beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Sonuncu nəğmə
Sonuncu nəğmə

Dan quşu can verir - sönür həyatı
Üstündən qara yel əsən şam kimi;
Hardasa səslənir həzin bayatı -
Səhər aşiqinə ehtiram kimi.
Bürcündən ayrılıb tək ulduz axır
Qaranlıq gecənin tən yarısında;
Dan quşu can verir - dağlardan ağır
Hicran ağrısı da var yarasında.
Dikilib üfüqə solğun baxışlar,
Görəsən ilk şüa saçılmayacaq?
Susur çay, başını əyib qamışlar -
İki göz qapanıb açılmayacaq.
Bir görün nə deyir o inləyən sim:
“Gündüzə həmdəməm, bahara sirdaş;
Razıyam bircə gün əvvəl öləydim,
Öləydim Günəşi görə - görə kaş”.
Dan yeri, şölələn! Şəfəqinlə yaz
Vüsal sabahının salnaməsini!
Sevgilin çağırır - yubanmaq olmaz,
Sənə həsr eləyib son nəğməsini...


Tarix: 25.05.2015 / 12:47 Müəllif: Aziza Baxılıb: 218 Bölmə: Oqtay Rza