beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

5-ci hissə^
5-ci hissə^

Zalım Pərinin axtarışı
Yaşıl Bakkenbardlı Əsgər dostları Zümrüd Şəhərinin küçələrindən keçirərək Qapı
Keşikçisinin otağına qədər ötürdü. Keşikçi onları qarşıladı, eynəklərini çıxarıb böyük bir qutuya
qoydu və nəzakətlə şəhər qapılarını onlar üçün açdı.
- Qərbin Zalım Pərisini tapmaq üçün hansı yolla getməliyik? – Doroti Keşikçidən
soruşdu.
- Oraya yol yoxdur, – Keşikçi cavab verdi; – Heç kim könüllü olaraq ora getmək
istəməz.
- Bəs onda Pərini necə tapacağıq? – qız maraqlandı.
- Narahat olma, Gözvuranlar ölkəsinə çatan kimi Pəri özü sizi tapıb özünə qul edəcək.
- Bilmək olmaz, – Bədheybət qışqırdı, – bizim niyyətimiz onu sıradan çıxartmaqdır.
- O-o, bu başqa məsələ, – Keşikçi söylədi, – Pərini bu günə qədər heç kim öldürə
bilməyib, buna görə də təbii olaraq sizi də qul edəcəyi ağlıma gəldi. Ancaq ehtiyatlı olun, bu
zalım pəri yaman qəddar və hiyləgərdir, sizin onu yox etmənizə izin verməyə bilər. İndi
günbatana döğru getməyə başlayın, gec-tez Pəriyə rast gələcəksiz.
Dostlar Keşikçiyə təşəkkür edib əl edərək onunla sağollaşdılar və günbatana doğru
getməyə başladılar. Onların yolu çobanyastığı və qaymaqçiçəyi açmış yumşaq çəmənlikdən
keçirdi. Dorotinin əynində hələ də sarayda geydiyi yaşıl ipək paltar vardı, amma qız təəccüblə
baxıb gördü ki, paltar indi ağ rəngdədir. Totonun boynundakı yaşıl bantla zınqırov da Dorotinin
paltarı kimi ağarmışdı.
Tezliklə Zümrüd Şəhərinin divarları uzaqda qaldı. Yol çətinləşmişdi, buralarda nə
evlər, nə fermalar, nə də şumlanmış tarlalar vardı.
Yolçuları qızmar günəş yandırırdı, ətrafdakı dağ-daşın arasında bir sığınacaq yoxdu.
Axşam düşəndə, Doroti, Aslan və Toto halsız halda günün altında yanaraq qurumuş otların
üstünə uzandılar, Bədheybət və Dəmir Odunçu isə onların keşiyini çəkirdi.
Qərbin Zalım Pərisinin bircə gözü vardı, amma bu göz teleskop kimi güclüydü və hər
şeyi görürdü. Həmin axşam Pəri sarı qəsrinin eyvanında əyləşib öz torpaqlarına baxırdı. Birdən
Dorotini və onun dostlarını gördü, bərk qəzəbləndi. Pəri boynundan asılmış gümüş düdüklə fit
çaldı. O andaca qəsrin yanında bir sürü boz qurd peyda oldu. Onların güclü pəncələri, iti dişləri
və qəddar sifətləri vardı.
- Haydı, qaçın şərqə, orda çağırılmamış qonaqlar var, parçalayın onları! – qoca Pəri
əmr etdi.
- Onları özünə qul etməyəcəksən? – qurd sürünün başçısı soruşdu.
- Yox. Onlardan biri samanla doludur, o birisi dəmirdəndir, üçüncüsü bir qızdır,
dördüncüsü Aslandır. Onlardan bir xeyir gəlməz. Parçalayın, vəssalam.
- Yaxşı, - başçı dedi və qurdlar əmri yerinə yetirməyə götürüldülər.
Xoşbəxtlikdən, Bədheybət və Dəmir Odunçu yatmamışdılar, onlar yaxınlaşan
düşmənləri gördülər.
- Mən indi onlara göstərərəm, – Dəmir Odunçu dedi, – sən mənim arxamda gizlən,
onları mən qarşılayacam.
İtilədiyi baltasını götürüb qurdların başçısı ona hücum edəndə bir zərbəylə başını
bədənindən ayırdı, qurdların başçısı o saat gəbərdi. Başqa bir qurd yenə Odunçunun üstünə
atıldı, o da başsız qaldı. Sürüdə qırx qurd vardı, Odunçu qırx dəfə baltasını qaldırıb endirdi,
döyüş qurtaranda bir dənə də sağ qurd qalmamışdı.
Odunçu baltasını yerə qoyub Bədheybətin yanında əyləşdi. Bədheybət dedi:
- Pis deyil, dostum! Yaman döyüşürdün!
Onlar səhərin açılmasını gözlədilər. Doroti yuxudan oyananda üst-üstə qalaqlanmış
qıllı qurd ölülərini görüb qorxmuşdu, ancaq Dəmir Odunçu gecə baş verənləri qıza danışdı və
Doroti onları xilas etdiyinə görə Odunçuya təşəkkür etdi. Sonra Doroti səhər yeməyinə oturdu və
dostlar təkrar yola düşdülər.
Həmin səhər Zalım Pəri qəsrdən çıxıb çox uzaqları görən gözüylə ətrafa baxdı. Bütün
qurdların öldürülmüş olduğunu gördü. Qurdlar məhv olmuşdu, yolçular isə onun ölkəsində hələ
də yollarına davam edirdilər. Pəri yenə qəzəbləndi, gümüş düdüklə fit çaldı.
Bir anda göy üzünü qaraldacaq qədər çox sayda olan vəhşi qarğa sürüsü ona doğrü
uçub gəlməyə başladı. Zalım Pəri Qarğaların Kralına dedi:
- Bu saat bu yadellilərə tərəf uçun; gözlərini çıxarın, özlərini isə parçalayın.
Vəhşi qarğalar böyük bir sürü halında Doroti və yol yoldaşlarına doğru uçmağa
başladılar. Kiçik qız onları görüb qorxuya düşdü, ancaq Bədheybət onları sakitləşdirdi:
- İndi savaş sırası məndədir; hamınız yanımda yerə uzanın və sizə heç bir şey
olmayacaq.
Ayaq üstə dayanıb qollarını açan Bədheybətdən başqa hamısı yerə uzandılar. Qarğalar
onu görəndə, müqəvva görən bütün quşlar kimi qorxuya düşdülər və yaxınlaşmağa cəsarət
etmədilər. Ancaq Kral Qarğa qarıldadı:
- Bu samanla doldurulmuş adi müqəvvadır, indi mən onun gözlərini dimdikləyəcəm.
Bu sözlərlə Kral Qarğa Bədheybətin üstünə uçdu. Bədheybət qarğanı tutub başını
ölüncəyə qədər burdu. O biri qarğa Bədheybətin gözünü çıxarmaq istədi, amma müqəvva onun
da başını üzüb tulladı. Qarğa dəstəsində cəmi qırx qarğa vardı, Bədheybət onların hamısının
boynunu üzdü. Sonra yol yoldaşlarına ayağa qalxmalarını söylədi, dostlar yenə yollarına davam
etdilər.
Zalım Pəri görəndə ki, onun fədakar qarğaları ölüb, lap özündən çıxdı, gümüş
düdüyünü çıxarıb üç dəfə çaldı. Bunun ardınca havada dəhşətli vızıltı səsi eşidildi, minlərcə qara
arı uçaraq ona tərəf gəlməyə başlamışdı.
Pəri onlara əmr etdi:
- Uçun o yadların yanına və ölüncəyə qədər onları sancın!
Arılar o saat dönüb vızıltiyla Doroti və dostlarına tərəf uçmağa başladılar. Dəmir
Odunçu onları görüb dostlarına xəbər verdi və Bədheybət tez nə edəcəklərinə qərar verdi:
- Tez içimdəki samanı boşalt, Dorotini, Totonu, Aslanı samanın altında gizlət. Saman
onları arılardan qoruyar, – dedi Dəmir Odunçuya. Odunçu elə də etdi. Doroti, qucağındakı Toto
və düz yanlarındakı Aslan samanla tamam örtülmüşdülər.
Arılar uçub gələndə Dəmir Odunçudan başqa sancmağa bir kimsəni tapmadılar.
Odunçunun üstünə şığıyıb sancmağa başladılar, iynələri Dəmir Odunçunun zirehində qırıldı.
Arılar iynələri olmasa yaşaya bilmədiklərinə görə hamısı ölüb Dəmir Odunçunun ayaqlarının
altına düşdülər və yerdə kiçik kömür təpəciyinə bənzəyən kümələr əmələ gəldi.
Saman altında gizlənmiş Doroti, Toto və Aslan ayağa qalxdılar, qız samanı
Bədheybətin içinə dolduran Dəmir Odunçuya yardım etdi. Dostlar yenidən yola düşdülər.
Zalım Pəri qara arıların yerdə kiçik kömür topası kimi qaldığını görüncə elə
qəzəbləndi ki, ayağını yerə vurdu, saçlarını yoldu və dişlərini qıcadı. Axırda Pəri tabeliyində
olan on beş Gözvuranı çağırdı, onlara sivri nizələr verib əmr etdi ki, şərqə gedib yad adamları
öldürsünlər.
Gözvuranlar o qədər də qoçaq deyildilər, amma çarəsiz qalıb əmri yetirməli oldular;
Dorotiyə yaxınlaşana qədər irəlilədilər, ancaq Aslan şiddətli bir nərə ilə onların qarşısına
sıçrayanda elə qorxdular ki, var gücləriylə qaçmağa başladılar.
Qəsrə qayıdanda Zalım Pəri onları qayışla o ki var döydü, sonra tarlaya işləməyə
göndərdi, özü isə oturub nə edəcəyini düşünməyə başladı. Bu yadelliləri məhv etməkdən ötrü
qurduğu hər planın nə üçün uğursuzluqla sona çatdığını başa düşə bilmirdi. Ancaq Pəri çox güclü
və hiyləgər idi, fikirləşib bir çarə tapdı.
Pərinin taxçasında zümrüd və yaqutla bəzədilmiş bir Qızıl Papaq vardı, papaq sehirli
idi. Papağın sahibinin hər əmri yerinə yetirən Uçan Meymunları üş dəfə çağıra bilərdi. Ancaq
heç kimsə bu qəribə canlılara üç dəfədən artıq əmr edə bilməzdi. Qərbin Zalım Pərisi artıq iki
dəfə Meymunların köməyindən istifadə etmişdi. Birinci dəfə Uçan Meymunlar Gözvuranları tabe
edib qula çevirmişdilər. İkinci dəfə Uçan Meymunlar böyük Ozun qoşununu geri çəkilməyə
məcbur etmişdilər. Qızıl Papağı yalnız bircə dəfə işlətmək haqqı qalmışdı və başqa güclərini
tükəndirmədən bu haqqını xərcləmək istəmirdi. Ancaq qorxunc qurdları, vəhşi qarğaları və
sancan arıları öldüyünə və nökərlərinin Qorxaq Aslan tərəfindən qovulduğuna görə Doroti və
dostlarını yox etmək üçün təkcə bir yolu qalmışdı.
Zalım Pəri papağı taxçadan çıxarıb başına qoydu. Sonra sol ayağı üstə dayanaraq
bunları dedi:
- Ep-pe, pep-pe, kak-ke!
Sonra sağ ayağı üstə dayanıb dedi:
- Hil-lo, hol-lo, hel-lo!
Bundan sonra Pəri hər iki ayağı üstə dayanıb ciyildədi:
- Ziz-zi, zuz-zi, zak!
Ovsun baş tutdu. Göy üzü qaraldı, uğultu, hay-küy, qəhqəhə səsləri eşidildi. Qara
bulud yerə çökəndə, məlum oldu ki, Zalım Pəri saysız-hesabsız Uçan Meymunların
əhatəsindədir. Meymunların Başçısı Zalım Pəriyə yaxınlaşdı:
- Sən bizi üçüncü və sonuncu dəfə çağırırsan. Nə istəyirsən?
- Mənim ölkəmdə çağırılmamış qonaqlar var, Aslandan başqa onların hamısını
öldürün. – Pəri əmr etdi; – Aslanı qəsrimə gətirin, onu at kimi yəhərləyib işlədəcəm.
- Əmrinizə tabe oluruq, – meymunların başçısı dedi; sonra böyük bir gurultuyla
Doroti və dostlarının olduğu yerə getməkdən ötrü havalandılar.
Uçan Meymunlar öz işlərini yaxşı bilirdilər. Onlardan bir dəstəsi Dəmir Odunçunu
tutub göyə qaldırdılar, qayaların üstündən uçuruma atdılar. Odunçu daşlara dəyib elə əzilmişdi
ki, danışmaq bir yana qalsın, heç zırıldaya da bilmirdi.
O biri Meymunlar Bədheybətin üstünə cumub, içindəki samanı dağıdıb tökdülər.
Papağını, çəkmələrini və paltarlarını toplayıb hündür bir ağacın təpəsinə fırlatdılar.
Başqa bir meymun dəstəsi möhkəm iplərlə Aslanı tutub onu elə sarıdılar ki, artıq nə
dişləyə nə də cırmaqlaya bilərdi. Sonra, qaçmasın deyə, onu qaldırıb Pərinin qəsrindəki ətrafı
dəmir qəfəsli kiçik bir bağçaya apardılar.
Ancaq Dorotiyə heç toxunmadılar. O Totonu qucağına bərk-bərk sıxıb dəhşət içində
dostlarının başına gətirilənləri seyr edirdi. Qız başa düşmüşdü ki, onu da öldürəcəklər.
Meymunların Başçısı qollarını açaraq və çirkin üzündə dəhşətli bir təbəssümlə qıza yaxınlaşdı;
ancaq qızın alnındakı Xeyirxah Pəridən qalan öpücük izini görüncə yerindəcə donub qaldı və
əmr etdi ki, qıza dəyməsinlər.
- Ona toxunmağa cürət edə bilmərik, – dedi o biri meymunlara, – bu qızı Xeyir
qüvvələr qoruyur, Xeyir isə Şərdən güclüdür. Biz yalnız qızı Zalım Pərinin qəsrinə apara bilərik.
Meymunlar nəzakətlə Dorotinin qollarından tutub qəsrə tərəf uçmağa başladılar. Qızı
giriş qapısının önündə yerə qoyanda Meymunların başçısı Zalım Pəriyə belə dedi:
- Sizə əlimizdən gəldiyi qədər itaət etdik. Dəmir Odunçuyla Bədheybəti öldürdük,
Aslanı isə qəsrə gətirdik. Lakin biz bu qıza və onun qucağındakı itə zərər vura bilmərik. Sənin
üzərimizdəki hakimiyyətin artıq sona çatdı, bir də bizi heç vaxt görməyəcəksən.
Sonra Uçan Meymunlar gülərək, gurultu qopararaq qanadlandılar və qısa vaxt ərzində
gözdən itdilər.
Zalım Pəri Dorotinin alnındakı qırmızı izi görüb çox narahat oldu. Demək, nə Pəri, nə
də Uçan Meymunlar bu qıza toxuna bilməzdi. Dorotinin ayaqlarındakı gümüş başmaqları
görəndə isə Pəri qorxudan tir-tir əsdi, çünki o, bu başmaqların sehirli gücüylə tanış idi. Əvvəlcə
Pəri hər şeyi atıb uzaqlara qaçmaq istədi, sonra Dorotinin məsum gözlərinə baxıb anladı ki,
gümüş ayaqqabıların ona verdiyi gücdən xəbəri yoxdur. Zalım Pəri kinli-kinli güldü və fikirləşdi:
“Eybi yox, mən bu qızı özümə kəniz edərəm, sehirli başmaqları isə özümə götürərəm”.
Dorotiyə üz tutub qəddar və sərt səslə:
- Gedək mənimlə. Yadında saxla ki, dediyimi etməlisən, yoxsa Dəmir Odunçu və
Bədheybət kimi səni də yox edərəm.
Doroti Pərinin arxasınca getdi, onlar çoxlu otaq və geniş salonlardan keçib saray
mətbəxinə gəldilər. Pəri Dorotiyə bütün qabları yumağı, mətbəxi süpürməyi əmr etdi və tapşırdı
ki, ocağı sönməyə qoymasın.
Doroti etiraz etmədi, işləməyə başladı, əlindən gəldiyi qədər iş haqqında düşünməyə
çalışırdı; Zalım Pərinin onu öldürməməsinə sevinmişdi.
Dorotini işlə yükləyən Pəri Aslanın yanına getdi. O, Aslanı at kimi yəhərləyib karetinə
qoşmaq istəyirdi. Aslanın saxlandığı dəmir qəfəsi açanda, Aslan nərə çəkib qarının üstünə atıldı.
Pəri qorxudan qəfəsin qapısını tez bağladı.
- Mənim karetimi daşımasan, sənə yemək verməyəcəm, acından öləcəksən, – Pəri
Aslana hədə-qorxu gəldi.
Bir neçə gün Aslana yemək vermədilər. Pəri hər gün onun yanına gəlib soruşurdu:
- Hə, karetimi daşıyacaqsan?
Aslan qəzəblə cavab verirdi:
- Yox. Mənə yaxınlaşsan, səni dişləyərəm.
Aslanın belə dəyanətli olmasının səbəbi vardı. Gecələr Doroti ona yemək gətirirdi.
Yeyəndən sonra Aslan uzanır, Doroti də başını onun dolaşıq tüklü iri kəlləsinə söykəyirdi.
Dostlar bir-birinə təsəlli verərək, söhbət edir, buradan qaçmaq haqqında düşünürdülər. Lakin
qəsrdən qaçmaq mümkün deyildi. Gözvuranlar gecə-gündüz qəsrə keşik çəkirdilər, çünki onlar
Zalım Pərinin sədaqətli qullarıydılar, onlar Pəridən çox qorxurdular.
Hər gün Doroti mətbəxdə çalışırdı, Zalım Pəri onu əlindəki köhnə çətiriylə
hədələyirdi, amma qıza toxunmaqdan qorxurdu, Doroti isə bunu bilmirdi, özünə və Totoya görə
narahat olurdu. Bir dəfə qarı Totou çətirlə vurmuşdu, Toto da onun ayağından dişləmişdi, amma
yaradan qan axmadı, Pəri o qədər kinli və ziyankar idi ki, bədənindəki qan çoxdan qurumuşdu.
Dorotinin qara günləri gəlmişdi. O, başa düşürdü ki, daha Kanzasa qayıda bilməyəcək.
Hərdən qız saatlarla əyləşib acı-acı ağlayırdı, Toto isə ətrafında vurnuxur, Dorotinin gözlərinə
baxırdı, özü də qəmgin-qəmgin zingildəyirdi. Toto üçün heç bir fərqi yox idi, istər Kanzas olsun,
istər Oz ölkəsi, təki Dorotinin yanında qalsın. İt görürdü ki, sahibəsi əzab çəkir, özü də əzab
çəkirdi.
Zalım Pəri Dorotinin gümüş başmaqlarıni ələ keçirmək istəyirdi. Arılar, qurdlar,
qarğalar çoxdan ölmüşdü. Qızıl Papaq sehirli gücünü itirmişdi, odur ki, gümüş başmaqlar Pəriyə
lazımdı. Pəri həmişə Dorotini güdür, başmaqları oğurlamaq istəyirdi. Doroti bu başmaqlara elə
öyrəşmişdi ki, onları yalnız çiməndə və yatanda çıxarırdı. Qarı qaranlıqdan qorxurdu, ona görə
Dorotinin qaranlıq otağına girib başmaqları götürməyə ürək etmirdi. Pəri sudan da qorxurdu,
Doroti çiməndə, ona yaxınlaşmırdı. Pəri heç üzünü də yumurdu, elə edirdi ki, bir damcı su ona
dəyməsin.
Qərbin Pərisi çox hiyləgər və xain idi, o, başmaqları oğurlamaq üçün bir plan qurdu.
Pəri mətbəxə bir məftil bağladı, ovsun vasitəsilə məftili görünməz etdi. Doroti mətbəxə gələndə,
ayağı ilişdi və qız yıxıldı, başmağın biri ayağından çıxdı. Doroti özünə gəlməmiş, Pəri bir göz
qırpımında başmağı götürdü və arıq, sümükləri çıxmış ayağına keçirtdi.
Zalım Pəri hiyləsinin baş tutduğuna çox sevinirdi, ayaqqabının bir tayı onda olduğuna
görə demək güclərin yarısı da onun idi və Doroti artıq bu gücdən necə istifadə edəcəyini bilsə
belə əlindən bir şey gəlməzdi.
Gözəl ayaqqabılarından birini itirən qız hirsləndi və pəriyə belə dedi:
- Başmağımı qaytarın!
- Bircə bu qalmışdı! – acıqlı-acıqlı cavab verdi pəri, – indi o sənin deyil, mənim
başmağımdır!
- Sən çox pissən, - bağırdı Doroti. – Başmağımı almağa heç bir haqqın yoxdur!
- Başmağı geri qaytaran deyiləm, – Pəri gülərək dedi, – bir gün o biri başmağı da
səndən alacam, görərsən!
Bu hədəni eşidən Doroti elə hirsləndi ki, yanındakı bir vedrə suyu Pərinin başından
əndərib onu curumbur etdi. Pəri dəhşət içində qışqırıb Dorotinin gözləri önündə kiçilməyə və
əriməyə başladı. Doroti heyrətlə baxırdı.
- Gördün, nə etdin! – Qarı qışqırdı. – İndi mən tamam əriyəcəm!
- Bağışlayın, mən bunu istəmirdim... – Doroti Pərinin qənd kimi yavaş-yavaş
əriməsinə mat qalmışdı.
- Bilmirdin ki, mənim ölümüm sudadır? – Pəri inildədi.
- Əlbəttə yox, – Doroti cavab verdi, – hardan bilə bilərdim?
- Onda bil ki, bir azdan tamam yox olacam, torpaqlarım sənə qalacaq. Mən həmişə
hiyləgər və zalım olmuşam, amma heç vaxt ağlıma gəlməzdi ki, balaca bir qız məni məhv edib
pisliklərimi sona çatdıracaq. Bax, gör nə etdin...
Bu sözlərlə Zalım Pəri qəhvə rəngində qara bir gölməçəyə dönüb mətbəxin təmiz taxta
döşəməsiylə axmağa başladı. Gerçəkdən əriyib getdiyini görən Doroti bir vedrə suyu bu çirkabın
üstündən axıtdı. Sonra qapının çölünə doğru süpürdü. Yaşlı qadının artıq-urtuğunu bir əski
parçasıyla təmizlədikdən sonra gümüş ayaqqabını ayağına keçirtdi. Axır ki azadlığa
qovuşmuşdu. Aslana Şərqin Zalım Pərisinin öldüyünü və artıq bu yad ölkədə əsir olmadıqlarını
söyləmək üçün həyətə qaçdı
13. Qurtuluş
Qorxaq Aslan Zalım Pərinin bir vedrə suyla əriməsinə çox sevinmişdi, Doroti də
qəfəsi açıb Aslanı azad etdi. Sonra ilk növbədə qəsrə gedib bütün Gözvuranları bir yerə
topladılar, artıq kölə olmadıqlarını onlara söylədilər.
Onlarla qəddarcasına davranan Zalım Pərinin dəmir yumruğu altında illərdən bəri
çalışmaqda olan Gözvuranlar bu xəbərə çox sevindilər. Bu günü ziyafət və rəqs bayramı elan
etdilər.
- Dostlarımız Bədheybət və Dəmir Odunçu bizimlə olsaydılar, lap xoşbəxt olardım, -
Aslan ah çəkdi.
- Səncə onları qurtara bilmərikmi? – soruşdu Doroti.
- Biz buna çalışmalıyıq, - deyə cavab verdi Aslan.
Dostlar sarı Gözvuranları çağırıb kömək istədilər. Gözvuranlar onları azad etmiş
Dorotiyə həmişə kömək etməyə hazır olduqlarını bildirdilər. Doroti ən ağıllı, qoçaq Gözvuranları
seçib dostlarını axtarmağa yollandı. Onlar iki gün, iki gecə yol getdilər, dağların arasında əzilmiş
və tamam dağılmış Dəmir Odunçunu tapdılar. Odunçunun baltasının sapı qırılmış, baltanın
ülgücü pas atmışdı.
Gözvuranlar ehtiyatla Dəmir Odunçunu qaldırıb sarı qəsrə apardılar. Dostunun
tamam dağıldığını görən Doroti acı-acı ağladı, Aslan da yaman məyus olmuşdu.
Qəsrə gəlib çatanda Doroti Gözvuranlardan soruşdu:
- Aranızda dəmirçi varmı?
- Hə, əlbəttə; özü də çox yaxşı dəmirçilərimiz var – deyə cavab verdilər.
- Onda həmin dəmirçiləri qəsrə göndərin, - qız tapşırdı.
Tezliklə bir neçə dəmirçi alətləriylə birlikdə Dorotinin yanına gəldi. Doroti onlara
tapşırdı ki, Dəmir Odunçunun bədənini əvvəlki şəklə salsınlar, bütün sınmış yerlərini
lehimləsinlər, əzilmiş yerlərini düzəltsinlər.
Ustalar Dəmir Odunçunun bədəninə hər tərəfdən baxıb dedilər ki, onu təmir etmək
olar. Onlar Dəmir Odunçunu qəsrdəki otaqların birinə aparıb, üç gün, üç gecə yorulmadan
işlədilər, çəkiclə vurdular, lehimlədilər, sürtdülər, yapışdırdılar. Nəhayət, Dəmir Odunçu əvvəlki
görkəmini aldı, onun bədənində bir neçə yamaq olsa da, Odunçu zahiri görkəmə o qədər də
əhəmiyyət verən biri olmadığına görə bu yamaqları o qədər də vecinə almamışdı.
Dəmir Odunçu öz ayaqları ilə Dorotinin yanına gəlib onu xilas etdiyinə görə qıza
təşəkkür etdi, elə qəhərləndi ki, göz yaşlarını tuta bilmədi, Doroti oynaqları paslanmasın deyə
hər göz yaşı damlasını önlüyünün ətəyi ilə silmək məcburiyyətində qaldı. Aslan isə quyruğu ilə
öz gözlərini o qədər silmişdi ki, quyruğunu günəşdə qurutmaq üçün həyətə çıxdı.
Doroti başlarına gələnləri ona danışanda Dəmir Odunçu:
- Keşkə Bədheybət də bizimlə olsaydı... – deyə köks ötürdü.
- Biz onu tapmalıyıq, - Doroti dedi və yenə Gözvuranları çağırdı. Hamı Bədheybəti
axtarmağa yollandı. Uzun müddətdən sonra bir ağacın başında Uçan Meymunların atdığı nimdaş
paltarları gördülər. Ağac elə hündür, gövdəsi elə hamar idi ki, onun başına çıxmaq mümkün
deyildi. Dəmir Odunçu dedi:
- İndi bu ağacı kəsərəm, paltarları asanlıqla götürərik.
Dəmirçilər Dəmir Odunçunu təmir edəndə, qızıl ustası olan bir Gözvuran baltanın
sapını qızıldan düzəltmişdi. Başqa ustalar baltanın tiyəsini cilalamışdılar və indi balta gümüş
kimi parıldayırdı.
Dəmir Odunçu sözünü tamamlayıb işə başladı və təzə iti baltasıyla ağacı kəsib yerə
aşırdı, Bədheybətin paltarları da otların üstünə düşdü.
Doroti və Gözvuranlar paltarları toplayıb qəsrə apardılar, içərisini təzə təmiz samanla
doldurdular. Bax, bu da Bədheybət! Əvvəllərdə olduğu kimi sağlam görünürdü, onu xilas
etdiklərinə görə hər kəsə çoxlu-çoxlu təşəkkür etdi.
Nəhayət, dostlar yenidən bir yerdə idilər, hər şeyin bol və rahat olduğu Sarı Qəsrdə bir
neçə gün dincəlməyi qərara aldılar. Ancaq Doroti Em xalasını xatırladı:
- Gərək Zümrüd Şəhərinə qayıdıb sehirbaz Ozdan tələb edək ki, vədinə əməl etsin, -
Doroti dostlarına dedi.
- Hə, - Dəmir Odunçu dedi, - axırı mən öz ürəyimi almalıyam.
- Mən isə öz beynimi, – Bədheybət əlavə etdi.
- Mən də cəsarətimi almalıyam, - Aslan fikir içində söylədi.
- Mən də Kanzasa geri qayıtmalıyam, – Doroti qışqırıb əl çaldı. - Gəlin, dostlar, sabah
Zümrüd Şəhərinə yollanaq.
Ertəsi gün onlar Gözvuranlarla vidalaşmağa başladılar. Gözvuranlar heyifsilənirdilər
ki, Doroti onların ölkəsindən gedir. Ən çox da Dəmir Odunçunu bəyənmişdilər, ona yalvarırdılar
qalıb Sarı Ölkənin hökmdarı olsun, lakin dostların qərarının qəti olduğunu görüb Gözvuranlar
onlara hədiyyələr verdilər. Toto və Aslana qızıl xalta, Dorotiyə almazlarla bəzədilmiş qızıl
bilərzik, Bədheybətə büdrəyib yıxılmasın deyə dıstəyi qızıldan olan əsa, Dəmir Odunçuya isə
gümüşlə işlənmiş qızıl yağqabı verdilər. Dostların hər biri Gözvuranlara ayrı-ayrılıqda gözəl
sözlər söyləyib təşəkkürlərini bildirdilər və qolları ağrıyıncaya qədər onların əllərini sıxıb
vidalaşdılar.
Doroti Zalım Pərinin dolabından yemək götürmək istəyərkən dolabda Qızıl Papaq
olduğunu gördü. Doroti Qızıl Papağın sehirli gücündən xəbərsizdi, sadəcə Papaq onun xoşuna
gəlmişdi. Öz şlyapasını səbətə qoyub bu gözəl papağı başına qoydu.
Sonra yola hazırlaşıb Zümrüd Şəhərə doğru getməyə başladılar; Gözvuranlar da onları
alqışlarla yola saldılar.

Uçan Meymunlar
Yəqin xatırlayırsız, Qərbin Zalım Pərisinin sarı qəsrindən Zümrüd Şəhərinə nəinki
yol, heç ensiz cığır da yox idi. Pəri ölkəsinə gəlmiş dostları görəndə, onların dalınca uçan
Meymunları göndərmişdi, Meymunlar da Dorotiylə Aslanı hava ilə gətirmişdi. Qaymaqçiçəyi və
çobanyastığı çiçəkləri ilə örtülü olan tarlada yolu tapmaq çox çətin idi. Dostlar günçıxana doğru
getməli olduqlarını bilirdilər. Ancaq axşam düşəndən, günəş qeyb olandan sonra hansı tərəfin
günçıxan, hansı tərəfin günbatan olduğunu anlaya bilmədilər və yolu azdılar. Yenə də Ayın
parlaq işığıyla yerüzü aydınlığa bürünəndə yürüməyə davam etdilər və gözəl qoxulu qızıl
çiçəklərin üzərinə uzanıb yuxuya getdilər, təkcə Dəmir Odunçu və Bədheybət hər zaman olduğu
kimi ayaq üstə qalıb gözlədilər.
Səhər oyananda göy üzü tutqun idi, günəş görünmürdü, amma dostlar hansı tərəfə
gedəcəklərini bilirlərmiş kimi yollarına davam etdilər.
Doroti dedi:
- Tez-tez getsək, yəqin, harasa bir yerə çatarıq.
Günlər keçirdi, əlvan güllü-çiçəkli tarlalar isə qurtarmırdı. Bədheybət deyinməyə
başladı:
- Deyəsən, azmışıq. Zümrüd Şəhərini tapmasam, beyinsiz qalacam!
- Mənim də ürəyim olmaz, - Dəmir Odunçu əlavə etdi, - Daha səbrim qalmadı, Ozun
yanına getmək istəyirəm və razılaşın ki yol çox uzandı.
Qorxaq Aslan dedi:
- Bilirsiniz, - Aslan mızıldadı,- bir yerə gedib çatmadan sonsuza qədər yürüməyə
çəsarətim yoxdur.
Doroti də cəsarətini itirmişdi. Çəmənlərin üstünə çöküb kədərlə dostlarına baxırdı.
Toto elə yorulmuşdu ki, burnunun ucunda uçan kəpənəyi belə tutmağa halı yox idi. Toto dilini
çıxarıb, ləhləyir, kədərlə Dorotiyə baxırdı, sanki soruşurdu, indi nə edək?
- Bəlkə, çöl siçanlarını köməyə çağıraq? - Doroti soruşdu. – Siçanlar, yəqin, Zümrüd
Şəhərini tanıyırlar.
- Əlbəttə göstərərlər, - Bədheybət dedi, - Niyə bu daha öncə ağlımıza gəlməyib?
Doroti Siçan Şahzadəsinin verdiyi düdüyü boynundan asmışdı. Qız düdüyü çaldı. Bir
azdan xırda pəncələrin xışıltısı eşidildi, boz siçanlar Dorotini dövrəyə aldılar. Şahzadə Siçan da
onların arasında idi, ciyildəyərək:
- Dostlarım, sizin üçün nə edə bilərəm? – sordu.
- Azmışıq, Zümrüd Şəhərinə gedən yolu bizə göstərə bilərsinizmi? - Doroti cabab
verdi.
- Canla-başla göstərərik, - Şahzadə cavab verdi; - ancaq şəhər çox uzaqda qalıb, siz
yanlış tərəfə getmisiniz. Siçanlar Şahzadəsi Dorotinin başındakı Qızıl Papağı görüb, - niyə
Papağın gücündən istifadə edib Uçan Meymunları çağırmamısan? – dedi; - onlar bir saatdan
daha az vaxt ərzində sizi Zümrüd Şəhərə çatdırarlar.
- Bu papağın sehirli olduğunu bilmirdim, - dedi Doroti çaşqınlıq içərisində. Papaqdan
necə istifadə edirlər?
- Ovsun papağın astarında yazılıb. Dayanın, hələ Meymunları çağırmayın, biz qaçıb
gizlənməliyik. Onlar həmişə biz siçanları incidirlər.
- Bəs bizə toxunmazlar? - Doroti narahat oldu.
- Yox, yox! Meymunlar Papaq sahibinin əmrlərini yerinə yetirirlər. Salamat qalın! -
Bu sözlərlə Şahzadə öz siçanları ilə birgə gözdən itdi.
Doroti Qızıl Papağın içinə baxıb astarında bir yazı gördü. Qız diqqətlə ovsun sözlərini
oxuyub, Papağı başına qoydu.
- Ep-pe, pep-pe, kak-ke! - dedi Doroti sol ayağı üstə duraraq.
- Nə dedin? – deyə sordu qızın nə etdiyindən xəbərsiz olan Bədheybət.
- Hil-lo, hol-lo, hel-lo! - sağ ayağı üstə dayanaraq davam etdi Doroti.
- Hello! - əsil Kanzaslı amerikan kimi Dəmir Odunçu sakitcə cavab verdi.
- Ziz-zi, zuz-zi, zak! – Qız iki ayağı üstündə dayandı.
O an səs-küy, qəhqəhə səsləri eşidildi, nəhəng meymun sürüsü yolçulara yaxınlaşdı.
Meymunların Başçısı Dorotiyə təzim edib soruşdu:
- Əmriniz nədir?
- Biz Zümrüd Şəhərinə getmək istəyirik, amma yolu azmışıq, - Doroti cavab verdi.
- Sizi daşıyacağıq, - dedi və iki meymun o saat Dototinin qollarından tutub onu göyə
qaldırdılar. Başqa meymunlar Bədheybəti, Dəmir Odunçunu və Aslanı yerdən qaldırdı, Totonu
isə balaca bir meymun aparırdı, it meymunu dişləmək istəsə də meymun ona fikir vermirdi.
Dəmir Odunçu və Bədheybət əvvəlcə çox qorxdular, axı neçə gün əvvəl həmin bu
Meymunlar onları məhv etmişdi. Ancaq bu dəfə meymunların onlara pislik etməyəcəyini başa
düşüb aşağıdakı bağçaları və ormanları seyr edib uçuşun ləzzətini çıxarmağa başladılar.
Dorotini qolları üstündə əyləşdirib rahatca aparan iki ən böyük meymundan biri
onların başçısıydı. Dorotini çarpaz qolları üstə oturtmuşdular və qıza bir zərər gəlməməsinə çox
diqqət edirdilər. Doroti:
- Niyə siz Qızıl Papağın sahibinə tabe olursuz? – deyə soruşdu meymunlardan.
- Bu uzun əhvalatdır, - Meymunların Başçısı cavab verdi, - ancaq yolumuz da uzun
olduğuna görə istəsən sənə danışaram.
- Çox sevinərəm, - deyə cavab verdi qızcığaz.
- Nə vaxtsa, biz azad bir xalq idik. Meşədə yaşayırdıq, ağaclarda atılıb-düşürdük,
meyvələrdən, qozlardan yeyirdik, heç kimə də tabe olmurduq. Bəlkə biz çox dəcəllik edirdik...
Meymunlar qanadı olmayan heyvanların quyruğundan dartır, quşları qovur, insanlara qoz atırdı.
Biz şən və qayğısız yaşayırdıq. Bu lap qədimlərdə olub, o zaman sehirbaz Oz hələ göy üzündən
yerə enməmişdi, hələ ölkənin hökmdarı deyildi.
O zaman uzaq şimalda gözəl bir şahzadə qız yaşayırmış, bu şahzadə güclü sehirbaz
imiş. Şahzadə öz sehrindən insanların yaxşılıqları üçün istifadə edirmiş və yaxşı olan heç bir
kimsəyə pislik etməzmiş. Yaqutdan tikilmiş möhtəşəm bir sarayda yaşayan bu şahzadənin adı
Gayelette idi. Onu hamı sevirdi, ancaq onun ətrafındakı oğlanlar onun qədər gözəl və ağıllı bir
qızın sevməyəcəyi qədər axmaq və çirkin idilər. Bir dəfə Gayelette gözəl, güclü və ağıllı bir
gənclə tanış olur, qərara alır ki, oğlan bir az böyüyəndən sonra onunla evlənsin. Gayelette oğlanı
sarayına aparıb oğlanı daha gözəl, daha güclü və ağıllı etməkdən ötrü bütün sehrini ona sərf
etməyə başlayır. Oğlanın adı Quelala idi, o, ölkənin ən yaraşıqlı, ağıllı kişisinə çevrilmişdi, o
qədər yaraşıqlıydı ki Gayelette onunla evlənməkdən ötrü tələsməyə başlamışdı.
O zamanlar Gayelettenin sarayının yanındakı meşədə yaşayan babam Uçan
Meymunların şahı idi. Özü də, babam yaman zarafatcıl idi. Bir dəfə, toydan bir gün qabaq babam
öz rəiyyətləri ilə çayboyu uçanda Quelalanın gəzintiyə çıxdığını görüb. Quelelanın əynində
çəhrayı ipək və bənövşəyi məxmərdən geyim varmış. Babam onunla zarafat etmək istəyib.
Babamın əmriylə Meymunlar Quelalanı tutub havaya qaldıraraq çaya atıblar.
- Üz görək, necə üzürsən, - babam Quelelaya deyib, - hələ paltarlarını su nə hala
salmış bir baxaq.
Quelala ağıllı və taleyin ondan üz döndərmədiyi bir insan idi. Suyun səthinə çıxanda
güldü və sahilə üzdü. Ancaq ona tərəf qaçan Gayelette ipək və məxmər paltarının xarab
olduğunu gördü.
Şahzadə çox hirslənmişdi və bunu kimin etdiyini təbii ki bilirdi. Sevgilisini çaya atdığına
görə babama hirsləndi, əmr etdi ki, bütün Uçan Meymunlar saraya gəlsinlər. Əvvəlcə Gayelette
meymunların qanadlarını bağlayıb suya atmaq istədi, babam şahzadəni rəhmə gətirməkdən ötrü
yalvarmağa başladı, axı meymunlar suda boğulardı. Quelela da onlar haqqında xoş sözlər
söylədi, meymunları cəzalandırmamasını xahiş etdi. Belə olduğunda Gayelette şərt kəsdi: Uçan
Meymunlar Qızıl Papaq sahibinin üç əmrini yerinə yetirəcəkdilər. Qızıl Papağı Gayelette toy
hədiyyəsi olaraq sevgilisi Quelalaya bağışladı, Papaq çox qiymətli idi. Babam o dəqiqə razılaşdı.
O vaxtdan biz Qızıl Papaq sahibinin əmrlərini yerinə yetiririk.
- Bəs sonra nə oldu? – Doroti soruşdu.
- Əvvəlcə Papaq Quelalada idi, o bizə əmr etdi ki, meşəyə gedək və birdə sarayda
görünməyək. Sonra Qərbin Zalım Pərisi Papağı ələ keçirtdi, məcbur etdi ki, biz Gözvuranları
Pərinin qulu edək, sehirbaz Ozun ordusunu qovaq. İndi sən bizim sahibəmizsən, biz üç əmrini
yerinə yetirməliyik.
Doroti aşağı baxanda gördü ki, Zümrüd Şəhərinin divarları parlayır. Qız sevinirdi ki,
şəhərə belə tez çatıb. Uçmaq rahat olsa da, Doroti çoxdan yerə enmək istəyirdi. Uçan Meymunlar
şəhər qapılarının yanında yerə endi. Meymunların başçısı Dorotiyə təzim etdi və Meymunlar
uçub getdi.
- Yaxşı uçduq, - Doroti dedi.
- Hə, elə tez gəlib çatdıq ki, həm də başımız dərddən qurtuldu – Aslan təsdiqlədi. – O
sehirli papağı da özünlə götürdüyünə görə bəxtimiz gətirib.


Tarix: 09.06.2015 / 12:42 Müəllif: Aziza Baxılıb: 371 Bölmə: L. Frank Baum - "Öz ölkəsinin qəribə sehirbazı"