beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

ZƏLİMXAN YAQUB - EY DÜNYA

Ey dünya, qovğadan açılmır başın,
Gündə bir savaşın,barışığın var.
Qocasan, cavansan, anlamaq olmur,
Alnında nə qədər qırışığın var.

Yüklədin ürəyə qəm üstən qəmi,
Qurumaq bilmədi gözlərin nəmi.
Adəmin buğdası qatıb aləmi,
Çox yerdə haramnan qarışığın var.

Açılmır insanın qanadı, qolu,
Yüzdən o tərəfə bağlanıb yolu.
Vaxt gəlib çatanda zəhərlə dolu
Hər insan ömrünə bir qaşığın var.

Düzlərin genişdi, dağların uca,
Qol çatmaz başabaş dünyanı quca.
Doymadım baxsam da yollar boyunca,
Maşallah, nə gözəl yaraşığın var.

Sevgin başımızın qızıl tacıdı,
Ruhların əbədi ehtiyacıdı.
Hər oğlun görkəmdə sərv ağacıdı,
Hər qızdan bir yaşıl sarmaşığın var.

Dəryalar qoynunda düşdüm üzməyə,
Vayda ağlamağa, toyda süzməyə.
Sənin dərdlərini sapa düzməyə,
Zəlimxan adında bir aşığın var.


Tarix: 19.11.2013 / 03:43 Müəllif: Akhundoff Baxılıb: 143 Bölmə: Azerbaycan Edebiyyatindan