beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

2-ci hissə^
2-ci hissə^

Meşə yolu
Bir azdan yol əvvəlki hamarlığını itirdi, yerimək çətinləşdi. Yolda çuxurlar vardı. Toto
onların üstündən atılır, Doroti isə ehtiyatla yanlarından keçirdi. Bədheybət isə, beyni olmadığına
görə, birbaşa çuxurların üstünə gedir, tez-tez də tir-tap sivri kərpiclərin üstünə yıxılırdı, amma
əzilmirdi. Doroti saman dostunu qaldırarkən, ilk növbədə elə Bədheybət özü öz bambılılığına
gülürdü.
Bu yerlərdə fermalar yaraşıqlı deyildi. Evlər, meyvə ağacları azdı. Yolçular getdikcə,
ətraf daha vahiməli, daha qaranlıq olurdu.
Günorta yolçular çayın sahilində dincəlmək istədilər. Doroti zənbildən çörək götürüb
Bədheybətə verdi, o isə imtina etdi.
- Mən aclığın nə demək olduğunu bilmirəm, buna görə də özümü çox xoşbəxt sayıram –
saman dost dedi, – axı ağzımı boya ilə çəkiblər, əgər üzümdə deşik açsaydılar, saman yerə
tökülərdi, başım formasını itirərdi.
Doroti onun söylədiklərinin doğru olduğunu anladı və başını aşağı salıb çörəyini iştahla
yeməyə başladı.
- Mənə özün haqqında, gəldiyin ölkə haqqında bir az danışsana – Bədheybət qızdan xahiş
etdi. Doroti Kanzasın boz çöllərindən, qasırğanın onu uzaq ölkəyə atmasından söz açdı.
Bədheybət diqqətlə qulaq asırdı, sonra dedi:
- Başa düşə bilmirəm, niyə belə gözəl ölkəni tərk edib üzüntülü, quru Kanzasa
qayıtmaq istəyirsən?
- Sənin beynin yoxdur, ona görə anlamırsan, – Doroti cavab verdi, – biz, qandan-
candan olan adamlar, öz ölkəmizdə yaşamaq istəyirik. İnsanın öz evi dünyada ən yaxşı yerdir.
Bədheybət köks ötürdü:
- Hə də, necə anlayım... Sizin də başınız mənimki kimi samanla dolu olsaydı, gözəl
ölkələrə gedərdiz, Kanzas tamam boşalardı. Kanzasın bəxti gətirib ki, orda əsil beyinləri olan
adamlar yaşayır.
- Bəlkə sən də özün haqqında danışasan? – Doroti soruşdu.
Bədheybət məyus halda qıza baxdı.
- Bilirsən də, mən hələ az yaşamışam, danışmağa bir şey yoxdur. Məni iki gün əvvəl
düzəltmişdilər. Məndən əvvəl nə olub, bilmirəm. Xoşbəxtlikdən, məni düzəldən kəndli əvvəlcə
qulaqlarımı çəkmişdi, mən də ətrafda baş verənləri eşitdim. Kəndli yanındakı Çeynəçidən
soruşmuşdu:
- Hə, qulaqlar necədir?
Çeynəçi də demişdi:
- Əyridir.
- Eybi yox, əsas odur ki, onlar qulaqlara oxşayır.
Kəndli haqlı idi. Sonra o, sağ gözümü çəkdi, mən də maraqla ətrafa baxdım.
- Pis deyil, – kəndlinin dostu dilləndi. – Mavi rəng gözlərə yaxşı yaraşır.
- İkinci gözü bir qədər böyük çəkəcəm, – kəndli fikir içində dedi və gözü çəkib
qurtarandan sonra hiss etdim ki, daha yaxşı görürəm. Sonra sahibim burnumu, ağzımı çəkdi,
amma danışmadım, çünki bilmirdim, ağız nəyə gərəkdir. Mən kəndli ilə dostunun iş görməsinə
maraqla baxırdım, onlar bədənimi, ayaqlarımı düzəldəndən sonra başımı birləşdirdilər. Elə
həmin kəndli kimi yaraşıqlı olduğumu düşündüm, özüm özümdən qürur duydum.
- Bu oğlan bütün qarğaları qorxudacaq, – kəndli dedi; – əməlli-başlı adama oxşayır.
- Hə, əsil adamdır, – dostu təsdiqlədi. Bildim ki, o da haqlıdır. Sahibim məni
qoltuğuna basıb qarğıdalı tarlasına gətirdi və taxta çubuğa taxdı. Onlar getdilər, mən isə tək
qaldım.
Məni tarlada tək qoymaları heç xoşuma gəlmədi, amma neyləyə bilərdim? Ayaqlarım
yerə dəymirdi, mən çubuqda qalmalı oldum. Darıxırdım, xəyala dala bilmirdim, axı mənim
xatirələrim yox idi. Tarla üzərindən uçan quşlar məni görən kimi qorxub gizlənmişdilər. Bu
mənə bir qədər təskinlik verdi, özümü önəmli bir adam hesab etdim. Bir az keçmiş qoca bir
qarğa mənə yaxınlaşdı, diqqətlə baxandan sonra çiynimə qonub belə dedi:
- Fermer bizi belə yöndəmsiz düzəlmiş bir şeylə aldatmaq istəyir? Ağlı başında olan
hər bir qarğa baxan kimi sənin adam deyil, bir müqəvva olduğunu biləcək. İçinə saman təpilmiş
adi zırlama bir müqəvva. – Bu sözləri deyib qarğa sakitcə yerə qondu, ürəyi istəyən qədər
qarğıdalılardan dənləməyə başladı. Başqa quşlar da mənim vecsiz olduğumu görüb uçub gəldilər.
Əvvəlcə yaman məyus oldum, pis müqəvva olduğumu düşündüm, amma bir də baxdım, qarğa
mənə təsəlli verir:
- Başında saman yox, beyin olsaydı, sən də adamlardan geri qalmazdın, bəlkə də
onlardan daha yaxşı olardın. Bu həyatda beyin insana da, qarğaya da gərəkli olan ən önəmli
şeydir.
Qarğalar uçub getdikdən sonra mən var gücümlə fikirləşməyə başladım, nəyin
bahasına olursa olsun, beyin əldə etməyə qərar verdim. Xoşbəxtlikdən, sən məni çubuqdan
çıxartdın. İndi Zümrüd Şəhərinə gedirəm, bəlkə müdrik Oz mənə beyin verər.
- Umudum var, verər – Doroti söylədi; – Beyin sənə bu qədər çox lazımdırsa, onda
Oz səni rədd etməz.
- Əlbəttə! Axı beyinsiz axmaq olduğunu bilmək çox pisdir!
Artıq çəpərlənmiş tarlalar geridə qalmışdı. Yolun hər iki tərəfində uzanan torpaq
şumlanmamışdı. Axşam yolçular qalın bir meşəyə çatdılar, burada ağacların budaqları kərpic
yolun üzərində biri-birlərinə sarılmışdı. Yerə işıq düşmürdü, getmək çətindi, lakin Doroti və
Bədheybət dayanmadan yürüyürdülər.
- Əgər yol bizi meşəyə gətiribsə, deməli, gec-tez bizi meşədən çıxaracaq! – Bədheybət
müdrikcəsinə dedi: – Yolun qurtardığı yerdə Zümrüd Şəhəri yerləşirsə, deməli, bu yolla axıra
qədər getməliyik.
- Bunu bilməyə nə var! – Doroti dedi.
- Hə də, bunu bilmək asan olduğuna görə mən də yalnız bunu deyə bilirəm, – dedi
Bədheybət; – Bunu bilməkdən ötrü beyin lazım olsaydı yəqin ki mən bunu deyə bilməzdim.
Təxminən bir saatdan sonra hava tamam qaraldı, amma yolçular yollarından
qalmadılar. Doroti heç nə görmürdü, ancaq bəzi itlər qaranlıqda çox yaxşı görə bildiyinə görə
Toto ətrafını seçə bilirdi; Bədheybət də gündüz olduğu kimi yaxşı gördüyünü söylədi. Qız
Bədheybətin qoluna girib çətinliklə irəliləyirdi.
- Bir ev görsən, de, qaranlıqda yol getməkdənsə, evdə gecələmək yaxşıdır, – Doroti
dedi.
Bir az gedəndən sonra Bədheybət dayandı və qışqırdı:
- Sağda bir ev görürəm! Budaqlarla örtülmüş daxma! Bəlkə, ora gedək?
- Hə, – qız razılaşdı. – Yaman yorulmuşam.
Bədheybət Dorotini ağaclar arasında görünməz olan daxmaya apardı. Onlar içəri
girəndə, küncdə quru yarpaqlardan hazırlanmış yataq gördülər. Doroti uzanan kimi yuxuya getdi.
Toto onun yanında özünə yer tapdı. Bədheybət bilmirdi yorğunluq nədir, ona görə o biri kuncdə
dayanıb səhərin açılmasını gözlədi.

Dəmir Odunçunun qurtarılması
Doroti yuxudan oyananda, günəş çıxmışdı, Toto meşədə quşları qovurdu. Bədheybət
hələ də küncdə dayanmışdı.
- Gərək su tapaq, – Doroti dedi.
- Suyu neynirsən?
- Əl-üzümü yuyacam, su içəcəm, yoxsa quru çörək boğazımdan getmir.
- Qandan-candan olan adamların həyatı nə qədər çətindir! – Bədheybət fikir içində
dedi; – Yatmaq lazımdır, yemək, içmək lazımdır! Əvəzindəsə insanların beyni var və onlar
düşünə bilirlər.
Onlar komadan çıxıb dupduru bir bulaq tapdılar. Doroti əl-üzünü yudu, su içdi,
zənbildə yalnız bir günlük yemək qalmışdı, Totoyla birlikdə çörəkdən bir tikə yedilər. Qız
sevinirdi ki, Bədheybət heç nə yemir, yoxsa azuqə tez qurtarardı.
Yeyib qurtarandan sonra yola davam etmək olardı. Doroti birdən diksindi: yaxınlıqdan
inilti səsi gəlirdi.
- O nə səsdir elə? – Doroti ürkək səslə Bədheybətdən soruşdu.
- Bilmirəm. İstəsən, gedib baxaram.
Yenə inilti səsi eşidildi. Doroti və Bədheybət səsə tərəf getdilər, bir-iki addım
atmamış, Doroti gördü ki, ağacların arasında nəsə parıldayır. Qız ora qaçdı və qorxu içində
qışqırdı:
- Ayy, bu nədir?
Hündür ağaclardan biri baltalanmışdı, ağacın yanında başdan ayağa qədər dəmirdən
olan bir adam vardı. O, əlində balta tutmuşdu. Adamın əli-ayağı olsa da tərpənə bilmirdi.
Doroti və Bədheybət qəribə odunçuya baxdılar, Toto hirslə hürdü, odunçunun dəmir
ayağını dişləmək istədi, az qaldı dişləri qırılsın.
- İnildəyən sənmiydin? – Doroti Dəmir Odunçudan soruşdu.
- Hə, – Odunçu cavab verdi; – Bir ildir ki, burda dayanıb köməyə çağırıram, amma
heç kim eşitmir.
- Sənə necə kömək edə bilərəm? – Qız soruşdu. Onun Odunçuya yazığı gəlmişdi.
- Yağqabını götür, oynaqlarımı yaxşı-yaxşı yağla. Onlar elə pas atıb ki, əl-ayağımı
tərpədə bilmirəm. Məni yaxşı yağlasalar, hər şey yenə qaydasında olar. Yağqabı daxmadakı
taxçadadır.
Doroti daxmaya qaçıb yağqabını gətirdi.
- Harana sürtüm? – Doroti soruşdu.
- Əvvəlcə boynumu yağla, – Odunçu dedi.
Doroti elə də etdi. Odunçunun boynu elə paslanmışdı ki, Odunçuya rahat olsun deyə
Bədheybət onun başını bir xeyli sağa-sola döndərdi.
- İndi qollarımı yağla, – Odunçu dedi.
Doroti Odunçunun qollarındakı kürə oynaqları yağladı, Bədheybət ona kömək edir,
pası tamam tökülsün deyə yağlanmış qolları qaldırıb endirirdi.
Dəmir Odunçu rahatlıqla nəfəs alıb əlindəki baltanı endirdi.
- Nə böyük xoşbəxtlik! – dedi; – Bir ildir burda qalmışdım. Nəhayət baltanı endirə
bildim. İndisə, ayaq oynaqlarımı yağlasaz lap əla olar.
Doroti ilə Bədheybət Odunçunun xahişini yerinə yetirdilər və o yenidən gəzməyə,
hərəkət etməyə başladı. Odunçu xilaskarlarına dönə-dönə sağol dedi, həddən artıq nəzakətli bir
Dəmir Oduncuydu.
- Siz olmasaydız, mən tamam pas atıb dağılacaqdım. Siz məni xilas etdiz. Bura necə
gəlib çıxmısız? – Odunçu soruşdu.
- Biz böyük Ozun yanına, Zümrüd Şəhərinə gedirik, – Doroti cavab verdi; – sənin
daxmanda gecələmişdik.
- Oz nəyinizə lazımdır?
- İstəyirəm məni Kanzasa qaytarsın, Bədheybətə də bir az beyin versin, – Doroti dedi.
Dəmir Odunçu bir anlıq fikrə getdi, sonra soruşdu:
- Necə bilirsiz, Oz mənə ürək verə bilər?
- Niyə də verməsin, – Doroti dedi; – bu, Bədheybətə beyin verməkdən çətin olmaz.
- Etiraz etməsəniz, mən də sizinlə gedib Ozdan ürək istəyərəm.
- Gedək, – Bədheybət razılaşdı. Doroti də yeni yol yoldaşı tapdıqlarına çox sevindiyini
söylədi. Dəmir Odunçu baltasını çiyninə atdı, üç yolçu sarı kərpic yolla yoluna davam etdi, lakin
əvvəlcə Dəmir Odunçu Dorotidən xahiş etmişdi ki, yağqabını zənbilinə qoysun.
- Yağışa düşsəm, yenə paslanaram, onda yağqabı köməyimə gələr, – Odunçu qıza
başa saldı.
Yaxşı ki, Dəmir Odunçu onlara yoldaşlıq edirdi, çünki bir azdan meşə elə qalınlaşdı
ki, yolu keçmək olmurdu. Dəmir Odunçu baltasını işə salıb yolçulara yol açırdı.
Yolda Doroti fikrə getdiyindən, Bədheybətin yenə də yıxıldığını görmədi. Müqəvva
yolun kənarındakı xəndəyə düşmüşdü. Dorotinin diqqətini cəlb etmək üçün Bədheybət qışqırdı.
- Niyə xəndəyin kənarından keçmədin? – Dəmir Odunçu təəccüblə soruşdu.
- Çünki ağlım yoxdur, – Bədheybət cavab verdi; - Axı başımda beyin yoxdur,
samandır, buna görə Zümrüd Şəhərinə, böyük Ozun yanına gedirəm də.
- Başa düşürəm, – Dəmir Odunçu dedi; – amma həyatda beyin əsas deyil.
- Sənin beynin var? – Bədheybət Dəmir Odunçudan soruşdu.
- Yox, başım boşdur. Nə vaxtsa mənim beynim də vardı, ürəyim də, amma indi
seçməli olsaydım, ürəyə üstünlük verərdim.
- Elə niyə?
- İndi özüm haqqında danışaram, hər şeyi anlayarsız.
Meşəylə gedə-gedə Dəmir Odunçu öz əhvalatını danışdı:
- Atam odunçu idi, ağac yarıb odun doğrayar, satıb qazandığı pulla dolanardı.
Böyüdüm, mən də odunçu oldum. Sonra atam, anam vəfat etdi, tək qaldım. Elə tənha idim ki...
Evlənmək qərarına gəldim. Bir gözəl Çeynəçi qıza aşiq olmuşdum, qız mənimlə evlənmək
istəyirdi, amma bir şərti var idi; gərək mən daha yaxşı bir ev tikməyə yetəcək qədər pul
qazanaydım. Beləcə mən hər zamankından daha çox işləməyə başladım. Qız qoca xalasıyla
yaşayırdı, bütün ev işlərini görürdü, xala o qədər tənbəl idi ki, qızın kiminləsə evlənib ərə
getməsini istəmirdi. O, evlənməyə mane olmaq üçün Şərqin Zalım Pərisinin yanına getdi, ona
iki qoyun və bir inək bağışlayıb xahiş etdi ki, bizi evlənməyə qoymasın. Pəri baltamı ovsunladı.
Bir gün mən odun yaranda, balta əlimdən çıxdı, sol ayağımı kəsdi.
Çox kədərləndim. Bilirdim ki, birayaqlı odunçu olmur. Tanış dəmirçi mənə dəmir ayaq düzəltdi,
mən dəmir ayağıma tezliklə öyrəşdim. Bunu eşidən Zalım Pəri çox qəzəblənmişdi. Mən yenə də
meşədə odun yaranda, balta yenə əlimdən çıxıb, bu dəfə sağ ayağımı kəsdi. Heç qorxmadım,
dəmirçinin yanına gedib yenə də dəmir ayaq düzəltdirdim. Bundan sonra balta mənim qollarımı
kəsdi, dəmirçi yenə mənə kömək etdi. Balta başımı kəsəndə, elə bildim ki, hər şey bitdi, amma
mahir dəmirçi mənə dəmir baş düzəltməyi başardı. Elə bilirdim Zalım Pəriyə qalib gəlmişəm,
amma o, daha xain çıxdı. Pəri baltanı elə ovsunladı ki, balta mənim bədənimi iki yerə böldü.
Dəmirçi dostum yenə də mənə kömək elədi. Mənim bədənim, başım, əl-ayaqlarım dəmirdən idi,
mən yenə gəzə bilirdim, odun yarırdım. Amma heyif ki, artıq ürəyim yox idi, buna görə qıza
olan sevgim də yoxa çıxmışdı. Mənə elə gəlir ki, sevgilim hələ də məni gözləyir. Dəmir bədənim
günəşin altında par-par yanırdı. Mən baltadan qorxmurdum, axı kəsilməli bir şeyim qalmamışdı.
Amma bir təhlükə daha vardı, dəmir əzalar pas ata bilərdi. Mən yağqabı aldım, hərdən bir əl-
ayaqlarımı, boynumu yağlayırdım. Bir gün bunu etməyi unutdum və bərk yağışa düşdüm.
Oynaqlarım pas atdı, mən tərpənməz halda meşədə ilişib qaldım, nəhayət baxın, sız məni xilas
etdiniz. Tale mənə böyük zərbə vurmuşdu, mən meşədə qalanda bu haqda çox fikirləşirdim, başa
düşdüm ki, bu həyatda ən dəhşətli şey ürəksiz qalmaqdır. Sevəndə, dünyanın ən xoşbəxt adamı
idim, lakin elə ki ürəksiz qaldım, baxıb gördüm ki, artıq sevə bilmirəm. Ona görə istəyirəm
böyük Oz mənə ürək versin, mən də qayıdıb Çeynəçi sevgilimlə evlənim.
Doroti və Bədheybət diqqətlə Dəmir Odunçunun əhvalatına qulaq asırdılar, onun
halına acıyaraq nə üçün ürək istədiyini başa düşdülər.
- Hər halda, – Bədheybət dedi, – mən beyin seçərdim. Beyinsiz axmaq bir adamın
qəlbi olsa da onunla nə edəcəyini bilməz.
- Yox, ürək yaxşıdır, – Dəmir Odunçu fikrindən dönmürdü; – beyin insanı xoşbəxt
etmir, dünyada xoşbəxtlikdən yaxşı isə heç nə yoxdur.
Doroti bir söz demədi, çünki hansı dostunun haqlı olduğunu bilmirdi. Qızcığazın
fikirləri qarışmışdı, ən əsası Em xalanın yanına, Kanzasa qayıtmaq olduğuna ürəyində qərar
vermişdi, ondan sonra Dəmir Odunçunun qəlbinin və Bədheybətin beyninin olmamasının
onunçün bir önəmi qalmayacaqdı.
Onu daha çox narahat edən çörəyinin bitmək üzərə olmasıydı, özü və Toto çəmi bir
dəfə nahar etsəydilər səbət tamam boşalacaqdı. Bədheybət və Dəmir Odunçu acmırdı, amma
Doroti samandan, dəmirdən deyildi və yeməksiz qala bilmirdi.

Qorxaq Aslan
Bütün bu vaxt ərzində yolçular qalın meşənin içərisindən keçən yolla addımladılar.
Yol əvvəlki kimi sarı kərpiclə döşənmişdi, lakin kərpiclər qurumuş budaqların və tökülmüş
yarpaqların altında demək olar ki, görünməz olmuşdu. Çox asanlıqla yolu itirə bilərdilər.
Meşənin bu hissəsində quşlar demək olar ki gözə dəymirdi. Quşlar günəşin bol olduğu
balaca meşə talalarını sevirlər. Arada-bir meşənin dərinliklərindən vahiməli nəriltilər eşidilirdi.
Bu qorxunc səslərdən Dorotinin ürəyi titrəməyə başlamışdı, çünki o, meşənin qaranlıqlarında
hansı qorxunc yırtıcıların gizləndiyindən xəbərsiz idi. Ancaq Toto, deyəsən, nələrin baş verdiyini
anlamışdı, yol boyunca Dorotinin ayaqlarına qısılır, hürməyə cəsarət etmirdi.
- Meşə tez qurtaracaq? – Qız Dəmir Odunçudan soruşdu.
- Bilmirəm, mən heç vaxt bu yolla getməmişəm, Zümrüd Şəhərində də olmamışam.
Düzdür, atam orada olub, amma mən o zamanlar çox kiçikdim, atam deyirdi ki, Zümrüd
Şəhərinə yol çox uzaq və çətindir, amma Zümrüd Şəhərinin yaxınlığında gözəl yerlər var. Əlimin
altında yağqabı olarsa, təhlükələrdən qorxmaram. Bədheybət də qorxunun nə olduğunu bilməz,
sənin alnında isə Xeyirxah Pəri öpücüyünün izi var.
- Bəs Totonu kim müdafiə edəcək? – Doroti narahat oldu.
- Başına bir iş gəlsə, hamımız Totoya kömək edəcəyik, – Dəmir Odunçu Dorotini
sakitləşdirdi.
Bunu deməyə macal tapmamış, meşədən yenə də qorxunc bir nərilti eşidildi və yolun
ortasında nəhəng bir aslan peyda oldu. Aslan qorxulu pəncəsinin bir zərbəsiylə Bədheybəti
kolların dibinə atdı, sonra kəskin dırnaqlarıyla Dəmir Odunçunun üzərinə atıldı. Odunçu yerə
yıxılsa da, sağ qalmışdı, pəncələrinin heç təsiri olmaması aslanı yaman təəccübləndirdi.
Düşməni görən Toto onun üstünə cumdu, aslan ağzını genuş açdı ki, Totonu dişləsin,
bu an Doroti hər şeyi unudaraq, sədaqətli dostunu müdafiə etmək üçün nəhəng yırtıcının burnuna
yumruqla vurdu və qışqırdı:
- Totoya dəymə! Utanmırsan, belə böyüksən, amma balaca itin üstünə cumursan!
- Mən onu dişləmədim ki, – günahkar Aslan pəncəsiylə burnunu sürtdü.
- Sən onu dişləmək istəyirdin, – Doroti təkid etdi; – Sən qorxaqsan!
- Döğrudur, – Aslan başını yelləyərək boynuna aldı, – mən bunu bilirəm. Amma
çarəsini tapa bilmirəm, neynim?
- Bilmirəm, – Doroti cavab verdi; – İndi de görüm, samanla dolu bədbəxt Bədheybəti
niyə vurdun?
- O samanla doludur? – Aslan təəccübləndi. Doroti Bədheybəti qaldırdı, bədəninə
lazımi formanı verməkdən ötrü əliylə çırpışdırdı.
- Əlbəttə, – Doroti narazı halda mızıldadı.
- Həə..., indi bildim niyə o, belə uzağa uçdu! – Aslan dedi; – Mən də deyirəm görəsən
niyə belə oldu. İkincisi də samanla doldurulub?
- Yox, o, dəmirdəndir, – Doroti Dəmir Odunçuya ayağa qalxmasına kömək etdi.
- Hə, az qala caynaqlarım sınacaqdı! – Aslan başa düşdü; – Caynaqlarım dəmirə
sürtülüb elə səs çıxartdı ki, ətim ürpəşdi. Sənin bu qədər sevdiyin o balaca canlı kimdir?
- İtim Totodur.
- O da samanla doludur, yoxsa dəmirdəndir? – Aslan soruşdu.
- Yox, o ətdən-qandandı.
- Nə məzəli heyvandır, özü də bapbalaca! Mənim kimi qorxaq bu körpəyə pəncəsini
necə qaldıra bilərdi... – Aslan kədərli halda mızıldadı, başını aşağı salladı.
- Niyə bu qədər qorxaqsan? – Doroti orta boylu at böyüklükdə olan Aslandan soruşdu.
- Bu böyük sirdir, – Aslan cavab verdi; – Mən belə doğulmuşam. Bütün meşə
heyvanları elə bilirlər ki, mən mərd və əzaziləm, axı aslan heyvanların şahıdır. Duymuşam ki,
ucadan nərə çəkəndə, hamı qaçıb gizlənir. Mən meşədə insan görəndə, çox qorxuram, amma elə
bağırıram ki, onlar qaçıb getsinlər. Fil, pələng, ya da ayı mənimlə əlbəyaxa olsaydı, özüm qaçıb
canımı qurtarmalı olardım, bax, mən belə qorxağam! Amma nərəmi eşidən hər kəs yolumdan
qaçır, mən də buna imkan yaradıram.
- Axı bu düzgün deyil. Heyvanların şahı qorxaq ola bilməz! – Bədheybət dedi.
- Razıyam, – Aslan cavab verdi və yanağına yuvarlanmış göz yaşını sildi; – Bu məni
çox incidir. Bu həyat deyil, əsil işgəncədir! Xırda təhlükə yaranan kimi ürəyim az qalır
köksümdən çıxsın!
- Bəlkə səndə ürək xəstəliyi var? – Dəmir Odunçu soruşdu.
- Bəlkə də, – Qorxaq Aslan cavab verdi.
- Əgər belədirsə, – Odunçu sözünə davam etdi, – sən sevinməlisən, demək, sənin
ürəyin var. Mənimsə ürəyim yoxdur, deməli, ürək xəstəliyim ola bilməz.
- Bəlkə ürəyim olmasaydı, qorxaq olmazdım, – Qorxaq Aslan fikir içində dedi.
- Bəs beynin var? – Bədheybət soruşdu.
- Yəqin var, mən onu görməmişəm, – Qorxaq Aclan dedi.
Bədheybət bildirdi:
- Zümrüd Şəhərinə, müdrik Ozun yanına gedirəm ki, ondan bir az beyin istəyim,
yoxsa başım samanla doludur.
- Mən də Ozdan ürək istəyəcəm, – Dəmir Odunçu dedi.
- Mən də istəyirəm ki, Oz Totoyla məni evə, Kanzasa göndərsin, – Doroti söylədi.
- Necə bilirsiz, Oz mənə bir az cəsarət verər? – Aslan ümidlə soruşdu.
- Verər. Bu onun üçün mənə beyin verməkdən çətin deyil, – Bədheybət cavab verdi.
- Mənə isə ürək verməkdən, – Odunçu dedi.
- Ya da məni Kanzasa göndərməkdən, – Doroti də yekunlaşdırdı.
- Onda, əgər etiraz etmirsizsə, mən də sizinlə gedərəm, – Aslan qərara aldı, – yoxsa
qorxaq həyat yaşamaq zəhləmi töküb.
- Bizimlə getsən, sevinərik, – Doroti söylədi; – Yolda yırtıcı heyvanları qovarsan.
Məncə, onlar səndən də qorxaqdır.
- Yəqin, – Aslan razılaşdı, – heyif ki, bu məni cəsarətli etmir. Qorxaq olduğumu özüm
bildiyim üçün həyatda bədbəxtəm.
Kiçik dəstə yenə yola düzəldi. Aslan təkəbbürlə Dorotinin yanıyca addımlayırdı.
Əvvəlcə Toto yeni yoldaşı bəyənmədi, o, nəhəng aslan pəncəsinin zərbəsini hələ unutmamışdı,
lakin tezliklə Totonun həyəcanı yatdı bir az keçəndən sonra isə itlə aslan ayrılmaz dost oldular.
Həmin gün dostların başına bir əhvalat gəlmədi, yalnız Dəmir Odunçu bir böcəyi
ayaqlayıb əzdi. Böcək sarı kərpic yoldan keçmək istəyirdi. Bu hadisə Odunçunu elə məyus etdi
ki, o ağlamağa başladı, çünki Odunçu canlılara ziyan vurmaqdan çəkinirdi. Göz yaşları
Odunçunun sifətinə axdı, çənəsi paslandı. Doroti Odunçudan nəsə soruşanda, Odunçu ağzını aça
bilmədi. Bunu görən Odunçu bərk qorxdu, əl-qoluyla qıza işarə etdi, ancaq Doroti heç nə
anlamadı. Aslan da çaş-baş qalmışdı, Bədheybət Dorotinin zənbilindən yağqabını çıxarıb
Odunçunun çənəsini yağladı, bir müddət keçəndən sonra Odunçu artıq ağzını açıb danışa bilirdi.
- Mənə yaxşı dərs oldu! – Odunçu dedi; – Həmişə ayağımın altına baxmalıyam.
Ehtiyatsız olub bir də kimisə əzsəm, yenə ağlayaram, yenə də çənəm pas atar, danışa bilmərəm.
Bundan sonra Odunçu bütün yolu ayaqlarının altına baxırdı, qarışqa görəndə, ehtiyatla
onun üstündən keçirdi. Dəmir Odunçu ürəyinin olmadığını bilirdi, ona görə də daha diqqətli
davranırdı.
- İnsanların ürəyi var, – Odunçu dedi, – onlar ürəklərinin səsini dinləyib nə lazımsa
onu edirlər. Mənimsə ürəyim yoxdur, ona görə daim diqqətli olmalıyam. Yalnız böyük müdrik
Oz mənə ürək verəndən sonra bir qədər rahat ola bilərəm.


Tarix: 09.06.2015 / 12:39 Müəllif: Aziza Baxılıb: 274 Bölmə: L. Frank Baum - "Öz ölkəsinin qəribə sehirbazı"