beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Allergiyanın diaqnostikası

Allergiyanın diaqnostikasının müxtəlif üsulları vardır. Yalnız xəstəni kompleks şəkildə müayinə etdikdən sonra ona düzgün diaqnoz qoymaq olar.Xəstənin kompleks müayinəsi həkim-allerqoloqun müayinəsilə başlayır. Həkim xəstənin şikayətlərini dinləyir, xəstəliyin ilk dəfə necə başlamasını, onun inkişaf etməsinin xüsusiyyətlərini, allergiyanın hansı şəraitdə maksimal şəkildə təzahür etdiyini, yaxın qohumlarında allergik xəstəliklərin olub-olmamasını, məişət və iş şəraiti və s. barədə olan məlumatları soruşur. Bundan sonra isə həkim aşağıdakı müayinələri təyin edə bilər:

Dəri sınaqları
Bu sınaqlar — insanda allergiyanı məhz hansı allergenlərin törətdiyini müəyyən etmək üçün icra olunur. Sınağı yerinə yetirmək üçün bazuönü sahənin içəri səthindəki dəri iynə ilə kiçik bir ölçüdə cızılır və ya deşilir. Sonra həmin sahəyə mikroskopik miqdarda allergen (məsələn, bitkilərin çiçəklərinin tozcuqları, məişət tozu, heyvan tükləri, qida maddələri və s) sürtülür. Bir müddət keçdikdən sonra həmin yerdə bir qədər şişkinlik və dərinin qızarması baş verə bilər ki, bu da həmin allergenə qarşı allergiyanın olmasını göstərir.Dəridaxili sınaqlar – allergiyanın diaqnostikası üçün kifayət qədər dəqiq olan və uzun zaman ərzində yoxlanılmış bir üsuldur.

Qan analizləri
Qanın analizlərini aparmaqla allergiyaya diaqnoz qoyulması – allerqologiyada yeni bir istiqamətdir. Bu analizlərin xüsusiyyəti ondan ibarətdir ki, bu zaman xəstənin allergenlə bilavasitə təmasda olması tələb olunmur və bunun nəticəsində baş verə biləcək riskin qarşısı alınmış olur.Allergiyası olan insanların qanında, immunoqlobulinlərin E sinfi (İgE) adlanan spesifik anticisimlərin miqdarı artır. Məhz bu immunoqlobulinlər allergiyanın inkişaf etməsinə cavabdehlik daşıyırlar.

Analiz aparmaq üçün barmaqdan qan götürülür. İnsanın qanını müayinə etməklə bir çox hallarda həmin orqanizmin məhz hansı allergenə reaksiya verməsini dəqiqliklə müəyyən etmək olar. Bu analizlər ayrı-ayrı allergen qruplarına qarşı aparılır: qida allergenləri, heyvani mənşəli allergenlər, bitki mənşəli allergenlər, məişət allergenləri və s.


Tarix: 27.11.2014 / 14:08 Müəllif: Aziza Baxılıb: 70 Bölmə: Dəri-zöhrəvi xəstəliklər