beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Antifosfolipid sindromu və hamiləlik

Qadınların bir hissəsi hamiləyin bir neçə dəfə "səbəbsiz olaraq" pozulması, ağır hestozlar (yüksək təzyiq, böyrəklərdə zülalın olması və ödəmlərlə müşayiət olunan ağır hamiləlik toksikozları), cift çatışmazlığı və s. pozulmalarla üzləşir.
Bəzən hətta müxtəlif analiz və müayinələrdən keçdikdən sonra bunların səbəbi aşkar olunmamış qalır. Ginekoloqların ümumi fikirinə görə, belə qadınlar mütləq antifosfolipid sindromunun (AFS) olub-olmamsına görə müayinə olunmalıdırlar. Bir çox hallarda məhz bu sindrom hamiləliyin təkrarlanan pozulmalarına, ağır hamiləlik toksikozlarına (hestoz) və hamiləliyin digər ciddi ağırlaşmalarına səbəb olur.
Antifosfolipid sindomu (və ya Xyuz sindromu) kifayyət qədər yayılmış patologiyadır. Bu sindrom zamanı orqanizm bəzi öz fosfolipidlərinə (hüceyrələrin divarlarının tərkibində olan maddələr) qarşı anticismlər hazırlayır.
Hamiləlik zamanı ciftin damarları formalaşdığı zaman bu sindromun nəticəsində onlarda tromblar əmələ gəlir. Nəticədə müxtəlif ağırlaşmalar inkişaf edir - ciftin aralanması və qopması, dölün inkişafının pozulması və ya inkişafdan qalması, hətta oksigenin çatışmazlığı nəticəsində dölün məhv olunması. Antifosfolipid sindromu xüsusilə hamiləliyin birinci üçaylığında olduqca təhlükəlidir. Bu zaman sindrom birbaşa döl yumurtasını zədələyir.
Bu sindromun səbəbləri müxtəlifdir - autoimmun xəstəliklər, orqanizmdə olan xroniki infeksiya ocaqları, bədxassəli şişlər, bəzi dərman preparatların və toksiki maddələrin təsiri və s. Bəzi hallarda AFS-unun inkişafetmə səbəbini təyin etmək mümkün olmur.
Hamiləliyin planlaşdırılması mərhələsində hər bir qadın lazım olan analiz və müayinələrdən keçməlidir. Bu analizlərin arasında o cümlədən antifosfolipid sindromuna görə analiz verilməlidir. Xüsusilə bu yaxın qadın qohumları arasında sonsuz və ya bir neçə dəfə hamiləliyin "səbəbsiz" pozulması ilə üzləşmiş olan qadınlara aiddir. Əgər hamiləliyin planlaşdırılması mərhələsində qadında AFS-u aşkar olunarsa, bu halda qadına müalicə kursu (qlyukokortikoidlər, immunoqlobulinlər, qanın laxtalanmasını tənzimləyən preparatlar və s.) təyin olunur. Bundan əlavə köməkçi vasitə kimi plazmaferez (qanın xüsusi üsullarla "təmizlənməsi") da istifadə oluna bilər.
Lakin bəzən bu sindrom qadında məhz hamiləlik zamanı aşkar olunur. Bu halda ruhdan düşmək üçün səbəb yoxdur. Həkim xüsusi müalicə təyin edir ki, nəticədə hüceyrə səviyyəsində gedən proseslər tənzimlər, qanın laxtalanma xarakteristikaları normallaşır və s.
AFS-u olan qadın hamiləlik zamanı daim həkimlərin nəzarətində olmalıdır, lazım olan analiz (qanın laxtalanması, autoimmun anticismlər və s.) və müayinələrdən (USM, doplerometriya və s.) keçməlidir, hamiləliyin müxtəlif dövrlərində müalicə almalıdır (bəzi hallarda xəstəxana şəraitində). Yalnız bu halda hamiləlik normal keçə bilər. Həkimlərin müşahidələrinə görə, AFS-u hamiləlik zamanı müalicə olunmadıqda bir çox hallarda dölün tələf olunması baş verir.
AFS-u olan qadın doğuşdan sonra da mütləq həkimlərin nəzarətində olmalıdır ki, doğuşdan sonra trombozların riski olduqca artır.
Antifosfolipid sindromu diaqnozu heç də o demək deyil ki, qadın sağlam uşaq dünyaya gətirə bilməyəcək. Sindrom vaxtında aşkar olunduqda və bundan sonra qadın lazım olan müalicə aldıqa, hamiləlik və doğuş fəsadsız keçir.


Tarix: 24.12.2014 / 12:38 Müəllif: Aziza Baxılıb: 99 Bölmə: Cinsəl sağlamlıq