beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Dəri infeksiyaları

Tetanus ağır kəskin infeksion xəstəlikdir.
İnfeksiyanın giriş qapılarını nəzərə almaqla aşağıdakı tetanus növləri ayırd olunur: 1) travmatik tetanus; 2) iltihabi proseslərin nəticəsi olan tetanus.
Tetanus zamanı inkubasion dövr 5 gündən 14 günə qədər davam edir. Bir sıra hallarda 1 — 4 günədək qısalır və ya 30 günə qədər uzanır. Xəstəlikdən əvvəl başağrısı, yüksək dərəcədə əsəbilik, çox tərləmə, yara ətrafında gərginlik, yüngül ağrı və əzələ dartılmaları şəklində prodromal hallar ola bilər.
Xəstəlik çox vaxt kəskin başlanır. Tetanusun başlanğıc simptomlarından biri çeynəmə əzələlərinin ağızın açılmasını çətinləşdirən qıcolma şəklində yığılmalarıdır. Çox ağır hallarda dişlər bir-birinə möhkəm sıxılır və ağzını açmaq mümkün olmur. Bunun ardınca mimiki əzələlərin qıcolmaları başlanır və xəstənin sifətinə özünəməxsus ifadə verir.

Tetanusun müalicəsi
Tetanusun müalicəsi mürəkkəb problemdir.
Orqanizmdəki toksin əzələyə tetanus əleyhinə antitoksik at serumu yeritməklə neytrallaşdırılır.
Qıcolmalarla mübarizə üçün, ilk növbədə, tutmalara səbəb olan çox güclü xarici qıcıqlandırıcıları aradan qaldıran şərait yaradırlar. Bu məqsədlə xəstəni mümkün qədər səs-küydən uzaq, təcrid edilmiş palatada yerləşdirirlər.
Tetanusun yüngül, orta, ağır formaları zamanı qıcolma əleyhinə terapiyanı sutka ərzində 3-4 dəfə xloralhidratla imalədən başlayırlar. Ağır hallarda 10-15 mq miqdarında diazepamın (seduksenin) dəfələrlə venaya yeridilməsi kifayət qədər effekt verir.
Tetanusa qarşı 3 ml-dək dozada donor qammaqlobulinindən əzələyə vurmaq olar.

Qızılyel
Qızılyel dərinin məhdud bir nahiyəsində baş verən və ümumi naxoşluq (üşütmə, qızdırma, başağrısı, öyümə, qusma və s.) əlamətləri ilə gedən yoluxucu xəstəliklərdəndir.
Qızılyelin gizli dövrü bir neçə saatdan bir neçə günədəkdir. Qızılyel dərinin bütün sahələrində və hətta selikli qişalarda baş verə bilər. Lakin ona ən çox üzdə və ətraflarda, xüsusən aşağı ətraflarda təsadüf olunur. Xəstəlik məhdud bir nahiyədə dərinin qızarması və şişməsi ilə başlanır. Qızartı və şiş tezliklə böyüyüb, xeyli sahəyə yayılır.
Bundan başqa, qızılyelli xəstələrdə ümumi naxoşluq əlamətləri (üşütmə, qızdırma, yüksək temperatur, başağrısı, öyümə, qusma və s.) müşahidə olunur.
Vaxtında və düzgün müalicə aparılarsa, xəstəlik 1-2 həftə müddətində iz buraxmadan qurtarır.

Qızılyelin müalicəsi
Qızılyel ümumi və yerli üsullarla müalicə olunur. Ümumi müalicə vasitələrindən sulfanilamid prepa­ratları, antibiotiklər, hormonlar, laktoterapiya və s. məsləhət görülür. Bəzi ağır hallarda sulfanilamid preparatları antibiotiklərlə birgə işlədilir.
Yerli müalicə üsullarından ixtiol, penisillin, rivanol və s. dezinfeksiyaedici məlhəmlər, bəzən də xəstəliyin klinik şəklindən asılı olaraq, islatma və kompreslər təyin edilir.
Dərinin göbələk xəstəlikləri (dermatomikozlar). Dermatomikozlar insanlara məlum olan ən qədim dəri xəstəliklərindəndir. Dermatomikozların törədiciləri göbələk adlanan bitki mənşəli mikroorqanizmlərdir.

Epidermofitiya
Büküşlərin epidermofitiyası əsas etibarilə yaşlı kişilərdə təsadüf olunur. Bu, ümumi lif, kisə və xəstələrin istifadəsində olmuş başqa predmetlər (imalə, qorşok və s.) vasitəsilə xəstələrdən sağlam adamlara keçə bilən yoluxucu xəstəlikdir.
Xəstəlik adətən tosqun adamlarda, çox tərləyənlərdə, üzgüçülərdə, bəzi hamam işçilərində (kisəçilərdə) və s. olur. Büküşlərin daim nəmli olması xəstəliyin baş verməsi üçün əlverişli şərait yaradır. Bundan əlavə, orqanizmin xəstəliyə xüsusi meylliyinin də onun törənməsində əhəmiyyəti vardır.
Xəstəliyə, əsasən qasıq büküşlərində təsadüf olunur; tək-tək hallarda isə aralıq nahiyəsində, xaya, bud, qoltuq və döşaltı büküşlərdə rast gəlir. Qasıq epidermofitiyasında tüklər zədələnmir. İlk əvvəl qasıq büküşlərində simmetrik, kəskin iltihablı, dairəvi qırmızı ləkələr əmələ gəlir. Bu ləkələrin hüdudları kəskin və ətraf halqası bir qədər şişkin olur. Üzərində suluqlar, irinliklər, sulanma, bəzən isə qartmaqlar, kəpəklənmə və çat müşahidə olunur.

epidermotifitiyanın müalicəsi
Ümumi müalicə zamanı daxilə brom, xlorlu kalsium, A, B, C, PP vitaminləri, autohemoterapiya, dimedrol və s. təyin edilir.
Xəstəliyin quru dövründə isə 5-10 %-li kükürdlü qatran, Vilkinson və nistatin məlhəmi məsləhət görülür.
Ayaqların epidermofitiyası. Ayaqların epidermofitiyası hazırda geniş yayılmış göbələk xəstəliklərindəndir. Bu xəstəlik ayaqaltı dərini, onun yanlarını, xüsusən ayaq barmaqlarının arasını və dırnaqları zədələyir. Epidermofitiya zamanı epidermisin yuxarı qatları zədələnir; orada iltihab prosesi əmələ gəlir. Xəstəlik amilinin virulentliyindən asılı olaraq orqanizmin həssaslığı dəyişilir.
Dırnaqların epidermofitiyası. Epidermofitiyanın barmaqarası forması zamanı bəzən ayaq barmaqlarının dırnaqları da xəstəliyə cəlb olunur. Epidermofitiyanın bu forması dar ayaqqabı geyən qadınların birinci və beşinci ayaq barmaqlarının dırnaqlarında daha çox təsadüf olunur. Xəstəlik barmaq arasından ayaqqabının zədələdiyi yerə daha asan yayılır.
Dırnaqların epidermofitiyasında, demək olar ki, subyektiv əlamətlər olmur; uzun sürən və çətin müalicə olunan xəstəlikdir.
Müalicəsi. Xəstəliyin bütün formalarında kəskin iltihablı və allergiya səpgiləri dövründə ümumi müalicə aparılması məsləhət görülür. Ümumi müalicə məqsədilə desensibilizəedici preparatlardan kalsium-xlorid, natrium-bromid, dimedrol, prednizolon, B qrupu, C vitaminləri, autohemoterapiya və s. təyin olunur.
Xarici müalicə kimi zədələnmənin morfoloji vəziyyətindən asılı olaraq islatma, məlhəm və pasta, habelə 5 %li afungil məlhəmi təyin edilir.
Dırnaqların epidermofitiyasını müalicə etmək bir qədər mürəkkəbdir. Dırnaq lövhəsinin məhdud bir sahəsi zədələnibsə, həmin yeri bormaşınla arabir təmizləyib yod məlhəmi qoymaqla müalicə aparılır. Dırnaq lövhəsinin xeyli hissəsi zədələnibsə, onu çıxartmaq məsləhətdir.
Dırnaqların epidermofitiyasını müalicə etmək məqsədilə daxilə qrizeofulvin də təyin olunur.

Qarayara
Qarayara əsasən ev heyvanlarında (davar, qaramal, donuz, at və s.) müşahidə olunan kəskin infeksion xəstəlikdir.
Qarayaranın gizli dövrü bir neçə saatdan 6-8 günə qədərdir. Orta hesabla 2-3 gün qəbul olunmuşdur.
Qarayara tibb ədəbiyyatında Sibir yarası və bədxassəli irinlik kimi də məlumdur. Qarayara dəri örtüyünün bütün sahələrində və selikli qişalarda əmələ gələ bilər. Ancaq ona ən çox üzdə və yuxarı ətraflarda, xüsusən əllərdə təsadüf olunur. Məlumdur ki, dəri örtüyünün açıq hissələri (üz və əllər) yoluxucu heyvanlarla və heyvan məmulatları ilə daha çox təmasda olur. Ona görə də xəstəlik adətən qarayara çöplərinin açıq dəriyə daxil olduğu yerdən başlanır. O, ilk əvvəl çəhrayı ləkə kimi təzahür edir, sonralar bu ləkə düyüncüyə çevrilir. Çox keçmədən düyüncüyün üzərində sudur əmələ gəlir ki, bu da tezliklə iriləşir, deşilir. Sonra zədələnmənin üzəri qara nekrozlu qartmaqla örtülür. Bu səbəbdən xəstəlik qarayara adlandırılmışdır. Qarayaranın tam yetkin dövründə onun ətrafında dəri qızarır, şişir, o, normal dəri səthindən xeyli qabarır, mərkəzi hissəsi isə bir qədər çuxur və qara qartmaqla örtülü olur. Qara qartmağın ətrafında bəzən yeni sudurlar əmələ gəlir ki, onlar da öz növbəsində quruyub qara qartmaq əmələ gətirir. Xəstəliyin bu dövründə ətraf limfa düyünləri şişir, bəzən isə irinləyir.

qarayaranın müalicəsi
Qarayaranın müalicəsində salvarsan (0,1; 0,15; 0,3; 0,45 ml venaya), qarayara vaksini (40-100 ml hər gün əzələyə), antibiotiklər (penisillin, biomisin, terramisin və s.), sulfanilamid preparatları və s. işlədilir. Bəzi ağır hallarda antibiotiklərlə sulfanilamid preparatları birgə təyin edilir. Yerli müalicə olaraq zədələnmə nahiyəsinə dezinfeksiyaedici dərmanlardan islatma və yaxud kompres qoymaq məqsədəuyğundur. Müalicə xəstəxana şəraitində aparılmalıdır.
Profilaktikası. Ev heyvanları arasında aparılan ciddi baytarlıq nəzarəti bu xəstəlik əleyhinə profilaktikanın əsasını təşkil edir.

Tulyaremiya
Tulyaremiya insanların dərisində, limfa vəzilərində və daxili orqanlarında bir sıra zədələnmələr verir və ümumi naxoşluq əlamətlərilə təzahür edir.
Klinik şəkli. Tulyaremiyanın gizli dövrü 3 gündən 8 günə qədərdir. Bu müddətdən sonra xəstəlik gözlənilmədən ümumi naxoşluq (üşütmə, 39-40°C qızdırma, qusma, başağrısı və s.) ilə başlanır. Çox keçmədən, tulyaremiya bakteriyalarının dəri örtüyünə daxil olduğu yerdə (xəstəliyin dəri formasında) dəri qızarır. Orada tezliklə düyüncük əmələ gəlir. Sonralar o böyüyür, nekrozlaşıb xoraya çevrilir. Xoranın qıraqları girintili-çıxıntılı, dibi kələ-kötür, konsistensiyası yumşaq olur. Bununla bərabər, ətraf limfa düyünləri xeyli şişir və irinləyir.
Müalicəsi. Tulyaremiyanın müalicəsində streptomisin müvəffəqiyyətlə tətbiq edilir. Levomisetin, biomisin, tetrasiklin, bismut və spesifik vaksin də yaxşı nəticə verir. Yerli müalicə olaraq dezinfeksiyaedici məlhəm, islatma və s. məsləhət görülür.
Profilaktikası. Epizootiya zamanı gəmiricilərlə düzgün mübarizə aparmaq lazımdır. İnsanları tulyaremiyadan qorumaq məqsədilə bütün tədbirlərdən istifadə edilir. Suyu və ərzaq mallarını zərərsizləşdirmək, tulyaremiya əleyhinə peyvənd və s. aparmaq lazımdır.


Tarix: 27.11.2014 / 14:11 Müəllif: Aziza Baxılıb: 240 Bölmə: Dəri-zöhrəvi xəstəliklər