beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

3-cü hissə.
3-cü hissə.

Ancaq yenə gəlib qarşımda dayanırdın və yenə elə bilirdin "əksinə gedirəm", halbuki bütün bunların hamısı sənin çox güclü, mənimsə çox zəif olmağımın təbii nəticəsi idi.
Sənin son dərəcə təsirli, ən azı məndən heç vaxt əsirgəmədiyin natiqlik məharətində tərbiyə üçün işlətdiyin üsullar bundan ibarət idi: söymək, hədələmək, rişxənd etmək, acı-acı gülmək və bir də lap qəribə olsa da, özünə acımaq... Məni birbaşa pis sözlərlə söydüyün yadıma gəlmir. Əslində, söymək heç lazım da deyildi. Sənin başqa üsulların çox idi və mən uşaq olarkən evdə, ən çox da mağazada başqalarına yağdırdığın söyüşlərdən keyləşirdim, onları özümə aid etməməyə əsasım qalmırdı, çünki söydüyün həmin adamlar məndən pis adamlar deyildi, çünki həmin adamlarla müqayisədə məndən daha çox narazı idin. Burda yenə sənin o müəmmalı günahsızlığın və əlçatmazlığın öz işini görürdü: heç vecinə deyildi ki, başqalarını qınayırsan, onlara söyməyi yasaq eləyirsən, ancaq özün söyüş söyürsən.
Sonra həmin söyüşləri hədə-qorxu ilə daha da gücləndirirdin və bu, artıq, mənə aid olurdu. Məsələn, sən kiməsə deyəndə ki, "Sağ tikəni qulağın boyda eləyərəm!" - məni dəhşət bürüyürdü, halbuki bunu etməyəcəyini bilirdim ( uşaq olanda isə bilmirdim), ancaq bu, sənin gücün haqqındakı təsəvvürlərimə uyğun gəlirdi və elə bilirdim ki, bunu etməyə qadirsən. Məni bir də onda dəhşət bürüyürdü ki, kimisə tutmaq üçün qışqıra-qışqıra stolun başına fırlanırdın, əslində onu tutmaq istəmirdin, özünü elə göstərirdin və axırda da guya anam onu xilas edirdi. Yenə də uşağa elə gəlirdi ki, onun mərhəməti sayəsində salamat qaldı və bu həyatı layiq olmadığı bir hədiyyə kimi yaşamağa davam edirdi. Buraya eyni zamanda sənin sözünə baxmayanda gəldiyin hədə-qorxu da aiddir. Sənin xoşuna gəlməyən bir işə başlayanda, məni hədələməyə başlayırdın ki, alınmayacaq və sənin fikirlərinə çox böyük ehtiramla yanaşdığım üçün həmin iş lap sonralar da alınmırdı. Beləliklə də özüm öz işimə inamımı itirirdim, tərəddüd edirdim, ümidsizliyə qapılırdım. Mən yaşa dolduqca, heç nəyə yaramadığımı sübut edən dəlillərin sayı çoxalırdı. Tədricən müəyyən mənada haqlı olmağa başlayırdın. Yenə də məhz sənin təsirin altında belə olduğunu deməyə çəkinirəm. Sən yalnız olanları gücləndirirdin. Ancaq çox gücləndirirdin, çünki mənimlə müqayisədə son dərəcə güclü idin və gücündən də yaxşıca istifadə edirdin.
Tərbiyə üçün daha çox istehzaya inanırdın, çünki mənim üzərimdəki hökmranlığına ən çox bu uyğun gəlirdi. Adətən, məzəmmətə belə başlayırdın: "Bunu belə eləyə bilməzdin? Yəqin, sənin üçün çox çətindir, eləmi? Əlbəttə, buna vaxtın çatmaz.." və sair və ilaxır... Hər sual da qəzəb dolu gülüşlə, qəzəb yağan sifətlə müşayiət olunurdu. Nəsə bir pis iş gördüyünü heç özün başa düşməmiş, müəyyən mənada cəzalanmış olurdun. Adamı ən çox yandıran üçüncü şəxs kimi töhmətləndirilməyi olurdu. Belə çıxırdı ki, mən heç birbaşa danlanmağa da layiq deyildim. Yəni özüm yanında otura-otura, guya anamla danışırdın: "Cənab oğlumuzdan belə şeylər gözləmə!" (Bu da sonralar öz təsirini göstərdi: məsələn, anam yanımızda olanda sənə birbaşa müraciət etməyə cəsarətim çatmadı və bu da məndə adətə çevrildi. Axı, yanında oturmuş anasından sənin haqqında nəyisə soruşmaq uşaq üçün çox da qorxulu deyildi. Məsələn, o, belə soruşurdu: "Atanın kefi necədir?" və bununla da özünü hər hansı bir xoşagəlməz hadisədən sığortalayırdı ). Əlbəttə, elə hallar olurdu ki, sənin ən dəhşətli istehzana da şərik çıxırdım, ən çox da həmin istehza başqasına, məsələn, uzun illər yola getmədiyim Elliyə aid olanda... Az qala hər dəfə yemək zamanı ona deyəndə ki: " Bu gombul qız gərək stoldan on metr uzaqda otura!" və ardınca da onun oturuşundan necə iyrəndiyini göstərmək üçün üzündə heç bir mehribançılıq, zarafatcıllıq ifadəsi olmaya-olmaya, əksinə, qəzəblə onun oturuşunu öz kreslonda yamsılayanda mənim üçün bayram olurdu, ağrı-acılarımı bir az unudurdum. Bu və ya buna bənzər hadisələr çox tez-tez olurdu və, əslində, sən bununla heç nəyə nail olmurdun. Mənə elə gəlir, bunun səbəbi sənin hirsinin, qəzəbinin baş verən hadisəyə uyğun gəlməməsi idi. Hiss olunurdu ki, stoldan bir az aralı oturmaq kimi xırda bir "səhv" bu dərəcədə qəzəblənməyə səbəb ola bilməz, əslində, bundan əvvəl böyüyə-böyüyə yığılıb qalıbmış və təsadüfən bu hadisə olan kimi, partlayıb üzə çıxıb. Dəqiq bilinirdi ki, onsuz da hər hansı bir bəhanə tapılacaq, ona görə də heç kəs özünü yığışdırmırdı, ardı-arası kəsilməyən hədə-qorxulara qulaq asa-asa keyləşirdi. Tədricən hamı inandı ki, döymək məsələsi olmayacaq. Beləliklə, hamımız deyingən, hər şeyə başdansovdu yanaşan, sözə baxmayan uşaqlar olduq, aradan çıxmağa, öz aləmimizə çəkilməyə tələsdik. Sən də əzab çəkməyə başladın, biz də... Dişlərini bir-birinə sıxaraq uşaqlarda bəlkə də cəhənnəm haqqında ilk təsəvvürləri yaradan xırıltılı bir gülüşlə (bu yaxınlarda Konstantinopoldan gəlmiş bir məktubla bağlı dediyin kimi) deyəndə ki, "Əcəb dəstə düzəltmisiniz!" - öz tərəfindən tamamilə haqlı idin. Sənin tez-tez camaatın yanında bəxtindən şikayətlənməyinlə öz uşaqlarına münasibətin bir-birinə uyğun gəlmirdi. Boynuma alıram ki, uşaq olanda (daha doğrusu, bir az böyüyəndə) sənə yazığım gəlmirdi və başa düşmürdüm ki, bunu kimdənsə necə uma bilərsən. Axı sən hər cəhətdən nəhəng idin! Məgər bizim mərhəmətimizə və ya köməyimizə sənin ehtiyacın vardı?! Əslində, sən onlara bizə nifrət etdiyin qədər nifrət etməli idin. Buna görə də mən o şikayətlərin heç birinə inanmırdım və onların arxasında nə gizləndiyini tapmağa çalışırdım. Yalnız sonralar başa düşdüm ki, sən doğrudan da uşaqların sarıdan dərd çəkirsən, ancaq o vaxtlar, bəlkə də bu şikayətlərin başqa bir şəraitdə uşaqlarda cox səmimi, mərhəmət dolu hisslər yarada biləcəyi bir zamanda, mənə yenə də çox çılpaq bir tərbiyə, alçaltma vasitəsi kimi görünürdü. Düzdür, o qədər də güclü deyildilər, ancaq fəsadsız da ötüşmürdülər. Məsələn, uşaqlar çox ciddi qəbul etməli olduqları bir şeyə ciddi yanaşmamağa adət edirdilər. Xoşbəxtlikdən bəzi hallarda, xüsusən, sən sakitcə iztirab çəkəndə, məhəbbətin, mərhəmətin bütün gücünü toplayaraq qarşısına çıxan bənd-bərəni aşıb səni tapdığı anlarda, müstəsnalar da olurdu. Düzdür, belə anlar az olurdu, ancaq gözəl olurdu. Məsələn, o vaxtlar isti yay günlərində günorta yeməyindən sonra gəlib sənin mağazada yorğun-arğın piştaxtaya dirsəklənib mürgülədiyini görəndə... Ya da bazar günləri qan-tər içində bizim yanımıza kəndə gələndə... Ya da anam ağır xəstə olduğu günlərin birində titrəyə-titrəyə, ağlaya-ağlaya kitab şkafına söykənib dayananda... Ya da mən axırıncı dəfə xəstələnəndə sakit addımlarla Ottlanın otağına gəlməyin, qapının kandarında dayanmağın, başını uzadaraq yatdığım çarpayıya tərəf boylanmağın, salam verməyin... Onda mən yorğanı başıma çəkib sevincdən ağladım və elə bunları yaza-yaza, indi də ağlayıram...
Sənin son dərəcə gözəl, çox nadir, sakit, mehriban, xeyirxah bir təbəssümün var, onu görən özünü xoşbəxt hiss edə bilər. Uşaqlığımda o təbəssümü mənə göstərdiyin yadıma gəlmir, ancaq, yəqin ki, göstərmiş olarsan. Niyə də göstərməyəydin, axı onda günahsız bir uşaq idim, mənə böyük ümidlər bəsləyirdin. Yeri gəlmişkən, belə xoş təəssüratların da çox xeyiri olmadı, əksinə, özümü daha çox günahkar hiss etməyə başladım, dünya mənə daha da müəmmalı göründü. Ancaq faktlardan, həmişə davam eləyən şeylərdən danışsam yaxşıdır. Bir tərəfdən özümü təsdiq etmək, qismən də qisas almaq üçün tezliklə səndə gördüyüm xırda-para gülünc hərəkətləri müşahidə etməyə, onları üst-üstə gəlməyə, şişirtməyə başladım. Məsələn, vəzifəcə o qədər də böyük olmayan adamların səni qamaşdırması... Onlardan saatlarla danışmağın... Tutaq ki, hansısa müşavirdən ya da ona bənzər adamlardan... (Bir yandan da, ürəyimi ağrıdırdı ki, sən, yəni, mənim atam, öz qiymətini qaldırmaq üçün belə mənasız söhbətlər edir, bununla öyünür). Ya da görürdüm ki, ədəbsiz sözlərdən, onları ucadan deməkdən xoşun gəlir, sonra da elə gülürsən ki, guya lap gözündən vurmusan, ancaq o cür danışmaq əslində bayağı bir ədəbsizlik idi (həm də sənin necə güclü olmağın haqqındakı təsəvvürlərimi korlayırdı, məni utandırırdı). Əlbəttə, bu cür müşahidələrin sayı çox idi və mən də buna sevinirdim, çünki qeybətə, zarafata bəhanəm olurdu. Bəzən bunu başa düşərək əsəbiləşirdin, kinlilik, hörmətsizlik hesab eləyirdin, ancaq inan ki, bunların hamısı özümü qoruyub saxlamaq üçün tapmış olduğum yararsız vasitələr, zarafatlar idi. Elə zarafatlar ki, onları allahların, şahların haqqında da danışırlar... Elə zarafatlar ki, kiməsə olan dərin hörmətini azaltmır, əksinə, həmin hörmətin tərkib hissəsinə çevrilir. Yeri gəlmişkən, sən də mənim qarşımda eyni vəziyyətə düşəndə, özünü bir növ müdafiə etməyə çalışırdın. Adətin üzrə başlayırdın ki, mənim kefim həmişə kök olub, mənimlə həmişə yaxşı rəftar olunub... Bunlar düzdür, ancaq inanmıram ki, o vaxtkı vəziyyətlərdə mənə çox kömək etmiş olsunlar. Düzdür, anam mənə qarşı hədsiz dərəcədə mehriban idi, ancaq mənə elə gəlirdi ki, bu mehribanlıq səninlə pis münasibətdə olduğuma görədir. O, özü də bilmədən sürəkçi rolunu oynayırdı. Bəzən elə inanılmaz vəziyyətlər alınırdı ki, sənin tərbiyə üsullarının yaratdığı tərslik, dönüklük, hətta nifrət, bəlkə də, mənə özümü toplamağa kömək edərdi, ancaq anam öz mehribanlığı, ağıllı danışığı (mənim qarmaqarışıq uşaq aləmimdə o, ağıl mücəssəməsi idi), tərəfkeşliyi ilə onları yumşaldırdı və mən yenə də sənin təsir dairənə qayıtmalı olurdum, ancaq ola bilsin, bu dairədən uzaqlaşardım, mənə də yaxşı olardı, sənə də... Bəzən də barışmırdıq və onda anam səndən gizli məni müdafiə edirdi, gizlincə nəsə ötürürdü, nəyəsə icazə verirdi, axırda yenə də sənin qarşında yalançı kimi, günahkar kimi qalırdım, yenə tir-tir əsməyə başlayırdım və belə çıxırdı ki, heç nəyə yaramadığımdan haqqım çatan şeyləri də əldə eləməkçün dolayı yollardan istifadə etməliyəm. Əlbəttə, sonralar özümə görə haqqım çatmadığı şeyləri bu yollarla əldə etməyə adət elədim və beləliklə də özümü daha çox günahkar hiss etməyə başladım.
Bu da həqiqətdir ki, məni heç vaxt əməlli-başlı döyməmisən. Ancaq qışqırmağın, qıpqırmızı pörtməyin, çiyinbağılarını tələsik çıxarıb stulun başına keçirməyin döyməkdən də betər olurdu. Elə bil, kimsə asılmalı idi. Əgər doğrudan da asılırdısa, deməli, ölürdü və hər şey də qurtarıb gedirdi. Ancaq kimisə asmağa onun gözünün qabağında hazırlaşırsan və o da bunları görür, qarmaq gözləri önündə oynayır, sonra da əfv xəbəri gəlirsə, o, ömrü boyu əzab çəkməli olur. Belə hallar tez-tez olurdu və açıqca hiss etdirirdin ki, mən döyülməyə layiqəm, ancaq sənin mərhəmətin sayəsində döyülmürəm, deməli, bir böyük günah da burdan üstünə gəlirdi.
Çoxdan bəri boynuma minnət qoyursan ki, (tək də olanda, başqalarının yanında da və heç vecinə deyildi ki, uşaqlarının neylədiyini hamı bilir), sənin əməyin sayəsində mən ehtiyac nə olduğunu bilməmişəm, sakit, isti yerdə, kef-damaq içində yaşamışam. Yadıma o vaxtdan beynimdə dərin izlər buraxmış cümlələrin düşür: "Yeddi yaşımda əl arabası ilə kəndbəkənd gəzirdim", "Hamımız balaca bir daxmada yatırdıq", "Yeməyə kartof tapanda sevinirdik", "Isti paltarım olmadığından baldırlarım illərlə yara tökürdü", "Lap uşaq olanda, Pizekdə məni bir dükançıya şəyird verdilər", "Evdən mənə heç nə vermirdilər, hətta əsgərlikdə olanda, özüm evə pul göndərirdim". "Bütün bunlara baxmayaraq, atam mənim üçün həmişə ata idi! Bu gün belə şeyləri bilən var?! Indiki uşaqlar bunu bilir?! Axı heç biri bu çətinlikləri görməyib! Bu gün hansı uşaq belə şeyləri başa düşər?" Bəlkə də başqa bir şəraitdə bu sözlər çox gözəl tərbiyə vasitəsi ola bilərdi, uşaqları atalarının gördüyü çətinliklərə, ehtiyaca dözməyə öyrəşdirərdi, onları həvəsləndirərdi, möhkəmləndirərdi. Ancaq sən bunu heç vaxt istəmirdin, sənin sayəndə vəziyyət artıq dəyişmişdi, sənin kimi fərqlənməyə şərait qalmamışdı.
Bu imkanı qazanmaq üçün zor işlətmək, çevriliş etmək, evdən qaçmaq lazım idi (ancaq bu şərtlə ki, buna qətiyyətin, gücün çataydı və ana da öz bildiyi yollarla buna qarşı tədbirlər tökməyəydi). Ancaq sən bunların heç birini istəmirdin, hamısını nankorluq, iftira, özbaşınalıq, satqınlıq, axmaqlıq hesab eləyirdin. Misal çəkməklə, öz keçmişindən danışmaqla, utandırmaqla bizi həm buna sövq edir, həm də hamısına ciddi qadağalar qoyurdun. Yoxsa bəzi xırda təfərrüatlar nəzərə alınmazsa, Ottlanın Tsürau sərgüzəştləri ürəyincə olardı. Axı o sənin doğma kəndinə getmək, işləmək, sənin bir vaxtlar gördüyün çətinlikləri görmək istəyirdi. İstəyirdi ki, işləməkdən sənin kimi ləzzət alsın, sənin kimi atasından asılı olmasın. Məgər bunlar çox pis arzu idi? Məgər sənin çəkdiyin misallara, verdiyin öyüd-nəsihətlərə uyğun gəlmirdi? Yaxşı, tutaq ki, Ottlanın bu niyyəti sonda baş tutmadı, bəlkə də hamıya gülünc göründü, hay-küylü oldu, valideynləri ilə hesablaşmadı. Məgər bu, təkcə onun səhvi idi? Məgər evdəki münasibətlərin, hər şeydən öncə də sənin ona yadlaşmağının burda günahı yox idi? Məgər mağazada işləyərkən o, sənə Tsüraudakından az yadlaşmışdı (necə ki, sonralar özünü buna inandırmağa çalışırdın)? Məgər sənin gücün çatmazdı ki, (bu şərtlə ki, özünü buna məcbur edə biləydin), onu həvəsləndirəydin, məsləhət verəydin, gözün üstündə olaydı, səbrsizlik göstərməyəydin, bu sərgüzəştin də sonu yaxşı qurtaraydı?


Tarix: 08.06.2015 / 17:31 Müəllif: Aziza Baxılıb: 202 Bölmə: Frans Kafka - "Atama Məktub"