beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Neft Daşları Tarixi

1949-cu il noyabrın 7-də Azərbaycan neftçiləri dünyada ilk dəfə olaraq, dənizin dibindən sənaye məqsədilə karbohidrogenləri əldə etməklə öz tarixində yeni səhifə açdılar. Həmin gün Neft Daşları yatağının 942 m dərinliyindən Xəzər nefti fəvvarə vurdu.

Hələ XIX əsrin əvvələrində (1798-1830-cu illər) Xəzər dənizindən (Bibi-Heybət) ilk neft alınmışdır. Ancaq sənaye istehsalı yalnız 1925-ci ildə başlamışdır. Bakı buxtasında dənizin bir neçə metr dərinliyində və ağac dirəklərin üstündə yerləşən cəmi bir quyu qazılmışdı. Sonralar Abşeron yarımadasının sahil zonasında neft və qaz ehtiyatları olan Pirallahı-Dəniz, Gürgən-Dəniz, Banka-Darvin yataqları işlənməyə başlamışdır. Bu yataqlar şərti olaraq, dəniz yataqları adlandırıla bilər, çünki onlar öz başlanğıcını qurudan götürürlər. Neft Daşlarının (Bakının 110 km-də) isə quru ilə heç bir əlaqəsi yoxdur.

Neft Daşlarının yerində olan daşlı, qayalı sahəni ram etmək cəhdi ilk dəfə 1948-ci il noyabrın 14-də hava şəraiti pis olan bir gündə olmuşdur. Bortunda görkəmli neftçi-geoloq, bacarıqlı istehsalat təşkilatçısı, respublikanın Əməkdar mühəndisi, SSRİ-nin Fəxri Neftçisi, SSRİ Dövlət Mükafatı laureatı, geologiya-mineralogiya elmləri doktoru, professor Ağa Qurban oğlu Əliyev, görkəmli Azərbaycan geoloqu Ə.Əliyev və buruq üzrə mütəxəssis, 1947-ci ildə yaranmış "Azneftkəşfiyyat" təşkilatının rəhbəri S.Orucov olan kiçik bir gəmi ("Pobeda") adacıqlara yaxınlaşdı və mütəxəssislər kiçik bir adaya düşdülər. Onlar burada ilk burğu qurğusunu və burğuçular briqadası üçün cəmi 14 m kv. olan evcik tikdilər.

7 noyabr 1949-cu ildə Neft Daşlarında 942 m dərinlikli 1№-li quyu (Qala lay dəstəsindən) gündə 100 t hasilatla istismara daxil oldu və dənizdə neftçıxarmanın əsasını qoydu. Yataq üzrə ilk geoloq Ağa Qurban Əliyev olmuşdur.

Sosialist Əməyi Qəhrəmanı, əfsanəvi Mixail Kaveroçkin 1949-cu il noyabrın 7-də neft verən ilk quyunu həmin bu sahədə qazmışdır. Neft Daşlarını fəth edənlərin bir çoxu 1951-ci ildə birinci dərəcəli SSRİ Dövlət mükafatına layiq görüldülər.


Tarix: 08.01.2015 / 02:53 Müəllif: Feriska Baxılıb: 71 Bölmə: Neft Daşları