Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Saatlı

Saatlı — Azərbaycan Respublikasında rayon. İnzibati mərkəzi Saatlı şəhəridir.Mündəricat
1 Ümumi məlumat
2 Tarixi
3 Coğrafiyası
4 Təhsil, səhiyyə və digər mədəni abidələri
5 Görkəmli şəxsləri
6 Yerli media
7 Avtomobil, dəmir yolları
8 Tarixi və memarlıq abidələri
8.1 Qədim yaşayış yerləri
9 Şəkillər
10 Mənbə
11 İstinadlar


Ümumi məlumat

"Saatlı" etnonimi XIV əsrin sonunda Arpaçayın aşağı axarı və Araz çayının sağ sahilində yerləşən Çuxur Səəd adlı əyalətdə yaranmışdır. Əvvəllər Arpaçayın aşağı axarı və Arazın sağ sahilində yaşayan saatlıların xeyli hissəsi XV əsrin 30-cu illərindən qonşu ərazilərə köçmüşlər. Saatlıların bir qismi Qazax zonasında, 1795-1798-ci illərdə isə saatlıların bir hissəsi Qarabağda məskunlaşmışdılar. Saatlı tayfasının adı Çuxur Səəddə yaşayan tayfanın, yaxud Əmir Səədin adını daşıyan və qədimdən Ağrıdağ vadisində yaşamış Azərbaycan türklərinin – Saadlı tayfasının etnik adıdır.

Yayı quraq keçən mülayim isti, yarımsəhra və quru çöl iqlimi olan Saatlı rayon ərazisində qədim dövrə aid yaşayış məskənlərinin olduğu sübut edilmişdir. Azadkənd, Fətəlikənd, Cəfərxan, Varxankənd, Əlisoltanlı kəndlərində e. ə. II-III minilliklərə aid arxeoloji abidələr, o cümlədən saxsı qabların qalıqları tapılmışdır.

Saatlı rayonunun Muğan düzünün mərkəzində yerləşməsi, Araz çayının bol suyu bu ərazidə əhalinin məskunlaşmasına, əkinçilik, heyvandarlıq və quşçuluqla məşğul olmalarına əlverişli şərait yaratmışdır. Saatlı rayonunun hazırkı Cəfərxan kəndində hələ XX əsrin əvvəllərində yaradılmış təcrübə stansiyası, sonralar "Muğan-təcrübə meliorasiya stansiyası" adını almış məntəqənin Muğan düzündə torpaqların şorlaşmasının qarşısının alınmasında, meliorasiya işlərinin elmi-nəzəri əsaslarla aparılmasında böyük rolu olmuşdur.

Xüsusən XX əsrin 50-ci illərindən sonra bu stansiyanın fəaliyyəti genişlənərək bölgədə əsl elmi bazaya çevrilmişdir. Görkəmli tədqiqatçı alimlərimiz C. Ə. Əliyev, S. X. Hüseynzadə, V. P. Valabuyev və digərləri uzun illər həmin Cəfərxan Muğan-təcrübə meliorasiya stansiyasında səmərəli elmi tədqiqat işləri aparmışlar.

Saatlı rayonunun təşkil edilməsi 1941-1945-ci illər müharibəsi dövrünə düşmüşdür. Həmin illərdə rayondan 1600 nəfər cəbhəyə göndərilmiş və onlar 77-ci, 223-cü, 402-ci, 416-cı diviziyalarda şərəflə döyüşmüşlər. Onlardan 533 nəfər həlak olmuşdur. 1949-cu ildə Ermənistan SSR-in bir sıra rayon və kəndlərindən zorla qovulmuş azərbaycanlı əhalinin xeyli hissəsi, 1953-cü ildə Mərkəzi Komitənin xüsusi göstərişi ilə İranla sərhəd ərazidən köçürülən Cəlilabad rayonunun 7 kəndinin əhalisi, 1958-1959 və 1989-cu illərdə Orta Asiya respublikalarından Axıska türkləri, 1988-1989-cu ildə başlanan Ermənistanın işğalçılıq siyasəti nəticəsində Qərbi Azərbaycandan dədə-baba torpaqlarından didərgin salınan soydaşlarımızın müəyyən hissəsi Saatlı rayonunda məskunlaşmışdır.

Ermənistanın respublikamıza təcavüzü nəticəsində başlanan müharibədə Saatlı rayonunun gəncləri də qəhrəmancasına döyüşmüşlər. Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda gedən döyüşlərdə Saatlı 116 nəfər şəhid vermişdir. 1995-ci ilin mart hadisələrində igidcəsinə həlak olmuş Hüseynov Elşən İbrahim oğlu qəhrəmanlığına görə Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüşdür.

Azərbaycan Respublikasının digər bölgələri kimi Saatlı rayonunun da sosial-iqtisadi və mədəni-siyasi həyatının bütün sahələrində dirçəliş və inkişaf, əhalinin həyat səviyyəsinin yüksəldilməsi 1970-ci ildən sonra başlanmışdır. Azərbaycan xalqının ümummilli lideri Heydər Əlirza oğlu Əliyev Azərbaycan KP MK-nın birinci katibi işlədiyi dövrdə 3 dəfə – 1974, 1976 və 1980-ci ildə, müstəqil Azərbaycan Respublikasının Prezidenti olduğu dövrdə isə 1998-ci ildə Saatlı rayonunda olmuş, rayonun iqtisadiyyatının dirçəldilməsi, əhalinin həyat səviyyəsinin və rifah halının yaxşılaşdırılması üçün tapşırıq və tövsiyələrini vermişdir.

XX əsrin 70-80-ci illərdə Saatlı rayonunda 19 məktəb binası, 390 çarpayılıq mərkəzi xəstəxana, 450 yerlik mədəniyyət sarayı, 11 kənd həkim məntəqəsi, musiqi məktəbi, 450 yerlik məktəbəqədər müəssisələr, 32 mənzilli beşmərtəbəli 2 yaşayış binası, ikimərtəbəli univermaq, universam, bir sıra idarə və müəssisələr üçün yeni inzibati binalar, pambıq təmizləmə və süd zavodları, çörəkbişirmə kombinatı tikilərək rayon əhalisinin istifadəsinə verilmiş, çoxsaylı sənaye, nəqliyyat və xidmət təşkilatları yaradılmışdır.

Müstəqillik illərində rayonda tikinti-quruculuq, abadlıq işləri geniş vüsət almışdır. Həmin illərdə Araz çayı üzərində uzunluğu 238 və 320 metr olan iki böyük körpü, 800 yerlik "Came" məscidi, 2030 yerlik 8 yeni məktəb binası, 750 yerlik iki şadlıq sarayı, şəhidlərin xatirəsinə abidə kompleksi, 31 mart azərbaycanlıların soyqırımı xatirə kompleksi, "Heydər" parkı, "Muğan" və "Fəvvarələr" parkları, 5 yeni həkim məntəqəsi, stadion, idman meydançaları, quşçuluq broyler fabriki, çoxsaylı sosial obyektlər və özəl istehsalat müəssisələri tikilərək əhalinin istifadəsinə verilmişdir.

2004-cü ildə Azərbaycan xalqının ümummilli liderinin adını daşıyan meydanda böyük öndər Heydər Əliyevin əzəmətli büstü qoyularaq abidə kompleksi ucaldılmışdır.

Tarixi

Muğan düzünün mərkəzində, Araz çayının hər iki sahilində yerləşən Saatlı Azərbaycan Respublikasında inzibati rayondur. 1943-cü il may ayının 25-də Azərbaycan SSR Ali Soveti Rəyasət heyətinin 30/21 nömrəli qərarına əsasən Saatlı müstəqil rayon kimi təşkil edilmişdir. 1963-cü ildə Sabirabad rayonuna birləşdirilən Saatlı rayonu 1965-ci il yanvarın 14-də yenidən müstəqil rayon statusu almışdır. Saatlı rayonu Kür-Araz ovalığının mərkəzi hissəsində yerləşir. Sahəsi 1180,5 km2, əh. 92,3 min nəfərdir (01.01.2009). Mərkəzi Saatlı şəhəridir.

Rayona Saatlı şəhəri və Azadkənd, Varxan, Qarayevkənd, Mircəlal, Nəsimikənd, Şirinbəyli, Fətəlikənd, Xanlarkənd, Əlisultanlı, Potubəyli, Hacıqasımlı, Kamallı, Qaracalar, Gömuşçu, Seyidoba, Qara-Nuru, Qazanbatan, Qıraqlı, Bəylik, Mustafabəyli, Yeni Novruzlu, Məmmədabad, Əliabad, Genişkənd, Nərimankənd, Dəllər, Novruzlu, Musalı, Sarıcalar, Cəfərxan, Əbilkənd, Mollavazlı, Sımada, Günəşli, Bəylər, Dədə Qorqud, Heydərabad, Əhmədbəyli, Qaralar, Məzrəli, Naharlı, Soltanabad, Çolpı kəndləri daxildir.

Coğrafiyası

Saatlı rayonunun ərazisi düzənlikdir və dəniz səviyyəsindən 28 metr aşağıdır. Antropogen çöküntüləri yayılmışdır. Yayı quraq keçən mülayim isti yarımsəhra və quru çöl iqlimi var. Orta temperatur yanvarda 1,4°C, iyulda 26,2°C-dir. İllik yağıntı 300 mm-dir.

Ərazisindən Araz çayı, şimal sərhədindən Kür çayı, Sabir adına və Aşağı Muğan suvarma kanalları, Mil-Muğan kollektoru keçir. Sarısu gölünün bir hissəsi rayonun ərazisindədir.

Rayonda boz-çəmən, boz, şorakət, bataqlıq-çəmən torpaqları yayılmışdır. Bitkiləri, əsasən, yarımsəhra və səhra tiplidir. Heyvanları: çöl donüzü, qumsiçanı, su qunduzu, canavar, tülkü, dovşan, ilan, çaqqal və s. Quşları: bəzgək, turac, dovdaq və s.

Saatlı, əsasən, kənd təsərrüfatı rayonudur, təsərrüfatlarında pambıqçılıq, taxılçılıq, heyvandarlıq, tərəvəzçilik və s. mühüm yer tutur. "Saatlı Pambıq" ATSC-nin emal zavodu, "Şəki İpək" ASC-nin pambıqçılıq idarəsi və pambıq qəbulu məntəqəsi, "Pambıq" kiçik müəssisəsi, şirə emalı müəssisələri, 16 un dəyirmanı, 2 üzlük plitə sexi, quşçuluq-broyler sexi və s. var.

Təhsil, səhiyyə və digər mədəni abidələri

Rayonda 48 ümumtəhsil məktəbi, peşə liseyi, 6 məktəbdənkənar tərbiyə müəssisəsi, 19 məktəbəqədər tərbiyə müəssisəsi, mərkəzi kitabxana, 63 kitabxana filialı, 27 klub, kinoteatr, yeddiillik uşaq musiqi məktəbi, tarix-diyarşünaslıq muzeyi, rəsm qalereyası, 7 xəstəxana, 17 həkim ambulatoriyası, 16 feldşer-mama məntəqəsi, gigiyena və epidemiologiya mərkəzi, 16 aptek, idman mərkəzi, voleybol klubu və s. vardır.

Görkəmli şəxsləri

Sakit Məmədi oğlu Yaqubov - Azərbaycan Dövlət İqtisad Universitetinin "Statistika" kafedrasının müdiri, professor, iqtisad elmləri doktoru.

Ağavəli Şavəli oğlu İbrahimov - Bakı Dövlət Universitetinin professoru, biologiya elmləri doktoru.

Firudin Səməndərov - Bakı Dövlət Universitetinin professoru, hüquq elmləri doktoru.

Yerli media

Saatlı rayonunda televiziya verici stansiyası 1998-ci ildən televiziya proqramlarını rayon ərazisinə yayımlayır. Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin 1954-cü ildə Azərbaycan KP Saatlı rayon komitəsi və Saatlı rayon Xalq Deputatları Sovetinin icraiyyə komitəsinin orqanı olan "Dönüş" qəzeti nəşr olunmağa başlamışdır. 1991-ci ildən isə "Dönüş" qəzeti öz fəaliyyətini müstəqil ictimai-siyasi qəzet kimi göstərir. Elektron mətbu orqanı olaraq isə "www.saatlinews.com" xəbərlər portalı fəaliyyət göstərir.[1]

Avtomobil, dəmir yolları

Saatlı rayonunun ərazisində III və IV kateqoriyalı avtomobil yolları vardır. Bütövlükdə avtomobil yollarının uzunluğu 241 kilometr təşkil edir. Bundan III kateqoriyalı Qazıməmməd-Qaratəpə-Bəhrəmtəpə avtomobil yolu 25 kilometr, III kateqoriyalı Qalaqayın-Aqrobaz avtomobil yolu 25 kilometrdir. IV kateqoriyalı yerli əhəmiyyətli yollar isə 191 kilometr təşkil edir.

Saatlı rayon ərazisindən Ələt-Naxçıvan dəmiryolu xətti keçir ki, bu II kateqoriyalıdır. Qeyd olunan bu dəmiryol xəttinin Cəfərxan kəndindən Becar yaşayış məntəqəsinə qədər əhatə edən 80-109-cu kilometrləri Saatlı rayonu ərazisindədir.

Dəmiryol xəttinin 80-109-cu kilometrlərinin əhatə etdiyi həmin sahədə 2 dəmiryolu stansiyası – Sarıcalar və Saatlı dəmiryol stansiyaları yerləşir. Saatlı dəmir yolu stansiyasının yaxınlığında Araz çayı üzərindən keçən əsrin əvvəllərində tikilmiş dəmiryol körpüsü mövcuddur.

Tarixi və memarlıq abidələri

Azərbaycanın əlverişli iqlimi və təbii şəraiti Araz çayı ətrafında insanların hələ qədim daş dövründən məskən salmasına şərait yaratmışdır. Saatlının arxeoloji abidələri Araz çayının hər iki sahilindən tapılmaqla yaşayış yerləri və qəbir abidələrindən ibarətdir. Arxeoloji abidələrin əsasını isə XX əsrin əvvəllərində tədqiqatçılar tərəfindən aşkar edilmiş nekropollar təşkil edir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli 132 saylı qərarı ilə təsdiq edilmiş aşağıda adları qeyd olunan arxeoloji abidələr mühafizə olunur.
Cəfərxan nekropolu – antik dövrü əhatə edir, Sarıcalar kəndi ərazisindədir.
Keçiqıran küp qəbirləri nekropolu – e. ə. I minilliyi əhatə edir, Azadkənd kəndi yaxınlığındadır.
Azadkənd nekropolu – e. ə. II-I əsrləri əhatə edir, Azadkənd kəndi ərazisindədir.
I Qaralar nekropolu – e. ə. III-I əsrləri əhatə edir, Qaralar kəndi ərazisindədir
II Qaralar nekropolu – e. ə. III-II əsrləri əhatə edir, Qaralar kəndi ərazisindədir.
III Qaralar nekropolu – e. ə. IX-XVII əsrləri əhatə edir, Qaralar kəndi ərazisindədir.
Muğan nekropolu – e. ə. VI-I əsrləri əhatə edir, Muğan kanalının yaxınlığındadır.
Abasbəyli nekropolu – e. ə. II-III əsrləri əhatə edir, Sarısuçay-Cərgəlana çay töküldüyü yerdədir.
Məmmədabad nekropolu – e. ə. II-III əsrləri əhatə edir, Məmmədabad kəndi ərazisində yerləşir.

Qədim yaşayış yerləri
Araz düşərgəsi – Araz çayının sahillərində indiki Qıraqlı kəndi yaxınlığında daş dövrünə aid edilən düşərgə izi olmaqla neolit dövrünə aid edilir.
Qaralar tunc dövrü yaşayış yeri – Qaralar kəndi yaxınlığında aşkar edilməklə e. ə. III-II minilliklərə aid edilir.
Abasbəyli yaşayış yeri – indiki Nərimankəndin şərq tərəfində aşkar edilmişdir – bu abidə XI-XIII əsrlərə aid edilir.
Muğan yaşayış yeri – rayonun Azadkənd kəndi ərazisində aşkar edilməklə insanlar tərəfindən əsrlər boyu qışlaq kimi istifadə olunmuşdur.
Məmmədabad yaşayış yeri – buradan tapılmış materiallar əsasında yaşayış yerini X-XVI əsrlərə aid edirlər.
Sarısu yaşayış yeri – buradan tapılmış saxsı qablar IX-XII əsrlər üçün səciyyəvidir.
Əlisoltanlı və Bəylər orta əsr yaşayış yerləri – tapılmış məişət əşyaları XII-XVI əsrlərə aid edilir.


Tarix: 16.03.2013 / 17:22 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 719 Bölmə: Tariximiz ve rayonlarimiz
loading...