beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Dərinin göbələk xəstəlikləri

Dərinin göbələk xəstəlikləri patogen göbələklər tərfindən törədilir. Onlar insan və heyvanların dərisini, tüklərini və dırnaqlarını zədələyir. Göbələk xəstəliklərinin əsas xüsusiyyətləri bunlardır: onlar qaşınma törədir, həm dəridə, həm də tüklərdə qabıqlanma verir, kəskin yoluxucudurlar. Göbələklər bədənin istənilən yerini və başın tüklü hissələrini zədələyir. Bu zaman tüklər qırılır (saçqıran dəmrov və b.), dəridə ləkələr, digər səpgilər əmələ gəlir. Göbələk xəstəliklərinin bir qismi yalnız insandan və onun əşyalarından sağlam adamlara yoluxur, bəziləri isə heyvanlardan (it, pişik, mal-qara, at və s.) keçir. Elə göbələk xəstəlikləri də vardır ki, onların törədiciləri ( yəni maya göbələkləri) bütün insanların dərisində, selikli qişalarda olur, lakin orqanizm zəiflədikdə (əsasən antibiotiklərin nəzarətsiz qəbulu) və gigiyenik qaydalara düzgün riayət edilmədikdə baş qaldırırlar. Bu zaman dəri və selikli qişalarda qızartılar, qabıqlanma və qaşınma müşahidə olunur. Əgər bu əlamətlər kimisə narahat edirsə, mütləq həkimə müraciət etmək, başqaları ilə yaxından təmasda olmaqdan çəkinmək lazımdır.

Keçəllik - göbələk xəstəliklərindən biridir, onun törədiciləri ev heyvanlarından (it, pişik, dovşan, siçan və quşlar: toyuq və ördəklər) uşaqlara və yeniyetmələrə yoluxur. Törədicilər uzun müddət – aylarla mebel, xalça tozunda, zirzəmilərdə qala bilər və insanları yoluxdura bilər. Bu zaman tüklər qırılmır, tökülür, onların dibində narıncı qartmaq olur. Saçlar isə tozlu kimi görünür və «siçan» iyi verir. Bu xəstəlik müalicə olunmazsa, davamlı dazlıq törəyir.

Qoturluq - da yoluxucu dəri xəstəliyi olub, parazitlərin (gənələr) tərəfindən törədilir. Dişi gənələr dəri səthində özünə yol açaraq, orada yumurtaların qoyur. Yumurtalardan çıxan sürfələr dəri səthinə çıxaraq, dərini dişləyirlər və bu da qaşınmaya səbəb olur.
Xəstəliyin əsas əlaməti büküşlərdə səpgilər (xüsusilə barmaqlar arasında, beldə, qarın nahiyəsində, qoltuqaltı dizaltı, budlararası büküşlərdə) və gecələr artan güclü qaşınmadır. Bəzən qaşınma o qədər güclü olur ki, insan, dərisini bərk qaşıyaraq, cızıqlar əmələ gətirir, daha sonra həmin yerlərdə irinli səpgilərin əmələ gəlməsi müşahidə olunur.
Hazırda xəstəliyin aşkar olunub, müalicə edilməsi o qədər də çətinlik törətmir. Lakin yadda saxlamaq lazımdır ki, müalicə edilməyən qoturluq xəstəliyi öz-özünə sağalmayıb, illərlə davam edə bilər. Ona görə də, əgər yuxarıda təsvir olunan halları təsadüfən aşkar etsəniz, mütləq həkimə müraciət edin və xəstəlikdən müalicə olunun. Bu, o qədər də çətin deyil.

Bitlilik – parazitlər tərəfindən törədilir. İnsan dərisində 3 növ bit parazitlik edir: başda, paltarda, qasıq nahiyəsində müşahidə olunur.
Paltar biti alt paltarların tikişlərində yaşayır və yumurtalarını qoyur. Qidalanmaq üçün bel, kürək nahiyəsinə çıxır, dərini dişləyərək, qaşınma törədir.
Başda məskən salan bitlər isə 1 aylıq həyatı ərzində 150 yumurta qoyur, həmin yumurtalar spesifik maddə ilə tüklərə yapışır. 5-8 gündən sonra yumurtalar cavan bitlərə çevrilir. Onların dərini dişləməsi nəticəsində qaşınma baş qaldırır. Bu zaman tüklər bir-birinə yapışır və pis iy verir.
Qasıq bitləri isə ən çox qasığın dərisində və budların iç səthində olur.
Beləliklə, bitlilik xəstəliyi daha çox əhalinin sıx olduğu, eləcə də uşaq kollektivlərində bir-birinin papaqlarından, paltarlarından, yataq dəstindən istifadə etdikdə, eləcə də təmizliyə, gigiyenik qaydalara riayət etmədikdə baş verir.


Tarix: 27.11.2014 / 14:01 Müəllif: Aziza Baxılıb: 102 Bölmə: Dəri-zöhrəvi xəstəliklər