavaş axardı və biz də söhbət üçün qabaqda bütöv bir ömrün olduğunu bilərək sadəcə susardıq. Və mənə çətin qərarlar qəbul etmək, ciddi şeylər üçün baş sındırmaq, sərt sözlər demək lazım gəlməzdi. Biz susuruq və bu çox şey deyir. Həyatımız boyu ilk dəfədir ki, biz susuruq, hərçənd mən bunu indicə - o bir şüşə də şərab tapmaq üçün ayağa qalxanda dərk elədim. Biz susuruq. Mən onun addımlarını eşidirəm - o, bizim bir saatdan çox vaxt keçirdiyimiz, şərab içə - içə dumana baxdığımız quyunun yanına qayıdır. Həyatımızda ilk dəfədir ki, biz susuruq - sözün əsl mənasında susuruq. Yox, bu bizi Madriddən Bilbaoya qədər maşında sıxan sükut deyil. Heç San-Martin-de-Unks yaxınlığındakı sovməədə dayanarkən mənim ürəyimi qorxudan donduran da deyil. Belə sükut hər cür sözdən daha çox şey deyir. Belə sükut mənə deyir ki, bizim bir - birimizə nə isə izah etməmizə daha heç bir ehtiyac yoxdur. Addımlar kəsilir. O mənə baxır və yəqin ki, qarşısında gözəl mənzərə peyda olur – fənərin zəif işıqlandırdığı gecə, quyu, qadın. Orta əsrlərə aid evciklər, XI əsrə aid kilsə, səssizlik. Mən sükutu pozmaq qərarını verəndə şərabın ikinci şüşəsi yarısına qədər boşalmışdı. - Dünən səhər ağlıma gəlmişdi ki, əyyaşa çevrilirəm. Bütün günü içirəm. Bu üç sutka ərzində keçən bir ildə içdiyimdən çox içmişəm. O, bir söz belə demədən əllərini saçlarımda gəzdirir. Mən onun toxunuşunu hiss edirəm və kənara çəkilmirəm. - Mənə bir az həyatından danış,- mən xahiş edirəm.

- Mənim həyatımda fövqəladə heç nə yoxdur. Mən öz yolumu gedirəm və imkanım daxilində bunu ləyaqətlə eləməyə çalışıram. - Bu necə yoldur belə? - Məhəbbət axtaranın yolu, - və boş şüşəni əlində oynada-oynada bir anlıq susur. - Məhəbbətsə çox çətin yoldur. - Çətindir ona görə ki, o səni ya göylərə qaldıracaq, ya da cəhənnəmə atacaq, - mən deyirəm, hərçənd dediklərimi o qədər də özümə aid etmirəm. O cavab vermir. Ola bilsin ki, o, hələ də səssizliyin girdabındadır, ancaq şərab yenidən mənim dilimi açıb və fikrimi bildirmək ehtiyacı hiss edirəm. - Sən dedin ki, bu şəhərcikdə nə isə dəyişib. - Hə, mənə belə gəlir. Ancaq mən əmin deyiləm, buna görə də səni bura gətirmək istədim. - Deməli, bu sınaqdır? - Yox, bu mənim doğru qərar verməmə kömək edəcək Ona bəxşişdir. - O kimdir? - Müqəddəs Ana. Müqəddəs Ana. Özüm də başa düşə bilərdim. Bu qədər səyahətlərdən, kəşflərdən, yeni üfüqlərdən sonra onda hələ də uşaq vaxtı vurulmuş katolik peyvəndinin güclü olması mənə bərk təsir edir. Amma mən və mənim dostlarım – hər halda bu baxımdan – çox dəyişmişik: qəbahət və günahlar artıq çoxdan bizə ağırlıq eləmir. - Nə yaxşı ki, bu qədər çətinliklərdən sonra sən əvvəlki inamını qorumağı bacarmısan. -Yox, bacarmadım. Mən onu itirdim və yenidən qazandım. - Anaya inamı? Namümkünə, mübhəmə, fantastikaya? Sən cismani sevginin nə olduğunu bilmirsən? Sən aktiv seksdən qaçırsan? - Heç də yox. Burda hər şey qaydasındadır. Mənimçoxlu qadınım olub. Mən qısqanclığın məni sancdığını hiss edirəm və özüm də buna təəccüblənirəm. Ancaq daxilimdəki mübarizə yatışıb və mən onun yenidən başlamasını istəmirəm. - Niyə-o - «Məryəm»? Niyə müqəddəs Ananı bizə digərlərinə bənzəyən adi qadın kimi göstərmirlər? Bir udumla o şüşənin axırına çıxır - orda lap az qalmışdı. Məndən yenə şərab istəyib - istəmədiyimi soruşur - o tapa bilər - mən imtina edirəm. - Mən ancaq sənin cavab verməni istəyirəm. Hər dəfəsində biz müəyyən mövzulara toxunanda sən söhbəti dəyişirsən. - O, elə ən adi qadın idi. O, dünyaya başqa uşaqlar da gətirmişdi. Müqəddəs kitabda deyilir ki, İsa üç qardaşın böyüyü idi. İsanın ruhdan əmələ gəlməsinin başqa anlamı var: Mariya yeni bərəkətli eranı başlayır, yeni mərhələ açır. O - kosmik gəlindir, səmanı qəbul edən və onun mayalandırdığı Torpaqdır. Və həmin anda, onun öz taleyini qəbul etməyə cəsarəti çatdığından O, Allaha Yerə düşmək imkanı verir. Və Müqəddəs Anaya çevrilir. Mən onun fikirlərinin gedişini izləyə biləcək halda deyiləm. Və o bunu başa düşür: -O, Allahın qadın simasıdır. Onun öz ilahi təbiəti var. Onun nitqi aydın səslənmir - sözlər çətinliklə, gərginliklə tələffüz olunur, sanki onları deməklə günah işləyir. - İlahə? – mən soruşuram. Mən onun məni başa salmasını gözləyirəm, lakin o söhbəti davam etdirmir. Hələ bir neçə dəqiqə əvvəl mən ondakı katolikliyin nə qədər möhkəm olduğuna ironiya ilə gülürdüm, indi isə mənə elə gəlir ki, o, küfr danışır. - Məryəm kimdir? İlahə kimdir? – mən təkid edirəm. - Bunu izah eləmək çətindir, - aydın görünür ki, o özünü yaxşı hiss etmir, hər dəqiqə – daha çox. - Məndə bəzi şeylər var. Əgər istəsən, oxuya bilərsən. - Mən indi heç nə oxumayacağam! Sən başa sal! O əlini şərab şüşəsinə uzadır, lakin o boşdur. Biz artıq bizi quyunun yanına nəyin gətirdiyini unutmuşuq. Nə isə fövqəladə əhəmiyyətli bir şeyin baş verməsi hissi yaranır - sanki o hər bir sözü ilə möcüzə yaradır.

- Danış da! - Onun simvolu - sudur, Onu duman əhatə edir. İlahə özünü su ünsüründə aşkar edir və göstərir. Sanki, ətrafımızdakı duman canlandı, öz həyatını qazandı, konkret müqəddəs bir substansiyaya çevrildi - hərçənd mən əvvəlki kimi onun sözlərinin anlamını tam başa düşmürdüm. - Çox dərinə getməyəcəyəm. Əgər istəsən - özün məndəki əlyazmanı oxuyarsan. Bircə onu bil ki, bu qadın – İlahə, Müqəddəs Məryəm, yəhudi Şəhina, misirli İzida, Böyük Ana, Sofiya - bütün dünyəvi dinlərdə mövcuddur. Onu yaddaşlardan silməyə, qadağan etməyə çalışıblar, O simasını gizlədir və dəyişirdi, ancaq Onun kultu minilliklərdən keçərək bu günümüzə çatıb. Allahın simalarından biri - qadın simasıdır. Mən ona baxıram. Parıldayan gözləri qarşımızdakı duman kələfinə zillənib. Başa düşürəm ki, artıq təkid etməmək olar – o, onsuz da söhbətinə davam edəcək. - Onun haqqında Bibliyanın birinci fəslində yazılıb. Yadındadır - «… və Allahın ruhu suların üstündən uçurdu»? Və O Onu ulduzlardan yuxarıda və aşağıda qoydu. Bu - Yerin və Səmanın mistik nigahıdır. Müqəddəs kitabın sonuncu fəslində də Onun haqqında danışılır Nə vaxt ki Ruh da, gəlin də deyir: gəl! Eşidən də deyəcək: gəl! Qoy, susuzluqdan yanan gəlsin, Və qoy istəyən həyat suyunu havayı götürsün. - Niyə Allahın qadın simasının simvolu sudur? - Bilmirəm. Ancaq, adətən, O, bu vasitələri Özünü aşkar etmək üçün seçir. Yəqin, ona görə ki, su - həyatın mənbəyidir, axı ana bətnində doqquz ay biz suyun əhatəsində oluruq. Su - qadın Hökmünün simvoludur, hətta ən mükəmməl və ən kamil kişilərin belə ona şübhəylə yanaşmağa, ona iddia etməyə cəsarəti çatmaz. O, bir anlıq susur və davam edir: - O, özünü bu və ya digər formada hər bir dində, hər bir etiqadda göstərir - ancaq müqləq göstərir. Mənim üçün – bir katolik olaraq – onun cizgiləri Müqəddəs Məryəmin obrazında aydın görünür. O, mənim əlimdən tutur və beş dəqiqədən sonra biz artıq Sent-Savendən çıxırıq. Yolda üzərinə xaç bərkidilmiş sütunun yanından keçirik, lakin– çox qəribədir! - adətən, İsa Məsihin obrazı yerləşdirilən yerdə biz Müqəddəs Məryəmin obrazını görürük. Onun sözləri yadıma düşür və təsadüf məni təəccübləndirir. Və indi zülmət və duman bizi başdan - ayağa qədər tamamilə qoynuna alır. Mən özümü suda, ana bətnində təssəvvür edirəm - o yerdə ki, hələ zaman yoxdur, hələ varlıq şüurla yüklənməyib. Bəli, oun danışdığı hər şeyin anlamı - özü də tükürpədici anlamı var. Mən mühazirədə yanımda oturmuş yaşlı xanımı xatırlayıram. Məni dartıb meydana aparan kürən qızı xatırlayıram - axı, o da deyirdi ki, su - İlahənin simvoludur. - Burdan 20 km aralıda mağara var, - o davam edir. – 11 fevral 1858-ci ildə balaca bir qız iki başqa uşaqla birlikdə onun yaxınlığında odun yığırdı. Qız xəstəhal, zəif idi, astma xəstəliyindən əziyyət çəkirdi, onun valideynləri isə o qədər kasıb idilər ki, az qala dilənirdilər. Həmin qış günündə qız çox da böyük olmayan çayın dayaz yerindən keçməyə qorxdu - birdən islanar, soyuqlayar və yatağa düşər, valideynləri isə onun gətirdiyi qəpik - quruşsuz keçinə bilməzlər. Elə bu anda onun qarşısında ağ paltarlı, üzəri qızılı qızılgüllərlə bəzədilmiş səndəllərdə qadın zühur edir. O, qıza bir şahzadə qədər ehtiramla müraciət edərək ondan bir lütf göstəməsini - bura bir neçə dəfə bir də gəlməsini istəyir və yoxa çıxır. Bütün bu gördüklərindən yerlərindəcə qurumuş digər iki uşaq, əhvalatı qarşılarına çıxan hər kəsə danışırlar. Amma qızın həyatı o andan etibarən əsl işgəncəyə çevrilir. Onu həbsə alırlar, tələb edirlər ki, belə bir hadisənin heç vaxt olmadığını desin. Məxluqdan cürbəcür möcüzə və ənam istəməsi üçün ona pul söz verirlər. İlk günlərsə onun valideynlərini hamının gözü qarşısında qızın bu görüşü özünə diqqət çəkmək məqsədilə uydurduğunu deyərək rüsvay edirlər.

Qızın isə - onun adı Bernadetta idi - gördüyü şəxsin kimliyi haqqında təssəvvürü belə yox idi. Ağ paltarlı Qadını «O» adlandırırdı və onun təşvişə düşmüş valideynləri kömək üçün yerli keşişə müraciət edirlər. O qızdan xahiş edir ki, növbəti dəfə görüşəndə qadından adını soruşsun. Bernadetta deyilən kimi edir, lakin cavab əvəzinə təbəssüm alır. «O» daha 18 dəfə qıza zühur edir - demək olar ki, hər dəfəsində səssizcə. Hərçənd bir dəfə qadın Bernadettadan torpağı öpməsini istədi. Qızcığaz səbəbini anlamadı, lakin itaət etdi. Başqa bir dəfə isə «O» mağarada çuxur qazmağı xahiş elədi. Bernadetta onun xahişini yerinə yetirdi və elə o saat çuxurdan palçıqlı su axmağa başladı - bəs necə, axı, hərdənbir pis havalarda mağarada qabanlar gizlənirdilər. -İç - qadın əmr elədi. Su o qədər çirkliydi ki, Bernadetta üç dəfə su götürdü və ağzına yaxınlaşdırmaqdan çəkinərək üç dəfə yerə səpələdi. Nəhayət, iyrənə - iyrənə də olsa, əmri yerinə yetirdi. Onun qazdığı çuxursa yenidən su ilə doldu. Bir gözü kor olan adam sudan bir neçə damcı gözünə tökdü və həmin dəqiqə gözləri açıldı. Yenicə dünyaya gəlmiş oğlunun ölüm ayağında olmasından başını itirmiş gənc ana onu bu bulağın suyuna saldı - temperatur həmin gün sıfırdan aşağı düşdü və körpə sağaldı. Yavaş - yavaş möcüzəli bulağın sorağı ətrafa yayıldı və minlərlə adam kəndə axışmağa başladı. Bernadetta isə hələ də sehrli qonağın adını öyrənməyə çalışırdı, lakin o, cavab əvəzi yalnız gülümsəyirdi. Amma gözəl günlərin birində «O» qızcığaza tərəf çevrildi və dedi: - Mən Müqəddəs Ruhdan Doğanam. Sevincinin həddi - hüdudu olmayan Bernadetta bu barədə danışmaq üçün var - gücü ilə keşişin yanına qaçdı. - Belə şey mümkün deyil, - keşiş cavab verdi. – Övladım, indiyə qədər heç kim eyni zamanda həm ağac, həm də meyvə ola bilməyib. Sən gəl onun üstünə müqəddəs su çilə. Keşişin qatı inamına görə, yalnız Allah bütün başlanğıcların başlanğıcından var ola bilərdi, Allahsa - bütün əlamətlərə görə – kişidir. Bernadetta «O» nun üzərinə müqəddəs su çilədi, ancaq qadın yalnız xəfifcə gülümsədi - başqa heç nə baş vermədi. 16 iyulda qadın son dəfə göründü. Bundan az sonra Bernadetta mağaranın yaxınlığında yerləşən kiçik kəndin həyatını nə qədər dəyişdiyini ağlına belə gətirmədən rahibə oldu. Bulaq qurumadı və möcüzələr davam etdi. Əhvalatın sorağı əvvəl Fransaya, sonra da bütün dünyaya yayıldı. Kənd böyüməyə və dəyişməyə başladı, şəhərə çevrildi. Tacirlər gəldilər. Mağazalar və mehmanxanalar açıldı. Bernadetta öldü və doğma yerlərdən çox uzaqlarda dəfn edildi. O, nə baş verdiyini heç vaxt bilmədi. Kilsəni çətin vəziyyətdə qoymağa cəsarət edən insanlar meydana çıxdılar - xoşbəxtlikdən Vatikan o zamanadək Zühuretmənin mümkünlüyünü etiraf etmişdi - və möcüzələr yaratmağa başladılar, lakin tezliklə şarlatan və fırıldaqçı adı ilə ifşa edildilər. Kilsə sərt qaydalar qoydu filan gündən yalnız həkimlər və alimlərin apardığı ciddi yoxlamadan keçmiş fenomenlər möcüzə kimi tanınır. Ancaq su hələ də axır və xəstələr sağalır. Mənim qulağıma nə isə səs gəldi və mən qorxdum. Ancaq o, hərəkətsiz oturmaqda davam edir. Ətrafımızdakı dumana isə ad aldı, keçmiş qazandı. Mən danışılan əhvalat və onun bütün bunları haradan bildiyi haqqında düşünürəm. Mənim cavabım yoxdur. Mən Allahın qadın siması haqqında düşünürəm. Mənimlə yanaşı oturmuş adamın ziddiyyətli ruhu var. Bir müddət əvvəl o mənə yazırdı ki, seminariyaya daxil olmaq fikrindədir, lakin o əmindir ki, Allah qadın simalıdır. O hərəkətsizdir. Mən isə özümü Yer Ananın bətnində həbsə salınmış kimi hiss edirəm - harda ki, nə zaman var, nə məkan. Bernadettanın əhvalatı sanki gözlərimin qarşısında, bizi ağuşuna alan dumanda baş verir.

Və yenə onun səsi eşidilir: - Bernadetta iki mühüm şeyi bilmirdi. Birinci, xristianlıq gələnə qədər bu dağlarda keltlər yaşayırdı, İlahə kultu isə onlanın sivilizasiyasının əsasında dururdu. Bir çox nəsillər Allahın qadın simasını dərk edirdilər, Onun sevgisinin, Onun şöhrətinin bir hissəciyi onlara ünvanlanmışdı. - Bəs ikinci? - İkincisi isə, Zühurun baş verməsindən bir az əvvəl Vatikan ierarxiyası gizli yığıncağa toplaşmışdı. Onların həmin yığıncaqda nəyi müzakirə etdiklərini kənar şəxslərdən heç kim bilmirdi, lurdlu keşişsə - xüsusilə. Kilsə başçıları müqəddəs ruhdan mayalanma haqqında ehkamı verməyin lazım olub olmadığını qərarlaşdırırdılar. Və sonda qərara alındı ki, lazımdır. Bunun nəticəsi papanın «İneffabilis Dei» fitvası oldu. Ancaq geniş dindar kütləsinə onun mənasını heç kim başa salmadı. - Bəs bütün bunların sənə nə dəxli var? - mən soruşuram. - Mən Onun şagirdiyəm. O məni hazırlayıb, - o deyir. - Yəni sən – Onu görmüsən? - Görmüşəm. Biz meydana geri dönürük, bizi kilsədən ayıran bir neçə metr yolu qət edirik. Fənərin işığında quyunu və qırağındakı şüşəni, iki stəkanı görə bilirəm. «Yəqin orda aşiqlər oturublarmış, - mən düşünürəm. - Səssizcə oturublar və bir-biri ilə sözsüz - yalnız ürəkləriylə danışıblar. Ürəklər hər şeyi söyləyəndən sonra, onlar ulu sirlərə ortaq oldular». Yenə də bizim sevgi barədə söhbətimizdən heç nə alınmadı. Bu heç vacib də deyil. Mən hiss edirəm ki, nə isə çox mühüm bir nəsnənin astanasındayam və daha çox başa düşmək üçün ondan istifadə etməliyəm. Yadıma bir anlıq universitetdəki məşğələlərim, Saraqos, ömrüm boyu rastlaşmaq istədiyim həyat yoldaşı düşür, lakin bütün bunlar uzaq, dumanlı örtüyə - lap SentSavenin üzərindəki kimi - bürünmüş görünür. - Sən niyə mənə Bernadetta haqqında danışdın? - Özüm də bilmirəm, - o üzümə baxmadan cavab verir. – Bəlkə ona görə ki, biz Lurdun yaxınlığındayıq. Bəlkə ona görə ki, sabah – «İneffabilis Dei» (müqəddəs ruhdan hamilə olma) günüdür. Bəlkə də ona görə ki, sənə sübut eləmək istəyirdim: mənim dünyam kənardan göründüyü kimi boş və divanə deyil. Onun bir hissəsi həm də başqa insanlardan ibarətdir. Və onlar söylədiklərinə inanırlar. - Mən heç vaxt sənin dünyanın divanə olduğunu deməmişəm. Bu daha çox mənim dünyama aiddir. Mən həyatımın ən gözəl illərini kitab - dəftərlə əlləşərək itirirəm, halbuki onlar məni hər şeyi əzbər bildiyim yerdən çıxatmayacaqlar. Mən hiss elədim ki, yüngülləşirəm: mən onu başa düşürdüm. Mən gözləyirdim ki, o yenə də İlahədən danışacaq, ancaq o mənə sarı çevrilərək dedi: -Yatmaq vaxtıdır. Biz çox içmişik. *** O, dərhal yuxuya getdi. Mənsə hər şeyi-dumanı, şərabı, meydanı, söhbəti xatırlaya-xatırlaya xeyli oyaq qaldım. Sonra onun mənə verdiyi əlyazmanı oxudum və xoşbəxtlik dalğası hiss etdim: Allah-əgər O, gerçəkdən mövcuddursa-həm Atadır, həm də Ana. Mən işığı söndürdüm və quyunu araya almış səssizlik barədə düşünməkdə davam etdim–məhz, həmin dəqiqələrdə, bizim hər ikimizin susduğumuz vaxt, onun mənə nə qədər yaxın olduğunu duyurdum. Nə o, nə də mən bir söz belə demədik. Məhəbbət haqqında danışmağa ehtiyac yoxdur, zira onun öz səsi var və öz yerinə özü danışır. Həmin gecə, quyunun yanında, sükut bizim ürəklərimizin yaxınlaşmasına, bir - birini daha yaxşı tanımasına imkan verdi. Mənim ürəyim diqqətlə onun ürəyini dinləyirdi və dinlədikcə də xoşbəxtlikdən oxuyurdu.

Gözlərimi yummazdan əvvəl mən onun «Özgənin qovulması» adlandırdığı ritualı yerinə yetirməyə qərar verdim. «Bax, mən burdayam, bu otaqda, bu şəhərcikdə - əvvəllər heç vaxt olmadığım bir yerdə, mənim fikirlərim axırdı. – Vərdiş elədiyim hər şeydən uzaqda. Həyatda heç vaxt məni maraqlandırmamış nəsnələr haqqında düşünürəm. Mən - bir neçə dəqiqəlik də olsa - özümü elə göstərə bilərəm ki, guya dəyişmişəm». Və mən həmin bir neçə dəqiqəni necə yaşamaq istədiyimi təsəvvür etməyə başladım. Mən şən, hər şeylə maraqlanan, xoşbəxt olmaq istərdim. Hər saniyədən dolu-dolu istifadə etmək, həyat suyunu acgözlüklə içmək. Yenidən arzuya inanıb, etibar etmək. Mənim üçün əziz və istəkli olan uğrunda mübarizə aparmaq üçün güc qazanmaq. Sevgiyə sevgiylə cavab vermək. Bəli, bu odur - mənim olmaq istədiyim qadın. Və o, qəflətən mənim qarşımda peyda oldu və mənə çevrildi. Və mən qəlbimin necə Tanrının, ya da İlahənin nuru ilə dolduğunu hiss elədim - onlara artıq çoxdan inanmırdım. Və bir də həmin an Özgənin necə mənim cismimi tərk edərək bu balaca otağın küncündə oturduğunu gördüm. Mən ona baxırdım - indiyə qədər mən olana: o zəifdir, amma güclü görünməyə cəhd edir. O hər şeydən qorxur, amma özünü inandırır ki, bu qorxu yox, buludlarda uçmayan adamın müdrikliyidir. O, köhnə mebelinin üzü bozarmasın deyə, arasından günəşin parlaq şüaları dolan pəncərələri bərk-bərk mıxlayır. Mən otağın küncündə Özgəni görürdüm - zəif, yorğun, məyus. Mən görürdüm ki, o, necə tamamilə azad olmalı olan nəsnələri-öz hisslərini- boğur və dustaq edir. Necə gələcək sevgi haqqında keçmiş əzablarına əsasən hökm çıxartmağa çalışır. Ancaq məhəbbət-həmişə yenidir. Həyatın boyu məhəbbətlə neçə dəfə rastlaşacağının əhəmiyyəti yoxdur-bir, iki, və ya üç. Hər dəfə biz məchulluq və sirlə qarşılaşırıq. Məhəbbət bizi göylərə qaldıra bilər, cəhənnəmə ata bilər, lakin heç vaxt əvvəlki yerimizdə qoymaz. Məhəbbətdən imtina etmək olmaz, zira o, yaşamımızın qidasıdır. Ondan imtina etsək - həyat ağacının bardan əyilmiş budaqlarına baxa - baxa və o bardan dərməyə cürət etmədən aclıqdan ölərik, halbuki, budur onlar - sadəcə əlini uzatmalısan. Harda olursan, ol, məhəbbəti axtarmaq lazımdır, hətta bu axtarışlar saatlarla, günlərlə, həftələrlə sürəcək kədər və məyusluq anlamına gəlsə də. İş ondadır ki, biz sevginin axtarışına çıxanda, sevgi bizim görüşümüzə gəlir. Və bizi xilas edir. Özgə məndən uzaqlaşan kimi ürəyim yenidən mənimlə danışdı. Və dedi ki, bənddəki çat bütöv bir axını buraxıb, dedi ki, küləklər dörd tərəfdən əsib və dedi ki, o xoşbəxtdir, zira mən yenə onun səsini eşitməyə başlamışam. Ürəyim mənə dedi ki - mən sevirəm. Və mən dodaqlarımda xoşbəxt təbəssümlə yuxuya getdim. Mən oyananda o, açıq pəncərənin qarşısında dayanaraq dağlara baxırdı. Mən onu çağırmadım, əgər o çevrilsə, o dəqiqə gözlərimi yummağa hazır vəziyyətdə səssizcə uzandım. Sanki mənim fikirlərimi oxuyurmuş kimi o çevrildi. Mənə baxdı: -Sabahın xeyir. -Sabahın xeyir. Pəncərəni bağla, soyuqdu. Özgə xəbərdarlıq etmədən peyda oldu. O, hələ də küləyin istiqamətini dəyişməyə, onun qüsurlarını və zəifliklərini görməyə, «Yox, bu qeyri - mümkündür» deməyə çalışırdı. Ancaq özü də bilirdi ki, gecdir. -Çıx otaqdan, mən geyinim,- mən dedim. -Mən səni aşağıda gözləyirəm,- o cavab verdi.


Tarix: 09.06.2015 / 12:20 Müəllif: Aziza Baxılıb: 329 Bölmə: Paulo Koelyo - "Rio-Pyedranın sahilində oturdum və ağladım"