Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Mən bir çinar ağacıyam
Mən bir çinar ağacıyam

Mən bir çinar ağacıyam
Heydər parkında.
Sən də bunun fərqindəsən,
polis də fərqində.
Köküm bu torpağa bağlı mənim,
küləklər sığal çəkir yarpaqlarıma.
Polisin dəyənəyinin gücü çatmır
budaqlarıma.
Buranın havası boğur məni,
Yarpaqlarımda şeh kimi
düyünlənir qəhər.
Burda məni
yabançı çiçəklər salamlayır
hər səhər,
yabançı otlara düşür kölgəm…
Şaxələnmiş kökümün
üstünü ağ mərmərlə
məzar kimi örtsələr də,
məni ölü, kimsəsiz zənn etsələr də
mən bir çinar ağacıyam
Heydər parkında.
Yarpaqlarım budaqlarımda,
budaqlarım bu parkda
əsir olsa da,
təbiət məndən bu cür qisas alsa da
mən bir çinar ağacıyam
Heydər parkında…
Ətrafım körpə fidanlarla dolu,
kökümüz kəsilməz!
Boyumuz ucadan uca,
Ayaq altda tapdanmaz, əzilməz
mən bir çinar ağacıyam!
Kim bilir,
bəlkə də…
dar ağacıyam!…


Tarix: 01.06.2015 / 11:28 Müəllif: Aziza Baxılıb: 75 Bölmə: Xuraman Hüseynzadə
loading...