beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

4cü hissə..
4cü hissə..

Ələkbərin dedikləri düz çıxacaqdı. Avqustun sonlarına doğru Bakının asfaltı muma döndərən cırhacırında "konkursa düşəcək" və kəndə anasının yanına əli ətəyindən uzun qayıdacaqdı. Kənddə onu yaxşı bir şey gözləməsə də dönəcəkdi. Suyu süzülə-süzülə anasının yanına, kəndə qayıdacaqdı. Yazıq arva­dın üzünə necə baxacaqdı? Bir aydı Bakıdan kəndə gedənlər onu ümidlən­dirmişdilər:
- Bayat, maşallah, imtahanları bir-bir verir, inşallah, qəbul olunacaq.
Anası bir ayı ümidlə, dualar edərək gözləmişdi. Kaş elə birinci imtahandan hamı kimi o da kəsiləydi, nə anasını boşuna ümidləndirəydi, nə də onun sələmə borc aldığı pulu boşuna küləyə sovuraydı, nə də havasından alov yağan Bakının köhnə dalanlarının birində, içində qarafatmalar vız vuran pəncərəsiz otağın cəhənnəm xəfəsində beş adamla birlikdə səhəri diri gözlə açaydı. Belə gecələrdən sonra insan ayaqda güclə dayanır, o ki qalsın gedib imtahandan beş almaq ola. Asfaltı əriyib muma dönən şəhərin neft, mazut, tər, zir-zibilqarışıq qoxusu Bayatın burun pərələrindən boğazını dalaya-dalaya içinə dolur, sərin dağ havasına öyrəncəli ciyərini yaxıb yandırırdı. O zaman Bayatın ağlına da gəlməzdi ki, bu universitet, inistut deyilən xəyanət yuvalarında əkəbəkə professorlar nəfslərinə görə necə millətin gələcəyini kor qoyurlar. O, sonra biləcəkdi ki, ali məktəblərə qəbul olanların yox ey, olunanların yüzdə doxsanı ya rüşvətlə, ya da böyük-böyük vəzifələrdə çalışan dayılarının hesabına daxil olunurmuşlar... Arada-sırada təsadüfən qəbul olunanlar isə bu çıxılmaz tordan təsadüfən çıxa bilənlərdi... Elə o zaman onun gənc və təcrübəsiz ağlına bir fikir də gəlmişdi: Bizim toplum min ildi nəfsinə imtahan verir və hər dəfəsində də kəsilir... ona görə də bir yana çıxa bilmir. Avqustun sonlarına doğru adını instituta qəbul olunanların siyahısında görməyib suyu süzülə-süzülə anasının yanına - kəndə qayıdacaqdı. Amma onun bir ay əvvəl böyük ümidlərlə qoyub gəldiyi kənd heç elə bil o kənd deyildi... Dünənə qədər qarlarla örtülən yamaclar bir gecənin içində boz ayın ilıq nəfəsindən əriyib yox olduğu, qar altından qar bənövşələrinin çıxdığı, danaqıranların boy göstərdiyi yazın gəlişini insanlara xəbər verdiyi günlərə bənzəyirdi bu dəyişim. Onda bu dəyişim "kasıb dostu" yazın insanlara gətirdiyi bəxtiyarlıqla yadda qalırdısa, indi onda suyu soğulmuş dəyirmanın hüznü vardı. Sanki bu kənddə gözəl nə vardısa boz ayın ilıq boz çalpoyundan buxarlanan qar kimi buxarlanmışdı. Bəlkə də belə deyildi, ona-Bayata belə gəlirdi. Allah, o, bu yerlərdən nələri xəyal edib getməmişdi. Doğrudur, onun o romantik xəyalları kəndin nasiranəliyi ilə uyuşmurdu. Əslində kəndin nasiranəliyi demək, heç də doğru deyil, kənd adamlarının desək, bəlkə daha doğru olardı. Kənd isə Qızıl qayası, Kəmərilə, çayı, bulağı, gülü, çiçəyi ilə elə həmin kənddi. Onun romantik xəyallarına əngəl olan ondan min qat təcrübəli, bic və hiyləgər dünyanın insanlar vasitəsi ilə qarşısına çıxması idi. Hər insan, hətta pis ata və anadan doğulanlar da dünyaya pak və təmiz gəlir və nə yazıq ki, gəldiyi dünya onu olduğu kimi qarşılamağa, yaşatmağa qadir deyil. Bayat da bu yönü ilə gəlib getmiş milyardlardan biri idi. Kənd sovetindən yaşadığı yer haqqında arayış alana qədər, onunku ona dəymişdi, arayışı vermirdilər, vermək istəmirdilər, get, sonra gələrsən deyirdilər. Bayat bunların səbəbini sonra biləcəkdi. Kənd sovetində işləyənlər 4-5 sinif oxumuş adamlardı, istəmirdilər ki, kənddən kimsə gedib Bakıda oxuya bilsin. Oxuyub qurtarandan sonra onların yerinə göz dikəcəkdilər. İkinci gizli bir səbəb isə yuxarıdan onlara tapşırılmışdı ki, hər yetənə pasport almağa arayış verməyin, hamı oxusa, kolxozda kim işləyəcək? Sonra o, zorla aldığı arayışla birlikdə rayon mərkə­zinə pasport almağa gedəcəkdi. Anası kənd sovetində katib işləyən qohumundan xahiş edəcəkdi ki:
- Əmisi, Bayata rayonda pasport almağa kömək edərsən. - Kənd sovetinin katibi də Bayatı pasport şöbəsinin qapısı ağzında buraxacaq - gözlə, içəridə adam var, çıxan kimi gir, sənədlərini təqdim et, onsuz da pasportu həmən yazıb vermirlər, bir də hazır olanda gəlməli olacaqsan,-deyib Bayatın cavabını gözləmədən çıxıb getmişdi.
Bayat otağın önündə içəridəki adamın çıxmasını gözləmişdi, amma adamın biri çıxmamış, o biri girmiş, heç Bayata məhəl də qoymamışdılar, dili tutub deyə də bilməmişdi ki, ay əmilər, dayılar, axı, növbə mənimdir. Aradan yarım saatmı, bir saatmı keçmişdi, kənd sovetinin katibi geri qayıtmış və Bayatı otağın önündə görəndə əsəbiləşmişdi:
- Ayə , ay öyü yıxılmışın oğlu, hələ girməmisənmi?
Bayat:
- Yox! Mən neyliyim ki, adamın biri girir, biri çıxır, - deyə dodaqaltı mızıldanmışdı. Kənd sovetinin katibi:
- Ayə, bə sənin dilini pişikmi yiyib, bə deyəmmirsənmi növbə mənimdir. Ağzı ottu heyvansan, vallah, - deyib sənədləri Bayatın əlindən alıb tüstü kimi içəri təpilmişdi... Kənd sovetinin katibi kəndə qayıtdıqlarında elə Bayatın yanındaca anasına:
- Ay evi tikilənin qızı, bu nə uşaqdı böyütmüsən, bu ki, ağzı ottu heyvandı, bunun nəyini Bakıya göndərirsən, gedib orda əl-ayaq altda qalacaq. Onsuz da lütün birisən, havayı yerə borc-xarc eləyib bunu oxumağa-zada göndərmə, mən ölü, sən qalı, bundan heç nə çıxmayacaq, ara yerdə sələmə aldığın pulların batacaq, - demişdi. Amma anası gözünün ağı, qarası bircə balasını nəyin bahasına olursa-olsun oxutmaq istəyirdi. Bəlkə on adamdan sələminə pul alıb onu Bakıya arzularının arxasınca elə böyük ümidlərlə göndərmişdi ki... Və o, Bayat bu Bakı deyilən, yeddi dərənin suyunun qarışdığı qurdlar şəhərindən onun ucbatından saçının birini ağ, birin qara edən, gənc ömrünü şam kimi əridib çürüdən anasının üstünə nə üzlə qayıdacaqdı? Qayıda biləcəkdimi? Qayıtmayıb nə edəsi idi ki? Gedəcək başqa bir yerimi vardı? Yenə o biri uşaqlar kimi elə ilk imtahandanca kəsilib qayıtsaydı, nə vardı. Düz bir ay dəmirçi körüyü kimi közərən Bakı avqustunun qorabişirənində qalmaz, təsadüfi bir "Allah kərimə" ümid bağlamaz, anasının yüz and-minnətlə yığdığı sələm pullarını sağa-sola xərcləməzdi. Sağa-sola xərcləməzdi deyəndə ki, əslində bu pulun çoxu suya gedirdi. Bura kəndləri deyildi ki, hər daşın altından bir bulaq qaynayaydı.Burda hər tində, köşədə su satılırdı, həm də od qiymətinə satılan buz kimi soyuq su.Yox, bu, kəndlərindəki diş donduran bulaq suyu deyildi, buzla soyudulan su idi. Bayat da hamı kimi bu buzlu, süni şəkildə soyudulmuş sudan içmək məcburiyyətində idi. Onun buna öyrəşməyən mədəsi nə qədər alışmaq istəsə də bir şey çıxmır, halı pərişan olurdu... İndi, avqustun sonunda bütün bunların boşuna olduğunu hiss etdikcə içi od tutub yanırdı. Amma elə, ya belə geriyə dönmək zorundaydı: Şöhrət cığırları şəhərdən keçər, ehtiyac yolları dönər kəndlərə! O da geri dönməyib nə edəsi idi ki? Onu böyük ümid və sevgi ilə Bakıya yola salanlar indi ona gəlin otağından baxtı bağlanıb çıxan bəyə baxan kimi baxırdılar. Və sanki o, heç orta məktəbdə də yaxşı oxumamışdı, attestatındakı qiymətlər də onun deyil, bir başqasınındı. Anası elə o qiymətlərə görə müəllimlərlə dava da eləmişdi:
- Niyə mənim balamı yetim görüb qiymətini kəsirsiniz, mənim balam sinfin ən yaxşı oxuyanlarındandır. - İndi az qala anası da attestatında olan qiymətlərə şübhə ilə baxırdı. Bəlkə ürəyində müəllimlərlə boşuna dava etdiyinə indi peşman idi... Sevdiyi, gözaltı elədiyi, amma rədd cavabı aldığı qıza da yaxınlaşa bilmirdi... Nə üzlə yaxınlaşaydı ki?! Əslində elə o qızın acığına ali məktəbə qəbul olunmaq istəmirdimi? Ali məktəbə qəbul olunacaq və özünün necə sevib sevilməyə layiq olduğunu o, özünübəyənmiş qıza və onun pulgir ailəsinə sübut edəcəkdi. Edə bildimi? Arzuları ilə imkanları üst-üstə düşməzliyin faciəsi idi bu!
Borclular qapıya dirənmişdi. Uşaqlıqda təpədən toplayıb dığarladıqları qar, aşağı endikcə qalınlaşdığı kimi, anasının gün keçdikcə borcları da artırdı. İndi, indi fikirləşirdi ki, anasına sələmə borc pul almağa imkan verməməli idi. Axı, anası nəyə arxayın olub bir o qədər borcun altına girmişdi? Bu qədər borcu nəyi satıb geri qaytaracaqdı?Anasını da qınamaq olmazdı, gözünün ağı, qarası bircə oğlunu da oxutmayıb, kimi oxudası, onun yolunda da borca girməyib kimin yolunda borca girəsi idi? Anası yəqin ilahi qüdrətin köməyi ilə oğlunun mütləq instituta qəbul olunacağına inanırdı. Oğlunu o boyda instituta qəbul olmağa kömək edən gözəgörünməz qüvvə onun yolunda edilən borcun ödənilməsinə də bir yolla kömək edəcəkdi. Yoxsa, o boyda borcun altına girərdimi? Bu xasiyyət anasından ona da keçmişdi, bir işi görməyə bütün can-dillə əlləşirdi, alınmasa onun mütləq gözəgörünməz qüvvə tərəfindən alınacağına özünə inanan kimi inanırdı. Və çox zaman elə belə də olurdu...
Amma bu dəfə anasının düşündüyü kimi olmamışdı, oğlu sələmə alınan pul­ları Bakının küçələrində yelə sovurmuş, kəndə əli ətəyindən uzun qayıtmışdı... İndi boynuburuq qaldığı kənddə yenidən anasına yük ola bilməzdi...
Bayat anasından xəlvət fəhlə toplayan idarəyə müraciət etmişdi, vaxtı çatan kimi Bakıya işləməyə gedəcəkdi. Bir il Bakıda fəhlə işləyəcək, həm özünü dolandıracaq, həm də borc içində boğulan anasına pul göndərəcəkdi... Ələk­bərin institut müəllimləri haqqında dediyi sözlərə nə baxırsan, dünya elə pis adamlardan ibarət deyil ki? Bəlkə bu dəfə qarşısına insaflı müəllimlər çıxacaq? İçindən keçən bu düşüncələr hərdən onu elə riqqətə gətirirdi ki, sevincdən uçum-uçum uçunurdu. Yenidən hazırlaşacaq, sənədlərini bu dəfə də universitetə verəcəkdi...Tanımadığı, bilmədiyi həyatın bomboz üzüylə hər dəfə qarşı - qarşıya gəlib məğlub olsa da, ümidini heç zaman itirməyəcəkdi, məchul gələcəyə elə böyük ümidləri vardı ki?! Yaşın onsəkkizi ona yeni kəşflər də gətirmişdi. Çevrəsində nə vardısa onunçün doğma və əziz idi. Bəzən bir qönçənin açımına, ya da deyək ki, tanımadığı bir qızın uzaqdan yerişinə durub dalmağı vardı. Doğan günəşdə, yağan yağışda, üfüqlərin açılan, ya da tökülən qaşqabağında elə bir şairanəlik vardı ki, bu şairanəlikdən ruhu riqqətə gələr, vücudu titim-titim titrəyər, içinə dolan mənbəyini bilmədiyi həzdən bədəni böyük bir ürəyə dönüb döyüm-döyüm döyünər, əsim-əsim əsərdi. Özünü və dünyanı dərk etdiyi, kainatın şairanəliyini hiss etməyə başladığı zamanda Bakıya yol görünmüşdü.
Dostu Oqtaydan üç manat borc pul alıb özü kimi Bakıya ümidin arxasınca gedən on-on beş cavanla birlikdə qatarın qulpundan yapışıb Bakıya gedəcəkdi. Bakının o yay kəsafətinin qorxusu canından çıxmamışdı, yenə nə üzlə gedirdi oraya? Amma indi yay deyildi, payızdı, kənddə olduğu kimi, yəqin Bakıda da sərin küləklər daşı-divarı yalamağa başlamışdı. Onunla fəhləliyə gedənlərin heç birisini tanımırdı. Tanısa da fərqi yoxdu, hər kəs öz xəyalında, öz can hayında idi. Gecənin sükutunu aşağıda dəmir relslərə nələrsə pıçıldayan təkərlərin taqqıltısı, içində isə ürəyinin döyüntüsü pozur, onu yatmağa qoymurdu. İstəyirdi ki, o təkərlərin taqqıltısına qulaq versin, bəlkə o təkərlər onun taleyindən də bir şeylər söyləyirdi polad relslərə? Ya bəlkə düşdüyü bu sevdanın, getdiyi bu yolun dönüşü olmadığını öz polad diliylə qoynunda ümidinə sığınıb məchul gələcəyə can atan bu gəncə nəsə söyləmək istəyirdi? Demək istəyirdi ki, qəzetlərin birinci səhifələrini dolduran, dərs kitablarının ilk səhifələrindən gözünə çarpan, qulaqlarının radiolardan döşürdüyü şuarların hamısı boş şeydi, o şüarlarla bu yaşadığın həyatın arasında hər hansı bir əlaqə yoxdur, olsa, olsa o şüarlar səni kimi yetim oğlanları aldadar. Aldanma, bala, aldanma! Bakının necə paytaxt olduğunu kor olmuş gözlərin görmədimi? Yenə ona ümid bəsləyirsən? Ümid ancaq yerdə özünə, göydə Allaha qalıb... İçindəki döyüntü­lər buraya bir "anana" sözünü də artırmaq istəyirdi, amma Bayatın fikrindən keçənlər dilinə gələ bilməzdi. Ümidi anasına qalsaydı, elə kənddə anasının yanında qalıb yaşayar, ona həyan olardı. Ali məktəbə qəbul olmaq ümidini gələn ilə bağlayar, imtahanlara hazırlaşardı.Və yenicə canbir olduğu, hər ağacında - daşında bir ilham qaynağı gördüyü kəndin şairanəliyində gününü gün edərdi. Heç boz üzünü daş görmüş Bakıya da getməzdi. Kənd də uzaqdan-uzağa şirin olur, bunu Bakıda qorabişirən ayın üz-gözünü qarsıyan bürküsündə hiss etmişdi. (İçində yaşayıb qarında, palçığında ümidsizliyin girdabında çırpınanda isə kəndin üzünü görmə...)
Onsuz da anası borc içində boğulurdu. Sələmə aldığı pulu necə, nəynən qaytaracaqdı? Kənddə qalıb ona yük olmaqdansa, gedib şəhərdə başını girləmək daha yaxşı olmazdımı? Heç olmasa dərdini, yetimliyini bəlkə şəhər tünlüyündə azıda bilərdi. Kənddə qalıb nə edəsi idi ki? Boynuna döyüb kolxoz işinə aparacaqdılar. Anası bircə balasını kolxozda yox, heç öz məhəllələrində işləməyə qoymazdı. Başqa uşaqlar analarının, atalarının yerinə kolxoz işinə gedəndə anası buna imkan verməzdi, - "Ölərəm, bircə balamı kolxozda quru muzda işləməyə qoymaram, - deyərdi. Mən işlədim, əlim bala batdı, indi də oğlum işləyə əli yağa bata."
Kənddə hətta məhəllələrində anasına kömək etməyi, yer belləməyi özünə ar bilən Bayat, Bakıda şəhər qarqaşasında fəhlə işləməyi, işləyə bilməyi toy-bayram kimi düşünürdü. Bütün bunları düşündüyündən, Allahdan, bəndədən tək sığınacağı anasına fəhlə işləməyə gedəcəyini deməmişdi, yazıq arvad evə gəlmədiyini görüb dəliyə dönəcəkdi. Yaxşı ki, Oqtaya demişdi, elə üç manat borcu da ondan almışdı. Oqtay hərdən yağlı cevizlərindən poçt yolunun (nədənsə rayondan gələn tozlu-torpaqlı el yolunu kənddə çoxları belə adlandırardı) qırağında satdığı qəpik-quruş yığdığı pulu dostuna peşkəş etmişdi:
- Sən elədiyini mən eləyəmmərəm, Bayat, halaldı sənə, get, özünə gün ağlaya bilsən, məni də unutma, bu üç manat da sənə peşkəşdir, mən nə də olsa kənddəyəm, yenə yağlı cevizdən satıb özümə əyin-baş ala bilərəm, bu pul sənə daha çox lazımdır, qərib ellərə gedirsən, - demişdi. Oqtaya tapşırmışdı:
- Qoyma anam nigaran qalsın, sabah məsələni ona de, mən də Bakıya çatıb yerbəyer olduqdan sonra məktub yazacam.
Bayat indi qatar təkərlərinin aramsız taqqıltısında və ürəyinin döyüntü səsləri altında bütün bunları fikirləşirdi. Bakıda isə onu məchul bir gələcək gözləyirdi. Amma Bayat o məchulluqdan qorxub eləmirdi, ilan vuran ala çatıdan qorxmaz ki...

Onsuz da günün birində anasından ayrılmalı idi. Başqa bir səs isə - buna anasından ayrılmaq yox, qaçmaq demək olar, adam anasından beləmi ayrılar? - deyirdi. Elə ya belə, artıq ayrılmışdı və istəsə də geriyə dönə bilməzdi. Bundan sonra hər şey bambaşqa olacaqdı, bambaşqa. Səhəri Bakıda idilər. Fəhlə toplayan idarədən onları Bakıda Bayatın tanımadığı bir yerə gətirmişdilər. Burada onları ayrı-ayrı sahələrə işə göndərəcəkdilər... Kənddə deyilən "qoyunu qoyun, keçini keçi ayağına" deyimi burada başına gəlirdi. Gözü eynəkli adam, Öksürüklü Qara demişkən, gələnlərin bir "bazburutuna", bir də sənədinə baxıb qarşısındakı kağıza qeydlər edirdi. Kimi Neft daşlarına, kimi Keşlə maşınqayırma zavoduna göndərilirdi... Ən sona onu - Bayatı saxlamışdılar, əslində belə də olmalı idi. Çünki gələnlər arasında ən çəlimsizi, "canı cibində" olan Bayatdı. Nəhayət, onun da çalışacağı yer bəlli oldu. Bayatı Bakı Baş Tikinti İdarəsinin 6 saylı tikinti idarəsinə göndərdilər. Bayat o zamankı Lenin adına stadionun idman kompleksinin tikintisində fəhləliyə başlamışdı.Yataqxanaları Səməd Vurğun küçəsiylə tramvay yolunun kəsişdiyi yerdə idi. Bir otaqda 4 kişi idilər. İkisi azərbaycanlı, üçüncüsü isə "Derbatya" dedikləri yaşlı bir rusdu.
Xam atın əhliləşdirilməsi nədirsə, onun da ilk fəhləlik günü elə başlamışdı. İş görməmiş, işləməmiş əlləri, ayaqları zoqqum-zoqqum zoqquldayırdı. Qarnı ac olmasaydı, bəlkə işləmək onu bir bu qədər üzüb əldən salmazdı... Heç çörək almağa belə pulu yoxdu, ac qarınla təcrübəsiz bədən necə belə, öyrəşmədiyi, ağır işə davam gətirəydi? Həm də çoxdan işin istisinə, soyuğuna öyrəncəli fəhlələr zəif, nərmənazik bədəninə baxıb onunla məzələnirdilər. Dağıstandan mövsümlük işləməyə gəlmiş boylu-buxunlu ləzgilər xərəyə bəzən iki yerinə 4-5 mişar daşı yükləyib sərt nərdivanlarla yuxarı mərtəbələrə daş daşıyırdılar. Həm də xərəyin ön tərəfini ona verirdilər. İki günün içində əlləri qabar bağlamışdı. Bir söz demirdi, canını dişinə tutub işləyirdi.Yenilmək onun adəti deyildi. Nə deyə bilərdi ki. Desəydi nə çıxasıydı. Deməzdilərmi biz sənə daşı təkmi daşıdırıq? Bir tərəfindən sən tutursan, o biri tərəfindən birimiz, daha nə çəm-xəm edirsən? Hətta kəndə anasına məktub yazmağa da həvəsi yoxdu. Amma Oqtaya məktub yazacaqdı. Həm də burda iş yerində başına gələnlərdən kəlmə kəsmədən:
"Hörmətli qardaşım Oqtay, sənə küləklər şəhərindən, onun "Qız qalasından", ürəklərə öz söz sənətləri ilə yol tapmış Füzulinin, Vurğunun tunc heykəl­lərin­dən, ən nəhayət, sənin səmimi qardaşın olan Bayatdan külli miqdarda salamlar! Qabarlı əllərin - fəhlə sinfinin, kirli-tərli paltarların, lakin nə də olsa, şirin arzuların, fikirli insanların atəşli salamlarını qəbul et. Mənim qəlbimdə uşaqlıqdan bir sirr var... Bu sirri hətta mən səndən də gizli saxlamışam. Yetimlik, nökərçilik, fəhləllik bu sirri qəlbimdən çıxara bilmədi. Onsuz da sən həssas qəlbə maliksən, bu sirri mən sənə deməsəm də, sən bilirsən. Hətta bir dəfə sən mənə dedin: "Sən ucalmaq arzusu ilə yaşayan adamsan". Bəli, mən ucalmaq arzusuyla yaşayan adamam. Lakin siyasi sahədə yox! Yalnız və yalnız sənətkarlıq sahəsində. Amma bilmirdim hansı sənət sahəsində. Uşaqlığımın yetimlik çağlarında kənddə toylara "çağrılanda" gözəl çalğı aləti olan saz mənim qəlbimə yol tapırdı. Gizlinə çəkilib ağlayırdım... Nə üçün? Oqtay! Oqtay! Sən duyğusal adamsan. Biz uşaqlıqda da dərdli olmuşuq. Bəlkə də dərin fikirlərə görə indikindən daha bilikli olmuşuq...! Qardaşım, mənim əlim yer tutmayıb. Bəlkə də tutacaqdır. Bu iş tarixindir. Yaşayacağıq, görəcəyik. Anam amanatdı. Tez-tez onun yanına get, onu mənə görə dərd çəkməyə qoyma. Cavab yazmağı unutma. Mənim dilimə gəlməyib ürəyimin dərinliyində olandan da yaz.
Hamıya səmimi salamlarımı yetir.
Hörmətlə, qardaşın Bayat”.
Məktubda ümidli sözlər yazsa da, həyatda çəkilməz dərdlər içində boğula-boğula qalmışdı, doğulduğu, dünyaya gəldiyi günə nifrət edirdi. Kənddən anasından xəbərsiz Bakıya fəhləliyə gəldiyinə görə it kimi peşman olmuşdu... əlinə bir bəhanə düşsəydi, arxasına baxmadan kəndə qayıdardı. Tüpürdüyünü necə yalayaydı? Hətta əlinə bəhanə düşsə də, qayıda bilməzdi, nə ilə, necə qayıdaydı, cibində pul yerinə siçanlar oynaşırdı... Qalan sonuncu qəpiklərlə çay-çörək yeyəcəkdi, sabaha Allah kərimdi. Çayçıdan şirin çay istədi. Armudu stəkanın içinə iki qənd atıb qarışdırmağa başladı.Ya çay soyuq idi, ya qənd bərkdi, ərimək bilmirdi. Çay qaşığının arxası ilə zorla da olsa qəndi əritmək istədi. Qənd əriməsə bunun nəyi şirinçay olasıdır. Belə düşünürdü ki, qaşığın arxası stəkanı qırıb çölə çıxdı. Bir güc-bəla ilə əritdiyi şirin çay da nəlbəkiyə tökülüb şüşəqarışıq zəhər oldu. Bayat bu gözlənilməz hadisə qarşısında nə edəcəyini bilmədi. Süfrədəki pendir-çörəyə əlini vurmadan cibindəki son iyirmi qəpiyi stolun üstünə atıb tüstü kimi bayıra çıxmağı bir oldu...
İşdən sonra bəlkə tanış birini görüb borc alaram - düşüncəsiylə tanıdığı bazarları ələk-vələk etsə də, ümidi boşa çıxacaqdı.
İşləməyə gəldiyi vaxtdan hələ bir ay keçməmişdi ki, ona aylıq verəydilər. Alacağı aylıq da bir aylıq olmayacaqdı. Çünki iş yerində fəhlələrin "usta" dedikləri birisi vardı ki, Bayata göz verib, işıq vermirdi, bir an olsun belə, boş dayanmağa qoymurdu, gah o işə buyururdu, gah bu işə. Həm də çəlimsizin biri idi, boyu, buxunu Bayatdan da zəif idi. Bir dəfə əhəng söndürən adam işə çıxmamışdı. Usta Bayatı çağırıb:
- Bu gün əhəngi sən söndürəcəksən,- dedi. Bayat bu işin heç də asan bir iş olmadığını bilirdi. Gərək geyməyə çəkmən, əlcəyin olaydı. Bayatın isə nə çəkməsi vardı, nə əlcəyi. Yadına düşdü ki, belə yerdə Öksürüklü Qara: - Goru varmı, kəfəni də olsun, - deyərdi. Bayat ustaya - mənim nə çəkməm var, nə əlcəklərim, bu işi görə bilmərəm, - cavabını verdi.
Belə deyirlər ki, boyu qısa adamlar gündə yüz kərə Allahdan allahlıq umur. Usta da belələrindəndi:
- Alə, məə nə var, çəkmən, əlcəyin yoxdur, dedim bu işi sən görəcəksən, deməli görəcəksən, müftəxorun birisən, bir aydı burdasan, hələ fərri-başlı bir iş də görməmisən. Ya bu işi gör, ya da maaş görsən, budu bax, bu dirsəyimin ardını görərsən.


Tarix: 09.06.2015 / 12:16 Müəllif: Aziza Baxılıb: 315 Bölmə: Məmməd İsmayıl - "Bayat"