beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Dənizi hədiyyə verirəm sənə,
Dənizi hədiyyə verirəm sənə,

Dənizi hədiyyə verirəm sənə,

Mən dedim sən baxdın sən gülümsədin,

Göylərin şəfəqi düşdü üzümə,

Mən isə göyləri verirəm dedim.

Ayrıldıq qəribə hədiyyələrlə

Göylər eşqim qədər mənə əzizdir

Ayrıldıq dənizlə ağ ləpələrlə

Necə aparasan dəniz-dənizdir

Dənizi verdim ki, sənə hədiyyə

Gəldiyim sahilə gələsən birdə

Məni görməyəndə o mənəm deyən

Mənimlə danışıb güləsən birdə

Əgər görüşməsək bizə dağ olar

Dedim, neçə dəfə belə dedim mən

Dəniz sahilinə qayıtmaq olar

Göylərin sahili varmı gedim mən?

Düşündüm ayrılıq gələndən bəri

Sən mənim eşqimə çıraq olasan

Onunçün verdinmi mənə göyləri

Məndən göylər qədər uzaq olasan?

Mən bir dənizəm ki, eşqim sənindir

Səni düşünürəm əzizim yenə

Mənim dalğalarım xatirələrdir

Qoy çatsın qəlbinin sahillərinə

Əsl məhəbbət ki, böyük hünərdir

Coşar ümman kimi təzə arzular

Mənim dalğalarım xatirələrdir

Orda tufanda var, burulğanda var

Dənizəm eşqimdən qaçmaq hədərdir

Mən ki, adlayıram çölü, çəməni

Mənim dalğalarım xatirələrdir

Gecə də, gündüzdə tapacaq səni

İstəsən yuxuna gələrəm,sənin

Gələrəm, dəniz kimi

Üzünə incilər çilərəm, sənin

Çilərəm, dəniz kimi

Yoluna şəfəqlər səpərəm,hərdən

Səpərəm dəniz kimi

İstəsən üzündən öpərəm, hərdən

Öpərəm, dəniz kimi

Adını qəlbimin sahillərinə

Yazaram, dəniz kimi

Sevirəm söyləsən bir axşam mənə

Susaram, dəniz kimi

Dünyada rahatlıq axtarmadım mən

Günəş kimi parla, dəniz kimi gəl

Göylər tək yuxuma gəlmək istəsən

Sən aylı-ulduzlu göylər kimi gəl

Adla qucağından gur tufanların

Mən baxım axşamdan səhərə kimi

Adla ağ yolu ilə kaş-kaşanları

Parlasın hər ulduz səhərə kimi

Gəl qış gecəsində yaz səhərində

Dənizi göylərdən ayırmaq olmaz

Sonsuz kainatın üfiqlərində

Son görüş vaxtını şimşəklərlə yaz

Mən gərək nəğmə tək səni dinləyim

Sən mənim eşqimlə ürəyimləsən

Nə qədər göylər var

MƏN səninləyəm

Nə qədər dəniz var

SƏN mənimləsən!!!


Tarix: 25.05.2015 / 12:45 Müəllif: Aziza Baxılıb: 386 Bölmə: Nəbi Xəzri