beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

27 il həbsdə yatan “Caqa”: Araq və arvad
27 il həbsdə yatan “Caqa”: Araq və arvad

“Girdiyim məclislərdə hamı məndən qorxardı”.

Rayona gələndən yay-qış yolumun üstündə, pinəçi köşkünün qapısı ağzında stul qoyub oturmuş bu kişi marağımı çəkirdi. Üzünü saqqal basmış nimdaş geyimli qocanın stulunun böyründə daim araq və “Fanta” butulkası, bir də balaca kirli stəkanı “hazır” durardı.

Onun açıq səma altında qurduğu “meyxanəsi” qarşısından keçərkən böyründəki araq şüşələrinə nəzər yetirər, həmin yolu geri qayıdanda isə boşalan butulkalara baxıb bu müddət ərzində nə qədər içdiyini təxmin edirdim. Beləcə təxmin elədim ki, bomjumuz gün ərzində üç şüşə “çubuş” içir. Onun yeganə “zakuska”sı isə bir qayda olaraq, “Fanta” və siqaretdi. Düşünürdüm ki, arağı yeməksiz içən bu müəmmalı adam, demək, küçədəcə, hamının gözü qarşısında intihar edir. Qocanın bu faciəli həyatına acıdığımdan, günlərin bir günü onunla hal-əhval tutmaq qərarına gəldim.

Çətinliklə danışsa da, dediklərini birtəhər anlaya bilirdim. Yanında olmağımdan istifadə eləyib qolumdan yapışdı və zorla dizlərinin büküyünü açıb dikəldi. Bu zaman mənə elə gəldi, günlərlə çöldə oturmaqdan kişinin oynaqları paslanıb. Məndən yapışıb bir az ayaq üstə durduqdan sonra qayıdıb ehmalca yenidən öz stulunda oturdu. Əvvəlcə halını soruşdum:

- Kişi, necəsən?

Sol əlini yuxarı qaldıraraq “yaxşıyam” dedi.

- Səninlə bir az söhbətləşmək istəyirəm, de görüm, neçə yaşın var?

- 46-cı ildənəm, hesabla, gör neçə eləyir.

- 70-ə çatırsan ki?

- Nə bilim, ola bilər.

- Sən maraqlı adama oxşayırsan, bəs cavanlığında nə ilə məşğul olmusan?

- Cavanlıqmı gördüm? Ömrümü türmələrdə keçirmişəm. Atam hesabdar işləyirdi, ailəmizi dolandıran o idi. Mən də yeyib-içib dəlilik edirdim, nə bilim, toylarda dava salırdım.

- Bəs nə üstündə tutulmusan?

- Elə həmin dəliliklərə görə. Bir dəfə də doğma dayımla möhkəm dalaşdım, məni başlarından rədd eləmək üçün şərləyib dama basdırdılar.

- Sovet vaxtı idi, yəqin Rusiyanın türmələrində olmusan?

- Yox, elə öz türmələrimizdə, rusun türməsini görməmişəm.

- Nə qədər yatmısan?

- Bir neçə dəfə tutulub çıxmışam. Üst-üstə 27 il yatmışam.

- Bu qədər söhbət elədik, ancaq adını soruşmamışam. Bəs, adın nədi?

- Adım Vaqifdi. Ancaq buralarda hamı mənə “Caqa” deyir.

- “Caqa”? Niyə belə deyirlər?

- Nə bilim, hansısa hind filmindəki bir xuliqanın adını mənə qoyublar. Cavanlıqda möhkəm dalaşqan olmuşam, girdiyim məclislərdə hamı məndən qorxardı.

- Bəs, ailə qurmusanmı?

- Bir arvadım vardı, adı da Bənövşə. Öldü getdi...

- İndi harada yaşayırsan, sənə kim baxır?

- Qardaşım evində yaşayıram. Baxmaq deyəndə ki, hər şey göz qabağındadı...

- Ancaq deyəsən, heç nə vecinə deyil, elə nə deyirəm gülürsən.

- Ağlamağın nə mənası var? Gülmək daha yaxşıdı, ağlamaqla iş düzəlməz. Şəxsən dünya mənim vecimə deyil. Yas yerində ağlaşma qururlar ee, bax onu eşidəndə mənim gülməyim tutur. Hamımız ölməliyik dəə, kim ölməyəcək ki?

- Sən özün ölümdən qorxmursan?

- Heç nədən qorxmuram. Ölüm də haçan gəlir gəlsin, mən burda oturmuşam.

- Bəs, gündəlik araq almağa pulun çatırmı?

- Pul nədi, mənim pulum var? Arağımı dost-tanışlar alıb qoyur. Nə fərqi var, kimin pulu var o alıb verir.

- Pensiya alırsanmı, heç olmasa?

- Hə, ayda iyirmi manat verirlər.

- Səndən bir şey də soruşum, bax indi nə arzulayırsan, ürəyindən nə keçir?

- Get, yolun o tərəfindəki mağazadan bir “çubuş”, bir dənə də fanta al gətir, onu sonra deyəcəm...

- Bəs, yeməyə nə alım? Kolbasa, yaxud pendir yeyə bilərsənmi?

- Yox-yox, getməz, yeyə bilmirəm.

- Bəlkə meyvə-zad, alma, mandarin?

- Heç nə istəmirəm, araq, bir də fanta al, tez gəl.
(Mən onun içdiyi araqdan və “Fanta” alıb cəld geri qayıdıram.)

- Həə, Caqa, indi de görüm arzuladığın nədi?

- Araq və arvad!..


Tarix: 14.04.2015 / 23:48 Müəllif: ADMIN Baxılıb: 510 Bölmə: Maraqli statuslar