Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

HUD SURƏSİNIN ŞƏRHİ 1-20

Mərhəmətli və Rəhmli Allahın adı ilə!


(11.1) “Əlif. Ləm. Ra. Bu, Müdrik və Xəbərdar olan tərəfindən ayələri mükəmməlləşdirilmiş, sonra da ətraflı izah edilmiş bir Kitabdır”.

Fövqəluca Allah Müqəddəs Quranı ayələri gözəl və kamil olan Böyük Kitab və Mübarək Vəhy adlandırmışdır. Onda həqiqi tarixi hekayətlər, ədalətli hökmlər və qadağalar öz əksini tapmışdır. Onun sözləri bəlağətli, onların mənası isə çox gözəldir. Allah bu ayələrin məzmununu ən mükəmməl surətdə izah etmişdir, axı Onun adları arasında Müdrik və Hər şeyi Bilən adları vardır. O, hər şeyi öz yerində yerləşdirir, aşkar və qeybə aid olan hər şey haqqında biliyə malikdir, Onun hökmləri və qadağaları ilahi hikmətinə həmişə uyğun gəlir.

(11.2) “Bu Kitab ona görədir ki, siz Allahdan başqasına ibadət etməyəsiniz. Həqiqətən, mən sizi Allah tərəfindən qorxudan və müjdələyənəm”.

Əgər Quran ayələri Müdrik və hər şeyi Bilən Allah tərəfindən kamilləşdirilmiş və izah edilmişdirsə, onda onların əzəməti və ucalığı və həmçinin onlarda əks etdirilmiş hikmət və mərhəmət barədə soruşmağa ehtiyac qalmır. Lakin bilmək lazımdır ki, Allah bu Kitabı insanların təkcə Ona ibadət etmələri, dinə Onun xatiri üçün etiqad etmələri və müxtəlif məxluqları Onunla bərabər tutmamaları üçün nazil etmişdir. Bu Kitabı Muhəmməd Peyğəmbər (ona Allahın salavatı və salamı olsun!) gətirmişdir. Rəbb onu (ona Allahın salavatı və salamı olsun!) günah işlətməyə cəsarət edənləri bu həyatda və öləndən sonra cəzalandırılacaqları barədə xəbərdarlıq etməkdən və Allaha itaətkarlıqla tabe olanları isə dünya həyatında və Axirətdə savablandırılacaqları ilə müjdələməkdən ötrü göndərmişdir.


(11.3) “Həm də Rəbbinizdən bağışlanma diləyəsiniz, sonra da tövbə edəsiniz ki, O sizə müəyyən olunmuş vaxtadək gözəl gün-güzəran nəsib etsin və hər fəzilət sahibinə Öz lütfündən versin. Əgər Ondan üz çevirsəniz, bilin ki, mən sizə üz verəcək əzəmətli Günün əzabından qorxuram”.

Ey insanlar! Günahlarınıza görə bağışlanma diləyin və verilmiş möhlətdən istifadə edin ki, Allahın nifrətinə səbəb olan hər şeydən əl çəkəsiniz və Onun sevdiyi və razı qaldığı hər şeyə can atasınız. Sizin bağışlanma haqqında dualarınız və tövbələriniz ona səbəb olacaq ki, Allah sizə ləzzət verən və sizin xeyrinizə olan dünya malı qismət edəcəkdir. Həmçinin Fövqəluca Allah sizə ayrılmış möhləti yaşamaq üçün imkan verəcək və aranızdakı mərhəmətlilərə və xeyirxahlara Öz neməti əta edəcəkdir. Həqiqətən, sizin xeyirxahlığınızın əvəzi – xoşunuza gələn şeyləri əldə etməniz və ikrah etdiyiniz hər şeydən qurtulmanız olacaqdır. Lakin əgər siz bu çağırışa cavab verməkdən boyun qaçırsanız, haqdan üz çevirsəniz və ya hətta onu yalan saysanız, onda sizi dəhşətli bir cəza haqlayacaqdır. Bu isə, Allah insanların bütün ilk və sonrakı nəsillərini və digər məxluqları bir yerdə topladığı Əzəmətli Gündə baş verəcəkdir.


(11.4) “Siz məhz Allahın hüzuruna qayıdacaqsınız. O, hər şeyə qadirdir!”

Hamınız Allahın hüzuruna qayıdacaqsınız və O, etdiyiniz əməllərə müvafiq olaraq – xeyirə xeyirlə, şərə də şərlə əvəz verəcəkdir. Bütün varlıqlar Onun hakimiyyəti altındadırlar və O, ölüləri diriltməyə qadirdir, çünki ölmüşləri diriltmək – Onun imkanlarının ancaq az bir hissəsidir. Bu barədə, sözü ən doğru olan Rəbb Özü xəbər vermişdir. Bu isə o deməkdir ki, dirildilmənin labüdlüyü həm məntiqi dəlillər və həm də müqəddəs mətnlərlə təsdiq edilir.

(11.5) “Bilin ki, (kafirlər və münafiqlər) Allahdan gizlənmək məqsədilə ikiqat olarlar. Xəbərdar olun ki, onlar libaslarına büründükdə belə, Allah onların gizli saxladıqları və aşkar etdikləri hər şeyi bilir. Allah kökslərdə olanları Biləndir”.( Ayənin tərcümə edilmiş mətni qismən redaktə edilmişdir. F.S.)

Fövqəluca Allah, öz gizli niyyətlərini Allahdan məxfi saxlamağa cəhd göstərənlərin cahilliyini və dərin azğınlıq içində olduqlarını bildirərək, göstərir ki, bu əməl sadəcə onların öz ürəklərini pərdələyir, çünki Allah onların niyyətlərindən xəbərdardır və əməllərini görür. Onların azmış olduqlarını ifşa etmək üçün Fövqəluca Allah qeyd edir ki, insanlar əməllərini pərdələməyə çalışdıqları zaman onlar ən kiçik, gözəgörünməz hərəkətlər etməyə nail olurlar. Bundan başqa, Fövqəluca Allaha insanların etdikləri və ya səslə, ya da pıçıltı ilə dedikləri bütün söz və əməlləri haqqında hər şey məlumdur. Daha sonra Ona insan qəlbində gizlədilən və hətta adamların pıçıltı ilə deməyə cəsarət etmədikləri bütün məxfi fikirləri, gizli niyyətləri və vəsvəsələri haqqında da hər şey Ona məlumdur. Doğrudanmı bundan sonra siz elə zənn edirsiniz ki, siz özünüz barədə Allahdan nə isə gizlədə biləcəksiniz?
Digər bir şərhə müvafiq olaraq, bu ayədə kafirlərin Muhəmməd Peyğəmbərdən (ona Allahın salavatı və salamı olsun!) üz çevirmələrindən və onun xütbələrinə laqeyd yanaşmalarından bəhs edilir. Onların haqdan dönmələri o dərəcədə böyük idi ki, onlar Muhəmməd Peyğəmbəri (ona Allahın salavatı və salamı olsun!) gördükdə ürəkləri sıxılardı ki, o (ona Allahın salavatı və salamı olsun!) onları görməsin və onlara öz çağırışı və faydalı nəsihətləri ilə müraciət etməsin. Bundan da böyük üz döndərmə olarmı?!!
Sonra isə Fövqəluca Allah onları, bütün hərəkətləri və əməlləri haqqında Ona məlum olması ilə hədələyir. Bir əməl belə Allahın nəzərindən qaça bilməz və kafirlər törətdiklərinin əvəzini bütövlüklə alacaqlar.


(11.6) “Yer üzündə yaşayan elə bir canlı yoxdur ki, Allah onun ruzisini verməsin. Allah onların sığınacaqlarını da, əmanət qoyulacaq (ölüb dəfn ediləcək) yerlərini də bilir. Onların hamısı açıq-aşkar Kitabdadır”.

Fövqəluca Allah yer üzündə yaşayan, istər insanlar və ya heyvanlar olsun, quruda və ya suda yaşayanlar olsun, bütün canlı məxluqlarını ruzi və maddi nemətlərlə təmin etməyi Öz öhdəsinə götürmüşdür. Onların hamısı ruzisini Allahdan alırlar. Ona məxluqlarının məskunlaşdığı və yaşadığı yerlər və həmçinin onların gedib-gəldikləri yerlər məlumdur. Onların yerdə yaşayışının bütün təfərrüatı Mühafizəolunan Lövhədə yazılmışdır. Onda səmalarda və yerdə baş verməli olacaq bütün hadisələrə aid biliklər öz əksini tapmışdır. Bütün bunlar əzəldən Allaha məlum idi və yazı qələmi ilə qeyd olunmuşdur. Allah istəmişdir ki, hər şey məhz olacağı kimi baş versin və hər bir məxluq ruzisini tam ala bilsin. Bu isə o deməkdir ki, məxluqların ürəkləri Rəbbə təvəkkül etməlidir, çünki O, onları maddi nemətlə təmin etməyi öhdəsinə götürmüş və onların barəsində hər şeyi və onların hər birinin keyfiyyətini bilir.


(11.7) “Ərşi su üzərində ikən hansınızın daha gözəl əməl (itaət) sahibi olacağını sınayıb bilmək üçün göyləri və yeri altı gündə yaradan Odur. (Ey Peyğəmbərim!) Əgər desən ki: “Siz öləndən sonra, həqiqətən, dirildiləcəksiniz!”, kafir olanlar: “Bu, açıq-aşkar sehrdən başqa bir şey deyildir!” – deyə cavab verərlər”.

Fövqəluca bildirir ki, göylər və yer altı gün ərzində yaradılmışdır. Onların yaradılması bazar günü başladılmış və cümə günü qurtarmışdır. Bütün bu vaxt ərzində Onun Kürsüsü su üzərində olmuşdur ki, bu da yeddinci göyün üzərindədir. Göylərin və yerin xəlq edilməsindən sonra Fövqəluca Allah Kürsüsünə qalxıb oturmuş və oradan O, Kainatın işlərini Öz bildiyi kimi idarə etməyə başlamış və bu zaman qədər və səmavi dinlərinin qanunlarına istinad etmişdir. O, insanları sınaqdan keçirmək vasitəsi kimi göylərdə və yerdə olan hər şeyi onlardan ötrü yaratmışdır. O, onlara Öz hökmlərini və qadağanlarını nazil edir və onlardan kimin saleh əməllər etdiyinə, əgər əl-Fudeyl b. İyadın sözləri ilə desək, onlardan kimin Allahın dininə səmimi və düzgün etiqad etdiyinə baxır. İyaddan soruşurlar ki: “Ey Əbu Əli! Səmimi və düzgün nə deməkdir?” O, belə cavab verir: “Əməllər səmimi olsa da, düzgün olmadıqca, onsuz da qəbul edilməyəcəkdir. Əgər əməllər düzgündürsə, onlar səmimi olmadıqca da qəbul edilməyəcəkdir. Əməllər səmimi və düzgün olmalıdır. Əməlin səmimi olması onun Allah xatirinə edilməsidir. Əməlin düzgün olması isə, onun şəriətə və Sünnəyə uyğun olmasıdır”.
Bu barədə Fövqəluca buyurmuşdur: “Mən cinləri və insanları yalnız Mənə ibadət etmək üçün yaratdım!” (Zariyat, 51/56);
“Yeddi (qat) göyü və bir o qədər də yeri yaradan Allahdır. Allahın hər şeyə qadir olduğunu, Allahın hər şeyi elmi ilə ehtiva etdiyini biləsiniz deyə, (Allahın) əmri onların arasında (mövcud olan bütün məxluqata) nazil olar” (Talaq, 65/12). Bu deyilənlərdən belə çıxır ki, Fövqəluca Allah məxluqları ona görə yaratmışdır ki, Ona ibadət etsinlər və Onu gözəl adları və sifətləri vasitəsi ilə dərk etsinlər. O, onlara bu minvalla davranmağı əmr etmişdir və kim Allaha itaət edirsə, o, öz vəsifələrini yerinə yetirmiş olur və o, uğur qazananların arasında olacaqdır. Kim də bundan üz döndərərsə, zərərə uğramışlardan olacaqdır. Onların hamısı öz Rəbbinin hökmlərinə və haramlarına necə riayət etmişlərsə, ona müvafiq olaraq əvəz alacaqları məskəndə mütləq toplanacaqlar.
Məhz buna görə, Allah xatırladır ki, müşriklər əvəz alacaqlarına iman gətirməkdən boyun qaçırırlar. Onlara öldükdən sonra dirildiləcəkləri haqqında deyildikdə, onlar bunu yalan adlandırırlar. Bundan başqa, onlar ən müdhiş tərzdə Muhəmməd Peyğəmbərin (ona Allahın salavatı və salamı olsun!) peyğəmbərliyini inkar edir və bunu açıq-aşkar sehirbazlıq adlandırırlar, halbuki əslində, bu aydın bir həqiqətdir.


(11.8) “Əgər onlara gələcək əzabı az bir müddət yubatsaq, sözsüz ki, (istehza ilə): “Bu əzabı gecikdirən (ona mane olan) nədir?” – deyəcəklər. Bilin ki, əzab onlara gələcəyi gün dəf olunmaz. Məsxərəyə qoyduqları əzab onları məhv edər”.

Allah kafirləri cəzalandırmağı müəyyən olunmuş vaxtadək təxirə salır və onlar səbirsizliklə onun gəlməsini gözləməyə başlayırlar. Onlar öz cahillikləri və zalımlıqlarına görə bir-birindən soruşurlar: “Cəza niyə gecikir?” Onların sözləri Allahın cəzalandıracağına iman gətirmədiklərini təsdiq edir, çünki onlar bu dünyadakı firavan yaşayışlarına istinad edərək, Allahın Elçisini (ona Allahın salavatı və salamı olsun!) yalan danışmaqda ifşa etməyə cəhd göstərirlər, halbuki o (ona Allahın salavatı və salamı olsun!), onları cəzanın yaxınlaşması haqqında xəbərdar etmişdi. Lakin bundan da əhəmiyyətsiz bir bəhanə tapmaq olarmı?!!
Həqiqətən, elə bir gün gələr ki, heç kim müşriklərin yaxasını cəzadan kənara çəkə bilməz və onda onlar öz əməlləri üzərində düşünə bilərlər. Cəza onları hər tərəfdən bürüyər və onlar qismət olar. Axı onlar əvvəllər bu cəzaya o dərəcədə laqeyd idilər ki, hətta onun gələcəyi haqqında xəbərdarlıq edənlərin yalançılığına əmin idilər.


(11.9) “Əgər insana Özümüzdən bir nemət (mərhəmət) daddırsaq, sonra da onu geri alsaq, şübhəsiz ki, o, məyus (ümidsiz) və nankor olar”.
(11.10) “Əgər başına gələn bir müsibətdən sonra, ona firavanlıq, səadət nəsib etsək, mütləq: “Artıq fəlakətlər məndən sovuşdu” - deyər və sözsüz ki, sevinib öyünər”.
(11.11) “Səbr edənlər və yaxşı işlər görənlər müstəsnadır. Məhz onları (günahlardan) bağışlanma və böyük bir savab gözləyir”.

Fövqəluca xəbər verir ki, insan öz təbiəti etibarı ilə cahil və ədalətsiz məxluqdur. Allah ona sağlamlıq, ruzi, övlad və digər nemətlər bəxş etdikdə və sonra da onları onun əlindən aldıqda, o, ümidsizliyə qapılır. O, Allahın mükafatlandıracağına inamını itirir və hətta məhrum olduğu nemətləri Allahın ona qaytaracağı və ya onu eyni dəyərli nemətlərlə yenidən təmin edəcəyi və yaxud da onu daha yaxşı bir tərzdə mükafatlandıracağı haqqında heç düşünmür də. Əgər Allah insana, onun başına gələn bəladan sonra, əmin-amanlıq nəsib edirsə, o, təkəbbürlə sevinməyə başlayır və elə zənn edir ki, əldə etdiyi uğur onu bir daha tərk etməyəcəkdir. O, ürəyinə yatan nemətlərə şadlanır və Allahın qullarına nazil etdiyi hədiyyələrlə fəxr edir. Bütün bunlar onu lovğalandırır, özündən razı qalmağa səbəb olur, təkəbbürlü insana çevirir və o, digər məxluqlara ötkəmliklə, həqarətlə və etinasızlıqla yanaşır. Bəs hansı nöqsan bundan da pis ola bilər?!!
Bu sifətlər, Allahın doğru yola yönəltdiyi, yaramaz keyfiyyətlərdən xilas etdiyi və gözəl əxlaqla iltifat göstərdiyi insanlardan başqa, qalan bütün insanlara xas olan məziyyətlərdır. Bu saleh insanlar müsibət düşdükdə səbirli olur və heç vaxt məyuslaşmırlar. Əmin-amanlıq yarandıqda isə təkəbürlülük göstərmir, özlərinin fərz və vacib olmayan xeyirxah əməllərini davam etdirirlər. Məhz onlar öz günahlarının bağışlanmasına və bunun sayəsində hər cür yaramaz və xoşagəlməz hallardan xilas olmağa və həmçinin qəlbin həzz alacağı və baxışların heyran qalacağı şeylərin onlar üçün hazırlandığı Cənnətdə böyük savaba layiqdirlər.


(11.12) “(Ey Elçim,) müşriklərin: “Heç olmasa, (Peyğəmbərliyinin doğruluğunu təsdiq etmək üçün) ona bir xəzinə endiriləydi və ya onunla birlikdə bir mələk gələydi!” – demələrinə görə, bəlkə də, sənə gələn vəhyin bir hissəsini tərk etməli olacaqsan və buna görə ürəyin sıxılacaq! Sən ancaq (müşrikləri və kafirləri Allahın əzabı ilə) qorxudan bir peyğəmbərsən. Hər şeyə vəkil olan isə Allahdır!”

Ey Muhəmməd! Kafirlərin səni qəbul etmədiklərinə görə kədərlənmə. Onların sözləri sənin rəftarına təsir göstərməməli və səni getdiyin yoldan döndərməməlidir. Vəhylə sənə nazil edilənin hətta ən kiçik bir hissəsindən belə əl çəkmək sənə yaraşmaz və sənin ürəyin onların inadkarləğından sıxılmamalıdır. Onlar soruşurlar ki: “Niyə ona xəzinə nazil edilməmişdir? Niyə onun yanında bir mələk yoxdur?” Lakin bil ki, onların bu sözlərinin səbəbi öz inadkarlıqları, tərslikləri, ədalətsizlikləri, azğınlığı, sübut və dəlillərdən istifadə edə bilməmələridir. Buna görə də başladığın işini davam etdir və onların ancaq axmaqlara və cahillərə xas olan rabitəsiz sözlərindən ötrü doğru yolundan azma. Qoy ürəyin bunlara görə sıxılmasın.
Məgər onlar sənə, heç olmazsa, bir dəlil belə gətiriblər ki, sən onu təkzib edə bilməyəsən? Yaxud da onlar sənin təbliğ etdiyin baxışlarının heç olmazsa birində belə nöqsan tapdılarmı? Sənin ürəyini ümumiyyətlə daralmağa məcbur edən nədir?! Ya da sən onlara görə məsuliyyətmi daşıyırsan və hər vasitə ilə olsa da onları düz yola gətirməyə borclusan? Qətiyyən yox! Sən anacaq nəsihətçisən, onların etibarlı vəkili isə Allahdır. O, onların əməllərini yadda saxlayır və onların hər birinə əvəzini büsbütün verəcəkdir.


(11.13) “Yoxsa (müşriklər): “Onu (Quranı) özündən uydurdu!” - deyirlər. (Onlara) de: “Əgər doğru deyirsinizsə, onun kimi özünüzdən on surə uydurub gətirin və (bu işdə) Allahdan başqa, kimi bacarırsınızsa, onu da köməyə çağırın”.
(11.14) “Yox, əgər (köməyə çağırdıqlarınız) sizə cavab verməsələr, bilin ki, o ancaq Allahın elmi ilə nazil olmuşdur. Ondan başqa heç bir tanrı yoxdur! (Bütün bunlardan sonra da) müsəlman olmayacaqmısınız?”

Əgər onlar desələr ki, Quranı Muhəmməd özü (ona Allahın salavatı və salamı olsun!) tərtib etmişdir, onda qoy onlar da, Quran surələrinə bənzəyən heç olmazsa on surə tərtib etsinlər və bunun üçün istədiklərini köməyə çağırsınlar. Ey kafirlər! Əgər doğrudan da o (ona Allahın salavatı və salamı olsun!) doğrudan da bu Kitabı uydurmuşdursa, axı siz də bəlağətdə və natiqlik sənətində ondan geri qalmırsınız. Məgər siz qatı düşmən deyilsinizmi? Məgər siz hər hansı yolla olursa olsun onun təbliğatını inkar etməyə can atmırsınızmı? Əgər siz doğrudan da həqiqəti deyirsinizsə, onda siz də Quran surələrindən fərqlənməyən on surə özünüzdən uydurun. Yox əgər buna nail olmasanız, onda bilin ki, Müqəddəs Quran Allah tərəfindən nazil edilmişdir ki, haqqın lehinə olaraq təkzibolunmaz dəlillər gətirsin və istənilən ittihamı təkzib etsin. Bilin ki, təkcə Allah ibadətə və sitayişə layiqdir. Bəs siz niyə Rəbbiniz Allah qarşısında itaətdən boyun qaçırırsınız?
Bu və bundan əvvəlki ayələrdən aydın olur ki, dinə dəvət edən şəxs insanların ona maneçilik etməsi və onun nöqsanlarını ifşa etməyə cəhd göstərməsi səbəbi ilə tutduğu doğru yoldan çıxmamalıdır, xüsusilə, əgər onların ittihamı əsassızdırsa və onun təbliğatında hər hansı bir nöqsan tapa bilmirlərsə. O, bundan kədərlənməməlidir. Əksinə, bu onun əminliyini artırmalı və o, işini davam etdirməlidir. O, onun köməksizliyini aşkar etmək istəyən günahkarların tələblərini yerinə yetirməyə borclu deyil və onların üstün saydıqları dəlillərə istinad etməməlidir. Onun, bütövlükdə bütün məsələlərin lehinə şəhadət verən inandırıcı və ziddiyyətsiz dəlilləri nümunə göstərməsi kifayət edər. Bu ayələrdən həmçinin aydın olur ki, Müqəddəs Quran təkrarolunmaz bir möcüzədir, çünki heç kim bu Kitaba bənzər bir kitab və ya Quran surələrinə bənzər on surə belə və ya da heç olmazsa bir surə uydurmağa qadir deyildir. Allah bəlağətli və dildən pərgar olan düşmənlərinə çağırış göndərərək onları cavab verməyə dəvət edir. Lakin onlar bu çağırışı qəbul etmirlər, çünki onların hamısı çox gözəl anlayırlar ki, Qurana bənzər bir şey uydumağa qadir deyillər. Bu ayələrdən həm də belə bir nəticə çıxır ki, Quran elmlərini və tövhidi müzakirə edərkən kamil biliklər tələb olunur və ancaq ilk nəzərdən doğru görünən zənnə əsaslanmaq kifayət etmir. Məhz buna görə Fövqəluca əmr edir ki, insanlar Müqəddəs Quranın Allahın rizası ilə nazil olunduğunu və Allahdan başqa ilah olmadığını bilsinlər.


(11.15) “Kim (Axirətdən vaz keçib) dünyanı və onun bərbəzəyini istəyirsə, Biz ona əməllərinin əvəzini elə orada verərik. Onların dünyadakı savabları əsla azaldılmaz”.
(11.16) “Belələrinin Axirətdə atəşdən başqa heç bir payı yoxdur. Onların dünyada gördükləri işlər puç olar və bütün əməlləri boşa çıxar!”

Əgər insanın bütün düşüncə və niyyətləri müstəsna olaraq təkcə dünya həyatı və yerin gözəllikləri ilə bağlı olarsa, əgər o, ancaq qadınlar, oğullar, ağır qızıl və gümüş külçələr, cins atlar, ev heyvanları və əkinəcək haqqında fikirləşirsə, əgər o, bütü qüvvəsi ilə bu nemətləri əldə etməyə çalışırsa, ancaq bu məqsədlər üçün zəruri olan biliklərə yiyələnirsə və Axirət həyatına qətiyyən can atmırsa, onda belə bir insan əsil kafirdir, axı əgər insan dindardırsa, onda onun qəlbinə yol tapmış iman ona imkan verməzdi ki, o, təkcə maddi nemətlər əldə etməyə can atsın. Bundan başqa, haqq din və saleh əməllərin özü artıq onun Axirət aləminə can atmasını təsdiq edərdi. Lakin bədbəxt kafirlər özlərini elə aparırlar ki, sanki onlar ancaq bu dünyada yaşamaq üçün yaradılmışlar və bu səbəbdən Allah əməllərinə görə onlara əvəzini elə bu dünyadaca tam verəcəkdir. Onlar maddi nemətləri onlar üçün başlanğıcda Qorunan Lövhədə təyin edildiyi kimi alacaqlar. Onlar haqqından azca da olsa kəsilməyəcəkdir, lakin bu onların sevincinin və keçirdikləri məmnuniyyətin sonu olacaqdır, çünki Axirət həyatında onlar Cəhənnəmin əbədi sakinlərinə çevriləcəklər və orada onların çəkəcəkləri əzablı cəza bir anlığa belə fasilə verilmədən davam edəcəkdir. Bununla yanaşı onlar ən qiymətli savabdan məhrum ediləcəklər. Onların bu dünyada haqqa və onun tərədarlarına qalib gəlmək ümidilə törətdikləri əməllər və həmçinin etdikləri yaxşı əməllər faydasız və puç olacaq. Bu ona görə belə olacaq ki, onların yaxşı əməlləri möhkəm əsasa malik deyildi və vacib şərtdən – haqq dindən məhrum idi.



(11.17) “Məgər Rəbbindən açıq-aydın bir dəlilə (Qurana) istinad edən, ardınca Allahdan bir şahid (Cəbrail) gələn, ondan da əvvəl Musanın (öz ümməti üçün) bir rəhbər və mərhmət olan Kitabının təsdiq etdiyi kimsə (dünyaya meyl edənlər, ona bel bağlayanlar kimi ola bilərmi)?! Bunlar (bu dəlilləri təsdiq edən müsəlmanlar) Qurana inanırlar. (Ey Elçim!) Quranı inkar edən zümrəyə vəd olunan yer isə Cəhənnəmdir. Artıq sən də onun barəsində şübhəyə düşmə. O sənin Rəbbindən (gələn) haqdır, lakin insanların əksəriyyəti (buna) inanmazlar!”

Fövqəluca bu ayədə Öz Elçisi Muhəmmədin (ona Allahın salavatı və salamı olsun) və habelə onun dinin hökmlərini nöqsansız yerinə yetirən və möhkəm etiqada malik olan varislərinin məziyyətləri haqqında xəbər verir. Onların fərdi keyfiyyətləri digər insanların keyfiyyətlərindən tamamilə fərqlənir, onları müqayisə etmək belə, sadəcə, mümkün deyil. Onlar öz Rəbbindən gələn aydın dəlillərə istinad edirlər, çünki Allahın nazil etdiyi vəhy bir çox mühüm məsələləri aydınlaşdırır və insanda tam etiqad yaradılmasına səbəb olan açıq dəlilləri özündə əks etdirir. Onların haqlı olmasının bu sübutlarının ardınca yenə bir dəlil gəlir – qüsursuz təhtəlşüur və sağlam təfəkkür Fövqəluca Allahın nazil etdiyi və qanuniləşdirdiyi hər şeyin doğruluğunu təsdiq edir və bunların sayəsində möminlər ayənin ecazkarlığını dərk edirlər və imanları güclənir. Bununla yanaşı onlar üçüncü dəlilə - insanlar üçün Təlimat və mərhəmət olan Müqəddəs Tövrata istinad edirlər. O, Quranın gerçəkliyini təsdiq edir və Quranın özünün təbliğ etdiyi haqqı təbliğ edir.
Sadalanan məziyyətlərə malik olan, çoxsaylı dəlillərə istinad edən və özlərinin haqlı olmasında tam əmin olmaları üçün əllərində əsas olan möminlər məgər nadanlıq zülmətində dolaşan günahkarlara oxşaya bilərlərmi?! Şübhəsiz ki, onlar Allahın qarşısında bərabər olmadıqları kimi, Allahın qullarının gözü qarşısında da bərabər deyillər.
Sadalanan dəlilləri etiraf edən insanlar həqiqətən Müqəddəs Qurana inanırlar və belə imanın xeyirxah nəticələri – onların bu dünyada və həm də ölümdən sonra tam əmin-amanlıq şəritində olacaqlarıdır. Yer üzündə mövcud olan və haqqa qarşı mübarizə aparan müxtəlif təriqətlər mütləq Cəhənnəmə vasil ediləcəklər. Bu isə o deməkdir ki, insan Fövqəluca Rəbdən gələn haqq Quranın doğruluğuna azca da olsun belə şübhə etməməlidir. Lakin insanların əksəriyyəti buna iman gətirməkdən boyun qaçırır. Onların bir qismi nadanlıqları və yolunu azmış insan olduqlarına görə belə rəftar edirlər, digərləri isə öz ədalətsizlikləri, öz inadkarlıqları və zalımlıqları üzündən belə davranırlar. Əgər onlar təmiz niyyətə və sağlam mühakimə yürütmək qabiliyyətinə malik olsaydılar, onda hökmən Müqəddəs Qurana iman gətirərdilər, çünki ətrafda olan hər şey insanı üzünü haqq dinə çevirməyə çağırır.



(11.18) “Allaha iftira yaxandan (öz sözünü yalandan Allaha aid edəndən) daha zalım kim ola bilər? Onlar Allahın hüzuruna gətirilər, şahidlər (mələklər, peyğəmbərlər, bütün məxluqat, yaxud insanın öz bədəninin üzvləri) belə deyərlər: “Bunlar Rəbbi barəsində yalan söyləyənlərdir!” Bilin ki, zalımlar Allahın lənətinə gələcəklər!”
(11.19) “O kəslər ki, (insanları) Allah yolundan döndərir, onu (yolu) əymək istəyirlər – məhz onlar Axirəti inkar edənlərdir”.

Fövqəluca Allah bu ayədə bəyan edir ki, ən zalım insanlar – Allaha böhtan atanlardır. Bu, Allaha şərik qoşan və Onun əzəmətinə uyğun gəlməyən keyfiyyətlər aid edən, Allahın demədiyini Onun adından danışan, özü özünü peyğəmbər elan edən və yaxud Allaha bir başqa üsulla iftira deyən hər kəsə aiddir. Belə insanlar ən böyük zalımlardır və onlar mütləq öz Rəbbi hüzurunda öz zalımlıqlarına görə əvəzini almaq üçün cavab verməli olacaqlar. Fövqəluca Allah onları sərt cəzaya məhkum etdiyi zaman, şahidləri təsdiq edəcəklər ki, dünya həyatında bu günahkarlar Allahın adından yalan uydururdular və belə deyəcəklər: “Bax bunlar idi öz Rəbbinə böhtan atanlar! Onları lənətə gəlsinlər!”
Bu lənət əbədi lənət olacaqdır, çünki zalımlıq bu günahkarların ayrılmaz məziyyətlərindən idi və buna görə onlar vəziyyətlərinin yüngülləşdirilməsinə layiq deyillər. Onlar özləri Allahın elçilərinin dəvət etdikləri Allah yolundan azmışdılar və ətraflarındakıları da bu yoldan çıxardırdılar ki, bunun sayəsində də onları Cəhənnəm oduna aparan öndə gedənlərinə çevrilirdilər. Onlar düz yolu təhrif etməyə və ləkələməyə can atırdılar ki, insanlar onu yanlış yol hesab etsinlər. Onlar yalanı bəzəyir və həqiqətə isə qara yaxırdılar. Allah onları rüsvay etsin! Onlar hətta Axirətə də inanmırdılar.


(11.20) “Onlar yer üzündə (Allahı) aciz qoya (Allahın əzabından qaçıb canlarını qurtara) bilməzlər. Allahdan başqa onların köməyinə çata bilən də (əzabdan xilas etməyə qadir olan da) yoxdur. Onları ikiqat əzab gözləyir. Onlar (haqqı) eşidə bilməz və (onu) görməzlər!”

Onlar Allahın onlardan alacağı intiqamından qaça bilməyəcəklər, çünki Onun hakimiyyəti altındadırlar və Onun iradəsindən asılıdırlar. Heç kim onları xoşagəlməz və bəd hadisələrdən xilas edə və onlara savab verə bilməz və onlar başlarına gələcək hadisələrə təsir göstərmək imkanından məhrum ediləcəklər. Onları getdikcə güclənəcək sərt cəza gözləyəcəkdir, çünki onlar özləri azğınlığa düşmüşdülər və bir çox başqalarını da azdırmışdılar. Onların haqqa qarşı olan nifrəti və ondan ikrah etmələri o dərəcədə böyük idi ki, Allahın ayələrini dərk edə və onlardan faydalana bilmirlər. Bu barədə Fövqəluca belə buyurur: “Onlara nə olub ki, nəsihətdən üz döndərirlər? Sanki ürküdülmüş vəhşi uzunqulaqlardır ki, ovçulardan (yaxud aslandan) qaçırlar” (Müdəssir, 74/49-51). Bununla yanaşı onları gördükləri üzərində düşünə və bundan faydalı nəticələr çıxara bilmədilər. Onlar fikirləşməyə qadir olmayan kar və lal divanələrə bənzəyirlər.


Tarix: 20.04.2013 / 14:39 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 748 Bölmə: Sureler
loading...