beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Uşaqlarda dəri xəstəlikləri

Uşaqların dərisinə qulluq etmək çox böyük əhəmiyyətə malikdir. Uşaqların dərisi böyüklərə nisbətən nazik, zərif, piy və tər vəziləri isə nisbətən azdır.

Dərinin və ümumilikdə orqanizmin müdafiə reaksiyası böyüklərə nisbətən uşaqlarda xeyli zəif oldugundan, onlarda dərinin infeksiyalaşması və dəri xəstəliklərinin əmələ gəlməsi daha tez baş verir. Ən erkən dövrlərdən uşağı şəxsi gigiyena qaydalarına riayət etməyə alışdırmaq lazımdır.

Əsas gigiyena qaydaları isə aşağıdakılardır:
— Səhər və axşam əl-üzünü yumaq.

— Yalnız yeməkdən qabad və tualetə getdikdən sonra deyil, məktəbdən, gəzintidən qayıtdıqda, heyvanlarla oynayandan və s. bu kimi hallardan sonra da əlləri yumağa adət etmək.

— Gündəlik olaraq xarici cinsiyyət üzvlərini yumaq və alt paltarlarını dəyışmək.

— Mütəmadi olaraq duş və ya vanna qəbul etmək.

— Yalnız şəxsi daraq, fırça, dəsmal və s. istifadə etmək.

Uşağın ayrıca həm bədən, həm də əl-üz dəsmalı olmalıdır. Onun başqa ailə üzvlərinin fərdi əşyalarından, daraq və hamam dəstlərindən istifadə etməsinə qətiyyən icazə verməyin! Çünki ən sağlam insanın dərisində özünəməxsus mikroblar “dəsti” yaşayır. Onlar öz “sahibinə” heç bir ziyan verməsələr də, digər insana keçərək onun dərisində xəstəliklər törədə bilər.

O biri tərəfdən, təmizlik naminə mübarizədə zərərsizləşdirıcı və yağsızlaşdırıcı vasitələrdən çox istifadə etmək də əks effekt verə bilər. Bu zaman uşağın dərisi həddən artıq quruyaraq çatlayır və qabıq verir. Dəridə əmələ gəlmiş çatlardan xəstəlik törədən mikroblar asanlıqla orqanizmə daxil ola bilər.

Gigiyena qaydalarına riayət edilməməsindən savayı uşaqlarda dəri xəstəliklərinin inkişaf etməsinə vaxtında antiseptiklə işlənməyən dərinin kəsilmiş yaraları, həşərat dişləmələri olan sahələr, immunitetin zəiflənməsi, qidada A, B, C vitaminlərinin çatışmamazlığı, maddələr mübadiləsi pozğunluqları, xroniki xəstəliklər və s. bu kimi hallar zəmin yaradır.

Uşağın dərisində müxtəlif səpgilər, ləkələr, suluqlar, qabarcıqlar, qızartı, dərinin rənginin dəyişməsi (həddən artıq qızarma, açıq və ya tünd rəngli ləkələr və s.), qaşınma, göynəmə hissiyyatı və digər əlamətlər əmələ gələrsə, dərhal pediatra və, lazım gələrsə, dermatoloqa da müraciət etmək lazımdır.

Dəri xəstəlikləri uşaqlar üçün cox təhlükəli olaraq, böyrək və ürək xəstəlikləri, ağciyərlərin iltihabı, beyin qişalarının iltihabı (meningit), sepsis (mikrobların qana keçməsi), oynaqların zədələnmələri və s. ağırlaşmalara da gətirib çıxara bilər.


Tarix: 27.11.2014 / 14:08 Müəllif: Aziza Baxılıb: 124 Bölmə: Dəri-zöhrəvi xəstəliklər