beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

İdeya mənbələri

Hürufilik fəlsəfəsinin əsasını mistik panteizm təşkil edir. Hürufilik öyrədir ki, bütün dünyanın və yaradılışın sirri hərflərdədir. Hürufilər belə başa düşürdülər ki, insan özü tanrıdır və ya insanlar Allahın vücudundan qopmuş parçalardır. Yalnız kamil insan (Allahın vücudunun bir parçası) yenidən Allaha qovuşacaqdır. Bu o zaman baş verir ki, insan yaradılışın ən yüksək səviyyəsinə çatır. Hürufiliyin ilk elementlərinə fəlsəfənin yarandığı vaxtlarda da təsadüf edilir.

Hürufiliyin yaranmasına təsir göstərən amilləri Yaxın və Orta Şərqin fəlsəfəsində axtarmaq lazımdır. Şərqdə olan ideyaların Hürufiliyə təsirinə iki aspektdə baxmaq olar:

Bu dövrdə Şərq fəlsəfəsinin inkişaf etməsi və Hürufiliyin öz ideyalarını ərəbdilli peripatetiklərdən götürməsi.
Şərq fəlsəfəsində müxtəlif sektaların, icmaların və dini cəmiyyətlərin olması baxımından öyrənmək olar.
Şərq peripatetizminin nümayəndələrinin əsərlərinə müraciət etməklə hürufilər Yunan fəlsəfəsindən də bəhrələnmişdilər.

Xəlifə Məmunun dövründə Kateqoriyalar, Metafizika, Yaradılış və Ölüm haqqında Aristotelin kitabı, Platonun – Sofist, Qanunlar və s. əsərləri tərcümə edilmişdir.

Şərqlilər yunan fəlsəfəsi ilə tərcümələr sayəsində tanış olmağa başlamışdılar və sonradan bu fəlsəfi fikirlər islam fəlsəfəsinə təsir göstərmişdir.

İslam bidətçiləri əksərən islama qədərki bidətçilərin hərəkatını təkrar etsələr də, dinin əleyhinə getdiklərini boyunlarına almırdılar. Əslində Hürufiliyin özü də bu bidətçi cərəyanlardan öz qidasını almışdır. Bunların içində maniçilik xüsusi yer tutur.

Əsrlər boyu hərflərin bir hissəsi müqəddəs sayılaraq bunlara müxtəlif mənalar verilərək, Allaha aid sirlərin hərflərdə gizləndiyi fikri qəbul edilmişdir. Qədim dövrlərdən bu yana yerdə və göydə mövcudluğu qəbul edilən gizli qüvvələrdən istifadə yoolarını araşdırmışdır. Mövcudluğu qəbul edilən bu qüvvələr hərf və şəkillərlə təsvir edilmişdir. Nəticə etibarilə bu elmlər əvvəlcə ovsun, tilsim, sehrbazlıq şəklində meydana çıxmışdır. Misirdə Musa peyğəmbərdən əvvəl koptlar sehr və tilsimlə məşğul olduqları kimi, nəbati,kəldani və assuriyalılardan meydana gələn Babil xalqının da bu elmlərlə məşğul olduğu və əsərlər yaratdığı bilinir.

Hürufiliyə oxşar inanclar Qədim Hindistanda, Yunanıstanda, Misirdə həmçinin Yəhudilik və Xristiyanlıqda da mövcuddur. Hindlilərə görə rəqəmlərlə hərflər arasında bir əlaqə vardır. Üç, yeddi, on və qırx rəqəmləri müqəddəs olduğu kimi hər rəqəm bir obyektə işarə edir.

Pifaqorçularda üç rəqəmi ilk hesab edilir. Dörd ünsürlərə işarə edir. İki, qadın deməkdir. Üç ilə ikinin cəmi evlənmək deməkdir. Üç və yeddiyə and içilir.

Sehrlə məşğul olanlar hərfləri rəqəmlərlə izah edərək qədim dövrlərdə əbcəd sözlərini sehr və caduda istifadə ediblər. Burada "əlif"dən "ğayn"a qədər hər hərf bir gücdür. Beləliklə, rəqəmlər və hərflərdən ibarət bir sistem qurulmuşdur.

Xristianlıqda bunun bir başqa nümunəsini görürük. Əhd-i Cədiddə ilk hərf olan "əlif" və son hərf olan "yə"nin başlanğıc və sona işarə etdiyi bildirilir. Bundan başqa, yəhudilərin yunan fəlsəfəsinə əsaslanan Kabbalizm fəlsəfəsi də Tövrat və Zəburun zahiri mənasıyla kifayətlənməyərək, müqəddəs kitabın hərflərindən gizli mənalar çıxarırlar.

İslam aləmində isə hərflərin bəzi xüsusiyyətlərə malik olduğu inamı çox qədimdir. Bu mənada Quranın iyirmi doqquz surəsinin əvvəlindəki hərflərə müxtəlif mənalar verilmişdir.


Tarix: 08.01.2015 / 01:53 Müəllif: Feriska Baxılıb: 97 Bölmə: Hürufilik