beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

İvan Vasilyeviç peşəsini dəyişir (film, 1973)

"İvan Vasilyeviç peşəsini dəyişir" (rus. Иван Васильевич меняет профессию) — rejissor Leonid Qaydayın filmi.Mündəricat
1 Məzmun
2 Film haqqında
3 Filmin heyəti
3.1 Film üzərində işləyənlər
3.2 Rollarda


Məzmun

İxtiraçı Aleksandr Sergeyeviç Timofeyev (Şurik) zaman maşını icad edir. Onun saysız eksperimentləri nəticəsində bir gün maşın tüstüləyir və partlayış baş verir. Şurik özündən gedir.

Şurikin arvadı olan kinoaktrisa Zina ondan ayrılacağını deyir. O, yeni sevgilisi – kinorejissor Yakinlə birgə səyahətə gedirlər. Bu zaman oğru-residivist Corc Miloslavski Şurikin qonşusu diş həkimi Anton Şpakın mənzilinə soxularaq onu qarət edir. Onun təcrübələrindən təngə gəlmiş ev müdiri İvan Vasilyeviç Şurikə yenidən sakinlərin şikayətini çatdırır. Şurik İvan Vasilyeviçin iştirakı ilə öz zaman maşınını işə salır və bu zaman Şurikin və Şpakın mənzilləri arasında olan divar yoxa çıxır. Təəccüblənmiş Miloslavski Şurikin mənzilinə keçir. Şurik zaman maşınının gücünü artırır və qarşıda çar sarayı peyda olur. Taxt-tacın sahibi İvan Qroznı və onun mirzəsi Feofan görünürlər. Şurikin bu təcrübəsi nəticəsində İvan Vasilyeviç Bunşa və və oğru keçmişə gedir, İvan Vasilyeviç Qroznı isə Şurikin mənzilinə düşür. Hər şey bir-birinə qarışır.

Keçmişdə də çaşqınlıq yaranır. Saray mühafizəsi gələcəkdən gəlmiş şəxsləri tutmağa çalışır. Çara olduqca çox bənzəyən, hətta adı və atasının adı onunla bir olan İvan Vasilyeviç sarayı idarə edən çar roluna girir və "keçmişi" öz istədiyi kimi idarə etməyə başlayır. Onlar ordunu Krıma göndərib elçilərlə görüşürlər. Oğru isə elə orada da öz işini davam etdirir.

1973-cü il Moskvasına düşmüş çar İvan Qroznı isə öz taxtına qayıtmaq istəyir. Şurik ona hər şeyi başa salır və zaman maşınında hansısa detalın çatmadığını deyir. Filmin sonunda zaman maşını təmir olunur və hər bir kəs öz zamanına qayıtmağa müvəffəq olur.

Sonda Şurik yuxudan oyanır və bütün bunların bir yuxu olduğunu dərk edir. Hətta arvadı Zinaidanın onu tərk etməsinin də yuxu olduğu aşkara çıxır...

Film haqqında
Film Mixail Bulqakovun "İvan Vasilyeviç" pyesi əsasında çəkilmişdir.
Film ağ-qara kadrlarla başlayıb, ağ-qara kadrlarla da bitir. Bu, Şurikin yuxuda olmadığı kadrlardır. Onun yuxusu isə rəngli lentdə göstərilir.
Filmin quruluşçu rejissoru Leonid Qayday, Yakinin işıq assistenti olaraq vur-tut 10 saniyəlik epizodik rolda çəkilmişdir.
Filmdə Corc Miloslavski Anton Şpaka zəng edir və qadın səsi ilə danışır. Bu səhnəni Nataliya Kustinskaya səsləndirmişdir.
Sınaq çəkilişləri zamanı İvan Vasilyeviç roluna – Yuri Nikulin, Georgi Vitsin, Yevgeni Lebedev, Yevgeni Yevstiqneyev; Miloslavski roluna isə – Andrey Mironov, Sergey Nikonenko, Georgi Burkov kimi aktyorlar sınaqdan keçmişdilər.
Leonid Qayday bu filmdən rejissor işinə görə 5948 rubl, ssenariyə görə isə 2000 rubl qonorar alıb.
Orta əsrləri təsvir edən səhnələrdəki geyimlər bundan əvvəl kinorejissor Sergey Eyzenşteynin 1944-cü ildə çəkdiyi "İvan Qroznı" filmində istifadə olunmuşdu.
Filmə 1 il ərzində 60 milyondan çox tamaşaçı baxmışdı.
Bu film Amerika tamaşaçılarına "İvan Vasilyeviç: gələcəyə qayıdış" ("Ivan Vasilievich: Back to the Future") adı ilə tanışdır.

Filmin heyəti

Film üzərində işləyənlər
Əsərin müəllifi : Mixail Bulqakov
Ssenari müəllifləri : Vladlen Baxnov, Leonid Qayday
Quruluşçu rejissor : Leonid Qayday
Operatorlar : Vitali Abramov, Sergey Poluyanov
Rəssam : Yevgeni Kumankov
Bəstəkar : Aleksandr Zasepin

Rollarda
Yuri Yakovlev – İvan Vasilyeviç
Leonid Kuravlyov – Corc Miloslavski
Aleksandr Demyanenko – Şurik
Nataliya Seleznyova – Zinaida Timofeyeva
Saveli Kramorov – Feofan
Nataliya Kraçkovskaya – Ulyana Andreyevna
Nataliya Kustinskaya – aktrisa
Vladimir Etuş – Anton Semyonoviç Şpak
Mixail Puqovkin – kinorejissor Yakin
Sergey Filippov – səfir
Eduard Bredun
Viktor Uralski
Leonid Qayday – Yakinin işıq assistenti


Tarix: 22.02.2013 / 20:18 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 471 Bölmə: Filimler