Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

MÜQƏDDƏS QURANIN TƏFSİRİ (“ƏL-BƏQƏRƏ” (“İNƏK”) SURƏSİNİN ŞƏRHİ ) 29-39 ayələr

(29) “Yer üzündə olanların hamısını sizə görə xəlq edən, sonra göyə tərəf yönəlib onu yeddi qat göy edən Odur. O, hər şeyi bilir”.

Yerdə olan bütün nemətləri Allah Öz mərhəməti sayəsində insanlar üçün yaratmışdır ki, onlardan istifadə etsinlər və bunlardan faydalı nəticələr çıxararaq zövq alsınlar. Bu qiymətli ayə bütün maddi nemətlərin istifadəsinə icazə verildiyinə və əksi sübut edilməyincə təmiz olduğuna dəlalət edir, çünki Uca Allah ayədə insanlara Öz mərhəmətini göstərdiyini qeyd edir. Bu ayənin əsasında həm də demək olar ki, zərərli və pis olan nə varsa, qadağan edilmişdir, çünki Allah insanlara xeyir verən şeyləri yaratmışdır. Deməli, insanların bu çərçivədən kənara çıxan şeyləri istifadə etmək haqqı yoxdur. Zərərli və pis şeylərin istifadəsini qadağan edərək, Rəbbimiz insanlara böyük mərhəmət göstərmişdir.
Daha sonra Uca Allah buyurur ki, yeri yaratdıqdan sonra O, səmaya tərəf yönəlir. “İstəva” feli Müqəddəs Quranda üç mənada istifadə edilmişdir. Ön şəkilçisiz işlədildikdə, “yetkinliyə, kamilliyə çatmışdır” mənasını bildirir. Uca Allah onu bu mənada Musa peyğəmbər (ə.) haqqında hekayəti nazil edəndə istifadə etmişdir: “Musa yetkinləşib kamillik dövrünə çatdıqda Biz ona hökmranlıq (peyğəmbərlik) və elm əta etdik...(Qəsəs, 28/14)

Yüksək mövqe bildirən ön şəkilçi ilə işlədildikdə, “qalxdı”, “ucaldı” mənalarını bildirir. Uca Allah onu bu mənada: “Ər-Rəhman Ərşə ucaldı” ;(Ta ha, 20/5) “O, bütün canlıları və bitkiləri cüt yaratdı. Mindiyiniz gəmiləri və heyvanları yaratdı ki, onların belinə, yaxud tərkinə qalxıb yerləşdiyiniz zaman Rəbbinizin nemətini yada salıb deyəsiniz: “Bunu bizə ram edən Allah pakdır, müqəddəsdir...”(Zuxruf, 43/12-13)

O, istiqamət bildirən ön şəkilçi ilə işlədildikdə isə “yönəldi”, “döndü, çevrildi” mənalarını bildirir. Şərh etdiyimiz ayədə “istəva” feli məhz bu mənada istifadə olunmuşdur.
Uca Allah yerin yaradılışından sonra göyləri yaratmağa başladı və onları yeddi qat göy halında xəlq etdi. Onlara kamil bir görkəm verdi. O hər şey haqqında biliklərə malikdir. Ona, yerə nəyin düşdüyü və oradan nəyin çıxdığı, göydən nəyin endiyi və oraya nəyin qalxdığı tam mənada məlumdur. O, qeybi də, aşkarı da Biləndir.
Bu və bir çox digər ayələrdə Allah Özünün ilahi biliklərinə işarə etməklə yanaşı Kainatın yaradılmasına da toxunur. Uca Allah buyurur: “Sözünüzü gizli saxlasanız da, onu açıq desəniz də, fərqi yoxdur, Allah kökslərdə olanı bilir. Yaradan Allah Lətif və hər şeydən Xəbərdar olduğu halda, ola bilərmi ki, O, gizlində və aşkarda olanları bilməsin?”(Mulk, 67/13-14)

Bunun səbəbi ondadır ki, məxluqların yaradılması – Allahın Elminin, Müdrikliyinin və Qüdrətinin ən inandırıcı dəlillərindəndir.

(30) “Sənin Rəbbin mələklərə: “Mən yer üzündə bir canişin bərqərar edəcəyəm!” – dedikdə, onlar: “Biz Səni həmdsəna ilə təriflədiyimiz və Səni müqəddəs tutduğumuz halda, Sən orada fəsad törədib qan salacaq bir kəsmi yerləşdirəcəksən?” – söylədilər. O dedi: “Şübhəsiz ki, Mən sizin bilmədiklərinizi bilirəm!”

Uca Allah Adəmin, bəşəriyyətin ulu babasının yaradılışının başlanması və onun digər xəlq edilmiş varlıqların çoxundan üstün olması barədə xəbər verir. Adəmi yaratmağı nəzərində tutan Uca Allah bu niyyətini mələklərə bildirir. O, Adəmi yerdə canişin etmək istədiyini onlara xəbər verir. Belə olduqda mələklər deyirlər: “Ey Allah! Doğrudanmı Sən, yerdə fitnə-fəsad yayıb, günahlar edəcək və qan tökəcək bir məxluq yaradacaqsan?”
Bu sözlər, ümumi ifadələrdən sonra xüsusi kəlmələrin işlədilməsi nümunəsidir, çünki qan tökmək də fəsad törədilməsinin bir formasıdır. Mələklər bununla qətllərin ağır bir cinayət olduğunu vurğulayaraq ehtimal edirlər ki, Adəmin nəsilləri yerdə məhz bu cür işlərlə məşğul olacaqlar. Bununla yanaşı onlar Allaha öz ehtiramlarını bildirərək, qeyd edirlər ki, O, əlbəttə ki, hər cür şərdən sonsuzluğa qədər uzaqdır. Mələklər yada salırlar ki, onlar heç bir qüsura yol vermədən Allaha ibadət edir, Onu, Onun əzəmətinə və müdrikliyinə uyğun olaraq tərifləyirlər. Bununla birgə onlar Allahı müqəddəs sayırlar.
Belə bir rəy var ki, “nuqaddisu ləkə” ifadəsi “biz Səni müqəddəs sayırıq” deməkdir. Buradan belə çıxır ki, mələklər təkcə Allahı Müqəddəs və Qüsursuz hesab edirlər. Başqa bir şərhə görə isə, həmin ifadə “biz Sənə görə özümüzü qüsurlardan təmizləyirik” mənasını bildirir. Bundan da belə çıxır ki, mələklər Allaha məhəbbət bəsləməklə, Onun qarşısında qorxmaqla və Onu tərifləyib ucaltmaqla öz əxlaqlarını natəmiz nəfslərdən təmizləyir, təqdis edirlər.
Uca Allah mələklərə cavab verərək buyurur: “Mən bu canişin haqqında sizin bilmədiklərinizi bilirəm. Sizin sözləriniz sizin zənninizə əsaslanır, lakin Mən qeybi də aşkarda olanları da bilirəm. Mən bilirəm ki, bu canişinin yaradılması özündə şərdən daha çox xeyir ehtiva edir”.
Qüdrətli Allahın, insanların qəlbində gizlənən xeyir və şəri yerdə imtahana çəkərək Öz itaətkar qullarını Öz düşmənlərindən ayırd edə bilməsi, İblisin qəlbində gizlənən böyük şəri üzə çıxartması və onun qüsurlu sifətlərini ifşa etməsi üçün Adəmin nəsilləri arasından peyğəmbərləri və siddiqləri, şəhidləri və əməlisalehləri seçdiyini göstərməsi bəs edir ki, O, Öz ayələrini bütün məxluqata göstərə bilsin və insana, Allah yolunda mübarizə aparmaq, başqa məxluqların bacara bilmədiyi, digər ayinləri həyata keçirmək imkanı versin. İnsanın xəlq edilməsinin hikməti, hətta bu hikmətin bir hissəsi onun yaradılması üçün tutarlı bir əsasdır.


(31) “Allah Adəmə bütün şeylərin adlarını öyrətdi. Sonra onları mələklərə göstərib dedi: “Doğru danışanlarsınızsa, bunların adlarını Mənə deyin!”

Mələklərin əvvəlki sözləri onların, Allahın yerdə təyin edəcəyi canişindən üstün olduqlarını vurğulayırdı və buna görə də Uca Allah Adəmin müsbət məziyyətlərini onlara izah etmək və onları onun üstünlüyünə inandırmaq istədi. O, Adəmə bütün məxluqların və əşyaların adlarını və habelə onların mənalarını, o cümlədən, sözlərin kiçildilmiş-nəvazişli və üstünlük dərəcəli formalarını, məsələn, quş və quşcığaz kimi, öyrətdi. Sonra Allah bu məxluqları və əşyaları mələklərə göstərdi və onları sınamaq üçün dedi: “Əgər sizin Mənim canişinimdən üstün olmağınız haqqında zənniniz doğrudursa, onda bu məxluqların adlarını deyin”.


(32) “Onlar dedilər: “Sən pak və müqəddəssən! Sənin bizə öyrətdiklərindən başqa bizdə heç bir bilik yoxdur! Həqiqətən, Sən Bilənsən, Müdriksən!”

Mələklər belə cavab verdilər: “Ey Rəbbimiz! Sən pak və müqəddəssən! Bizim Sənə etiraz etməyə və Sənin iradənə zidd getməyə ixtiyarımız yoxdur. Biz, ancaq Sənin mərhəmətin və səxavətin sayəsində bizə öyrətdiklərindən başqa heç nə bilmirik. Sənə isə bütün varlıq haqqında hər şey məlumdur, hətta göylərdə və yerdə olan ən kiçicik zərrələr də belə Sənin bildiklərindən kənarda qala bilməz. Sən, bütün məxluqları və hökmləri əhatə edən kamil müdrikliyə sahibsən. Sənin yaratdıqların və buyruqların ilahi Hikmətinin təcəssümüdür”.
Müdriklik (hikmət) dedikdə, hər şeyi öz yerinə yerləşdirmək istedadı nəzərdə tutulur. Mələklər Allahın mütləq biliyə və ilahi müdrikliyə malik olduğunu və özlərinin isə hətta ən kiçicik bir əşyanı müstəqil şəkildə dərk etməyə qabil olmadıqlarını etiraf etdilər. Onlar etiraf etdilər ki, Allah onlara misilsiz mərhəmət göstərərək, əvvəl bilmədikləri hər şeyi onlara öyrətmişdir.

(33) “Allah dedi: “Ey Adəm, bunların adlarını onlara bildir!” O, bunların adlarını onlara bildirdikdə Allah dedi: “Mən sizə demədimmi ki, göylərdə və yerdə olan qeybi, aşkara çıxartdığınızı və gizli saxladığınızı bilirəm?”

Allah Adəmə buyurur ki, O, mələklərdən tələb etdikdə onların deyə bilmədiyi məxluqların və əşyaların adlarını bir-bir sadalasın. Adəm Rəbbin əmrini yerinə yetirdi və mələklər onun üstünlüyünə və müdrikliyinə əmin oldular. Hərşeyibilən və Ənmüdrikolan Yaradan Adəmi məhz bu məziyyətlərinə görə yerdə özünün canişini etmək istəmişdi. Sonra Allah belə deyir: “Məgər Mən sizə demədimmi ki, göylərdə və yerdə olan qeybi, aşkara çıxartdığınızı və gizli saxladığınızı bilirəm?”
Qeyb adı altında bizim görmədiyimiz və sezə bilmədiyimiz bütün şeylər nəzərdə tutulur. Allah qeybi bilirsə, deməli aşkarda olanı da, gizli saxlanılanı da bilir.


(34) “Bir zaman Biz mələklərə: “Adəmə səcdə edin!” – dedikdə, İblisdən başqa hamısı səcdə etdi. O imtina edib təkəbbür göstərdi və kafir oldu”.

Uca Allah mələklərə əmr edir ki, onun qarşısında çöküb ona səcdə etsinlər və bununla ona öz ehtiramlarını bildirsinlər. Bu, Uca Allaha ibadət və Onun hökmlərinə itaət forması idi və mələklər o saat Adəmin qarşısında səcdəyə qapıldılar, təkcə İblis bunu etmədi. O, Allahın əmrini yerinə yetirməkdən təkəbbürlə boyun qaçırdı və belə qət etdi ki, Adəmdən üstündür. O dedi: “...Mən Sənin palçıqdan yaratdığınamı səcdə edəcəyəm?!”(İsra, 17/61)

İblisin təkəbbürü və itaətsizliyi imansızlığından törəmişdi ki, onu, baş vermiş hadisəyə qədər gizlədirmiş. Lakin üzə çıxmış bu hal onu, Allaha və Adəmə bəslədiyi düşmənçiliyini büruzə verməyə məcbur edərək, onun kafirliyini və təkəbbürlü olmasını ifşa etdi.
Bu kəramətli ayələrdən hikmətli və faydalı çox nəticələr çıxarmaq olar. Birincisi, Uca Allah danışmaq qabiliyyətinə malikdir. Bu sifət Allaha həmişə xas olmuşdur və O, istədiyi vaxt istədiyini deyə bilər. İkincisi, Allah - Hərşeyibiləndir və Hikmət Sahibidir. Bəzi məxluqlarının yaradılmasının və ya bəzi hökmlərinin nazil edilməsinin mənası qullarına aydın olmadıqda, onlar öz Rəbbinin iradəsinə təslim olmalı, çatışmazlıqları ancaq öz ağıllarında axtarmalı və Allahın hikmətini qəbul etməlidirlər. Üçüncüsü, Allah mələklərin qayğısına qalır və onlara bilmədikləri şeyləri öyrətdikdə rəhm edir və diqqətsiz yanaşdıqlarını onlara göstərir.
Bu Quran hekayəti də biliyin üstünlüyünü vurğulayır. Birincisi, Uca Allah mələklərə Özünün elmini və Özünün Hikmətini nümayiş etdirir. İkincisi, Allah mələklərə göstərir ki, Adəmin üstünlüyü, qulun haqqı olan və ən gözəl məziyyətlərindən biri sayılan biliyindədir. Üçüncüsü, Allah mələklərə Adəmin qarşısında ona öz ehtiramlarını bildirmək üçün səcdə etmələrini və onun biliklərinin üstünlüyünü etiraf etmələrini əmr edir. Dördüncüsü, bir nəfər digərlərini əvvəl bilmədiklərinə öyrədirsə, o, onlardan üstün olduğunu göstərir, çünki o, bu bilikləri onlardan əvvəl əldə etmişdir.
Bu hekayət bizi bəşəriyyətin əcdadının (İblisin cinlərin əcdadı olması nə Müqəddəs Quranda, nə də Peyğəmbərin (s.ə.s.) Sünnəsində təsdiq edilməmişdir. Belə ki, Quranda deyilir: “Bir zaman Biz mələklərə: “Adəmə səcdə edin!” – demişdik. İblisdən başqa hamısı səcdə etdi. İblis cinlərdən idi...” (Kəhf, 18/50). Böyük Britaniyalı islamşünas doktor Əbu Əminə Bilal Filips özünün rus dilində nəşr olunmuş “???????? ???” adlı əsərində (????: «???????? ???». ?. ??????: «??-??-??????», 2003 ?. –?. 85) sitat gətirdiyimiz ayəyə işarə edərək yazır ki, “Bu ayənin aydın mənasından bəlli olur ki, Şeytan onlardan (cinlərdən) ancaq biri idi, lakin birincisi deyildi”. İngilisdilli İslam alimi Ə. B. Filips bu rəyində “Aləm əl-cinn və ş-şəyatin” əsərinə (səh. 18) mənbə kimi istinad edir. Əbdürrəhman əs-Səədinin rus dilindən tərcümə etdiyimiz bu əsərinin orijinaldan türk dilinə tərcüməsində də (“Tafsirus-Sadi”, Quraba nəşriyyatı, 2006, I cild, səh. 76) ifadə eynilə verilmişdir. Amma İblisin “cinlərin əcdadı” (atası) kimi göstərilməsi, gördüyümüz kimi, mənbələrdə təsdiqini tapmır. Tərc. Fərahim Süleymanoğlu.) və cinlərin əcdadının məziyyətləri üzərində düşünməyə vadar edir. Hekayətdə Adəmin müsbət cəhətləri, Allahın ona bəxş etdiyi nemətləri xatırlanır. Orada İblisin insanlara bəslədiyi amansız nifrəti haqqında xəbər verilir. Ayədən çoxlu başqa faydalı nəticələr də çıxarmaq olar.

(35) “Biz dedik: “Ey Adəm! Sən zövcənlə birlikdə Cənnətdə sakin ol və orada rahatlıqla nemətlərimizdən istədiyiniz yerdə yeyin için, təkcə bu ağaca yaxınlaşmayın! Yoxsa zalımlardan olarsınız”.

Adəmi yaratdıqdan və onun üstünlüyünü sübuta yetirdikdən sonra Uca Allah ona yeni bir lütfkarlıq göstərir və onun özündən onun üçün zövcə yaradır ki, onunla rahatlıq və təsəlli tapsın, ünsiyyətdə olsun. Allah onlara Cənnət bağında məskunlaşmağa və istədikləri qədər, xoşlarına gələn yerdə ləzzətli meyvələrdən və məhsullardan yeyib-içməyə icazə verir. Uca Allah buyurur: “Sən orada nə ac qalacaq, nə də çılpaq olacaqsan. Sən orada nə susayacaq, nə də bürküdən əziyyət çəkəcəksən!” (Taha, 20/118-119).
Lakin onlara Cənnət ağaclarından birinə yaxınlaşmaq qadağan edilmişdi. Onun hansı ağac olmasını ən yaxşı bilən Allahdır. O, onlara həmin ağaca yaxınlaşmağı onları sınamaqdan ötrü və yaxud bizə məlum olmayan başqa bir səbəbə görə qadağan etmişdi. Onlara deyilmişdi ki, əgər Allahın hökmünə itaət etməsələr, mütləq ədalətsiz günahkarların arasına düşəcəklər. Belə bir xəbərdarlıq qadağanın qəti olduğunu bildirirdi. İnsanın düşməni bunu bilən kimi, Adəmi və onun zövcəsini yoldan çıxarmağa başladı. O, onları gözəl vədlərlə tovlayır və nə qədər ki, aldanmamışdılar, onları qadağan edilmiş meyvədən dadmağa təhrik edirdi. Uca Allah buyurur: “Şeytan onların bir-birindən gizli qalan ayıb yerlərini özlərinə göstərmək üçün onlara pıçıldayıb dedi: “Rəbbiniz sizə bu ağacı yalnız ona görə qadağan etmişdir ki, siz mələk və ya Cənnətdə əbədi qalanlardan olmayasınız. Üstəlik onlara: “Şübhəsiz ki, mən sizin nəsihətçilərinizdənəm” – deyə and içdi. Beləliklə, şeytan onları tovlayaraq Cənnətdən aşağı endirdi. Hər ikisi ağacdan daddıqda ayıb yerləri özlərinə göründü və onlar Cənnət ağaclarının yarpaqlarından ayıb yerlərinin üstünə örtməyə başladılar. Rəbbi onlara belə müraciət etdi: “Mən sizə o ağacı qadağan etmədimmi və şeytan sizin açıq-aşkar düşməninizdir, demədimmi?”(Əraf, 7/20-22)


Adəm və onun zövcəsi İblisin yalan vədlərinə aldandılar və onun məsləhətinə qulaq asdılar. O, onları Səadət və bolluq diyarından çıxardıb, ciddi zəhmət və yorğunluq dünyasına salmağa nail oldu.


(36) “Şeytan isə ağaca yaxınlaşdırmaqla onları aldadıb olduqları yerdən çıxartdı. Biz dedik: “Bir-birinizə düşmən olaraq aşağı enin! Yerdə sizin üçün müəyyən olunmuş vaxtadək məskən və gün-güzəran vardır”.

Adəm və onun nəsli İblisin və onun törəmələrinin düşmənləri oldular. Yaxşı məlumdur ki, düşmənlər bir-birilərinə zərər vurmaq üçün əllərindən gələni əsirgəmirlər. Onlar istənilən yolla bir-birilərinə ziyan vurmağa və ya bir-birini xeyirdən məhrum etməyə can atırlar. Bütün bunlar o deməkdir ki, Adəmin övladları şeytandan qorunmalıdırlar. Uca Allah deyir: “Şübhəsiz ki, Şeytan sizin düşməninizdir, siz də onu düşmən sayın. O, öz tərəfdarlarını Od sakini olmağa çağırır”(Fatir, 35/6)

“...Onlar sizin düşməniniz olduğu halda, siz Məni qoyub onu və onun nəslini özünüzə dostmu tutursunuz? Zalımlar üçün bu necə də yarıtmaz mübadilədir!”(Kəhf, 18/50)

Sonra isə Uca Allah onların endirildiyi yeri xatırlayır. O (yer), onlar üçün müəyyən olunmuş vaxtadək nemətlərdən məmnun ola biləcəkləri məskənə çevrilir. Bundan sonra isə, onlar elə bir məkana yollanacaqlar ki, məhz orada yaşamaları üçün yaradılmışlar və ora da onlara görə xəlq edilmişdir. Yerdəki həyat onların müvəqqəti məskənidir, o, onların daimi yurdu deyil, Son iqamətgah üçün azuqə tədarük etməkdən ötrü ancaq bir keçiddir və onlar onu daimi yaşayış yeri kimi abadlaşdırmamalıdırlar.


(37) “Adəm tövbə etmək üçün Rəbbindən kəlmələr öyrəndi, O da onun tövbəsini qəbul etdi. Doğrudan da O, tövbələri qəbul edəndir, Rəhmlidir”.

Adəm Allahın ona təlqin etdiyi tövbənin sözlərini əzbərlədi: Bunlar bu sözlər idi: “...Ey Rəbbimiz! Biz özümüzə zülm etdik. Əgər bizi bağışlamasan və bizə rəhm etməsən, əlbəttə, ziyana uğrayanlardan olarıq” – dedilər”(Əraf, 7/23)


Adəm günahını etiraf edərək Allahdan bağışlanmasını dilədi və Rəbbi onun tövbəsini qəbul edib onu əfv etdi.
Allah günah işlətdikdən sonra peşman olanların və Rəbbinin yoluna qayıdanların tövbəsini həmişə qəbul edir və bu ilahi sifəti özünü iki formada göstərir. Əvvəlcə Allah qulunu tövbə etməyə ruhlandırır, sonra isə o, Rəbbinin bütün şərtləri və tələblərini yerinə yetirdikdə, onun tövbəsini qəbul edir. Allah Mərhəmətli Rəbdir və Allahın mərhəməti Onun Öz qullarını tövbə etməyə ruhlandırmasında və onların günahlarını bağışlamasında öz təzahürünü tapır.

(38) “Biz dedik: “Hamınız oradan yerə enin! Mənim tərəfimdən sizə doğru yolu göstərən rəhbər gəldikdən sonra Mənim yol göstərənimin ardınca gedənlərə axirətdə heç bir qorxu yoxdur və onlar kədərlənməyəcəklər”.

(39) “Kafir olub ayələrimizi yalan sayanlar isə Od sakinləridir. Onlar orada əbədi qalacaqlar!”

Uca Allah Adəmin və onun zövcəsinin yerə endirilməsini bir daha yada salır ki, onların yerdə yaşamasını Rəbbin haqq rəhbərliyi ilə əlaqələndirsin.
Ey insanlar və cinlər! Allahdan sizə həqiqi rəhbərliyin gəldiyi vaxtdan asılı olmayaraq, Allahın Elçisinin (s.ə.s.) Rəbbinizdən sizi Ona yaxınlaşdırmaq üçün verdiyi məsləhətdən və Onun etibarını qazanmaq üçün sizə Kitab gətirdiyi vaxtdan asılı olmayaraq, o rəhbərliyin ardıyca gedin. Kim, Allahın Elçisinə (s.ə.s.) və nazil edilmiş Kitaba iman gətirərək onun ardıyca gedərsə, kim Peyğəmbərin (s.ə.s.) verdiyi bütün xəbərlərin və vəhylərin doğruluğunu qəbul edib, Kitabın hökmlərini yerinə yetirərək, bütün haramlardan çəkinərək onların öyüd-nəsihətlərinə əsaslanarsa, o heç vaxt qorxu hissi keçirməz və kədərlənməz. Buna bənzər bir ayədə Uca Allah buyurur: “... “Bir-birinizə düşmən kəsilərək hamınız buradan yerə enin. Məndən sizə doğru yol göstərən rəhbər gəldiyi zaman hər kəs Mənim doğru yol göstərən bələdçimin ardınca getsə, nə yolunu azar, nə də bədbəxt olar. Kim Mənim Zikrimdən üz döndərsə, onun güzəranı sıxıntılı olacaq və Biz Qiyamət günü onu kor kimi hüzurumuza gətirdəcəyik” ( Ta ha, 20/123-124).
Uca Allah buyurur ki, doğru rəhbərliyin qəbulu insana dörd üstünlük verir. Hər şeydən əvvəl, o, qorxudan və kədərdən xilas olur. İnsanın başına keçmişdə xoşagəlməz bir iş gəlmişsə, bu onu qəm-qüssəyə düçar edir, belə bir işin onun başına gələcəkdə də gələcəyini bildikdə isə, onu qorxu bürüyür. Uca Allah buyurur ki, insan düz yolda qorxu və kədərin nə olduğunu bilmir. Bu isə o deməkdir ki, onu tamamilə başqa duyğular – təhlükəsizlik və xoşbəxtlik qayğıları əhatə edir. İnsan düz yolla getdikdə həm bu dünya həyatında və həm də ölümdən sonra təhlükəsizlikdə olur və səadətə qovuşur. O, qorxudan, qəm-qüssədən, azmaqdan və uğursuzluqlardan xilas olur. O, istədiyi ən əziz arzularına çatır və hər cür dəhşətli və xoşagəlməz hallardan azad yaşayır.
Əgər o, doğru rəhbərliyə diqqət yetirmirsə, Allahın ayələrinə iman gətirməkdən boyun qaçırır və onları inkar edirsə, onu tamamilə başqa müqəddərat gözləyir. Məhz buna görə, Uca Allah daha sonra buyuraraq xəbərdar edir ki, Cəhənnəmə atılmışlar oranı heç vaxt tərk etməyəcəklər. Onlar, bir-birindən ayrıla bilməyən dostlar və ya barışmaz düşmənlər kimi, ondan ayrılmayacaqlar. Onlar Cəhənnəmi tərk edə bilməyəcək, əzab-əziyyətləri yüngülləşdirilməyəcək və heç kim onlara yardım göstərə bilməyəcəkdir.
Bu və buna bənzər digər ayələrdə Uca Allah insanları və cinləri xoşbəxt və bədbəxt olanlara ayırmışdır. Həmin ayələrdə hər iki qrupun və onları belə taleyə məhkum edən əməllərinin təsviri verilmişdir. Onlardan belə çıxır ki, cinlər də insanlar kimi dini ayinləri yerinə yetirməyə və haramlardan çəkinməyə borcludurlar və onlar da mütləq ya mükafat, ya da cəza alacaqlar.


Tarix: 20.04.2013 / 16:22 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 603 Bölmə: Sureler
loading...