beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

İlan balası – Ramiz Rövşən

Böyüyüb bu körpə ilan balası,

gah o başa, gah bu başa sürünür.

Sevinir udduğu havaya, suya,

Torpağa sevinir,daşa sevinir.

Bir sevgi həvəsi dolur canına,

Gecələr gözünün itir yuxusu.

Çiçəyin qoxusu,

otun qoxusu,

Küləyin nəfəsi dolur canına.

Özündən xəbərsiz,

səssiz-səmirsiz

Zəhərə çevrilir canında hər şey.

Bu ilan balası bir vaxt

Canında gizlənən zəhərdən xəbər tutacaq.

Bəlkə qarğıyacaq

baxtını onda,

Bəlkə boğazını

qəhər tutacaq.

Ağlama, ağlama, ilan balası,

Baxtını qarğıma, ilan balası!

Bu da bir ömürdü,

dözəsən gərək,

Beləymiş taleyin əmri, buyruğu;

Döşünün altında

sevən bir ürək,

Dişinin altında

zəhər tuluğu.

Görənlər çığırar:

- İlan var, ilan!..

Qovduqca qovarlar səni dünyada.

Hər yandan kəsilər

yolun-yolağın,

Tək bircə yol qalar sənə dünyada;

Başından

quyruğunacan,

Zəhərli dişindən

Quyruğunacan

Tək bircə yol qalar, -

o yol özünsən,

Özün öz yolunsan, ilan balası.

Hara qaçacaqsan

göz qabağından,

Bu zalım dünyaya neyləyəcəksən?

Yüz yol çıxacaqsan

öz qabığından,

Özündən ayrıla bilməyəcəksən.

Öyrən,

yavaş-yavaş özünə öyrən,

Dünyanın hər cürə üzünə

öyrən.

Barış canındakı zəhərli dərdlə,

iyrənmə özündən, ilan balası.

Bəlkə də, ən acı həqiqət elə

sənsən yer üzündə, ilan balası.

Sənsən haqqın yolu bu yer üzündə,

tanrı özü seçib bu yolu bəlkə.

Yüz cür sifətiylə, yüz cür üzüylə

dünya səndən keçib durulur bəlkə.


Tarix: 26.03.2013 / 19:00 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 1094 Bölmə: Ibretamiz şerler