beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Fatimə (s) Insanlara Nümunə

Fatimə (s) insanlara nümunə

Bismillahir Rehanir Rehim!

Özü üçün örnək və nümunə seçməyən çox az insan təsəvvür etmək olar. Etiqad, mədəniyyət, dil və milliyətindən asılı olmayaraq, bütün insanlar həyatlarında verdikləri qərarlarının örnək və nümunələrinə uyğun olmasına çalışırlar. Bütün əməllərini hətta geyim, saç düzümü və danışıq tərzlərinin də onların əməl, geyim, saç düzümü və danışıq tərzi ilə həmahəng etməyə çalışırlar. Sanki bu istək, yəni nümunəyə meyillilik insanın fitri tələblərindən biridir. Amma təəssüflər olsun ki, hamı onu düzgün yola istiqamətləndirə biləcək və onun kamilliyinə səbəb olacaq nümunəni tapa bilmir. Çünki bu dünyada belə nümunələrin kənarında azdırıcı və insanın zəlalətinə səbəb olan nümunələr də az deyil. Özümüzə nümunə və örnək seçərkən onun necə şəxs olmasına, rəftar və sözlərinə diqqət yetirməliyik. Çünki kor-koranə seçim bizi məhvə doğru aparar. Bu seçimi etməkdə biz ağıl və ağılın qəbul etdiyi vəhydən kömək almalıyıq. İlk növbədə ağıl, pak insanın nümunə ola biləcəyinə hökm edir. Zəlalət və azğınlıqda olan zəlalət və azğınlığa aparar. Amma hidayət yoluna agah olan, pislikdən uzaq olan və vəhy tərəfindən bizə nümunə kimi tanıtdırılan şəxs isə sözsüz ki, insanları hər iki dünyada səadətə çatdırar. Belə nümunələrdən biri də İslam peyğəmbərinin (s) əziz qızı həzrət Fatimədir (s). Bu yazıda ilk növbədə o həzrətin məsum olması dəlillərini, daha sonra isə onun əxlaq və rəftarlarının bəzi nümunələrini diqqətinizə çatdıracağıq.

Fatimə (s) isməti Quranda

Quran- məcid qadınlar arasında Fatiməni (s) məsum kimi tanıyır. O, ömrü boyunca heç bir günah etməmiş və bütün əsrlərdə hər bir insan, xüsusilə qadınlar üçün nümunə sayılmışdır. Uca Allah Təthir ayəsini əhli-beytin məqam, fəzilət və ismətini təsdiq edən bir sənəd kimi bəşərə təqdim etmişdir:

" Allah hər növ çirkinliyi siz əhli-beytdən uzaqlaşdırmaq istəmişdir ”.( Əl -əhzab, 33 )

Bu ayə əhli-beytin hər növ çirkinlikdən uzaq olduğuna aşkar bir dəlildir. Allah rəsulunun (s) ailəsi sayılan başqa şəxslər bu fəzilətə şərik deyillər. Şiə və sünni rəvayətçilərinin nəql etdikləri hədisdə deyildiyi kimi bu fəzilət yalnız təyin olunmuş şəxslərə məxsusdur. Hətta ənənəyə görə əhli-beyt sayılan şəxslər də bu fəzilətə şərik deyillər. Peyğəmbərin (s) iffətli həyat yoldaşları belə hər iki məzhəbin ( şiə və sünni ) nəql etdikləri hədislərə əsasən bu fəzilətə şərik hesab olunmurlar. Belə rəvayətlərin bəzi nümunələrini aşağadakı bölümdə diqqətinizə çatdırırıq.

Fatimə (s) isməti hər iki məzhəb rəvayətlərində

İmam Baqir (ə) buyurur: " Allah rəsulu (s), Əli (ə), Fatimə (s), Həsən (ə) və Hüseyn (ə) barəsində olan Təthir ayəsi Ümm Sələmənin evində nazil olmuşdur. Bu ayə nazil olan zaman o həzrət Əli (ə), Fatimə (s), Həsən (ə) və Hüseyni (ə) xeybər əbası altında toplayaraq, belə buyurdu: İlahi, bunlar mənim barələrində vədə verdiyin əhli-beytimdir. Çirkinliyi bunlardan uzaqlaşdıraraq bunları pakla! Bu vaxt Ümm Sələmə dedi: Ey Allahın rəsulu(s) məndə bunlarlayam? Həzrət buyurdu: Səni səadətə çatmağınla müjdələyirəm. Ümm Sələmənin ənənəyə əsasən əhli-beyt sayılmasına baxmayaraq, ayədə adı çəkilən dəstədən hesab olunmur. Bəzi rəvayətlərdə belə nəql olunur: Səni səadətə çatmağınla müjdələyirəm ”.1 Bu ayə yalnız mənim, qardaşımın, qızımın və Hüseynin (ə) nəslindən olan doqquz övladım barəsində nazil olmuşdur. Eyni məzmunlu hədis " Durrul-mənsur ”da nəql olunmuşdur.3 Sünni rəvayətçilərinin nəql etdikləri başqa bir hədisdə Allah rəsulu (s) belə buyurur: " Ey Fatimə! Allah sənin qəzəblənməyinlə qəzəblənər və sənin razı olmağınla razı olar”.2 Hakim Nişapuri və İbn Həcər Heysəmi bu hədisi nəql etdikdən sonra onun mötəbər olduğunu aşkar şəkildə təsdiq edirlər. Bu hədis yalnız və yalnız Fatimənin (s) məsum olduğu surətdə düzgündür. Çünki Allahın məsum olduğunu nəzərə alsaq, onun öz qəzəb və razılığını qeyri məsumla bir cərgəyə qoymasının əbəs və bihudə olduğunu təsdiq edərik. Allah yalnız məsum şəxsin qəzəblənməyinə qəzəblənər və onun razılığı ilə razı olar.

Həm Quran və həm də rəvayətlər Fatimənin (s) məsum və günah və çirkinlikdən uzaq olduğunu təsdiqlədi. İndi isə o həzrətin hamımıza nümunə ola biləcək həyatından bəzi rəftar nümunələrini sizə təqdim edirik.

Həzrət Fatimənin (s) sevdikləri

İnsan təbiətində olan xüsusiyyətlərdən biri də məhəbbətdir. İnsan həyatdakı bəzi şeylərə məhəbbət bəsləyir. Yaş fərqinə görə insanlar arasında məhəbbət bəslənən şeylərdə müxtəlifdir. Məsələn; uşaq kiçik yaşlarında oyuncağa, bir az böyüdükdən sonra isə kitab-dəftərə daha sonra isə ....... məhəbbət bəsləyir. Bir sözlə məhəbbət bəsləyib nəyəsə əlaqəli olmaq insan təbiətinin ayrılmaz bir hissəsidir. Həzrət Fatimə (s) bu işlərdə də bizə nümunədir. Hədislərin birində o həzrətdən belə nəql olunur: Həzrət Fatimə (s) belə buyurdu: " Sizin dünyanızdan üç şeyi sevirəm:

1. Quran oxumağı;
2. Allah rəsulunun (s) üzünə baxmağı;
3. Allaha xatir fəqirlərə kömək etməyi.

Həzrət Fatimə (s) ilk növbədə başqalarına dua edir

Dua insanın Allahı çağırmasıdır. Dua etmək İslam dininə məxsus olmayaraq, bütün dinlərdə var. Dua edənlərin əksəriyyəti ilk növbədə özləri barəsində dua edirlər. Amma həzrət Fatimənin (s) əxlaqi xüsusiyyətlərindən biri ilk növbədə başqalarına dua etməsi idi. İmam Hüseyn (ə), qardaşı imam Həsəndən (ə) belə nəql edir: Cümə axşamı anam Fatimənin (s) mehrabda ibadət etdiyini gördüm. O, sabaha qədər ruku və səcdə halında qalaraq, möminlərin bir-bir adlarını çəkərək onlar üçün dua edirdi. Amma bir dəfə də olsun özünə dua etmirdi. Anama belə dedim: Anacan! Başqaları üçün dua etdiyin kimi niyə özünə də dua etmədin? Buyurdu: Ey oğlum! Əvvəl qonşu, sonra ev.4

Allah rəsulunun (s) razılığını dünya zinətindən üstün tutması

Qadınlar özlərini bəzəmək üçün boyunbağı, üzük və s. kimi zinət əşyalarından istifadə edirlər. Bu işin həm şəriət ( yalnız məhrəm olan kişilərin yanında ) və həm də adət-ənənə baxımından heç bir eybi yoxdur. Maddi durumları yaxşı olmayan qadınlar belə bəzək əşyalarından da məhrumdurlar. İslamın ilk çağlarında camaatın çox hissəsinin maddi durumu yaxşı deyildi. Yalnız müharibə qənimətləri olan zaman belə zinət əşyaları əldə edirdilər. Həzrət Əli (ə) müharibələrin birində qənimət olaraq, bir boyunbağı əldə etmiş və həyat yoldaşı Fatiməyə (s) hədiyyə etmişdir. Fatimə (s) bəzi vaxtlar o boyunbağını boynuna asardı. Bir gün Allah rəsulu(s) bu boyunbağını Fatimənin (s) boynunda gördü. Amma Fatimənin(s) boyunbağını boynuna asmasından xoşhal olmadı. Aşağıdakı hədis bu barədədir:

İmam Səccaddan (ə) belə nəql olunur: Əsma bint Omeys dedi: Bir gün mən Fatimənin (s) yanında olarkən, Allah rəsulu (s) qızının evinə gəldi. Fatimə(s) Əlinin müharibə qəniməti kimi əldə etdiyi qızıl boyunbağını boynuna asmışdı. Allah rəsulu (s) buyurdu: Ey Fatimə! Gözlə ki, Məhəmmədin (s) qızının zalımlar kimi paltar geyinməsi camaatın dillər əzbəri olmasın. Fatimə (s) boyunbağını boynundan çıxardaraq, satdı. Onun puluna bir qul alıb, azad etdi. Allah rəsulu (s) bu hadisəni eşitcək sevindi.5

Qadınlar üçün ən yaxşı zinət

Hər bir işdə insanlar müxtəlif nəzər və fikirlərə malikdirlər. Gündəlik işlərimiz barəsində olan nəzərlərimiz belə fərqlidir. Əgər hamıya " qadın üşün ən yaxşı şey nədir? ” sualı ilə müraciət etsək, sözsüz ki, onlarla nəzəriyyə və fikirlərlə üzləşəcəyik. Sözügedən sual barəsində Fatimənin (s) xüsusi və qadınlarımıza örnək ola biləcək bir nəzəri var. Həzrət Əlidən (ə) belə nəql olunur: Bir gün Allah rəsulu (s) ilə bir məclisdə əyləşmişdik. O həzrət üzünü məclisdəkilərə tutaraq, belə buyurdu: Qadın üçün ən yaxşı zinət nədir? Məclisdə olanların heç biri bu suala cavab verə bilməyərək oranı tərk etdilər.

Mən Fatimənin (s) yanına gəlib bu hadisəni onun üçün nəql etdim. Fatimə(s) buyurdu: Mən bu sualın cavabını bilirəm. Qadın üçün ən yaxşı zinət budur ki, heç bir kişi onu və o da heş bir kişini görməsin. ( Həzrət Fatimənin (s) bu sözü deməkdə əsl məqsədi budur ki, heç bir qadın ona məhrəm olmayan kişilərə baxmasın və məhrəm olmayan kişilər onu görməsin deyə örtük bağlasın. )

Mən Allah rəsulunun (s) yanına gəlib sualın cavabını o həzrətə dedim. O, təəccüblə soruşdu: Sən də o məclisdə idin. Amma bir şey demədin. Cavabı haradan öyrənmisən? Dedim: Bu Fatimənin (s) cavabıdır. Həzrət buyurdu: Həqiqətən Fatimə (s) bədənimin bir parçasıdır.6

Əvvəldə qeyd etdiyimiz kimi bu yazıda həzrət Fatimənin (s) məsum olduğunu və bizlərə örnək olmaq üçün səlahiyyətli olduğunu diqqətinizə çatdırdıq. Bunu da qeyd etmək lazımdır ki, Fatimə yalnız qadınlar üçün deyil, bütün insanlar və bəndəçilik yoluna qədəm qoyanlar üçün bir örnəkdir. İlahi, həqiqi Fatimə (s) yolunun davamçısı olmaqda bizə yardım et!


Tarix: 19.11.2013 / 04:01 Müəllif: Akhundoff Baxılıb: 258 Bölmə: Dahilerin sözleri