beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Ürək niyə ağrayırsan?
Ürək niyə ağrayırsan?

Nə dolmusan qəmlər ilə,
Köksün için dağlayırsan.
Dərdi-səri bilə-bilə,
Ürək, niyə ağrıyırsan?
Toysuz, vaysız bir günmü var?
Bir açılan düyünmü var?
Yorulmayan beyinmi var?
Ürək, niyə ağrıyırsan?
Sözə sadiq çıxan da var,
Nahaqdan ev yıxan da var,
Xain gözlə baxan da var,
Ürək, niyə ağrıyırsan?
Gülmək də var, ağlamaq da,
Dərddən qubar bağlamaq da,
Bəzən coşub-çağlamaq da,
Ürək, niyə ağrıyırsan?
Yaxşı sözün yaman olar,
Ömründə çən-duman olar,
Səadətin güman olar,
Ürək, niyə ağrıyırsan?
İş hər gün düz gətirərmi?
Namərd haqqı yetirərmi?
Mərd mərdliyin bitirərmi?
Ürək, niyə ağrıyırsan?
Çox deyərlər qara–ağa,
Çox dözərlər min bir dağa,
Qəlbə leysan yağa-yağa,
Ürək, niyə ağrıyırsan?
Vaxt olar ki, tale gülər,
Sevinc açar, qəm bükülər,
Göydən yerə nur tökülər,
Ürək, niyə ağrıyırsan?
Şadimandan ibrət elə,
Onun dərdi gəlməz dilə,
Sən bunları bilə-bilə
Ürək, niyə ağrıyırsan?


Tarix: 01.06.2015 / 10:42 Müəllif: Aziza Baxılıb: 105 Bölmə: Şirinxanım Kərimbəyli