beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Çiban

Furunkul və ya ÇİBAN tük kisəciyinin dərin iltihabıdır. O, iltihab prosesinin tük kisəciyi ağzından dərinliklərə və ətraf toxumalara yayılması nəticəsində əmələ gəlir.
İlk anlarda furunkul dəri içərisində xırda və ağrılı düyüncük kimi təzahür edir və tədricən böyüyür. Şişkinlik tük kisəciyinin ətraf toxumalarına yayılır. Nəhayət, dəri səthindən konus şəklində qabarır.

Xəstəliyin bu dövründə bəzən üşütmə-qızdırma da müşahidə edilir, zədələnmiş nahiyə isə şiddətli ağrı verir. Furunkul tündləşir, axıra yaxın isə göyümtül, tünd-qırmızı rəngə çevrilir. Furunkulun başlanğıcından dörd-beş gün sonra onun zirvəsində irinlik əmələ gəlir, sonralar bir qədər yumşalır, nəhayət, deşilir və bir qədər irin xaric olur, ağrı xeyli azalır, xəstənin ümumi vəziyyəti yaxşılaşır.

Furunkul deşildikdən sonra əmələ gəlmiş xoranın qıraqları girintili-çıxıntılı, dibi isə kələ-kötür və göyümtül rəngdə nekroz kütləsi (furunkulun özəyi) ilə örtülü olur. Sonralar xora tədricən böyüyür, irinaxma artır. Nəhayət, furunkulun özəyi xaric olur, qısa müddətdə çapıqlaşma ilə qurtarır.

Gedişi. Furunkulun inkişaf dövrü 10-12 gündür. Bəzi hallarda isə sağalmış furunkul yenidən residiv verir və yaxud yeni furunkullar əmələ gəlir, bəzən də çibantökmə baş verir. Belə hallarda xəstəliyin müddəti aylarla uzana bilər.
Furunkulu sıxmaq olmaz, çünki o, sepsis verə bilər. Müalicə vaxtında və düzgün aparılarsa, furunkul tezliklə sağalır, yerində adətən çapıq qalır.

Müalicəsi. Ümumi müalicə üsulu follikulitdə olduğu kimidir: penisillin, biomisin, oksimetilpenisillin. Bioloji vasitələrdən stafilokoklu anatoksin, autohemoterapiya, laktoterapiya, prednizolon, triamsinolon və s. məsləhət görülür. Xarici müalicə üsullarından təmiz ixtiol, 10 %-li ixtiol məlhəmi, 10 %-li sintomisin emulsiyası, civə kvars lampası ilə şüalandırma tətbiq edilir. Ətraf sağlam dəri isə arabir 50 %-li spirtlə yaxud odekolonla təmizlənir.


Tarix: 27.11.2014 / 13:56 Müəllif: Aziza Baxılıb: 81 Bölmə: Dəri-zöhrəvi xəstəliklər