beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Təklik...
Təklik...

Xəyal gah dağdadır gah da aranda
Gah göyə yüksəlir, gah enir insan.
Otaqda 1 saat tək oturanda,
100 ilin dərdiylə yüklənir insan.

Elə bil divarlar gəlir üstünə
Qulağın səslənir, qəlbin döyünür.
Alışıb yanırsan sən öz tüstünə,
Nidalar gözündə suala dönür.

İnsanı tez yorar düşüncələr də,
Verib nəfəsini dərd udar insan.
Özündən başqası olmayan yerdə,
İnsan olduğunu unudar insan…

Bir günəş bəs edər, pərişan olma,
Sənin yüz Kür qədər göz yaşın olsa.
Min dərd hücum etsə, könül, sıxılma,
Bir nəfər dərd bilən sirdaşın olsa.

Dünyaya gəlmədik biz əbəs yerə,
İnsanıq insan da bizə gərəkdir.
Bağatək qınına çəkilənlərə
Ürək nə gərəkdir, dil nə gərəkdir.

Çay çaya qovuşmaz sular daşmasa,
Ulduzun ulduzla ünsiyyəti var.
Göydə buludlar da qoşalaşmasa
Nə ildırım çaxar nə yağış yağar.

Yol tapa bilərmi saz ürəklərə,
Mizrab asta-asta telə dəyməsə?
Çıxarmı qönçədən tək bircə kərə,
Bülbülün nəfəsi gülə dəyməsə?

Öz el-obasını tərk etdiyindən
Tək-tənha dolanır bayquş bu gün də.
Kolların dibində tək bitdiyindən,
Boynu bükük olur bənövşənin də.

Od vurmasa qabda su daşa bilməz,
Quş da tək qanadla dağ aşa bilməz.
Kösöyün ikisi çöldə də yanar,
Biri ocaqda da alışa bilməz.

Qəlbimdə min sözüm, min söhbətim var,
Mən deyim, siz deyin, dil yorulmasın.
Yığılın, yığılın başıma dostlar,
Mənim bir günüm də sizsiz olmasın.

Dostların qəlbidir yurdum, məskənim,
Ürəkdə bir nisgil gərək olmasın.
Sağlığım bir yana, a dostlar, mənim;
Soyuq məzarım da heç tək olmasın


Tarix: 01.06.2015 / 10:48 Müəllif: Aziza Baxılıb: 176 Bölmə: Bəxtiyar Vahabzadə