Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Bərdə

Bərdə — Azərbaycanda rayon.

Rayonda 73 müəssisə, 32 məktəbəqədər uşaq müəssisəsi, 76 məktəb, 16 tibb müəssisəsi, 205 mədəniyyət ocağı yerləşir.Mündəricat
1 Sərhəd rayonları, ölkələri, əraziləri
2 Tarixi
3 Əhalisi
4 Ərazisi
5 Təbiəti
6 Tarixi və memarlıq abidələri
7 Əsas təsərrüfat fəaliyyəti
8 Əsas kənd-təsərrüfat bitkiləri
9 Görkəmli şəxsləri
10 Kütləvi informasiya vasitələri
11 Şəkillər
12 Həmçinin bax
13 İstinadlar


Sərhəd rayonları, ölkələri, əraziləri

Yevlax, Tərtər (rayon), Ağdam, Ağcabədi

Bərdənin xəritəsi

Bərdənin xəritəsi

Tarixi

Bərdə rayonu 8 avqust 1930-cu ildə təşkil olunmuşdur. Kür-Araz ovalığının şimal-qərb hissəsində yerləşir.

Rayonun mərkəzi olan Bərdə şəhəri təkcə Azərbaycanın deyil, bütövlükdə Yaxın Şərqin ən qədim yaşayış mərkəzlərindəndir. Bunu arxeoloji qazıntılar zamanı tapılmış materiallar, o cümlədən Makedoniyalı İsgəndər, Arakilər və Roma imperatoru Avqust dövrünə aid pullar sübut edir. Əldə edilmiş mənbələr Bərdənin hələ e.ə. mövcud olan ölkələrlə əlaqəsi olduğunu göstərir.

Ərəb tarixçisi Belazüri (IX əsr) Bərdənin Sasani hökmdarı I Qubadın (483-531), İran tarixçisi Həmdullah Qəzvini (XIV əsr) Makedoniyalı İsgəndərin (e.ə. 336-323) dövründə salındığını bildirmişdir. Movses Kalankatlının məlumatına görə, Bərdə Alban hökmdarı II Vaçe dövründə Firuzin (459-484) göstərişi ilə salınmışdır. Bu dövrdə Bərdənin adı "Firuzabad" olmuşdur. "Kitabi-Dədə Qorqud" dastanında Bərdədən bəhs olunur.

Sasanilər dövründə Bərdə canişinliyinin mərkəzi olmuşdur. I Qubadın dövründə Bərdənin ətrafına divar çəkilmişdir. X əsrdə Albaniyanın paytaxtı olmuş, 552-ci ildə Alban kilsəsinin də mərkəzi Bərdəyə köçürülmüşdür. Bərdə 628-ci ildə Xəzərlər, 639-cu ildə İran feodalları tərəfindən işğal olunmuşdur. Alban hökmdarı Cavanşir işğalçıları Bərdədən qova bilmişdir. Xəlifə Osmanın dövründə (644-656) ərəb qoşunları Bərdəni tutmuşdur. VI-VII əsrlərdə Bərdədə 100 min nəfər əhali yaşamışdır. XIII əsrdə Bərdədə pul kəsilmişdir. Bərdə 752-ci ildə Arran vilayətinin mərkəzi olmuşdur. VIII-IX əsrlərdə Bərdə mühüm ticarət, mədəniyyət mərkəzinə çevrilmişdir. Məşhur "Əl-Kürkiy" bazarı Bərdə darvazasının yaxınlığında yerləşirdi. IX əsrin 90-cı illərinə qədər Bərdə Sasanilər dövlətinin tərkibində olmuşdur. Bərdə həm də Xürrəmilər hərəkatının əsas güc mənbələrindən biri idi.

Şəhər bəzi mənbələrdə "Aranın baş şəhəri", "Aranın anası" adlanıb.

Yaxın və Orta Şərqdə sənətkarlıq və ticarət mərkəzi kimi tanınmış Bərdəyə 944-cü ildə ruslar yürüş etmişlər. Rusların irəli sürdüyü şərtlərə uyğun olaraq bir gün ərzində şəhəri tərk etməyən bərdəlilərə divan tutulmuşdur. Ruslar 20 min bərdəlini qılıncdan keçirmişlər. Ərazidə taun yayılmış, buna görə də rus qoşunu şəhəri tərk etməli olmuşdur. Rusların talanlarından sonra uzun müddət Bərdə özünə gələ bilməmişdir. Şəddadilər sülaləsindən olan Fəzlin (985-1030) Bərdəni 993-cü ildə öz dövlətinə daxil etmişdir. Bərdə XI əsrdə səlcuqların, XII əsrdə Eldəgizlərin hakimiyyətinə tabe idi. Monqolların hücumu zamanı Bərdə yenidən dağılmış, Elxanilər dövründə bərpa olunmuşdur. Əmir Teymurun yürüşündə Bərdə yenidən viran qalmışdır. Xanlıqlar dövründə Bərdə Qarabağ xanlığının tərkibində olmuşdur. Qarabağ xanlığının Rusiya İmperiyası tərəfindən 1804-cü ildə işğalından sonra ruslar bütün Qarabağa olduğu kimi Bərdəyə də ermənilərin köçürülməsinə başladılar. Təkcə 1828-ci ildə Bərdə ərazisinə 1000-dən çox erməni ailəsi köçürülmüşdür. [4] Rusiya işğalı dövründə Bərdə Yelizavetpol Quberniyasının tərkibində olmuş, 1918-ci ildə Azərbaycan müstəqilliyini qazandıqdan sonra isə Azərbaycanın tərkibində olmuşdur.

Əhalisi

1 yanvar 2011-ci il tarixinə rayon əhalisi 143.9 min nəfərdir.[3]
Milli tərkibEtnik qruplar2009[3] s.a.
Cəmi141 646
azərbaycanlı141 485
türk97
rus48
ukraynalı5
tatar5
digər6


Əhalisi haqqında daha geniş məlumatƏhalinin ümumi sayı136000
Şəhər əhalisinin sayı, [%]27.5000
Kənd əhalisinin sayı, [%]72.5000
Əhalinin orta sıxlığı142.110763
Əhalinin cins qrupları üzrə sayı: (kişilər), [%]49.2000
Əhalinin cins qrupları üzrə sayı: (qadınlar), [%]50.8000
Əhalinin yaş qrupları üzrə sayı: (uşaqlar), [%]10.3676
Əhalinin yaş qrupları üzrə sayı: (18 yaşa qədər), [%]40.5941
Əhalinin yaş qrupları üzrə sayı: (18-dən 55-60-a), [%]48.5294
Əhalinin yaş qrupları üzrə sayı: (təqaüdçülər), [%]16.9691
Ali təhsilli əhalinin sayı, [%]5.3000
Orta təhsilli əhalinin sayı, [%]36.3088
Məskunlaşmış qaçqınların sayı1001
Məskunlaşmış məcburi köçkünlərin sayı47984


Ərazisi

1930-cu ildə təşkil edilmişdir. Qarabağ düzündədir. Sahəsi 957 km², əhalisi 138,1 min nəfərdir. (01.01.2006). Mərkəzi Bərdə şəhəridir. Rayona Bərdə şəhəri və Ərəblər, Güloğlular, Şorəlli, Qaraqoyunlu, Qaradağlı, Divanlı, Cəyirli, Gərənə, Şatırlı, Kürdborakı, Qazaxlar, Nəzirli, Yeni Daşkənd, Mehdixanlı, Tağılar, Canavarlı, Qayalı, Həsənqaya, Saatlı, Qəhrəmanlı, Mirzəcəfərli, Mollagüllər, Əyricə, Yeni Əyricə, Kərimbəyli, Nəcəfqulubəyli, Mirzalıbəyli, Qaraməmmədli, Məmmədli, Mustafaağalı, Mollalı, Məşədiibişli, Lənbəran, Xəsili, Mollaisalar, Kolayır, Mollaməmmədli, Gülgəzli, Sərkərlar, Otuzikilər, Hacıəhmədli, Bayramlı, Xanərəb, Şərəfli, Qurdlar, Kətəlparaq, Piyadalar, Şirvanlı, Dəymədağlı, Uğurbəyli, Qullar, Hüseynbəyli, Xanxanımlı, Kələntərli, Darğalar, Əliyanlı, Muğanlı, Qasımbəyli, Alaçadırlı, Alpout, Qarayusifli, Tumaslı, Lək, Arabaçılar, Hacılar, Qaradırnaq, Qaratəpə, Mehdili, Qaradəmirçi, Türkmən, Həsənli, Köbərkənd, Hacıbəyli, Çumalar, Təhlə, Çələbilər, Nifçi, Böyük Göyüşlü, Bala Göyüşlü, Soğanverdilər, Bəcirəvan, Zümürxaç, İmamqulubəyli, Dilənçilər, Umudalılar, Cimcimli, Hacıalılı, Mirasəfli, Qarahacı, Samuxlu, Vəliuşağı, Bala Qacar, Böyük Qacar, Körpüsındıran, Birinci Qaradəmirçi, İkinci Qaradəmirçi, Hüseynalılar, Xanagahlı, Mirzəxan-Qaraqoyunlu, Qafarlı, Hacılı, Əmirli, Şahvəlilər, Qazıqurdalı, Yerli Ağalı, Bala Ərəblər kəndləri daxildir. Rayonun ərazisi Qarabağ düzünün mərkəzi hissəsindədir. Səthi az meylli və dalğalı düzənlikdən ibarətdir. Antropogen sisteminin çöküntüləri ilə örtülüdür. Gil, çınqıl və qum yataqları var. Rayonun Muğanlı kəndində "Muğanlı suyu" adlanan müalicə əhəmiyyətli təbii bulaq mövcuddur.

Ərazisi haqqında daha geniş statistik məlumatÜmumi ərazi, [km²]957.00
Məhsuldar torpaqların ümumi sahəsi, [km²]724.62
Kənd təsərrüfatına yararsız torpaqların sahəsi, [km²]47.26
Heyvandarlıq üçün otlaqların sahəsi, [km²]240.61
Əkilmiş torpaqların ümumi sahəsi, [km²]517.62
Meyvə bağlarının ümumi sahəsi, [km²]9.32
Şoran torpaqların ümumi sahəsi, [km²]31.64


Təbiəti

İqlimi mülayim isti, quru subtropikdir. Qışı quraq keçir. Orta temperatur yanvarda 1,2-1,8°C, iyulda 25,6-26,5°C-dir. İllik yağıntı 250-350 mm-dir. Rayon ərazisindən Tərtər və Xaçın çayları, şimal-şərq sərhəddi boyu isə Kür çayı axır. Əsasən, boz və boz – çəmən torpaqları yayılmışdır. Təbii bitki örtüyü, əsasən, quru çöl və yarımsəhra tiplidir. Kür çayı sahilində seyrək Tuqay meşələri (ümumi sahəsi 7,3 min ha) var. Heyvanları: tülkü, canavar, çöldonuzu, boz dovşan, süleysin və s. Quşları: turac, qırqovul, qaz, ördək və s. Rayon ərazisində Bərdə yasaqlığı var.

Tarixi və memarlıq abidələri

Bərdə rayonu ərazisində, şəhərdə 1322-ci ildə tikilmiş Bərdə türbəsi,

Bərdə türbəsi

VI əsrə aid köhnə şəhər divarlarının (torpaq) qalıqları, XVIII əsrə aid İbrahim məscidi və qəbiristanlıq, Tərtər çayı üzərində VII-IX əsrlərə aid körpü, XIV əsrə aid Axsadan baba türbəsi, Güloğlular kəndində XVIII əsrə aid səkkizguşəli türbə vardır. Bunlar dövlət mühafizəsindədir.

Güloğullular türbəsi

Ərazidə bunlardan əlavə, 1905-ci ildə tikilmiş cümə məscidi (Bərdə şəhərində), Şirvanlı kəndində XIX əsrə aid hamam, Uğurbəyli məscidi (XIX əsr), Bəhmən Mirzə Qacar məqbərəsi (1880) və s. tarixi və memarlıq abidələri var.

Əsas təsərrüfat fəaliyyəti

Rayonda təsərrüfatın əsasını əkinçilik və maldarlıq təşkil edir. Əsas təsərrüfat sahəsi taxılçılıq və pambıqçılıqdır. Bostan və tərəvəz məhsulları istehsalı son illər xeyli artmışdır. Bərdə rayonu yerli əhalisini, burada məskunlaşmış qaçqınlar və məcburi köçkünləri çörəklə təmin edə bilir. Bərdə bazarından ölkənin iri şəhərlərinə müntəzəm olaraq heyvandarlıq məhsulları daşınır.

Bərdədə aqrar islahatlar uğurla başa çatdırılmışdır. 43362 hektar torpaq sahəsi 24324 ailənin xüsusi mülkiyyətinə verilmişdir. Kənd təsərrüfatı bütünlükdə özəl sektorun əlindədir. Torpağın sahibinə verilməsi özünün müsbət nəticəsini dərhal göstərmişdir. Rayonda 300-dən çox kəndli-fermer təsərrüfatı fəaliyyət göstərir. Həmin təsərrüfatlar ildən-ilə daha da mükəmməlləşir və istehsal göstəricilərini artırırlar.

Bərdənin kənd təsərrüfatı işçiləri elmi-texniki yenilikləri uğurla mənimsəyir və istehsalatda tətbiq edirlər. Burada adi əkinçinin, sıravi maldarın da məşğulluq biliyi, demək olar, mütəxəssis səviyyəsindədir. Təsadüfi deyildir ki, Bərdə maldarlarının ətçilik istiqamətində apardıqları iş respublika səviyyəsində öyrənilib yayılmışdır.

Əsas kənd-təsərrüfat bitkiləri
1. Pambıq
2. Taxıl
3. Kartof
4. Qarpız
5. Yemiş
6. Soğan
7. Günəbaxan
8. Qarğıdalı

Görkəmli şəxsləri

Bərdə rayonundan çıxmış görkəmli şəxslərdən qədim dövrlərdə Ələkbər bəy Qalabəyovu, Cümşüd bəy Vəzirovu, Əbdülxalıq Arranini, Qazi Məhiəddin Bərdəini, Məhəmməd İbn Abdulla Bərdəini, Sədallah əl-Bərdəini, Cəmil Lənbəranskini, müasir dövrümüzdə Əliş Lənbəranskini, Baxşalı Baxşalıyevi, Cümşüd İbrahimovu, Saleh Hacıyevi, Yusif Kərimovu, Tərlan Musayevanı və başqalarını göstərmək olar.

XIV əsrin ortalarında yaşamış Qazi Məhiəddin Bərdəini dövrünün tanınmış siyasi xadimi olmuşdur.

Bərdəini Məhəmməd İbn Abdulla mütəfəkkir və hüquqşünas kimi X əsrdə böyük şöhrət qazanmışdır.

Əliş Lənbəranski uzun ömür yaşamış, həyatı boyu müxtəlif məsul vəzifələrdə işləmiş, respublikanın sosial mədəni həyatında mühüm rol oynamışdır. Onun rəhbərlik etdiyi illər ərzində Bakı şəhərinin genişləndirilməsi, gözəlləşdirilməsi, yenidən qurulması istiqamətində tarixi işlər görülmüşdür.Sosialist Əməyi Qəhrəmanı, iki çağırış SSRİ Ali Sovetinin deputatı olmuş Həsən Kərimov, rayonda məskunlaşan Türk kökənli Təhlələrin və Bərdə əhalisinin ağsaqqallarından sayılan SSRİ dövründə uzun müddət ferma müdiri kimi çalışmış Hilal Hüseynov da rayonun tanınmış simalarındandır.

Baxşalı Baxşalıyev uzun illər Azərbaycan Respublikasının maliyyə naziri vəzifəsində çalışmış, Azərbaycanın tərəqqisi, dövlət quruculuğu prosesində əhəmiyyətli rol oynamışdır.

Cümşüd İbrahimov neftçi olmuşdur. Onun rəhbərliyi altında "Gürsəngi", "Qarabağlı", "Azəri", "Çıraq", və "Kəpəz" yataqları kəşf edilmiş, 28 May yatağı istismara verilmişdir. "Xəzər" dənizneftqaz İstehsalat Birliyinin gəmilərindən birinə Cümşüd İbrahimovun adı verilmişdir.

Yusif Kərimov yazıçı-jurnalistdir. Uzun illər "Azərbaycan Gəncləri" qəzetinin redaktoru işləmişdir. O, "Qırmızı sahil", "Yollar", "Bir buta gül", "Üçbucaq", "Kəpənək ömrü", "Pərişan eşqim" və s. əsərləri ilə geniş oxucu kütləsi qazanmış, ondan artıq kitabın müəllifidir.

Tərlan Musayeva mexanizatordur. Məşhur pamböqçı-qadın Sevil Qazıyevanın respublikamızda ən layiqli davamçılarındandır. Sadə əməyi ilə ictimaiyyətin dərin rəğbətini qazanmış, Müstəqil Azərbaycan Respublikası ilk Milli Məclisin deputatı olmuşdur. Hazırda Prezident təqaüdçüsüdür.

Saleh Hacıyev uzun illər respublikanın meliorasiya və su təsərrüfatı sistemində rəhbər vəzifədə işləmişdir. Azərbaycan torpaqlarının saflaşdırılmasında, su ilə təminatında, məhsuldar səviyəyə çatdırılmasında onun rəhbərliyi altında çox işlər görülmüşdür. Hazırda Prezident təqaüdçüsüdür.

Rasim Əliquluyev Bərdənin İmirli kəndində doğulmuşdur hal hazırda AMEA-nın İ.T İnstitutunun direktorudur.

Kütləvi informasiya vasitələri

Rayonda "Bərdə" və "Xan Çinar" qəzetləri nəşr olunur. "Bərdə" qəzetinin ilk nömrəsi 1932-ci ildə "Qızıl Bərdə" adı ilə çıxmışdır. Sonralar "Bərdə pambıqçısı", "Stalin yolu", "Kommunizm yolu" və s. adlarla nəşr edilmişdir. Hal-hazırda "Bərdə" qəzeti rayon İcra Hakimiyyəti aparatının və jurnalist kollektivinin təsisçiliyi ilə çıxır. "Xan-Çinar" özəl qəzetdir və bir neçə ildir ki, nəşr olunur. Rayonda 1964-cü ildən yerli radio verilişləri redaksiyası fəaliyyət göstərir. Burada gündəlik aktual məlumatlar və yerli informasiyalar səsləndirilir.


Tarix: 16.03.2013 / 17:17 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 961 Bölmə: Tariximiz ve rayonlarimiz
loading...