beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

6-cı hissə
6-cı hissə

Əlbəttə, bunu hər yerdə, elə indinin özündə də asanca inkar etmək olar. Axı söhbət burda öz uşaqlarına verməli olduğun hər hansı bir dərsdən deyil, sadəcə olaraq, onlara nümunə ola biləcək bir həyatdan gedir. Məlum məsələdir ki, səndə yəhudilik güclü olsaydı, göstərdiyin nümunə də məcburi olardı və bunu da sənə irad tutmuram, əksinə, iradlarından qorunmaq üçün deyirəm. Son günlərdə Franklinin gənclik xatirələrini oxudun. Doğrudan da onu sənə qəsdən vermişdim ki, oxuyasan. Ancaq ona görə verməmişdim ki, orda vegetarianizm haqqındakı bir-iki cümləyə lağ edəsən. Vermişdim ki, öz oğlu üçün yazdığı xatirələrdə müəlliflə atasının, müəlliflə oğlunun münasibətlərinə fikir verəsən. İndi mən ordakı xırdalıqlara varmaq istəmirəm...
Son illərdə sənə elə gələndə ki, yəhudiliklə çox məşğul olmağa başlamışam, mənə münasibətin dəyişdi və bu da sənin yəhudiliyin haqqındakı təsəvvürlərimi bir daha təsdiq etdi. Bu vaxta qədər də mənim bütün məşğuliyyətlərimə, ən çox da maraq dairəmə qarşı çıxmışdın və indi də elə oldu. Ancaq bütün bunlara baxmayaraq, gözləmək olardı ki, burda müstəsnalıq göstərəcəksən. Axı bu yəhudilik səndən əxz elədiyim yəhudilik idi və aramızda yeni münasibətlərin yaranmasına səbəb ola bilərdi. Bilmirəm, bəlkə maraq göstərsəydin, həmin yəhudilik özümə də şübhəli görünərdi. Əlbəttə, bununla heç də onu demək istəmirəm ki, belə məsələlərdə səndən yaxşıyam. Ancaq bunu da sınaya bilmədik. Mənə görə yəhudiliyə nifrət eləməyə başladın, onun haqqında yazılanları oxuya bilmədin, çünki "səni iyrəndirdi". Bu, o demək idi ki, dediyindən dönmürsən, uşaqlığımda mənə göstərdiyin yəhudilikdən başqa yəhudilik tanımırsan. Onda "iyrənmək" (baxmayaraq ki, həmin iyrənclik yəhudilikdən qabaq mənə yönəlmişdi) o demək idi ki, sən qeyri-ixtiyari öz yəhudiliyinin, eləcə də mənə verdiyin yəhudi tərbiyəsinin zəifliyini etiraf edirdin, kiminsə bunları sənə xatırlatmasını istəmirdin, xatırladanlara da nifrətlə cavab verirdin. Yeri gəlmişkən, mənim yeni yəhudilik ideyalarım haqqında söylədiyin mənfi fikirlər çox şişirdilmiş olurdu. Bu ideyalar ilk öncə sənin lənətinə tuş gəlmişdi, digər tərəfdən də çağdaşlarıma münasibət əsasında inkişaf etdirilmişdi və bu da mənim öldürücü zərbələr almağıma bəs edirdi.
Haqlı olaraq mənim yazı-pozu, eləcə də buna bənzər digər başa düşmədiyin işlərlə məşğul olmağımdan zəhlən gedirdi. Bu məsələdə, doğrudan da, bir az müstəqil idim, sənin təsirindən çıxa bilmişdim, baxmayaraq ki, bu müstəqillik soxulcana bənzəyirdi: kimsə onu arxa tərəfdən ayaqlayanda, baş tərəfindən qırılıb yana sürünür... Yazanda özümü bir növ təhlükəsiz yerdə hiss edirdim, nəfəsimi dərirdim. Əlbəttə, mən yazmağa başlayan kimi, bundan xoşun gəlmədiyini o dəqiqə büruzə verirdin və onda, müstəsna hal kimi, bu "xoşa gəlməməyin" özü mənim xoşuma gəlirdi. Düzdür, mənim xudbinliyim, mənim şöhrətpərəstliyim kitablarım çıxarkən dediyin o məşhur - "Yaxşı, apar yataq otağındakı tumbanın üstünə qoy..." - təbrik cümləsindən (təzə kitab gələndə, adətən sən kart oynayırdın) xeyli əzab çəkirdi, ancaq, əslində, sevinirdim və bu sevinc də sənə qarşı yaranan kin-küdurətlə, münasibətlərimiz haqqındakı fikirlərimin bir daha təsdiq olunması ilə bağlı deyildi, əslində, bunun kökü daha uzaqlara gedib çıxırdı, o vaxtlar dediyin bir cümləni xatırladırdı: "Hə, indi azadsan!". Əlbəttə, bu da özünü aldatmaq idi, çünki azad deyildim - ən azı o vaxt azadlıqdan söhbət gedə bilməzdi. Sənin haqqında yazırdım, səndən şikayətlənirdim, sənin gəlbinə süzə bilmədiklərimi yazılarıma süzürdüm. Yaza- yaza səninlə vidalaşırdım, bilə- bilə də həmin vida anlarını uzadırdım. Düzdür, sən özün məni buna məcbur edirdin, ancaq mən də istədiyim kimi vidalaşırdım. Nə qədər mənasız işlər idi! Bunların haqqında yalnız ona görə danışmağa dəyər ki, mənim həyatımda baş veriblər, başqa yerdə gözə görünməzdilər və bir də ona görə ki, uşaqlığımda nəyisə öncədən duymaq, sonralar ümid, daha sonra tez-tez ümidsizlik nişanəsi kimi həyatıma həkk olunublar, sənin təbirincə desək, lazım gələndə, hətta bəzi xırda-para qərarlar çıxarmağa da sövq ediblər.

Məsələn, götürək elə sənət seçimini. Əlbəttə, burda özünə məxsus olan bir alicənablıqla, elə həmin mənada da səbrlə, mənə sərbəstlik verdin. Ancaq əslində, orta təbəqəyə mənsub olan yəhudilərin öz oğullarına münasibətlərini müəyyənləşdirən ümumi prinsiplərdən çıxış etdin, ya da həmin təbəqənin dəyər ölçülərini əsas götürdün. Nəticədə isə mənim şəxsiyyətim haqqındakı səhv fikirlərindən biri öz təsirini göstərdi. Əslində, lap çoxdan atalıq qüruru ilə mənim həyatımın mənasını anlamadan sısqa bir uşaq olduğuma görə elə hesab eləyirdin ki, çox çalışqanam. Sənin fikrincə, uşaqlığımda həmişə çox oxuyur, sonralar da çox yazırdım. Ancaq burda zərrə qədər də həqiqət yoxdur. Əslində, şişirtmədən demək olar ki, az oxudum, heç nə də öyrənmədim. Uzun illər ərzində orta səviyyəli bir yaddaşla, o qədər pis olmayan mühakimə qabiliyyətimlə nəyisə yadda saxlaya bilməyim də çox təəccüb doğurmamalıdır, ancaq, hər halda, topladığım biliklərin nəticəsi, ən çox da dərinliyi, zahirən qayğısız görünən sakit bir həyatda ona sərf olunan vaxtla, pulla müqayisədə çox cılız görünür. Xüsusilə, az qala bütün tanıdığım adamlarla müqayisədə belədir. Çox acınacaqlıdır və səbəbini də yaxşı başa düşürəm. Fikirləşməyi bacardığım gündən öz mənəvi varlığımı təsdiq etmək üçün elə böyük çətinliklərlə qarşılaşdım ki, bundan başqa hər şeyə biganələşdim. Bizim yəhudi gimnazistlərdə qəribəliklər çox olurdu, bəzən inanılmaz işlər görürdülər, ancaq məndəki o soyuq, açıq-aşkar bilinən, qarşısıalınmaz, az gala gülünc hala düşən, qorxunc şəkildə özündən razı olan, bumbuz fantaziyalar qoynunda yaşayan uşaq biganəliyini heç birində görmədim, halbuki bu biganəlik həm də əsəblərimi qorxudan, günahkarlıq hissindən pozulmağa qoymayan yeganə sipər idi. Məni yalnız öz qayğılarım maraqlandırırdı və bu qayğılar da cürbəcür olurdu: məsələn, sağlamlığımın qayğısına qalmaq. Bu qayğı tez-tez gərək olurdu, gah yemək yaxşı həzm olunmurdu, gah saçım tökülürdü, gah da bel sümüyüm əyilirdi və hamısı da müxtəlif dərəcədə mürəkkəbləşir, axırda da əsil xəstəliyə çevrilirdi. Ancaq heç kəsə və heç nəyə inanmadığımdan, varlığımın hər an yeni bir təsdiqə ehtiyacı olduğundan, heç nəyin şəksiz-şübhəsiz şəxsən mənim özümə mənsub olmadığından, həqiqətdə varislikdən mərhum edildiyimdən, özümə ən yaxın olan bir şeyə - bədənimə də inamımı itirdim. Boyum elə hey uzanırdı, nə edəcəyimi bilmirdim, yüküm getdikcə ağırlaşırdı, çiyinlərim qısılırdı. Hərəkət etməyə, idmanla məşğul olmağa qorxurdum, zəifləyirdim. Bacardığım şeylərin hamısını möcüzə hesab edirdim: məsələn, yeməyi yaxşı həzm elədiyimi... Və bu da həmin keyfiyyəti itirməyə kifayət edirdi, ipoxondriyaya aparan yollar tamam açılırdı, sonra da evlənmək istəyərkən keçirdiyim qeyri-insani gərginlikdən qan qusurdum (bu barədə sonra danışacam). Sonuncuda bəlkə Şönbrunpalaysda tutduğum mənzilin də günahı vardı: elə bilirdim, bu mənzil mənə yazmaq üçün lazımdır, ancaq axırda gəlib bu siyahıya düşdü. Deməli, bütün bunların hamısı sən fikirləşdiyin kimi ağır işlərin nəticəsi deyildi. Elə illər olurdu ki, heç bir yerim ağrımırdı, ancaq bütün günü divanda uzanıb qalırdım və demək olar ki, xəstə olduğun günləri də əlavə etməklə, sən həyatın boyu o divanda mənim qədər uzanmayıbsan. İşim çox olduğunu deyib səndən qaçanda da çox vaxt öz otağımda uzanmağa gedirdim. Mənim əmək məhsuldarlığım işdə də (orda tənbəllik az nəzərə çarpır və üstəlik də qorxaq olduğum üçün çox ağ eləmirdim), evdə də az olurdu. Bunları hesablaya bilsən, dəhşətə gələrsən. Çox güman ki, mən təbiətən tənbəl deyildim, ancaq görməyə iş yox idi. Yaşadığım yerdə alçaldılırdım, təhqir olunurdum, məhv edilirdim və başqa yerə qaçmaq da mənə böyük gərginliklər bahasına başa gələrdi, əslində, bunun özü də alınan iş deyildi, çünki söhbət mümkünsüz bir şeydən gedirdi, bəzi xırda istisnalar nəzərə alınmasa, buna heç vaxt gücüm çatmazdı.
Deməli, belə bir vəziyyətdə sənət seçmək üçün sərbəstlik qazandım. Məgər mən onda, ümumiyyətlə, bu sərbəstlikdən istifadə etmək iqtidarındaydım? Məgər onda əsl sənət sahibi olacağıma inamım vardı? Mənim özümü qiymətləndirməyim özgə bir şeydən, məsələn, hər hansı bir zahiri uğurdan deyil, daha cox səndən asılı idi. Zahiri uğur bircə anlığa parlayırdı, vəssalam... Ancaq həmin anda da sənin tərəzinin gözü ağır gəlirdi, o birini qaldırırdı... Fikirləşirdim ki, ibtidai məktəbin birinci sinfini heç vaxt başa vura bilməyəcəm, ancaq başa vurdum, üstəlik, tərifnamə də aldım. Sonra fikirləşdim ki, gimnaziyaya qəbul imtahanını verə bilməyəcəm, ancaq verdim. Dedim ki, gimnaziyanın birinci sinfində kəsiləcəm, ancaq kəsilmədim və belə-belə irəlilədim... irəlilədim. Lakin bunların heç biri gələcəyə inamımı artıra bilmədi, əksinə , bir daha əmin oldum ki, (sənin üzündəki ifadələr də bunu formal cəhətdən təsdiq edirdi), işlərim nə qədər yaxşı alınsa, son nəticəsi bir o qədər pis olacaq. Tez-tez xəyalımda gimnaziya müəllimlərinin o dəhşətli iclaslarını canlandırırdım (gimnaziya burda ümumiləşdirici bir misaldır, mənimlə hər yerdə belə olurdu) və görürdüm ki, mən birinci sinfin imtahanlarını verəndən sona ikinci sinifdə, ikinci sinfin imtahanlarından sonra üçüncü sinifdə və belə-belə sonadək yığışıb bu qeyri-adi, hamını heyrətə salan hadisəni müzakirə edirlər: necə olub ki, ən küt, ən zəif bir şagird sinifdən-sinfə keçib?! Hamının diqqəti mənə yönəldiyi üçün bayıra atacaqlar, ədalətin bu dəhşət üzərindəki qələbəsinə sevinəcəklər... Uşaq üçün belə təsəvvürlərlə yaşamaq çox çətindir. Belə bir vəziyyətdə dərs mənim vecimə olardı?! Kim belə bir vəziyyətdə məndə nəyə qarşısa zərrə qədər maraq oyada bilərdi?! Onda mənim dərsə marağım - təkcə dərsə yox, həmin vacib yaş dövründə məni əhatə eləyən hər şeyə - pulları mənimsəmiş bank işçisinin öz işinə marağı kimi idi: hələ vəzifəsində qalır, ancaq işin üstü açılacağı gündən bərk qorxur, bununla belə, məmur kimi gündəlik bank əməliyyatlarını aparır. Hər şey əsas məsələnin yanında belə xırda, belə mənasız görünürdü. Bütün bunlar kamal attestatı alana qədər davam elədi, bəzilərini doğrudan da fırıldaqla yola verdim, sonra hər şey qurtardı və mən azad oldum. Əslində, o ağır gimnaziya illərində də həmişə özümü düşünmüşdüm və indi azad olandan sonra da düşünürdüm. Deməli, sənət seçimində sözün həqiqi mənasında azad deyildim, çünki bilirdim: gimnaziyada olduğu kimi, əsas məsələ ilə müqayisədə hər şey mənə maraqsız olacaq, deməli, elə sənət seçmək lazımdır ki, mənim şöhrətpərəstliyimə çox da toxunmasın, eyni zamanda da biganəliyimə dözə bilsin. Məlum məsələdir ki, burda hüquq elmi yada düşməli idi. Xudbinliyin, mənasız ümidlərin müqaviməti, on dörd gün öyrəndiyim kimya elmi, yarım il oxuduğum alman dili dərsi bu inamı daha da gücləndirdi. Beləliklə, hüquq sahəsini seçdim. Bu o demək idi ki, imtahana qədərki bir neçə ay ərzində əsəb gərginliyi keçirə-keçirə ağır günlər yaşamalı oldum. Bir vaxtlar gimnaziyada olduğu kimi, bu günlər mənim üçün müəyyən mənada şirin oldu, sonra da məmurluq sənəti gəldi... Bunlar hamısı mənim vəziyyətimə uyğun gəlirdi... Hər halda, bu məsələdə ağlasığmaz bir uzaqgörənlik göstərdim, çünki uşaq olarkən necə oxuyacağım, hansı sənəti seçəcəyim haqqında ilkin təsəvvürlərim vardı. Ona görə də heç bir xilas yolu gözləmirdim, buna ümidimi çoxdan itirmişdim.
Evlənmək haqqında, onun mənası və imkanları barədə heç vaxt düşünməmişdim. Həyatımın indiyəcən yaşamadığım ən dəhşətli anları məni gözlənilmədən, qəflətən yaxaladı. Uşaq elə yavaş-yavaş böyümüşdü ki, zahirən belə şeylərdən çox uzaq olmuşdu. Yalnız hərdən məcbur olub bu barədə düşünmüşdü. Ancaq bu məsələdə uzun, taleyüklü, hətta ağrı-acılarla dolu bir sınağa çəkiləcəyi barədə fikirləşməmişdi. Buna baxmayaraq, evlənmək cəhdləri həqiqətən də möhtəşəm, ümidlərlə dolu bir xilas yolu idi, hətta alınmayanda da öz möhtəşəmliyini saxladı.
Qorxuram ki, bu yerlərdə həmişə uğursuzluğa tuş gəldiyim üçün evlənmək istəyimin səbəblərini də sənə başa sala bilməyim. Ancaq məktubumun alınması məhz bundan asılıdır, çünki bu istəkdə hər şey cəmlənib: özümdə olan müsbət keyfiyyətlər, bir də sənin tərbiyənin nəticəsi kimi təsvir etdiyim mənfiliklər - yəni, zəiflik, özünə inamsızlıq, günah hissi... Bir sözlə, evlənməklə mənim aramda sədd çəkənlər... Bütün bunları izah etmək bir də ona görə çətin olacaq ki, gecə-gündüz bu barədə düşünmüşəm, götür-qoy etmişəm, indi özüm də çaş-baş qalmışam. Zənnimcə, sən məsələnin mahiyyətini heç vaxt başa düşməyəcəksən və bu da mənim işimi yüngülləşdirəcək.


Tarix: 08.06.2015 / 17:33 Müəllif: Aziza Baxılıb: 164 Bölmə: Frans Kafka - "Atama Məktub"