beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Zöhrəvi xəstəliklər-sifilis və süzənək

Süzənək - əksəriyyətlə sidik - cinsiyyət üzvü yolunu zədələyən ümumi yoluxucu xəstəlikdir. Xəstəliyin törədicisi - qonokokkudur. İnkubasiya dövrü orta hesabla 3-6 gün davam edir. Xəstəlin istər kişilərdə və istərsə qadınlarda siyimək zamanı sidik kanalına kəskin ağrı və sidik kanalından çoxlu irinli ifrazatın çıxması ilə başlanır. Müalicə olunmadıqda və ya o kifayət qədər edilmədikdə xəstəlik uretranın arxa hissəsinə yayılır. Bu zaman siyimənin sonuna yaxın ağrılar şiddətlənir və tez-tez işəmə meyli hiss edilir.
Şəxsi profilaktika aşağıdakı qayda üzrə keçirilir. Kişilərdə: 1) gələn xəstə siyiyir və əllərini sabunlu su ilə diqqətlə yuyur;
2) cinsiyyət üzvünü, xaya kisəsini, qasığı budu və aralığı isti su və sabunla diqqətlə yuyurlar;
3) bu yerlərdə (quruduqdan sonra) 1:4000 süleymani və ya 1:30000 oksisianid məhlulunu sürtürlər;
4) sidik kanalının ön hissəsini divarda asılmış parçadan buraxılan 0,5 l 1:6000 kalium-permanqanat məhlulu ilə yuyurlar; cinsiyyət üzvlərinin çirklənmiş alt paltardan qorunması üçün xəstəyə tənzif salfet verilir; xəstənin evinə qayıtdıqdan sonra alt paltarını dəyişməsi məsləhət görülür;
5) müraciət etmiş xəstədə sifilis olması ehtimalı da nəzərə alınaraq, cinsiyyət üzvlərinə 33%-li kalomel məlhəmi tövsiyə edilir. Xəstəni 6 ay müddətində nəzarət altında saxlamalı və dövri olaraq qanını Vasserman reaksiyasına yoxlamalıdırlar.
Qadınlarda:xarici cinsiyyət üzvlərini isti su və sabunla diqqətli surətdə yuyurlar, sonra qadın siyiyir, bundan sonra uşaqlıq yoluna 1:3000 kalium-permanqanat məhlulu şırınqa edilir və bunun ardınca uretraya 1 - 2%-li gümüş nitrat məhlulu instillyasiya edilir; uşaqlıq boynuna, uşaqlıq yolu selikli qişasına və xarici cinsiyyət üzvlərinə 2 - 3%-li gümüş-nitrat sürtürlər. Sifilisin profilaktikası üzrə tədbirlər kişilər üçün olduğu kimidir.
Uşaqların süzənəklə xəstələnməkdən qorunması üçün istər xəstənin ailəsində və istərsə uşaq müəssisələrində lazımi profilaktika tədbirləri görülməlidir. Uşaqlar kişilərdən ayrı yatmalı, onların öz sidik qabları, ayrıca yuyunma süngərləri və altını yumaq üçün lifləri olmalıdır. Uşaqların altını ancaq fərdi pambıq tampondan istifadə edərək axar su şırnağı ilə yuyurlar. Uşaq müəssisələrinin əməkçiləri, habelə yeyinti bloklarının və başqa müəssisələrin işçiləri müvafiq təlimatda nəzərdə tutulmuş profilaktik tibbi müayinədən keçirilməlidir. Bu zaman qadınlardan hökmən qonokokklar üzrə yaxma götürülməlidir, çünki bir sıra hallarda süzənək simptomsuz cərəyan edə bilər. Uretradan, uşaqlıq yolundan, uşaqlıq boynundan və düz bağırsaqdan götürülən ifrazatı şüşə üzərində bir bərabərdə yayaraq qurudurlar. Xüsusilə müalicədə və kontrol tədqiq dövrünü keçirməkdə olan şəxslərdən götürülən yaxmalar daha diqqətli hazırlanmalıdır.

Sifilis. Törədicisi - solğun treponemadır. Treponemanın daxil olmasından xəstəliyin ilk təzahürünə qədər olan dövr orta hesabla 3 həftə davam edir. Xəstəliyin üç dövrü fərqləndirilir. İlkin dövr (40 - 50 gün davam edir) treponemanın daxilolma yerində, çox vaxt cinsiyyət üzvləri sahəsində eroziya və ya xora əmələ gəlməsi ilə (bərk şankr) xarakterizə olunur. Bərk şankr əmələ gəlməsi momentindən 7-10 gün sonra regionar limfatik düyünlər böyüyür və bərkiyir (sifilis bubonları əmələ gəlir). İkinci dövr dəridə və selikli qişalarda sifilis elementləri səpgisi ilə başlanıb, limfatik düyünlərin böyüməsi ilə müşayiət olunur və 3 - 5 il ərzində periodik residivlər (təkrarlanmalar) və remissiyalarla davam edir. Üçüncü dövr xəstələr müalicə edilmədikdə və ya onlar kafi dərəcədə müalicə olunmadıqda baş verə bilir və daxili üzvlərdə, sinir sistemində, sümüklərdə və s. dərin dəyişikliklərin əmələ gəlməsi ilə fərqlənir.
Müalicə.Sifilis müalicəsi bütün mərhələlərdə kompleksi olmalı və müəyyən kursla aparılmalıdır. Müalicədə antibiotiklər, arsen, bismut, civə, yod preparatları, habelə qeyri-spesifik terapiya metodları tətbiq edilir.
Antibiotiklər. Sifilisin müalicəsi üçün penisillin və onun müddət təsir etmə qabiliyyəti olan və buna görə də bir neçə gündə bir dəfə daxil edilməsinə imkan verən dürant preparatları tətbiq edilir. Penisillinin dürant preparatları - ekmonovosillin, bisillini (bisillin - 1, 3, 5) iki anda əzələyə yeridirlər.
Biyoxinol - bismut preparatıdır (bismut duzlarının şaftalı yağında emulsiyası); onu işlətməzdən qabaq isti suda qızdırır və bir bərabərdə qırışmış emulsiyasını əldə etmək üçün yaxşı çalxalayırlar. İki anda daxil etmə üsulu ilə əzələyə yeridilir. Bismut duzlar ilə müalicə aparılan zaman ağız boşluğu selikli qişasında dəyişikliklər, stomatitlər və hinkivitlər, habelə diş ətinin kənarı üzrə (bəzən dildə, yanaqların selikli qişasında, damaqda) boz rəngli haşiyə əmələ gəlməsi müşahidə olunur. Bu hadisələr sonrakı müalicəyə mane olmursa da, ağız boşluğunun vəziyyətinə artıq fikir verməyə məcbur edir. Bu cür hallar baş verdikdə ağız boşluğunun gündə bir neçə dəfə 2 %-li soda məhlulu, 1:4000 kalium-permanqanat məhlulu və ya 2 - 3 %-li borat turşusu məhlulu ilə yaxalanması tövsiyə edilir. Böyrəklər üzrə ağırlaşmaları da nəzərə alaraq onların müntəzəm surətdə tədqiq edilməsi məsləhət görülür.
Yod.3 - 4 %-li kalium-yodid və ya natrium-yodiddən gündə 3 dəfə yeməkdən sonra bir çay qaşığı miqdarında qəbul edilir. Bəzən: konyunktivitlər, zökəm, dilin, qırtlağın ödemi, bronxit, mədə bağırsaq yolunun pozğunluğu, sızanaq şəklində səpgilər kimi kənar hadisələr baş verir! Preparatın qəbul edilməsi dayandırılan kimi, bütün bu hallar yox olur.
Sifilisin aktiv formaları ilə xəstələnmələrin müalicəsində xəstələrin ümumi vəziyyətinin diqqətlə izlənməsi, onların temperaturunun, çəkisinin müntəzəm ölçülməsi, sidik və qan analizlərinin vaxtlı vaxtında yoxlanması, düzgün qidalanmalarına fikir verilməsi zəruridir (alkoqol, həddindən artıq miqdarda yağ, yumurta və s. işlətmək olmaz).
Sifilidlər cinsiyyət üzvlərində, aralıq sahəsində, dərinin təbii büküşlərində yerləşdiyi halda xəstələrin səliqəli olmasına və paltarlarının təmiz saxlanmasına ciddi fikir verilməlidir. Zədələnmə ocağı ətrafındakı dəri sahəsinə 40°-li spirt sürtürlər və onu 0,25 %-li rivanol məhlulu ilə yuyurlar. Bu dövrdə duş və ya vannadan imtina etmək lazımdır. Hər xəstə ancaq öz lifi və dəsmalından, ayrı qab-qacaqdan istifadə etməlidir.
Sifilis əlamətləri olan xəstələrə qulluq edən tibb bacısı şəxsi gigiyena qaydalarına hökmən riayət etməli, rezin əlcəkdə işləməlidir. Tibb bacısı sifilisli xəstəyə qulluq etdikdə nəzakətli, diqqətli olmalı və qayğı göstərməlidir. Xəstənin psixikasına toxunan və ya onu incidən və ya alçaldan hərəkətlərə yol verməməlidir. Tibb bacısı xəstəliyin sirrini gizlətməli və xəstəyə sağalmağa inam hissi aşılanmalıdır. Hazırda sifilis sağaldılan xəstəlikdir. Lakin onun müvəffəqiyyətlə müalicə olunması ən çox xəstənin özündən, onun həkim göstərişlərinə ciddi əməl etməsindən asılıdır.


Tarix: 27.11.2014 / 14:07 Müəllif: Aziza Baxılıb: 113 Bölmə: Dəri-zöhrəvi xəstəliklər