beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Deyilmi?...
Deyilmi?...

Ömür başdan-başa, beşikdən-qəbrə
Həyat sevinci, qəmi deyilmi ?
Ölüm bir ömürlük iztirabların-
Ağrının, acının cəmi deyilmi ?

Mənəvi dünyaya qalxıb ucalmaq
Qanadlı duyğuya qismətdir ancaq.
Beləysə, ömürdən, gündən kam almaq
Hər kəsin arzusu, kamı deyilmi ?

Keçir məqamlar da gündə yüz əldən
Hansı gizli əldir pozan, düzəldən.
Sənin güvəndiyin dənya əzəldən
Əkilən, biçilən zəmi deyilmi ?

Ayaqlar altında yer oldu tapdaq,
Sirrini, məğzini bilmədik ancaq.
Tapdıq etdiyimiz bu qara torpaq
Əbədi mənzilin damı deyilmi ?

Damımız üstündə gəzər, hey gəzər,
Hərə ürəyincə bir mənzil bəzər.
Torpağı sormaqdan etmədik həzər,
Bu da ağlımızın kəmi deyilmi ?

Ötəri mənzildə qədər hökm edər,
Kimimiz bal içər, kimimiz zəhər:
Əbədi mənzildə hamı – bir nəfər,
Bir nəfər özü də hamı deyilmi ?


Tarix: 01.06.2015 / 10:48 Müəllif: Aziza Baxılıb: 198 Bölmə: Bəxtiyar Vahabzadə