beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Hüseyn Arif - BİR ADDIM

Bu taydan o taya cəmi bir addım,
Necə yaxın?
Uzaq ?
Nə uzaq?
Yeridim yetmədim, çapdım çatmadım,
İllər, qərinələr sovuşdu ancaq.

Ayrılıq?...
Belə də ayrılıq olar?
Damar bir tərəfdə, qan bir tərəfdə.
Buna kim inanar, buna kim qıyar,
Ürək bir tərəfdə, can bir tərəfdə.

Dağ dağdan üzülüb, qaya qayadan,
Qaralmış üfüqlər səhərsiz kimi.
Ata o sahildə köçür dünyadan,
Bala bu sahildə xəbərsiz kimi.

Görkəmi eynimi yalın, yamacın?
Bu tərəf gül-çiçək,
O tərəf nədir?...
Özü bu tərəfdə qalxan ağacın,
Qolu o tərəfdə quruyub gedir.

Bu taydan o taya cəmi bir addım,
Diləklər saralıb solmuş həyatda.
Yeridim yetmədim, çapdım çatmadım,
Bir addım minillik yolmuş həyatda.


Tarix: 19.11.2013 / 03:43 Müəllif: Akhundoff Baxılıb: 102 Bölmə: Azerbaycan Edebiyyatindan