Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Azıx mağarası

1960-cı ildən başlayaraq 1987-ci ilədək çoxtəbəqəli Azıx paleolit düşərgəsinin cənub giriş yolunda və birinci salonunda aparılan arxeoloji qazıntılar zamanı Azıx mağarasının çöküntülərində zəngin stratiqrafiyanın olması müəyyən edilmişdir. Azıx mağarası Qarabağın Quruçay dərəsində, çaydan 3 kmaralıda olub, Quruçayın müasir yatağından 200-250 myüksəklikdə yerləşir. Mağara Azıx və Salakətin kəndləri arasında olub, dəniz səviyyəsindən 950 myüksəklikdə yerləşir. Azıx mağarası özünün böyüklüyünə görə Qafqazda ən möhtəşəm karst mağarasıdır. Mağara 5 salondan ibarət olub, uzunluğu 230 m, kiçik çıxış yolları və karst quyusu ilə birlikdə uzunluğu 600 m-ə bərabərdir .

Azıx mağarasında arxeoloji qazıntı işləri düşərgənin hər iki giriş yolunda aparılmışdır. Düşərgənin şimal tərəfdən giriş yolunda aparılan arxeoloji qazıntılar zamanı maddi mədəniyyət qalıqları qeydə alınmamışdır. Mağaranın şimal hissəsində çöküntünün ümumi qalınlığı 0,5 m-dən 1,2 m-ə qədər olmuşdur.

Azıx mağarasıÇoxtəbəqəli Azıx paleolit düşərgəsinin cənub giriş yolunda və birinci salonunda aparılmış kompleks arxeoloji qazıntılar zamanı burada çöküntünün ümumi qalınlığı 14 m-ə bərabər olması müəyyən edilmişdir. Azıx paleolit düşərgəsinin cənub giriş yolunun 8-ci kv.m-dən başlayaraq 27-ci kv.m-ə qədər çöküntünün qalınlığının 13-14 m-ə bərabər olması qeydə alınmışdır. Lakin 17-ci kv.m-dən başlayaraq mağaranın içərisinə doğru getdikcə düşərgədə olan çöküntülərin qalınlığı azalmağa başlayır. Bu fakt 1973-1976-cı illərdə Azıx paleolit düşərgəsində aparılan arxeoloji qazıntılar zamanı qeydə alınmışdır.

M.M.Hüseynovun rəhbərliyi altında aparılan kompleks tədqiqatlar zamanı Azıx paleolit düşərgəsinin cənub giriş yolunda və birinci salonunda arxeoloji, paleontoloji tapıntıların sayı yüz minlərlədir. Bu sahədə çöküntünün stratiqrafik mənzərəsi olduqca zəngindir. Çoxtəbəqəli Azıx paleolit düşərgəsində 1960-cı ildən 1987-ci ilədək aparılmış arxeoloji qazıntılar zamanı müəyyən edilmiş arxeoloji təbəqələr illik hesabatlar və Azıx düşərgəsinin stratiqrafiyası haqqında çap edilmiş əsərlər əsasında təhlil edilmişdir.

Çoxtəbəqəli Azıx paleolit düşərgəsində 1960-1986-cı illərdə aparılan arxeoloji qazıntılar zamanı 10 təbəqə qeydə alınaraq tədqiq olunmuşdur. Yaxın Şərq və Qafqaz ərazisində ən zəngin stratiqrafiyaya malik Azıx paleolit düşərgəsində qeydə alınmış arxeoloji təbəqələrin ümumi qalınlığı 14 m-ə bərabərdir.

Aparılan arxeoloji qazıntılar zamanı Azıx paleolit düşərgəsində qeydə alınmış arxeoloji təbəqələr aşağıdakılardan ibarətdir:

I təbəqə qara çöküntülü, bəzən isə sarı qarışıq torpaq təbəqəsindən ibarətdir. Arxeoloji qazıntılar zamanı tək-tək orta əsrlərə aid gil qab qırıqlarına rast gəlinir. 1962-1965-ci illərdə aparılan arxeoloji qazıntılar zamanı təbəqədən Orta əsrlər, Tunc və Eneolit dövrlərinə aid gil qab qırıqları aşkar olunmuşdur. Lakin, sonrakı illərdə aparılan arxeoloji qazıntılar zamanı Eneolit dövrünə aid maddi mədəniyyət qalıqları qeydə alınmamışdır. Təbəqənin ümumi qalınlığı 77-125 sm-ə bərabər olmuşdur.

II təbəqə açıq-sarımtıl gillicə torpaqdan ibarətdir. Arxeoloji tədqiqatlar zamanı təbəqənin içərisində tək-tək qaya qırıntıları və gil qab parçaları qeydə alınmışdır. Gil qab qırıqları əsasən Orta əsrlər, Tunc və Eneolit dövrlərinə aid olmuşdur. Təbəqənin ümumi qalınlığı 90-180 smolmuşdur.

III təbəqə boz gillicə torpaq təbəqəsindən ibarətdir. Ayrı-ayrı əlamətlərə görə üçüncü təbəqənin tərkibində 1973-1974-cü illərdə aparılan arxeoloji qazıntılar zamanı üç lay müəyyən edilmişdir:

Birinci lay tünd-boz gillicə torpaqdan ibarətdir. Təbəqənin tərkibində xırda qaya qırıntıları da qeydə alınmışdır. Bu laydan ilk dəfə olaraq Mustye mədəniyyətinə aid daş məmulatı və ovlanmış heyvan sümükləri tapılmışdır.

İkinci lay gillicə torpaqdan ibarətdir. Layın içərisində düşərgənin tavanından düşmüş qaya qırıntıları qeydə alınmışdır. Eyni zamanda layın içərisində bir neçə iri qaya daşı aşkar olunmuşdur.

Üçüncü lay açıq-boz gillicədən ibarət olub, içərisində qaya qırıntılarına təsadüf edilmişdir. Layın aşağı hissəsi isə sarı gillicə torpaq qatından ibarətdir. Maraqlıdır ki, ilk dəfə olaraq 1973-cü ildə aparılmış arxeoloji qazıntılar zamanı üçüncü təbəqənin aşağı layından Mustye mədəniyyətinə aid 20 ədəd əl çapacağı tapılmışdır. Bu tapıntı mustye dövrü üçün çox nadir tapıntılardan biridir. Çünki, əl çapacaqları Aşel mədəniyyəti üçün xarakterikdir. Üçüncü təbəqənin ümumi qalınlığı 90-145 sm-ə bərabər olmuşdur.

IV təbəqə tünd-qonur gillicə torpaq layından ibarətdir. Təbəqənin içərisində xırda qaya qırıqlarına rast gəlmək olur. Həmin qırıqlar stalaqmit, stalaktit, stalaqnat parçalardan ibarətdir. 1973-cü il arxeoloji qazıntılarınadək dördüncü təbəqədən heç bir maddi mədəniyyət nümunəsi qeydə alınmamışdır. Ancaq 1973-cü ildə aparılan arxeoloji qazıntılar zamanı dördüncü təbəqədən son Aşel mədəniyyətinə aid bir neçə daş məmulatı və ovlanmış heyvan sümükləri tapılmışdır. Təbəqənin ümumi qalınlığı 1-1,2 m-ə çatır.

V təbəqə sarı gillicə torpaq təbəqəsindən ibarətdir. Azıx düşərgəsinin stratiqrafiyasında ən zəngin və möhtəşəm qalınlığa malik olan çöküntü beşinci təbəqədən ibarətdir. 1963-1969, 1971-1986-cı illərdə beşinci təbəqədə aparılan arxeoloji qazıntılar zamanı çoxlu ovlanmış heyvan sümükləri və 300 ədəd daş məmulatı tapılmışdır. Böyük Qafqaz paleolit düşərgələri içərisində ən zəngin stratiqrafiyaya malik Azıx düşərgəsinin beşinci təbəqəsində yuxarıda qeyd olunanlarla yanaşı ocaq yerləri, ibtidai tikili qurğuları, xüsusi küncdə saxlanılan ayı kəllələri tapılmışdır. Bütün tədqiqat mövsümündə beşinci təbəqədən aşağıdakı kiçik laylar qeydə alınmışdır:

Birinci lay tünd-qonur gillicə torpaq layından ibarətdir. İçərisində arxeoloji tapıntılarla bərabər qaya qırıqları da qeydə alınmışdır. Layın qalınlığı 30-43 sm-ə bərabərdir.

İkinci lay açıq-qonur gillicə təbəqəsindən ibarətdir. Təbəqənin içərisindən daş məmulatı və fauna qalıqları tapılmışdır. Ayrı-ayrı qaya parçalarına da rast gəlmək olur. Layın qalınlığı 28-44 sm-ə bərabər olmuşdur.

Üçüncü lay açıq sarı gillicə layından ibarətdir. Layın içərisində ayrı-ayrı qaya qırıqlarına təsadüf hallarda rast gəlinir. Arxeoloji qazıntılar zamanı daş mənulatı ilə yanaşı çoxlu ovlanmış heyvan sümükləri də aşkar edilmişdir. Layın qalınlığı 48-62 sm-ə bərabər olmuşdur.

Dördüncü lay tünd sarı gillicə torpaq təbəqəsindən ibarətdir. İçərisində arxeoloji materiallarla yanaşı, xırda qaya qırıqları da qeydə alınmışdır. Layın qalınlığı 38-44 sm-ə çatır.

Beşinci lay boz-yaşıl gillicə torpaq təbəqəsindən ibarətdir. Maraqlıdır ki, 1972-ci ildə yayda aparılan arxeoloji qazıntılar zamanı ocaq yerləri və ibtidai tikili yeri qeydə alınmışdır. Tədqiqatlar zamanı buradan əmək alətləri ilə bərabər ovlanmış heyvan sümükləri də aşkar olunmuşdur. Layın qalınlığı 44-56 sm-ə bərabər olmuşdur.

Altıncı lay tünd-qonur gillicə torpaq layından ibarətdir. Arxeoloji qazıntılar zamanı altıncı laydan əmək alətləri ilə yanaşı, çoxlu fauna qalıqları aşkar olunmuşdur. Layın tərkibində düşərgənin tavanından düşmüş qaya qırıqlarına rast gəlmək olur. Tədqiq olunan sahədə layın qalınlığı 42-56 sm-ə bərabər olmuşdur.

VI təbəqə boz gillicə torpaq təbəqəsindən ibarətdir. Lakin yuxarıda təsvir olunan təbəqələrdən fərqli olaraq altıncı təbəqə olduqca çoxlu çay və qaya daşları ilə zəngindir. Altıncı təbəqə daş məmulatının zəngin olması ilə fərqlənir. Burada aparılan qazıntılar zamanı 3 mindən artıq daş məmulatı tapılmışdır. Təbəqənin qalınlığı 55-87 sm-ə bərabər olmuşdur.

VII təbəqə açıq-göyümsov gillicə torpaq təbəqəsindən ibarətdir. 1974-cü ildə arxeoloji qazıntı işlərinə qədər çap olunmuş Azıx düşərgəsinə aid elmi məqalələrdə düşərgənin VI təbəqəsindən aşağıda olan təbəqələrdə arxeoloji materialların olmadığı qeyd olunurdu. Lakin 1974-cü ildə VI təbəqədən altda olan düşərgənin çöküntülərində aparılan arxeoloji qazıntılar zamanı dörd arxeoloji təbəqə (VII-X) qeydə alınmış və həmin təbəqələrdən maddi mədəniyyət qalıqları aşkar olunmuşdur. Təbəqənin qalınlığı 82-98 sm-ə bərabər olmuşdur.

VIII təbəqə nisbətən tünd-göyümsov gillicə torpaq təbəqəsindən ibarətdir. Arxeoloji qazıntılar zamanı təbəqədən maddi mədəniyyət qalıqları aşkar olunmuşdur. Eyni zamanda təbəqənin tərkibində mağaranın tavanından düşmüş tək-tək qaya parçaları qeydə alınmışdır. Təbəqənin qalınlığı 90-115 sm-ə bərabər olmuşdur.

IX təbəqə açıq-göyümsov gillicə torpaq təbəqəsindən ibarətdir. Arxeoloji qazıntılar zamanı təbəqədən maddi mədəniyyət nümunələri tapılmışdır. Təbəqənin tərkibində tək-tək qaya qırıntılarına rast gəlmək olur. Təsvir olunan sahədə təbəqənin qalınlığı 78-84 sm-ə bərabər olmuşdur.


Tarix: 26.11.2014 / 16:50 Müəllif: Aziza Baxılıb: 109 Bölmə: Tariximiz ve rayonlarimiz
loading...