beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

25 Peyğəmbər Şeri (1-hissə)

İlk Nəbidir bizə əcdad sayılan “ilk insan!”

Tək ona oldu nəsib böylə şərəf, böylə şan!...

Həvva xəlq olunmuşdur onun qabırğasından,

Qadağan meyvə yemək təklif oldu şeytandan,

Yəni, ilk şeytandan, İblisi şərri-fənadan!

Sonra övladları artıb yayıldı dünyaya,

Nəsli tabe tutuldu sınaqlı bir məcraya,

Soyundan yaxşı və pis kim çıxacaq ifşaya?

Gələcək kim səlim qəlblə Rəfiqi-Əlaya?!

Düşəcək kim görəsən öz əlindən bəlaya?!

Nuh:

Nuh, qövmünü illərlə eylədi haqqa dəvət,

Az insan onu qəbul eylədi, verdi qiymət!

Bir böyük gəmi tikmək üçün edildi vüsət,

Haqdan xəbərdar edildi Nuh gəldiyi millət,

Tufan gələndə bir gəmi qaldı suda ibrət.

Bir də gəminin əhli tamam qaldı salamat!

Su yüksəldikcə bircə görən gərəkdi, “heyhat”,

Su altda qalan görmədi öz zülmünü ifrat,

Peyğəmbəri inkar edən tapmaz axı nəcat!

Hər inanmış, hər inkarçı da verər hesabat!

İdris:

Şərəfli bir soydan gələn, əziz nəbi İdris,

Öyülən bir nəbidir, doğru sözlüdür xalis,

Yüksək bir məqama ucalmış o xeyrə həris,

“İlk dəfə qələmlə o yazdı,” səbrli müdərris,

“İlk dəfə dərzilik etmək,” nəsib oldu belə hiss.

Qövmünü dəvət etdi tək Allaha ibadətə,

Çağırdı doğru yola, xilas edən səadətə,

Fəqət əksəriyyəti qovuşmadı hidayətə!

Fəxri-Aləm[1] [1] yüksələndə meraca, vəlayətə,

Dördüncü göy qatında gördü onu şərafətdə!

Hud:

Qövmü bir tağut olan bütlərə ibadətdə,

Hud nəbi seçildi Ad qövmünə risalətdə,

Hud nəbi davam etdi dəvətə sədaqətdə,

Çoxu inkar etdi dəvətini icabətdə,

Azı iman etdi haqq yoluna şəhadətdə.

Nəhayət, Hud nəbiyə etdilər qatı rəftar,

Bir bəşər olduğuyçün etdilər onu inkar,

O da Haqq əzabıyla təhdid eylədi aşkar,

Hətta, bu təhdidi də yalan saydılar onlar,

Qorxunc bir səs ilə əzaba düçar oldular.

Saleh:

Uca Allah onu Səmud qövmünə göndərdi,

O uzun ömürlü insanlara Peyğəmbərdi,

Allahı unudan qövmü bütlərdən istərdi,

O da insanlara tövhid yolunu göstərdi,

Fəqət inkarçı qövmü seçdi bəlanı, dərdi!...

Sonra da Salehə bir qayanı göstərərək,

İstəyirsən inanaq, bir dəvə çıxar görək,

Möcüzə oldu, bir qismi dedi: iman edək.

Dəvəyə bir az baxdılar, dedilər: öldürək.

Dəvəni öldürdülər, öz sonlarıymış demək!

İbrahim:

Nəmrud kimi bir kəsin düşmanıydı İbrahim,

Bu İslamın hənif müsəlmanıydı İbrahim,

Baxın, əsil təvəkkül insanıydı İbrahim,

Əxlaqda tamamən bir irfanıydı İbrahim!

Atəşlərin yanmaz gülüstanıydı İbrahim!

Rəbbimiz göndərdi soyundan neçə Peyğəmbər,

Peyğəmbər nəslindən o çıxartdı neçə rəhbər!

“Yaxşı ad” nəsib etdi, etdi dillərə əzbər,

Bütpərəst atasına “Atacan” deyən bir ər!

Salehlik istəyən bunları nümunə bilər!

O vaxt ki, atasından ayrılıb getdi tamam,

İshaqla Yəqubu bəxş etdi Rəbbi bir ənam,

Bu soyundan gələn nəbiləri də etdi imam,

Yüksəlti onları da, bəxş etdi gözəl məqam,

Ona da “Fəxri-Aləm[2] [2]” meracda verdi salam!

Lut:

Bir kütlə vardı bəşərdə, azğınlığı ifrat,

Bir təmiz bəndə seçildi etdi çox təbliğat,

Lut Nəbi idi o bəndə, həm seçilmiş o zat,

Rədd eylədi qövmü onu, qaldı fuhuş ovqat,

Gördülər aləmə ibrətli bəlanı sovqat!

Ən çirkin əməllərində elə israr etdilər,

Lut nəbi xəbərdar etdi, yenə təkrar etdilər.

Bəşərdə ilk dəfə livatanı[3] [3] aşkar etdilər,

Lut nəbini “təmiz” sayıb onu inkar etdilər,

Mələklər də o qövmü əzaba düçar etdilər[4] [4].

İsmayıl:

İbrahimin şərəfli bir peyğəmbər övladı,

Xalqa yaxşı bəllidir onun hörmətli adı,

Atasının istəyi, vardı qurban muradı,

Bir gün İbrahim dedi yuxusunu, yoxladı,

İtaətkar İsmayıl doğrultdu etimadı!

Elə ki, gəldi çatdı qurban etmək məqamı,

Atasının yuxusu təsdiq oldu inamı:

Qoçla əvəz edildi bu qurban ehtişamı,

Atası İbrahimin qəbul oldu məramı,

İsmayıla ümmətin var böyük ehtiramı!

İshaq:

İbrahimin oğludur, seçilən nəbi İshaq,

Yəqubun atasıdır o, dili ancaq dedi haqq,

“İshaqı da zikr et” – deyə quranda gəldi soraq,

Kənan diyarının ağsaqqalıydı, xalqa dayaq,

Möminlərə yol göstərən idi o “nurlu çıraq!”

O, "qüvvət və bəsirət sahibi" qullardan idi,

İbrahim nəbi üçün müjdə olanlardan idi,

Rəbbinin hüzurunda səcdə qılanlardan idi,

O, Rəbbinin qatında muxtar insanlardan idi,

Şərəfli ömrünü müdrik yaşayanlardan idi.

Yəqub:

Atası İshaq idi, edərdi nəsihətlərin,

Peyğəmbər oğlu Peyğəmbər idi o, fəhmi dərin,

Böyük bir ailəsi vardı Yəqub Peyğəmbərin,

Yusifin qardaşları gördülər öz şər işlərin,

Yəqubu hicrana salıb artırdılar kədərin.

Yusifi tər çiçək kimi yetişdirən bir ata,

Hicrana dözmədə varmı ona bir bəndə çata,

Yəqubun həsrəti övlad idi, baxsın həyata,

Yəqubu aldadan övladları pis etdi xata,

Yusifi sağ və yüksələn görüb çatdı səbata.

Yusif:

O gözəllik, verilən lütf idi Yusif Nəbiyə,

Onu Yəqub Nəbi həm də eləmişdi tərbiyə,

Rəbbini tutdu uca, döndü şərəfli bəndəyə,

Üzü tək ömrü də qərq oldu onun gözəlliyə,

Yusifin qissəsi əfzəl oldu çox hadisəyə!

Zindanları əxlaqı ilə edər gülüstan,

-Min Züleyxa[5] [5] gəlsə, görünər gözündə şeytan!

Fironda onun tək olmazdı əşrəfi- əyan,

İnsanlara sultan idi, zindanda da sultan,

Salehlərin iftixarı Peyğəmbəri-zişan!

Şüeyb:

Yer üzündə bir qövm vardı, çox fəsad edirdi,

Ölçüdə aldadır, əksik verir, çox şər edirdi,

O “Əykə əhlinə” Şüeyb haqq əmrini bildirdi,

Qövmü ona “sehrlənmiş və yalançı” deyirdi,

Fəqət, dəvətindən usanmırdı, çəkinmirdi.

Sonda faydasız qaldı Şüeybin nəsihətləri,

Nəhayət, əzabı da haqq etdi əşirətləri,

Kölgəli bir günün əzabı oldu dəhşətləri,

Qaçdılar bir nəbidən, hüzurdan, gör zillətləri,

Sən də bu dövrdə al nəbilərdən ibrətləri!...

Eyyub:

Eyyub nəbinin səbri bütün aləmə məşhur,

Çox vəsvəsə verdi ona ol İblisi-mənfur,

Hər həmləsində gördü Nəbi qəlbini mənsur,

Bir zövcəsi baxdı ona, gördü onu məsrur,

Sonda üzü ağ çıxdı böyük sınaqla mənşur.

Bir xəstəliklə imtahan olmuşdu o bəndə,

Qurd sarmış idi vücudunu, təcrid evində,

Sarsılmadı möhkəm oldu qəlbində və dində,

"Nə gözəl bəndədir" deyildi barəsində.

Gördünmü bu cür iradə insanlar içində.

Zül-Kifli:

Səbr edənlərlə birgə qeyd elədi Rəbbi onu,

“Yaxşılardan” sayıldı, xeyrə çəkdi qəlbi onu,

Əgər qeyd etməsə Allah, nə bilərdin ki, bunu,

Onu seçdi bir nəbi tək, bildirdi haqq yolunu,

O seçir nübüvvətə layiq olan bir qulunu!

Musa və Harun:

Bir bölgədə yaşanırdı bir şərəfli həyat,

Musayi-əşrəfə gəldi Rəbbani təlimat,

Haqq təaladan nazil oldu “kitabı-Tövrat,”

Harunla təkfiyə[6] [6] oldu tövfiq[7] [7] üzrə rahat.

Qövmü nə qədər möcüzə gördü, dedi: heyhat!

Harunla güclü qılındı Musa ki, cəsarət,

Bir yerdə çoxaldı o iki ürəkdə taqət,

Musaya dayaq edildi Harunda bəlağət,

Birgə gəldilər hüzuru-Firona nəhayət,

Dəvət eləyib gətirdilər möcüzə, ayət!

Arabir büdrəsə də nitqi və yaxud da səsi,

Allahın izni ilə vardı böyük möcüzəsi,

Əsası ilə artdı fövqəl-adi cazibəsi,

Dənizi iki qismə bölmüşdü müamiləsi!

Əlini bəmbəyaz nura qərq edərdi sinəsi.


Tarix: 09.05.2013 / 12:44 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 599 Bölmə: Dini Şe`rlər