beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

2-ci hissə.

Ancaq bunların heç biri mənim gələcəyim üçün deyildi... Maraqlıdır ki, indinin özündə də sənə nəsə toxunanda, mən sənin iradənə qarşı çıxanda (məsələn, evlənmək fikrinə düşəndə), ya da kimsə mənim xətrimə dəyəndə (məsələn, Pepa1 məni söyəndə) mənə ürək-dirək verirsən. Mənə kim olduğumu xatırladırsan, daha yaxşı rəftara layiq olduğumu yadıma salırsan və Pepanı əməlli-başlı məzəmmət edirsən. Bu yaşımda məni ruhlandırmağın daha mənası olmadığını bir kənara qoyaq: əgər söhbət ilk növbədə məndən getmirsə, bu ruhladırmağın mənə nə xeyiri?!
Ruhlanmaq mənə o vaxt daha çox lazım idi. Özü də hər yerdə! Onda məni sənin bütün vücudun əzirdi. Məsələn, yadımdadır ki, o vaxt çimməyə gedəndə tez-tez bir kabinədə soyunub-geyinməli olurduq. Mən arıq, çəlimsiz, balaca, sən isə güclü, ucaboy, iddialı... Elə kabinədəcə özümə yazığım gəlirdi və yalnız səndən deyil, bütün dünyadan utanırdım, çünki sən hər şeydə mənim üçün yeganə ölçü vahidi idin. Sonra kabinədən çıxırdıq, əlindən yapışırdım... Skeletə oxşayırdım, nə edəcəyimi bilmədən ayaqyalın taxta lövhənin üstündə dayanırdım, sudan qorxurdum, mənə üzməyi öyrətmək üçün göstərdiyin hərəkətləri təkrar eləyə bilmirdim, xoş niyyətlə həmin hərəkətləri təzədən dönə-dönə göstərəndə də çox utanırdım, bütün ümidlərimi itirirdim və həmin anlarda həyatımda baş verən pis hadisələr haqqındakı bütün xatirələr bir-birinə qarışırdı. Bəzən məndən tez soyunub çıxırdın, kabinədə tək qalırdım, adamların qarşısında rüsvay olmadığım dəqiqələrin ömrünü bir az uzadırdım və həmin anlar da mənim üçün xoş olurdu, sonra qayıdıb məni aparırdın. Sağ ol ki, onda mənim nə çəkdiyimi, deyəsən, hiss eləmirdin və mən də atamın boy-buxunu ilə fəxr edirdim. Yeri gəlmişkən, aramızdakı həmin fərq bu gün də qalır...
Buna uyğun olaraq, sonra sənin mənəvi böyüklüyün gəlirdi. Sən öz gücünlə özünü elə bir səviyyəyə qaldırmışdın ki, onun sayəsində öz dediklərinə sonsuz dərəcədə inanırdın. Gəncliyimdə bunu uşaqlığımda olduğundan çox hiss edirdim. Öz kreslonda oturub bütün dünyanı idarə edirdin. Sənin dediklərin düz, başqalarınınkı isə səfeh, iftira, ağılasığmaz, anormal idi. Sənin özünə inamın o qədər böyük idi ki, məntiqə ehtiyacın qalmırdı, ancaq bununla belə, həmişə haqlı çıxırdın. Hətta elə də ola bilərdi ki, sən hansı məsələ barədəsə fikir söyləməyəydin və həmin məsələ haqqında deyilən hər hansı fikir də istisnasız səhv olmalı idi. Məsələn, sən çexləri söyə bilərdin, sonra da almanları, sonra da yəhudiləri və özü də hər hansı xüsusiyyətinə görə deyil, bütövlükdə söyürdün və belə çıxırdı ki, yaxşı bircə sənsən. Beləliklə, mənim üçün hüquqları idraka deyil, yalnız şəxsi mənəmliyinə söykənən zülmkarlar kimi tapmacaya dönürdün. Ən azı, mənə elə gəlirdi...
Ancaq mənə münasibətdə heyrətamiz dərəcədə haqlı olurdun, söhbət­ləri­mizdə buna söz ola bilməzdi, çünki az-az söhbət edirdik, ancaq həqiqətdə də belə idi. Əslində, burda da anlaşılmaz bir şey yox idi: axı mənim bütün fikir və düşüncələrim sənin o dözülməz təsirin altında olurdu. Ən cox da sənin kimi fikirləşməyəndə... İlk baxışda səndən asılı olmayan fikirlərim elə əvvəlindən sənin hər şeyi inkar edən mühakimənin təsiri altına düşürdü; həmin fikirləri ifadə etmək, axıra çatdırmaq olmurdu. Mən indi hansısa böyük bir fikirdən deyil, uşaqlıq çağlarının adi istəklərindən danışıram. Axı adam hansı arzusununsa yerinə yetirildiyinə sevinməli, evə gəlib onu deməli idi... Ancaq cavabı istehzalı təbəssüm, başını bulamaq, əlini stola döymək olurdu: "Burda təzə heç nə görmürəm" və ya "Öz işindir", ya da "Mənlik deyil", "İşə bax bir!", "Bir qara qəpiyə də dəyməz"... Əlbəttə, qayğılarının başından aşıb-daşdığı bir vaxtda səndən tələb etmək olmazdı ki, balaca bir uşağın bütün arzu və istəklərinə valeh olasan. Yox, söhbət bundan getmir. Söhbət, əslində, ondan gedir ki, sən əks təbiətli bir adam olduğun üçün uşağı həmişə, özü də əməlli - başlı peşman etməli idin və bu əkslik də hər arzu - istəklə gücləndi, axırda da adətə çevrildi, hətta hər ikimiz eyni fikirdə olanda da özünü büruzə verməyə başladı, son nəticədə də bu məyusluq adi bir uşaq məyusluğu kimi qalmadı, sənin hər şeydən uca olan "mən"inə rəğmən, qəlbimi sındırdı. Sən nəyinsə əksinə çıxanda və ya hətta əksinə çıxacağın ehtimal olunanda, bütün cəsarətim, qətiyyətim, inamım, nədənsə sevinmək ümidim yoxa çıxırdı; bu ehtimal da həmişə vardı, çünki sən mənim, demək olar ki, bütün hərəkətlərimə qarşı çıxırdın.
Bu həm mənim fikirlərimə, həm də insanlar haqqında dediklərimə aid idi. Kifayət idi ki, kiminləsə bir az maraqlanam - bu, təbiətimə uyğun olaraq nadir hallarda baş verirdi - o dəqiqə mənim hisslərimə, fikirlərimə, münasibətimə hörmət etmədən başlayırdın onu söyməyə, qara yaxmağa, alçaltmağa. Məsələn, yəhudi aktyor Lövi kimi saf, məsum insanlar da bunun altını çəkirdilər. Onu heç tanımadan dəhşətli bir şəkildə həşəratla müqayisə edirdin, mənə cox əziz adamlardan söz düşəndə, o dəqiqə itlərdən, birələrdən misal çəkirdin. Aktyor ona görə yadımda qalıb ki, onun haqqında dediklərini özüm üçün yazıb saxlamışam: "Atam (heç tanımadığı) dostum haqqında ona görə belə danışdı ki, o mənim dostumdur. Nə vaxt mənə irad tutsa ki, onu uşaqlıqdan sevməmişəm, nankoram, onda bu sözləri üzünə vuracağam". Bir şeyi heç vaxt başa düşə bilmədim: necə olurdu ki, sən o sözlərinlə, mühakimələrinlə məni nə qədər alçaltdığını, sındırdığını hiss etmirdin?! Ola bilsin, mən də tez-tez sənin xətrinə dəyən sözlər işlətmişəm, ancaq bunu hiss edib əzab çəkmişəm. Neyləyim, özümü saxlaya, həmin sözü deməyə bilmirdim, ancaq deyə-deyə də peşman olurdum. Sən isə heç nəyə fikir vermədən o sözləri deyirdin, heç kimə yazığın gəlmirdi: nə deyəndə, nə də sonra... Sənin qabağında dayanmaq olmurdu...
Sənin tərbiyə üsulun bax belə idi. Mənə elə gəlir, sənin yaxşı tərbiyə etmək qabiliyyətin var; yəqin ki, özün təbiətdə olan adamlara xeyiri dəyərdi. Dediklərinin ağıllı olduğuna inanıb eləyər, heç bir dərdi - səri də olmazdı. Ancaq mən uşaq olanda, dediklərinin hamısını ayə kimi qəbul edirdim, heç birini unutmurdum, onlardan dünyanın işlərini, xüsusən də səni mühakimə etmək üçün əsas vasitə kimi istifadə edirdim və bu da heç vaxt sənin xeyrinə olmurdu. Uşaqlığımda səninlə ən çox yemək vaxtı bir yerdə olurdum və səndən aldığım dərslərin çoxu da stolda özümü necə aparmağım barədə olurdu. Stola gələnlərin hamısı yeyilməli idi, onların keyfiyyəti barədə danışmaq olmazdı. Ancaq çox vaxt yeməklər xoşuna gəlmirdi, onları "yem" adlandırırdın, "Heyvan ( yəni, aşpaz ) bunu zibilə döndərib" deyirdin. İştahan yaxşı olduğu üçün tez-tez, isti-isti, iri loxmalarla yeyirdin, deməli, uşaq da tələsməli olurdu, üzüntülü bir sakitlik çökürdü və bu sükutu da sənin iradların pozurdu: "Əvvəlcə ye, sonra danışarsan", "Tez! Tez! Tez!", "Görürsən, mən çoxdan yeyib qurtarmışam". Sümüyü dişə salmaq olmazdı - ancaq sən salırdın. Sirkəni içmək olmazdı - ancaq sən içirdin. Əsas məsələ o idi ki, çörək düzgün doğransın. Ancaq sən çörəyi ağzından şorba daman bıçaqla doğraya bilərdin. Gərək elə yeyəydin ki, qırıntılar döşəməyə düşməyəydi, ancaq ən çox da özün tökürdün. Stola oturanda yalnız yeməklə məşğul olmaq lazımdır, ancaq sən dırnağını ya təmizləyir, ya da kəsirdin, qələm ucu yonurdun, diş dibi təmizləyənlə qulaqlarını eşirdin... Xahiş edirəm, məni düzgün başa düş, ata, bəlkə də bunların hamısı adi xırdalıqlar idi, ancaq mənə ona görə belə təsir edirdilər ki, sən - böyüklər böyüyü hesab elədiyim bir insan - mənim boynuma qoyduğun ayələrə özün əməl etmirdin. Ona görə də mən dünyanı üç yerə bölmüşdüm. Bunlardan biri həmin dünya idi ki, mən orda qul kimi yaşayırdım, ordakı qanunlar yalnız mənim üçün kəşf olunmuşdu və buna baxmayaraq, onların heç birinə uyğun gəlmirdim. Məndən çox-çox uzaqlarda olan ikinci dünyada sən yaşayırdın və həmin dünya da hökumət qurmaqla, qanunlar hazırlamaqla məşğul idi və bu qanunlara əməl etməyənlərə də bərk əsəbiləşirdin. Nəhayət, üçüncü dünya gəlirdi ki, orda da başqaları əmrlərdən, qanunlardan uzaqlarda xoşbəxt həyat sürürdülər. Mən isə rüsvay olmuşdum, sənin əmrlərini yerinə yetirirdim və bu da ona görə rüsvayçılıq idi ki, həmin əmrlər təkcə mənə aid olurdu. Ya da inadkarlıq edirdim, ancaq bunun özü də rüsvayçılıq idi, çünki sənin gücün, sənin iştahan, sənin çevikliyin məndə yox idi ki, inadkarlıq edəm, o əmrləri yerinə yetirməyəm. Ən böyük rüsvayçılıq bir də o idi ki, bütün bunlara baxmayaraq, onları məndən elə tələb edirdin ki, sanki belə də olmalıdır. Beləliklə, uşaqda düşüncə deyil, hisslər inkişaf edirdi.

Mənim o vaxt nələr çəkdiyimi indi Feliksin çəkdikləri ilə müqayisə etsəm, daha aydın olar. Onunla da belə rəftar edirsən, ona qarşı hətta daha dəhşətli tərbiyə üsulundan istifadə edirsən, yemək zamanı səncə, nəyisə düzgün eləməyəndə, o vaxt mənə dediyin kimi "Donuzun biri donuz!"la kifayətlənmirsən, üstəlik də əlavə edirsən: "Əsl Hermansan" və ya "Lap atana oxşayırsan!". Bunlar bəlkə də - burda "bəlkə"dən başqa heç nə demək olmaz - Feliksə o qədər də təsir eləmir, çünki sən onun üçün doğrudan da yaxşı babasan, ancaq mənim vaxtımda olduğu kimi, hər şey demək deyilsən. Bundan əlavə, o, sakit uşaqdır, bir az da kişiləşmişdir, onu hay-küylə çaşdırmaq olar, ancaq bu, çox çəkməz. Digər tərəfdən də, sənin yanında nisbətən az olur, başqa təsirlər də görür, sən onun üçün daha çox sevimli bir əyləncə vasitəsisən, hansı əyləncə növü xoşuna gəlir, onu da seçir. Ancaq mənim üçün əyləncə vasitəsi deyildin, heç nə də seçə bilməzdim, hamısını götürməli idim. Özü də heç nə demədən, etiraz eləmədən, çünki səninlə onsuz da nə barədəsə sakit danışmaq mümkün deyildi, ən çox da sən nə iləsə razılaşmayanda və ya özün istəməyəndə... Sənin hökmranlıq temperamentin buna yol verməz! Son illər bunu ürək nevrozu ilə izah edirsən. Bilmirəm, nə vaxtsa başqa cür olubsan ya yox, ancaq ürək nevrozu sənə öz hökmranlığını daha da sərtləşdirmək üçün bir vasitə olub, çünki bu hökmranlıq başqasının son etiraz hissini də boğmalıdır. Əlbəttə, bu, irad deyil, sadəcə, faktın özüdür. Ottla barədə "Onunla danışmaq heç mümkün deyil, o dəqiqə qayıdıb adamın üzünü cırmaqlayır"- deyirsən, ancaq, əslində, o heç vaxt cırmaqlaya bilməz; sən əməllə insanı qarışdırırsan; sənin üzünü cırmaqlayan əməldir və adamı dinləmədən həmin əməl barədə qərar çıxarırsan; bundan sonra deyilənlər də səni inandırmaq əvəzinə, daha da qızışdırır. Hələ üstəlik də deyirsən: "Nə istəyirsən elə, müstəqil adamsan... Daha böyümüsən, sənə məsləhət verəsi deyiləm!" Və bütün bunların hamısını hirsindən boğula-boğula, xırıltılı səslə, hökmlə deyirdin. Bu gün həmin sözləri eşidəndə, məni uşaqlıq çağlarında olduğu kimi əsməcə tutmur, çünki hər ikimizin də köməksiz olduğumuzu başa düşdüyüm üçün özümü uşaqlıq çağlarında olduğu qədər günahkar hiss eləmirəm.
Bizim bir-birimizlə sakit danışmağımız artıq mümkün deyildi və bu da axırda öz təbii nəticəsini verdi: mən danışmağı yadırğadım. Əlbəttə, bu o demək deyildi ki, mən yaxşı natiq ola bilərdim, ancaq hər halda, bütün başqa insanlar kimi, fikrimi rəvan şəkildə ifadə etməyi bacarardım. Ancaq danışmağı sən mənə çox tez qadağan elədin. "Cavab qaytarma!"- deyə barmağını silkələyə-silkələyə hədələməyini o vaxtdan bəri unuda bilmirəm. Səninlə üzbəüz dayananda - söhbət öz mənafeyindən gedəndə çox gözəl natiq olursan - dilim topuq çalırdı, kəkələyirdim və sən hətta bunun özünü də mənə çox görürdün, axırda susmalı olurdum, bəlkə də əvvəllər inadkarlıq edirdim, ancaq sonralar sənin yanında nə fikirləşə, nə də danışa bilirdim.Yeganə tərbiyə verənim olduğun üçün bütün həyatım boyu bunlardan azad ola bilmədim. Əgər belə fikirləşirsənsə, mən heç vaxt sənə tabe olmamışam - çox böyük səhv edirsən. "Həmişə əksinə getmək" - sənə qarşı münasibətdə, fikirləşdiyin və inandığın kimi, heç vaxt mənim həyat prinsipim olmayıb. Əksinə, dediklərinə az əməl etsəydim, bəlkə də məndən daha çox razı qalardın. Ancaq sənin bütün tərbiyə üsulların öz işini gördü, işlətdiyin fəndlərin hamısı alındı: Bu gün necəyəmsə (əlbəttə, həyatın bəzi qanunauyğunluqlarını və onların mənə təsirini çıxmaq şərtilə), sənin verdiyin tərbiyənin və mənim itaətkarlığımın nəticəsində olmuşam. Bu nəticə ona görə xoşuna gəlmir, onu verdiyin tərbiyənin nəticəsi ona görə hesab eləmirsən ki, sənin xislətinlə mənim tutulduğum xəmrə bir-birinə heç vaxt yaxın olmayıb. Sən deyirdin: "Cavab qaytarma!" və bununla mənim içimdə yarana biləcək müqavimət hisslərini boğmaq istəyirdin, ancaq bu, artıq idi, çünki mən çox itaətkar idim, cınqırımı da çəkmirdim, sivişib aradan çıxırdım və yalnız səndən uzaqlaşandan, sənin hökmünün birbaşa təsirindən azad olandan sonra qımıldana bilirdim.


Tarix: 08.06.2015 / 17:31 Müəllif: Aziza Baxılıb: 279 Bölmə: Frans Kafka - "Atama Məktub"